ADU-da təqdimat mərasimi

 

Azərbaycan Dillər Universitetində (ADU) “Elm İli” çərçivəsində universitetin 60 illiyinə həsr olunmuş, əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor, Prezidentin fərdi təqaüdçüsü Nurəddin Kazımovun 14 cilddən ibarət “Seçilmiş əsərləri” kitabının təqdimat mərasimi keçirildi.

Mərasimdə ADU-nun rektoru, professor, millət vəkili Səməd Seyidov, Odlar Yurdu Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyev, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Naxçıvan Dövlət Universitetinin rektoru, millət vəkili İsa Həbibbəyli, Azərbaycan Təhsil Problemləri İnstitutunun direktoru, Rusiya Təhsil Akademiyasının akademiki Abdulla Mehrabov, Azərbaycan İctimai-Siyasi Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Rasim Nəbiyev, Naxçıvan Özəl Universitetinin rektoru, pedaqoji elmlər doktoru, professor İsmayıl Əliyev, Azərbaycan Təhsil Problemləri İnstitutunun nümayəndəsi, əməkdar müəllim, “Şöhrət” ordenli professor Yəhya Kərimov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Lənkəran Dövlət Universitetinin, Sumqayıt Dövlət Universitetinin və ADU-nun professor-müəllim heyəti iştirak edirdi.

Tədbirdə çıxış edən professor Səməd Seyidov bildirdi ki, Azərbaycan pedaqogikasının yaradılmasında və inkişafında müstəsna rolu olan Nurəddin Kazımov həmişə mübarizə aparır, daima yeni ideyaların axtarışındadır: “Professor Nurəddin Kazımov bu gün 14 cildlik əsərlərini Azərbaycan ictimaiyyətinə təqdim edir. Bu 14 cild heç də professorun bütün əsərlərini əhatə etmir. Nurəddin Kazımovun şəxsiyyəti, gördüyü işlər, Azərbaycan pedaqogikasına verdiyi töhvələr çoxşaxəlidir. Məhz onun işığı 14 cilddə öz əksini tapıb. Bu kitabın içərisində məntiq, fəlsəfə, elm var və ən əsası böyük Azərbaycanımıza eşq var, vətəndaşlıq mövqeyi var. Bütün bunlar professor Nurəddin Kazımovun əsərlərində aydın görünür”.

Universitet auditoriyalarında gənclərin gələcək müəllim kimi formalaşmasında böyük işlər gördüyünü deyən Odlar Yurdu Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyev bildirdi ki, professor Nurəddin Kazımovun əsərlərində həm pedaqoji, həm də fəlsəfi yanaşma var. Nurəddin Kazımov belə əsərlər yazdığına görə qiymətlidir. Görkəmli alimlərimizi, pedaqoqlarımızı heç bir zaman unutmamalıyıq. Bizim universitetimizdə Azərbaycan Respublikasının görkəmli pedaqoqu, professor Əhməd Seyidovun adına xüsusi təqaüdlər təsis edilib. Professor Nurəddin Kazımovun da adına gələcəkdə belə mükafatlandırmalar barədə işlər görüləcək.

Təqdimat mərasimində professor Yəhya Kərimov professor Nurəddin Kazımovla bağlı xatirələrini dilə gətirdi.

Daha sonra Abdulla Mehrabov, Rasim Nəbiyev professor Nurəddin Kazımova ürək sözlərini çatdırdılar.

 

 

Mahmud QƏZƏNFƏROĞLU

 

Xalq qəzeti.- 2009.- 3 iyun.- S. 8.