Unutsaq, unudularıq
Yenilikçi jurnalist, cəsarətli redaktor
Müəllimimiz, həmkarımız və dostumuz Nəriman
Zeynalovu hamı belə tanıyırdı
Sərlövhədə
vurğuladığım sözləri heç zaman dilinə
gətirməz, gətirəndə də özünə
şamil etməzdi. Lakin onun bütün həyatı və fəaliyyəti
bu kəlmələrin məna çalarları ilə həmahəng
idi...
Nəriman Zeynalov 1933-cü ildə Göyçayda anadan
olmuşdu. 1956-cı ildə Bakı Dövlət Universitetinin
jurnalistika şöbəsini bitirmişdi. İstedadlı, təşəbbüskar,
çalışqan jurnalist kimi universitetin mətbuat tarixi
kafedrasında müəllim saxlanmışdı, eyni zamanda,
“Kommunist” qəzetində (indiki “Xalq qəzeti”ində) ədəbi
işçi, şöbə müdiri işləmişdi.
Sonrakı illərdə
taleyini BDU-nun jurnalistika fakültəsi ilə
bağlamışdı. Nəriman Zeynalov “Molla Nəsrəddin”
jurnalının tarixi ilə bağlı 1967-ci ildə namizədlik,
1988-ci ildə isə doktorluq dissertasiyaları müdafiə
etmişdi. O, Azərbaycan
mətbuat tarixindən 2 cildlik dərslik hazırlayıb
çap etdirmişdi.
Jurnalistikanın nəzəri
və praktik sahələrində
çalışmalarını paralel davam etdirən Nəriman
Zeynalov 1977-ci ildən 10 il “Sovet kəndi” qəzetinə
redaktorluq etmişdi. Ömrünün son illərində
doğma jurnalistika fakültəsinə qayıdan Nəriman
müəllim dekan seçilmiş, yeni həvəs və
qüvvə ilə işə başlamışdı. Amansız
ölüm 1989-cu ilin yazında müasir Azərbaycan
jurnalistikasının tanınmış nümayəndəsi
olan Nəriman Zeynalovu həyatdan vaxtsız apardı.
Nəriman Zeynalov fədakar
mətbuat tarixçisi olmaqla yanaşı, həm də
istedadlı publisist, gənc yazarlar üçün ustada
çevrilmiş bir qələm sahibi idi. 1971-ci ildə
oçerkləri “Qızıl qələm” mükafatına
layiq görülmüşdü. “Gümüş dəstəkli
qılınc” romanının, “Oğul o kəsdir ki”,
“Dağlar oğlu”, “Bərəkətli torpaq” oçerklər
kitablarının müəllifi idi. Dövri mətbuatda bir
çox hekayə və məqalələri çap
olunmuşdu. Nəriman Zeynalovun parlaq xatirəsi unudulmaz, zəngin
ömür yolu jurnalistlərin yeni nəsilləri
üçün örnəkdir.
Jurnalistika aləmində
pozulmaz izlər qoyan Nəriman Zeynalovla ilk
tanışlığım tələbəlik illərinə
təsadüf etdiyindən həmin dövrə qısaca da
olsa “səyahət” etmək istəyirəm. Ötən əsrin
60-cı illəri təzəcə başlamışdı. Azərbaycan
Dövlət Universitetinin jurnalistika şöbəsində
keçən tələbə ömrümüz coşğun
çay kimi axaraq, böyük “dəryaya” qovuşmaqda idi. Biz
daha əvvəlki kövrək, dəymədüşər
yeniyetmələr deyildik. Yaşlılarımız bir az da
“ahıllaşmış”, “sütüllərimiz”
cavanlaşmışdılar.
Daha bilik
yarışı ilə kifayətlənmirdik. Seminarlarda,
imtahanlarda “beş” almaq heç kimi təəccübləndirmirdi.
İndi qrup yoldaşlarımız arasında rəqabət
“yaradıcılıq meydanında” davam edirdi. Hər birimiz qələmimizin
məhsulu ilə öyünürdük.
Çox gəzmək,
çox görmək, çox öyrənmək istəyirdik.
Yalnız bundan sonra ələ qələm alıb, fikir
yürütmək olardı. Əlbəttə, bizi bu yola
hazırlayan “yaxşı kişilər” vardı. Universitet
divarları arasında “nəzəriyyə” müəllimlərimiz,
redaksiyalarda isə səxavətli və təcrübəli qələm
sahibləri...
Dördüncü kursun
axırında yaradıcılıq təcrübəsinə
çıxdıq. Qrupun tələbələri bir neçə
dəstəyə bölünmüşdülər. Mailə
Muradxanova, İffət Salamzadə, Elza Salmanova, Zöhrab
Zeynalov, Əlikram Abdullayev ( illər
keçdikcə bu gənclər öz peşələrinin
“ulduzlarına” çevriləcəkdilər) və mən bir
dəstədə idik. Təcrübə keçmək
üçün respublikanın “bir nömrəli” mətbuat
orqanı olan “Kommunist” qəzetinə təyinat
almışdıq. Həmin qəzetin şöbə
müdiri Nəriman Zeynalov həm də universitetin jurnalistika
şöbəsində təcrübə dərsləri
apardığından bilavasitə bizim dəstəyə rəhbərlik
edirdi. Yaşı bizimkindən o qədər də çox
olmayan Nəriman müəllimi hədsiz çox istəyirdik.
Bu istəyi o, təkcə istiqanlı, mehriban xasiyyətinə
görə qazanmamışdı.
Biz tələbələr
onun “virtuoz” qələminə, çoxsahəli bilik
ehtiyatına, öz təcrübəsini səxavətlə
başqasına ötürmək bacarığına heyran
olmuşduq. Qəzetdə kənd təsərrüfatı
şöbəsinə rəhbərlik etməsinə baxmayaraq,
ən müxtəlif mövzularda yaddaqalan yazılar
yazardı. Zamanın tanınmış cərrahlarından
olan Mürsəl Qarayev (bəstəkar Qara Qarayevin
qardaşı, indiki mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevin atası) haqqında yazdığı oçerk indiyədək
yaddaşımdan silinməyib. Nəriman müəllim
şagirdlərini səbrlə döyüşə
hazırlayıb, rinqə çıxaran məşqçiyə
bənzəyirdi. O, hər birimizin “nazı ilə oynamaqdan”,
yazılarımızı “bitdə-bitdə” oxuyub, məsləhət
verməkdən yorulmurdu.
Nəriman müəllim
mövzunu tam “bişirmədən” yazmağı qəbahət
sayırdı. Bunu onun rəhbərliyi ilə Bakının gəmi
təmiri zavodunda olduğumuz vaxt bir daha hiss etdik. Düz bir həftə
təmirçilərlə bərabər olduq, necə deyərlər,
bu həyatın “cikini-bikini” öyrəndik və nəticədə
“Kommunist” qəzeti üçün bir səhifə yazı
hazırladıq. Redaktor İsrafil Nəzərov
“letuçkada” bu səhifəni bərk təriflədi. Deyilənə
görə onun dilindən tərifli söz nadir hallarda
çıxırdı... Sonra Nəriman Zeynalov bizi öz
yurduna, Göyçaya apardı. Rayon rəhbərliyi ilə
danışıb, “Göyçay” qəzetini bir aylığa
bizim ixtiyarımıza verdi. Bu, əsl təcrübə idi.
Çox yerlər gəzdik,
yaxşı insanlarla tanış olduq. Ən əsası isə
bu bir aylıq təcrübə qələmimizin püxtələşməsində
böyük rol oynamış oldu.
Yaxşı deyiblər
ki, cəsarətli adam yenilik aşiqi olar. Nəriman Zeynalovun
timsalında mən bunun şahidi olmuşam. O, xasiyyətcə
mərd və cəsarətli olduğundan həm qələmi,
həm də təlimi ilə 60-cı illər
jurnalistikasına yenilik ab-havası gətirirdi. O,
yazılarında tətbiq etdiyi belə bir həqiqəti biz
cavanlara da təlqin edə bilirdi: “Dərin yazmaq azdır, gərək
şirin yazasan ki, səni oxuyalar”. Görünür, onun bu
öyüdü “sırğa olub, qulağımda
qaldığından” mən də “dərin və şirin”
yazmaq arzusu ilə yaşayırdım. Hələ tələbəykən
“Kommunist” qəzetində dərc olunan “Torpağın səsi”,
“Güllüçalanın nəğməsi” kimi
yazılarım məhz N.Zeynalovun seçimi sayəsində
dünya işığı görmüşdü. Bir qədər
sonra isə bu qəzetdə “Son qozanın qiyməti” adlı
analitik yazım dərc olundu. Zamanın əsas
şüarlarından olan “Pambığı son qozasınadək
yığaq!” çağırışının zərərli
olduğunu Mil-Muğan təsərrüfatlarının
timsalında sübuta yetirən, əvəzində
“Pambığı tez və itkisiz yığaq!”
şüarını təklif edən həmin yazı Mərkəzi
Komitənin büro iclasında müzakirə olunacaqdı. Lakin
baş qəzetin təklif etdiyi yeni şüar yalnız Heydər
Əliyevin hakimiyyətə gəlişindən sonra həyata
vəsiqə aldı...
Nəriman Zeynalovla
ünsiyyətimin ikinci “mərhələsi” də mənim
üçün düşərli oldu. Universitet həyatımın
beşinci ili başa çatmaqda, daha dəqiq desəm, 1962-ci
ilin baharı idi. Qarşıda bizi dövlət imtahanları,
diplom işinin müdafiəsi kimi çətin sınaqlar
gözləyirdi. Üstəlik “harada işləyəcəyəm?”
sualı da bizi rahat buraxmırdı.
Belə həyəcanlı
günlərdə özümü daha bir qayğı ilə
yükləmişdim. Tələbəliyin son
“yaradıcılıq təcrübəsini” keçdiyim
“Bakı” axşam qəzetinin elan etdiyi ümumrespublika
müsabiqəsində qələmimi sınamağa cəsarət
etmişdim. Ona görə belə düşünürdüm
ki, bu, olduqca mötəbər yarış idi. Qəzetin
redaktoru Nəsir İmanquliyevin yüksək təşkilatçılığı
ilə keçirılən müsabiqəyə xalq
yazıçısı Mirzə İbrahimov
başçılıq edirdi.
Səbirsizliklə
gözlədiyim an nəhayət ki, gəlib çatdı. Ümumrespublika
yaradıcılıq müsabiqəsinin nəticələri
elan olundu. Yarışın birinci mükafatına layiq
görülmüşdüm. İlk qələbənin sevinci
öz yerində, amma onu da qeyd etməliyəm ki, bu qələbə
mənim sonrakı həyatımın “düzlənməsində”
aparıcı rol oynadı. Mənə iş yeri təklif edənlərin
sayı dərhal çoxalmağa başladı. İlk
növbədə diplom rəhbərim Nəsir İmanquliyev və
tələbəlik illərimin “yönəldicilərindən”
biri olan istedadlı jurnalist Şamil Şahməmmədov mənim
“Bakı” — “Baku” qəzetlərinin redaksiyasında məskunlaşmağımı
“təkid” edirdilər. Lakin... Uğuruma öz uğuru qədər
sevinən Nəriman Zeynalov bu dəfə də hamını
qabaqladı və “qələbə çaldı”. O,
şöbə müdiri olduğu “Kommunist” qəzetinin rəhbərliyini
“razılığa gətirərək”, bu redaksiyada işə
götürülməyimə nail oldu...
Respublikanın “baş qəzetində”
keçirdiyim bir neçə ayın olaylarından
yazmışdım. Görkəmli jurnalist, bacarıqlı təşkilatçı
və gözəl insan Qubad Süleymanovun xatirəsinə həsr
etdiyim “Təkan nöqtəsi” yazımda (“Xalq qəzeti”, 22
aprel 2009-cu il) bu barədə danışdığımdan təfsilata
varmaq istəmirəm. Lakin Nəriman Zeynalovun “portretinə” əlavə
cizgi ola biləcək bir epizodu xatırlatmaya bilmirəm. Nəriman
müəllim yaxşı tanıdığı insanlar, tələbə
dostları haqqında xoş sözlər deməyi
xoşlayardı. Amma bunlardan ikisini xüsusi “vurğulayardı”.
Bizi Mil-Muğana yola salarkən (Q. Süleymanovun redaktor təsdiq
olunduğu MK-nın rayonlararası “Yüksəliş” qəzetində
iki il məsul katib işləyəcəkdim) ürək-dirək
verib dedi: “Çətinə düşsəniz, Muğanda
Ağana, Bakıda Şamilə arxalana bilərsiniz...” Hə,
o, bizim kimi, “çətin yolun astanasında” olanlarla artıq
sınaqdan keçirdiyi etibarlı dostları arasında
körpü salmağı bacarırdı.
Bəs, kim idi
etibarına güvəndiyi həmin kəslər? Hər ikisi
tələbəlik dostları, ADU-nun jurnalistika şöbəsinin
1956-cı il məzunları idi. İxtisasca “yazı adamı”
olsalar da ilk gündən partiya-sovet işində, bilavasitə
təsərrüfat-quruculuq sahəsində püxtələşmişdilər.
Ağan Məmmədov doğma yurdu İmişlidə məskunlaşmışdı.
Nəriman müəllimin “təqdimatı” ilə tanış
olub, dostlaşdığımız dövrdə o,
böyük bir təsərrüfata başçılıq
edirdi. Sonrakı illərdə İmişli Rayon İcraiyyə
Komitəsinin sədri, daha sonra isə icra
başçısının birinci müavini vəzifələrində
çalışmışdı. Nəriman müəllimin
“Şamil” deyə bizə nişan verdiyi ikinci etibarlı dostu
Şəmsəddin Axundov idi. Comərd xasiyyətinə
görə hələ tələbəlik illərindən
“Şamil” adı qazanan (əfsanəvi Şeyx Şamilin şərəfinə)
bu insan deyilən kimi varmış. Uzun illər məsul vəzifələrdə
çalışan “Şamil” müəllim “yalnız
yaxşılıq etmək üçün
yaşadığını” bu günə qədər sübut
etməkdədir...
Nəriman Zeynalovla
dostluğumuzun “üçüncü” mərhələsi
bizim həmkar olduğumuz dövrə təsadüf edir. 1980-ci
ilin sonlarında ulu öndərimiz Heydər Əliyevin
xeyir-duası ilə məni “Azərbaycan gəncləri” qəzetinə
redaktor təyin etdilər. Bu zaman Nəriman Zeynalov artıq təcrübəli
redaktor kimi məşhurlaşmışdı. O, bir neçə
il idi ki, “Sovet kəndi” qəzeti redaksiyasına
başçılıq edirdi. Bu illər ərzində
redaktorun siqlətində olan cəsarət və yenilik
“cövhəri” qəzetə hopmuşdu. “Sovet kəndi” təkcə
kənd əməkçilərinin deyil, bütün ictimaiyyətin
sevimli qəzetinə çevrilmişdi. Təxminən 80-ci
illərin ortalarınadək “bir yolun yolçuları” olduq.
Tez-tez müxtəlif tədbirlərdə iştirak etdik. Həmin
illərdə Nəriman Zeynalovu bir qədər də
yaxından tanıdım. O, yuxarı dairələrdə
sözü mərdanə deyən,həmişə “zəiflərin
” tərəfində dayanan, lazım gələndə ən
mötəbər məmurlarla sərt danışmaqdan çəkinməyən
redaktor kimi tanınmışdı. Əlbəttə, mənim
kimi cavan redaktor üçün onun təcrübəsindən
öyrənməli cəhətlər çox idi...
N. Zeynalov qəzet işindən
gedəndən sonra... Yaxşısı budur ki, sözü onu
yaxından tanıyanların və sevənlərin
ixtiyarına verim.
Şəmsəddin
Axundov, ADU-nun jurnalistika şöbəsinin 1956-cı il məzunu,
əməkdar mədəniyyət işçisi :
— Tələbə
yoldaşlarım arasında Nərimanın xüsusi yeri var
idi. O, az danışmağı, çox dinləməyi sevərdi.
Danışanda da sərrastlığı və incə yumoru
ilə seçilərdi. Onun zəkasına və hər məqamda
gözəçarpan cəsarətinə vurğun idim. Odur
ki, dostluğumuz tuturdu və bu ünsiyyət sonadək davam
etdi...
Mailə
Muradxanova, əməkdar jurnalist, Prezident təqaüdçüsü
:
— Nəriman müəllim
əsl Azərbaycan kişisinə xas olan qeyrət sahibi idi. Qız
tələbələri, qadın həmkarları ilə zərif
davranışı onun yüksək mədəniyyətindən
xəbər verirdi. Göyçaya bir aylıq səfərimiz
təfsilatı ilə yadımda qalıb. Nəriman müəllim
cavan olmasına baxmayaraq, körpələrini səmaya pərvazlandıran
ata göyərçinə bənzəyirdi...
Yalçın
Əlizadə, Bakı Dövlət Universitetinin jurnalistika
fakültəsinin dekanı, əməkdar jurnalist
:
— Mənə Nəriman
Zeynalovun tələbəsi olmaqla yanaşı, onunla bir təhsil
ocağında çalışmaq səadəti nəsib olub.
Jurnalistlik fəaliyyətimin bütün mərhələlərində
onun nəfəsini və köməyini duymuşam. Hətta
dekanlığın da ilk təcrübəsini Nəriman
müəllimdən öyrənmişəm. 80-ci illərin
sonlarında jurnalistika fakültəsinin dekanı
seçilmişdi. Bu vəzifədə cəmi bir neçə
ay çalışmasına baxmayaraq, yaxşı ənənələrin
bərpası üçün yaddaqalan işlər
gördü...
Telman Əliyev, “Xalq qəzeti”nin
əməkdaşı :—
Nəriman Zeynalov nurlu
şəxsiyyətlərdən idi. Başqalarının,
xüsusən gənclərin yaradıcılığında
bir “işartı” görəndə sevinər, onu üfləyib
“alova” çevirməyə çalışardı. Sizin təbirinzcə
desəm, “baş qəzetə” işə götürülməyimin
və indiyədək bu kollektivin üzvü
qalmağımın əsas “baiskarı” Nəriman müəllim
olub...
Zöhrab
Zeynalov, əməkdar jurnalist, Prezident təqaüdçüsü:
— Nəriman müəllim
həm də milli jurnalistika tariximizin elmi
araşdırıcılarından idi. O, “Molla Nəsrəddin”
jurnalından namizədlik və doktorluq dissertasiyası
müdafiə edərək, alimlik dərəcəsi
almışdı. Məni isə bu jurnalın davamçılarından
olan “Arı” satirik məcmuəsini tədqiq etməyə həvəsləndirmişdi.
Məhz onun məsləhətləri və yaxın koməyi
sayəsində “namizədlik dissertasiyası kimi təqdim oluna
biləcək samballı diplom işi” yarada bilmişdim. Əlbəttə,
bu səxavətli tərifin müəllifi diplom işimin rəhbəri
olan Nəriman Zeynalov idi...
Əlövsət Bəşirov,
Milli Təhlükəsizlik Nazirliyi Heydər Əliyev adına
Akademiyasının redaksiya-nəşriyyat şöbəsinin
rəisi, polkovnik :
— Həm tələbəlik
illərində, həm də jurnalistlik fəaliyyətimdə
Nəriman Zeynalovun “yaxşılıq məktəbindən”
çox faydalanmışam. Ən əsası isə onda
sevib-seçdiyim cəsarəti, qətiyyəti və səxavəti
özüm üçün həyat devizinə çevirməyə
çalışmışam...
Əlikram Abdullayev, Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının birinci prorektoru, fəlsəfə elmləri
doktoru:
— Özüm müəllim
adını qazanandan sonra tələbələr
üçün “müəllim-dost” olmağın mənasını
daha dərindən anlamağa başladım. Bu, hər müəllimə
xas olan keyfiyyətlərdən deyil. Nəriman müəllim dərs
dediyi, qələm təcrübəsi öyrətdiyi tələbələrin
ən yaxın dostu, sirdaşı idi...
... Nəhayət, Nəriman
Zeynalov qəzetdən gedəndən sonra bütün
ömrünü jurnalistika sahəsində müəllimlik və
elmi tədqiqat işlərinə həsr etdi. Müəllimlər
və tələbələr arasında qazandığı
hörmət və nüfuzun nəticəsi olaraq, 1989-cu ilin
qışında fakültənin dekanı seçildi. Həmin
ilin baharında isə qəflətən vəfat etdi. O, cəmi
56 il yaşadı, ömrünün çiçəklənən
vaxtında dünyasını dəyişdi. Amma həmişəyaşar
jurnalistikamızın salnaməsində, onu tanıyanların
yaddaşında əbədi heykəl qoyub getdi. Qəbri nurla
dolsun, ruhu şad olsun.
Yusif KƏRİMOV,
yazıçı-publisist
Xalq qəzeti.- 2009.- 5 iyun.- S. 7.