Füzuli: Bu yerlərdə yaşayanlar əsl qəhrəmanlardır

 

2009-cu ilin birinci yarısındayıq. Ancaq mən Füzuli rayonunun, füzulililərin həyatında çox əlamətdar hadisələrlə zəngin olan 2008-ci ildə görülmüş işlər, əldə olunmuş müvəffəqiyyətlər, baş vermiş mühüm hadisələr barədə söz açmaq, dəyərli oxuculara məlumat vermək istəyirəm.

İlk öncə ondan başlayım ki, respublika Prezidenti İlham Əliyevin keçən il iki dəfə — aprelin 18-də və oktyabrın 4-də Füzuli rayonunda olması, əhali ilə görüşləri, açılış və təməlqoyma mərasimlərində iştirakı nailiyyətlər üçün stimul yaratmışdır.

Dövlət başçısı Füzuli rayonunda olarkən Horadiz şəhərində Heydər Əliyev muzeyinin, Zobucuq qəsəbələrinin, qəsəbələrə gedən yolda salınmış körpünün açılışında, tibb mərkəzinin, su elektrik stansiyasının təməlqoyma mərasimlərində iştirak etmişdir.

Prezidentin millət vəkili, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ilə birlikdə Horadiz şəhərinə təbii qaz verilməsi münasibəti ilə keçirilmiş təbirdə iştirak etməsi və tibb mərkəzinin tikintisində iştirakı, görüşləri əhalidə olduqca xoş təəssürat yaratmışdır.

Hazırda Horadiz şəhərində 300 ailə təbii qazdan istifadə edir.

Həmin görüşlər zamanı görülən işlərdən razı qalan, füzulililərin onun siyasi xəttinə sadiq olduğunu vurğulayan İlham Əliyev əhalinin rifahı ilə bağlı başqa məsələlərlə də maraqlanmışdır.
Həmçinin işğal zamanı dağıdılmış 1500 evin bərpası, Horadiz şəhərindən Mollaməhərrəmli, Arayatılı, Babı kəndlərinə gedən bərbad vəziyyətdə olan yolun əsaslı təmiri, Horadiz şəhərinin şəhərsalma standartlarına uyğun yenidən bərpa olunması, əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılmasına köməklik edən başqa məsələlərin həlli məqsədilə aidiyyati orqanlara tapşırıqlar verilmiş və bu məsələlərlə bağlı hazırda tədbirlər həyata keçirilir.

Ölkə rəhbərinin tapşırığı ilə Horadiz şəhərində Olimpiya idman kompleksi tikiləcəkdir.

Aqrar rayon olan Füzulidə iqtisadiyyatın əsas sahəsini kənd təsərrüfatı təşkil edir. Yola saldığımız 2008-ci ildə rayonda bu sahədə bir sıra işlər görülmüşdür.

Mühüm ərzaq məhsulu olan taxılçılığın inkişaf etdirilməsi istiqamətində tədbirlər həyata keçirilmiş, keçən ilin payızında 43 min hektar sahədə taxıl əkilmişdir.

2008-ci ildə taxılçılar 30 min hektardan 85 min tondan artıq məhsul götürmüşlər. Bu da 2007-ci ilin nəticəsindən 59 min ton artıqdır. Hektarın məhsuldarlığı 28 sentnerdən çox olmuşdur.

Ötən il həmçinin 625 ton qarğıdalı, 1200 ton kartof, 9,2 min ton bostan-tərəvəz məhsulları, 400 ton pambıq, 9 min ton şəkər çuğunduru, 800 ton meyvə, 330 ton üzüm istehsal olunmuşdur.
Başqa sahələrdə də uğurlar olmuşdur. Belə ki, 1162 ton ət, 6160 ton süd, 3,9 milyon ədəd yumurta, 135 ton yun istehsal edilmişdir.

Prezidentin sərəncamı ilə “Zobucuq” adlanan ərazidə 2104 ailəlik 5 qəsəbə salınmışdır. Təmiz havası, saf suyu, yaşamaq üçün normal şəraiti olan həmin qəsəbələrdə məktəb, tibb məntəqəsi, klub, kitabxana, müxtəlif xidmət sahələri vardır. Əhali onlara göstərilən xidmətdən razıdır.

Səhiyyə, mədəniyyət və təhsil xidmətlərinin yaxşılaşdırılması diqqət mərkəzindədir.

Horadiz şəhər mərkəzi xəstəxanada bərpa işləri aparılmışdır, ayrı-ayrı tibb müəssisələri təmir edilmiş, bəziləri bərpa olunmuşdur. Zobucuq qəsəbələrində 1 xəstəxana və 4 həkim məntəqəsi tikilmişdir. Tibbi xidmətin növləri artmışdır.

Ölkə başçısının sərəncamı ilə Böyük Bəhmənli kəndinin üst hissəsində tikilən tibb mərkəzi istifadəyə verildikdən sonra tək Füzuli rayonuna deyil, qonşu rayonlara da yüksək ixtisaslı həkimlər tibb xidməti göstərəcək, hər cür xəstəliklərin müalicəsi həyata keçiriləcəkdir.

Ötən il rayonda mədəniyyət müəssisələrinin fəaliyyətində xeyli dönüş yaranmışdır. İstedadlı gənclərin aşkar edilməsi məqsədilə müsabiqə keçirilmişdir. Dekabr ayında qaliblər aşkar edilib, onlar respublika müsabiqəsində iştirak edəcəklər.

Rayonda təhsilin səviyyəsinin yüksəldilməsi həmişə diqqət mərkəzində olmuşdur. Ərazidə fəaliyyət göstərən 45 məktəbin hamısı ya yenidən tikilmiş, ya da müasir tələblər səviyyəsində bərpa olunmuşdur.

Ötən il Zobucuq qəsəbələrində müasir tələblərə cavab verən 5, Qarabulaq yatağında və Aşağı Alıxanlı kəndində 2 yeni məktəb binası tikilərək şagirdlərin istifadəsinə verilmişdir.
Yola saldığımız ildə əhalinin elektrik enerjisi ilə təchizatı məsələləri də diqqət mərkəzində saxlanılmışdır. Ərazidəki 39 yaşayış məntəqəsi, 10 yataq tipli yaşayış məntəqəsi elektrik enerjisi ilə təmin olunmuş, sıradan çıxmış transformatorların yeniləri ilə əvəz olunması sahəsində işlər davam etdirilmişdir.

Respublika Prezidentinin müvafiq sərəncamına əsasən rayonun Bala Bəhmənli kəndi ərazisində Yuxarı Qarabağ kanalının üzərində su elektrik stansiyasının layihə smeta sənədləri hazırlanmışdır və tikinti işlərinə başlanacaqdır. Tikintidə 25 nəfər işlə təmin olunmuşdur. Su elektrik stansiyasının 2010-cu ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Rayon ərazisində meliorasiya və irriqasiya işlərinin həyata keçirilməsi sahəsində də uğurlu işlər görülmüşdür. Əkin sahələrinin suvarılması üçün suvarma kanalları və arxlar, nasos stansiyalar vaxtlı-vaxtında təmir edildiyindən suvarma dövründə ciddi problemlər yaranmamışdır. Yeni salınmış Zobucuq qəsəbələrini suvarma suyu ilə təmin etmək məqsədi ilə yeni iki ədəd nasos stansiyanın tikintisi davam etdirilir. Əlavə olaraq 1100 hektar sahəni su ilə təmin etmək üçün 5 nömrəli qəsəbənin ərazisində yeni nasos stansiyasının tikintisi başa çatmaq üzrədir. Örənqala qəsəbəsində əlavə olaraq 600 hektar sahəni su ilə təmin etmək üçün yeni nasos stansiyasının tikintisi davam etdirilir.

Yolların təmiri istiqamətində də tədbirlər həyata keçirilmişdir. Ötən il ərazidə 50 kilometr yol əsaslı təmir olunaraq istismara verilmişdir.

Horadiz şəhərində, keçən il istifadəyə verilmiş Zobucuq qəsəbələrində, Əhmədbəyli - Bala Bəhmənli, Zobucuq - Alıxanlı kəndi istiqamətində şose yollar əsaslı təmir olunmuşdur.
Əhaliyə göstərilən rabitə xidməti də yaxşılaşdırılır. Horadiz şəhərində müasir standartlara cavab verəcək rabitə xidmətinin təşkili məqsədilə EATS- in rekonstruksiya işləri başa çatmaq üzrədir.
Prezident İlham Əliyevin sərəncamı ilə rayonda abadlıq işləri aparmaq üçün ayrılmış vəsaitlə xeyli işlər görülmüşdür.

Horadiz şəhərində 16 mənzilli iki mərtəbəli 4 yaşayış binasının, 12 mənzilli 2 mərtəbəli 6 binanın dam örtüyü dəyişdirilmiş, fasadlar bərpa olunmuşdur. 4 mənzilli 1 mərtəbəli yaşayış binasının dam örtüyü dəyişdirilmiş, fasadı bərpa olunmuşdur. Horadiz şəhər mərkəzi parkı yenidən qurulmuşdur. Horadiz şəhərində M.Ə.Rəsulzadə, 20 Yanvar küçələrinin, şəhərin kənar yollarının səki və hasarları tikilmişdir.

Bala Bəhmənli - Araz Zərgar avtomobil yolu, Bala Bəhmənli xəstəxanasından Mahmudlu-1 kəndinin girişinədək, Bakı-Horadiz magistral yolunun Aşağı Yağlıvənd kəndinin girişinədək, magistral yoldan Böyük Bəhmənli kəndinin girişinədək, Mahmudlu-1 - Şıxlı avtomobil yolu, Aşağı Kürdmahmudlu kəndnin girişi, Horadiz şəhər Azadlıq küçəsi çınqıl materiallarla əsaslı təmir edilmişdir.

Horadiz şəhərinin giriş hissəsində 65 metr hündürlüyündə Azərbaycan bayrağı ucaldılmışdır. 84 N-li DSK üçün 8 otaqdan ibarət bina, rayon ƏƏSM mərkəzi, DSMF rayon şöbəsi, rayonlararası yer quruluşu idarəsi üçün inzibati binalar tikilmişdir.

Hazırda rayonda abadlıq işləri davam etdirilir. Regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan Dövlət Proqramına uyğun olaraq 2004- 2008-ci illərdə rayonda daimi yerlərinin açılması istiqamətində tədbirlər həyata keçirilmişdir. Həmin müddətdə rayonda 1011 daimi, 2603 mövsümi yerləri açılmışdır, məcburi köçkünlərin işləməsinə şərait yaradılmışdır.

Rayonda məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq istiqamətində işlər davam etdirilir.

Bütün bunlar, sözsüz ki, rayonun xeyli hissəsinin işğal altında olduğunu bir an olsun belə unutdurmur. Ön cəbhədə düşmənlə üz-üzə dayanan, ölkə başçısının da əsl qəhrəman adlandırdığı füzulililər Prezidentin yürütdüyü siyasət nəticəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunacağına qətiyyətlə inanırlar. Onlar Ali Baş Komandanın əmrinə də hər an hazırdırlar.

 

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2009.- 5 iyun.- S. 5.