Qoy vicdanlar susmasın...
Müasir Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, Prezident təqaüdçüsü
Vidadi Babanlı ilə Milli Kitabxanada keçirilən
görüşdə insanlığın bu uca diləyi
söylənən fikir və mülahizələrin ortaq hədəfi
oldu.
Yazıçıya və
milli ədəbiyyatımıza neçə illərdən bəri
populyarlıq, uğur qazandırmış “Vicdan susanda”
romanı dövr, məfkurə, dünyabaxış bəyişsə
də ideya-estetik dəyərini qoruyub saxlamış, yeni nəsillərin
də maraqla oxuduğu kitabların sırasında
qalmışdır. Romanın latın qrafikalı əlifba ilə
bu günlərdə işıq üzü görmüş
yeni nəşri barədə söz açan Azərbaycanda
Atatürk mərkəzinin rəhbəri, Milli Məclisin
üzvü, AMEA-nın müxbir üzvü Nizami Cəfərov
bu reallığın əsərdəki bədii həqiqətin
həyat həqiqətini əks etdirməsindən
qidalandığını söylədi. “Vicdan susanda”
romanını XX əsr Azərbaycan nəsrinin qiymətli
nümunələrindən biri kimi səciyyələndirən
ədəbiyyatşünas bildirdi ki, ölkəmizdə və
xaricdə dəfələrlə yüksək tirajlarla
çap olunan bu əsər bəşəri bir mövzunun
milli xüsusiyyətlərini ortaya qoyduğuna görə
ölümsüzlük qazanmışdır. Bu, Vidadi
Babanlının sənətkar xoşbəxtliyidir.
Görüşün
aparıcısı şair-publisist Taleh Həmid, Milli
Kitabxananın direktoru Kərim Tahirov romanın yeni nəşrinin
çağdaş oxuculara dəyərli hədiyyə
olduğunu, ömrünün ahıl çağını yaşayan
sevimli yazıçımızı da ürəkdən
sevindirdiyini vurğuladılar.
Professor Camal Mustafayev,
şair İlyas Tapdıq “Vicdan susanda” romanını Vidadi
Babanlının həyat mübarizəsinin və ədəbi
döyüşlərinin məhsulu, istedad və zəhmətinin
şahanə əsəri kimi dəyərləndirdilər.
Filosof-publisist Firüz
Mustafa, ədəbiyyatşünas Rüstəm Kamal,
yazıçı Xeyrəddin Qoca və digər
çıxış edənlər Vidadi Babanlının həyat
və yaradıcılığının diqqət çəkən
məqamları, “Vicdan susanda” romanının ədəbi qayəsi
barədə söhbət açdılar,
yazıçıya möhkəm cansağlığı,
könül xoşluğu, yeni yaradıcılıq
uğurları arzuladılar.
Sonda qocaman
yazıçı “Vicdan susanda” romanının ərsəyə
gəldiyi dövr, əsər üzərində işlədiyi
günlər barədə xatirələrini
danışdı, qədirbilən oxuculara, onun
yaradıcılığına diqqət yetirən söz sərraflarına
və kitabın yeni nəşrini hasilə gətirənlərə
səmimi təşəkkürünü bildirdi.
Ədəbiyyata
şeirlə gələn, nəsrlə şöhrətlənən
və son illərdə dəyərli poetik nümunələr
yaradan Vidadi Babanlı görüş
iştirakçılarına yeni şeirlərini oxudu, sonra
oxuculara avtoqraflı kitablarını bağışladı.
R.Tahir
Xalq qəzeti.- 2009.- 5
iyun.- S. 7.