“Azərbaycanı bütün dünyada təmsil etmək istəyirəm”

 

Azərbaycan öz incəsənəti, musiqisi, musiqiçiləri ilə dünyanı fəth edib. Mədəniyyətə, incəsənətə verilən yüksək qiymət, göstərilən hədsiz qayğı ölkəmizin xoş soraqlarını dünyanın hər tərəfinə yayıb. İndi gənc, istedadlı musiqiçilərimizin sayı getdikcə çoxalır. Onlar təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif dövlətlərində ölkəmizin adını yüksəldirlər. Belə istedadlı müğənnilərdən biri də Türkiyədə dünya şöhrətli sənətçi İbrahim Tatlısəsin məktəbində təhsil alan Azəri qızı Güneldir. Azəri qızı Günel 5 iyunda Heydər Əliyev Sarayında solo konserti verəcək. Onunla görüşüb konsert ərəfəsində hansı hisslər keçirməsi ilə maraqlandıq.

– Bu konsert türkdilli dövlətlərə konsert turnesi çərçivəsində baş tutacaqmı?

– Albomum yeni çıxıb. İlk konsertim öz vətənim Azərbaycanda olacaq. Bundan sonrakı konsertlərim Özbəkistan, Qazaxıstanda olacaq. İnşallah, bunun davamı gələcək. Təkliflər çoxdur. Məni təkcə Azərbaycanda, Türkiyədə yox, başqa ölkələrdə də çox sevirlər. Vaxtilə Özbəkistan və Qazaxıstanda da konsert vermişdim. İndi Azərbaycanda – yəni öz vətənimdə konsert verirəm. Azərbaycanlı qızınız olaraq hamınızı konsertə dəvət edirəm. Məni Heydər Əliyev Sarayında tək buraxmamağınızı xahiş edirəm. Mənə dəstək olmağınız çox vacibdir. İnşallah, düşünürəm ki, çox möhtəşəm konsert olacaq.

– Konsertdə tamaşaçılara nə vəd edirsiniz?

– Konsertdə muğam ustadımız Arif Babayev, bir çox sənətçilərimiz dəvətlidir. Onlar gələcəklər. İndi mən danışmaq istəmirəm. Bütün bunları bir sürpriz olaraq insanlara təqdim etmək istəyirəm. Təbii ki, rəqslərimiz də olacaq. Türkiyədən 17 nəfər musiqiçi, Azərbaycandan isə 25 nəfərlik ansambl müşayiət edəcək. Hər halda 30-35 nəfər musiqi ansamblı olacaq. Hamısı bir yerdə – 40 nəfərlik böyk bir repertuarımız var. Həm Azərbaycan, həm fars mahnıları var. Çünki neçə illərdir Heydər Əliyev Sarayında konsert vermək arzusu ilə yaşayırdım. 11 ildir Türkiyədə yaşayıram. Azərbaycanda bir dəfə də konsert vermişəm. O vaxt konsertim Heydər Əliyev adına İdman Kompleksində baş tutmuşdu. Pərəstişkarlarım məni tək buraxmamışdılar. İndi həmin hadisəni Heydər Əliyev sarayında da gözləyirəm. 9 yaşımda “Pöhrə” uşaq verilişində iştirak edib birincilik qazanmışdım. O zaman Heydər Əliyev Sarayında çıxıb mükafat almışdım. Gör neçə ildən sonra – indi 23 yaşındayam. İndi həmin sarayda konsert vermək mənim üçün çox önəmlidir.

– Konsertdə ekspromt duetlər gözlənilirmi?

– Təbii. Arif Babayev gələcək. Həm qardaşımın müəllimidir, həm də mənim. Qardaşımla duetim var. Çoxlu sürprizlər olacaq, onlar hamısı konsertin içində gözlənilir.

– Sizin qarabağlı balası olduğunuz hamıya məlumdur. Konsertdə Qarabağı yada salan hansı anlar olacaq?

– Arif Babayevlə “Qarabağın maralı” mahnısını oxuyacam. Ürəyimdə həmişə Qarabağ yarası var. Onu da mahnı ilə dilə gətirirəm. Könlüm istəyir ki, bu konsert Ağdamımda – Qarabağımda baş tutsun. İnşallah, inanıram ki, arzuma çatacağam. İndiki arzuma necə çatdımsa, o arzuma da çatacağam. Duetlərim Qarabağla bağlı olacaq. İnşallah, bəyəniləcək. Buna inanıram.

– Müxtəlif stillərdə oxumusunuz. Həm pop janrında, həm muğam, həm xalq mahnıları. Bu konsertdə hansı auditoriyanı nəzərdə tutmusunuz?

– Hər şeydən doyacaqlar. Həm pop var, həm Türk sənət musiqisi, həm mahnı janrı, həm xalq mahnıları var. Müxtəlif janrlarda oxuya bildiyim üçün özümü şanslı hesab edirəm.

– Diqqət çəkən məqamlardan biri də ünlü sənətçi İbrahim Tatlısəsi konsertinizə dəvət etməyinizdir.

– Mən dəvət etdim. Lakin İbrahim bəyin bu ərəfədə işləri çoxdur. Ancaq o da İbrahim Tatlısəsdir. Onun nə vaxt harada nə edəcəyi bilinmir. Düşünürəm ki, gələ bilər.

– Günel, sizi gələcəkdə beynəlxalq müsabiqələrdə görmək olacaqmı?

– Təbii ki. Mənim hədəfim Azərbaycanı dünyada təmsil etməkdir. Bəzən mənə sual verirlər ki, Eurovisionda Azərbaycanı, yoxsa Türkiyəni təmsil edərdin? Mənə elə gəlir ki, hər iki dövləti təmsil etməyə hazıram. Belə anlarda sənət məsələsi ortaya çıxır, mənim də bunun üçün kifayət qədər potensialım var. Səsimə güvəndiyim üçün insanların gözlərinin içinə baxa-baxa “mən gedə bilərəm” – deməyə cəsarətim var. Çünki bu, Avropa ölkələri arasında olan müsabiqədir. Mən artıq Avropanı konsrtlərimlə gəzdim, onlara yad deyiləm.

– Azərbaycanı, ölkədə baş verən ictimai, mədəni hadisələri izləyə bilirsinizmi?

– Hər dəfə səhnəyə çıxdıqda möhtərəm Prezidentimiz İlham Əliyevin gördüyü işlərdən heyranlıqla bəhs edirəm. Mehriban xanımın Azərbaycan mədəniyyətinə göstərdiyi diqqət, Prezidentimiz İlham Əliyevin qısa müddət ərzində Azərbaycanı zirvələrdən-zirvələrə qaldırması olduqca möhtəşəm bir addımdır. Yollar, universitetlər, dəyişən, gözəlləşən Azərbaycan hər an gözlərim önündədir, daim qəlbimdədir.

Azərbaycanın daha da inkişaf etdiyini, gözəlləşdiyini görürəm, sənətə, sənətçiyə çox yüksək qiymət verilir. Bütün dünyada Azərbaycanı təmsil etmək istəyirəm. Çünki Azərbaycan bundan da artığına layiqdir.

 

 

Mahir QABİLOĞLU

 

Xalq qəzeti.- 2009.- 4 iyun.- S. 8.