“... Var olsun amalım!”
Neçə illərdən
bəri yaşayan ənənəyə görə, may
ayının son günləri ölkəmizdə böyük
şairimiz Mirzə Ələkbər Sabirin şərəfinə
poeziya günləri keçirilir. Bu ənənənin əsası
40 il əvvəl — 60-cı illərin sonlarında
qoyulmuşdur. İlk dövrlərdə Sabir Poeziya Günləri
xalq şairi Rəsul Rzanın təşkilatçılığı
ilə keçirilmişdir. Sonralar uzun müddət bu tədbirin
təşkilatı işlərinə xalq şairi Qabil rəhbərlik
etmişdir. Son üç ildə isə Azərbaycan
Yazıçılar Birliyi Sabir Poeziya Günlərinin təşkilatçılıq
işlərini tanınmış şair Əjdər Ola həvalə
etmişdir.
Bu illərdə poeziya
günlərinin proqramı daha da zənginləşmiş, əhatə
dairəsi və coğrafiyası genişlənmişdir. İndi
Sabirin şərəfinə poeziya bayramları təkcə
ölkəmizin paytaxtı Bakıda və şairin doğma
yurdu Şamaxıda deyil, həm də hər il
respublikamızın bölgələrindən birində
keçirilir. Bu il Sabir poeziya bayramının estafetini qəbul
etmək şərəfi İsmayıllı rayonuna nəsib
olmuşdu.
Bu ildən başlayaraq
Sabir Poeziya Günlərinin təşkilatçısı
sırasına Yazıçılar Birliyi ilə yanaşı,
Mədəniyyət və Turizm Nazirliyi də
qoşulmuşdur ki, bu da tədbirlərin daha əhatəli,
daha vüsətli keçirilməsinə imkan
yaratmışdır.
Ənənəyə
uyğun olaraq, tədbir iştirakçıları mayın
30-da səhər tezdən paytaxtımızda M.Ə.Sabirin
adını daşıyan bağa toplaşdılar. Əsaslı
təmir və abadlaşdırmadan sonra daha da gözəlləşmiş
Sabir bağı həmin yaz səhəri çox
füsünkar görünürdü. Azərbaycan
Yazıçılar Birliyinin, Mədəniyyət və Turizm
Nazirliyinin təmsilçilərinin, tanınmış qələm
adamları və kütləvi informasiya vasitələri
nümayəndələrinin toplandığı bu mərasimdə
böyük şairin xatirəsi yad edildikdən sonra onun
möhtəşəm abidəsi qarşısına tər
çiçək dəstələri düzüldü.
Bundan sonra tədbir
iştirakçıları Şamaxı şəhərinə
yola düşdülər. Şamaxıda paytaxtdan gəlmiş
qonaqlar rayon ictimaiyyətinin nümayəndələri ilə
birgə şairin məqbərəsini ziyarət edərək
məzarı üzərinə gül dəstələri
qoydular. M.Ə.Sabir bütün Azərbaycanın şairidir,
amma hər halda onu Vətənimizə öz tarixi ənənələri
ilə məşhur olan Şamaxı torpağı bəxş
etmişdir. Xaqani, Nəsimi, Seyid Əzim kimi ulu sələfləri
ilə yanaşı, Sabir də bu şəhərin
adını xalqımızın mədəniyyət tarixinə
əbədi yazmışdır. Təəssüf doğuran cəhətdir
ki, Şamaxının yerli hakimiyyət orqanları bu
böyük sənətkarların, o cümldən də
Sabirin adı ilə fəxr eləməklə işlərini
bitmiş hesab edirlər. Sabir poeziya günlərinin ənənəvi
olaraq hər il keçirildiyini, tədbirlər marşrutunun
mütləq Şamaxıdan da keçdiyini bilə-bilə tədbirə
layiqli hazırlıq işləri görülmür. Şairin
məzarı yerləşən qəbiristanlığın
yolu bərbad, məqbərəsi və onun ətrafı
baxımsız vəziyyətdədir.
Böyük şairin məzarını
ziyarətdən sonra poeziya günlərinin
iştirakçıları Sabir poeziya bayramının
keçiriləcəyi İsmayıllı rayonuna yola
düşdülər.
Dağlar qoynunda yerləşən
İsmayıllı şəhərinin mərkəzi
meydanı bayramsayağı bəzədilmişdi. Meydana şəhərin
sakinlərindən başqa, əsasən rayonun
ziyalıları və bir də həmin gün özlərinin
“son zəng”lərini qeyd edən bayram əhval-ruhiyyəli məktəblilər
toplaşmışdılar.
Bakıdan gələn
qonaqlar rayon nümayəndələrilə birgə
ümummilli liderimiz Heydər Əliyevin meydanda ucalan əzəmətli
heykəli qarşısına gül-çiçək dəstələri
düzdükdən sonra ulu öndərin adını
daşıyan muzeyin ekspoziyası ilə tanış oldular. Burada
ümummilli liderimizin həyat və fəaliyyətini əks
etdirən eksponatlarla yanaşı, İsmayıllı rayonunda
yaşayan ustaların əl işi olan tətbiqi sənət
nümunələri də nümayiş etdirilir.
Sonra meydanda möhtəşəm
poeziya və musiqi bayramı keçirildi. Sabir Poeziya Günlərinin
təşkilat qrupunun rəhbəri şair Əjdər Ol tədbiri
açaraq böyük şairin poeziyası haqqında
giriş sözündən sonra İsmayıllı Rayon
İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovu
tribunaya dəvət etdi. N. Ələkbərov qonaqları
salamlayaraq Sabirin xatirəsinin və sənətinin
bütün Azərbaycan xalqı kimi, İsmayıllı
camaatı üçün də çox əziz olduğunu
bildirdi. İcra başçısı Azərbaycan Prezidenti cənab
İlham Əliyevin xüsusi diqqət və qayğısı
ilə İsmayıllı rayonunda görülən işlər,
aparılan abadlıq tədbirləri haqqında məlumat
verdi.
Sonra söz Azərbaycan
Yazıçılar Birliyinin sədri, xalq
yazıçısı Anara verildi. Anar müəllim meydana
toplaşan poeziya həvəskarlarını salamladı, həmin
gün həm də unudulmaz “son zəng” bayramlarını qeyd
edən məktəbliləri xüsusi təbrik etdikdən
sonra Sabir sənətinin ədəbiyyat tariximizdəki əzəmətli
mövqeyindən, Sabir Poeziya Günlərinin keçirilməsi
ənənələrindən danışdı. Azərbaycan
Mədəniyyət və Turizm Nazirliyinin şöbə
müdiri, şair Vaqif Bəhmənli öz
çıxışında bu il Sabir Poeziya Günlərinə
həsr olunmuş poeziya almanaxının nəşri ənənəsinin
də bərpa olunacağını bildirdi. Poeziya
bayramının qonağı, Gürcüstan
Yazıçılar Birliyinin sədri, tanınmış
şairə Maqlava Qonaşvili, xalq yazıçısı
Gülhüseyn Hüseynoğlu, şairlərdən Yusif Həsənbəy,
Oqtay Rza, Musa Yaqub, Firuzə Məmmədli, Rəfiqə Nuray,
Taleh Həmid, Həzi Həsənli, Maarif Soltan, Adil Cəmil,
Tofiq Nurəli, AMEA-nın müxbir üzvü, professor Teymur Kərimli
və başqalarının səmimi
çıxışlarını, oxuduqları şeirləri
tamaşaçılar hərarətlə
qarşıladılar.
Tanınmış bədii
qiraət ustası, əməkdar artist Ağalar Bayramovun
ifasında səslənən poeziya nümunələri, gənc
muğam ifaçıları, muğam müsabiqəsinin
laureatları Aidə Əliyeva və Şaiq İbayevin
oxuduqları xalq mahnısı və muğam parçaları
poeziya bayramına xüsusi yaraşıq verdi.
Mayın 31-də Sabir
Poeziya Günlərinin tədbirləri ölkəmizin
paytaxtında davam etdirildi. M.F.Axundov adına Azərbaycan Milli
Kitabxanasında Sabir Poeziya Günlərinə həsr
olunmuş poeziya axşamı keçirildi. Tədbiri giriş
sözü ilə açan Əjdər Ol bir daha Sabir
poeziyasının ölməzliyindən, bədii məziyyətlərindən,
xalqımızın taleyi ilə bağlı olmasından
danışdı, bu poeziyanı bizim “milli xasiyyətnaməmiz”
adlandırdı və xüsusi vurğuladı ki, Sabir və
onun məsləkdaşları öz həyat və sənətlərini
Vətənimizin məhz bugünkü azadlığı naminə
mübarizələrə həsr etmişlər. Bu fikri Sabirin
öz sözləri də bir daha təsdiq edir:
Mən gedərsəm,
var olsun amalım,
Yaşasın şəhriyarı – hürriyyət!
Poeziya axşamında Azərbaycan
Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət
Qoca, Vaqif Bəhmənli, Ədalət Əsgəroğlu, Fərqanə
Mehdiyeva, Məlahət Yusifqızı, Qəşəm Nəcəfzadə,
gənc şairlər Rəbiqə Nazimqızı, Aqşin, Əli
Əlioğlu və başqaları çıxış edərək
böyük Sabirin sənəti və şəxsiyyəti barədə
ürək sözlərini dedilər, özlərinin yeni
şeirlərini oxudular.
M.F.Axundov adına Milli
Kitabxananın direktoru Kərim Tahirovun öz
çıxışında vurğuladığı kimi, bu
cür tədbirlər ölkəmizin mədəni həyatında
çox önəmli rol oynayır.
Bununla da 2009-cu ilin Sabir Poeziya Günləri
başa çatdı.
Ancaq tədbirin sonunda qeyd olunduğu kimi, Sabir təkcə
bu poeziya günlərində yad edilmir, o, hər gün, həyatımızın
hər məqamında,
xoş gələcək
uğrunda mücadiləmizin
hər anında bizimlədir.
İlham ABBASOV
Xalq qəzeti.- 2009.-4
iyun.- S. 7.