Ölkəmizdə
XX-XXI əsrlərin qovuşuğunda mədəniyyət sahəsindəki
siyasət yeni ictimai sistemin formalaşması, dəyərlər
haqqında təsəvvürlərin transformasiyası,
ümummili birləşdirici ideya olan azərbaycançılıq
ideyasının möhkəmləndirilməsi şəraitində
həyata keçirilir. Bununla əlaqədər olaraq ayrı-ayrılıqda hər
bir insanın və bütövlükdə cəmiyyətin mədəniyyətinin
rolu və əhəmiyyəti müqayisəedilməz dərəcədə
artmışdır. Məhz mədəniyyət bir sosial
institut kimi ictimai sabitliyi təmin etməyə, dövləti
və cəmiyyəti mühüm milli məsələlərin
həlli uğrunda birləşdirməyə qadirdir.
1998-ci ildə Stokholm
şəhərində keçirilmiş “İnkişafın
xeyri üçün mədəniyyət siyasətinin istifadə
edilməsi” üzrə hökümətlərarası konfrans
mədəniyyətin məzmununu cəmiyyəti və sosial
qrupu səciyyələndirən ruhi, mənəvi, maddi,
intellektual və emosional xüsusiyyətlərin bütöv
bir kompleksi kimi müəyyənləşdirib. Artıq
yaxşı məlumdur ki, mədəniyyətin tərkibinə
yalnız ədəbiyyat və incəsənət deyil, eyni
zamanda, daha geniş spektri əhatə edən təzahürlər,
o cümlədən həyat tərzi, milli məfkurə,
insanın əsas hüquqları, dəyərlər sistemi, ənənələr
və dünyagörüşü daxildir. Bu cür geniş
şərh olunduqda o, bütün insan həyatını
bildirir. Beləliklə, mədəniyyət insanların və
cəmiyyətlərin həyatının keyfiyyətinə təsir
edir, sabit inkişafın rəhni olur, iqtisadi və sosial nemətlərin
artmasına gətirib çıxarır. Mədəniyyətə
belə yanaşma YUNESKO və Avropa Şurasının məruzələrində,
mədəniyyətlə bağlı bir sıra digər
nüfuzlu beynəlxalq təşkilat və qurumların sənədlərində,
inkişaf etmiş ölkələrin mədəniyyət
siyasətlərində əks olunur. Bəs, bu son dərəcə
mürəkkəb və spesifik sahə necə idarə olunur?
Bu məsələnin qısa təhlilinə keçməzdən
əvvəl qeyd etmək istərdim ki, mədəniyyətlə
bağlı dövlət idarəçiliyinin gerçəkləşməsi
mexanizmlərinin ən mühümü mədəniyyət
siyasətidir. Yəni, mədəniyyət dövlət idarəçiliyinin
obyekti olaraq, ilk növbədə, siyasətin bu növü
vasitəsilə formalaşdırılır,
yaşadılır və inkişaf etdirilir. Bütün sivil
ölkələrdə dövlətin həmin istiqamətdəki
fəaliyyəti olduqca geniş miqyas almışdır və
nisbətən müstəqil əhəmiyyət
daşıyır. O, zəngin qanunvericilik bazasına,
böyük maliyyə resurslarına və mədəniyyət
proqramlarının reallaşdırılmasının müxtəlif
mexanizmlərindən istifadə edən idarələr və təsisatlar
şəbəkəsinə malikdir. Hər bir zaman, ələlxüsus
qloballaşma dövründə düzgün mədəniyyət
siyasətinin seçilməsi hər bir dövlətin və
hər bir millətin mədəniyyətinin normal
inkişafının, onun təkrarsız simasının
qorunub saxlanmasının əsas şərtidir. Şübhəsiz,
müxtəlif sivil ölkələrdə mədəniyyət
modelləri başqa-başqadır. Hər bir dövlət
öz ənənələrinə, dəyərlərinə
münasib olan, üstün tutulan mənəvi, estetik və bədii
normalardan, iqtisadi xüsusiyyətlərdən irəli gələn
bir strategiya seçir. Lakin bütün demokratik ölkələrdə
vahid, universal mədəniyyət siyasətinin olmamasına
baxmayaraq, onlar üçün YUNESKO, Avropa Şurası və
digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən
keçirilən konfrans, müşavirə və
görüşlərdə daim irəli sürülən, bəyənilən,
qəbul edilən və dəstəklənən ümumi məqsəd
və prinsiplər götürülmüşdür.
Azərbaycan
Respublikasında mədəniyyət siyasətinin özəl
xüsusiyyətlərini açıb göstərmək
üçün son 16 il ərzində bu sahədəki vəziyyətə
nəzər salaq.
Həmin illər
çoxsaylı daxili və xarici problemlərin məngənəsinə
düşən respublika son dərəcə çətin və
mürəkkəb dövlət quruculuğu yolundan keçməli
idi. Müstəqilliyimizin
ilk çağlarında digər sahələrdə olduğu
kimi, mədəniyyətdə də
qatma-qarışıqlıq və qeyri-müəyyənlik,
müxtəlif mənfi meyillər baş alıb gedirdi. Bir tərəfdən
anarxiya kimi başa düşülən azadlıq, digər tərəfdən
iqtidarda olan qeyri-peşəkar şəxslərin mədəniyyətə
çox qəribə, hətta son dərəcə bəsit və
sadəlövh yanaşması, məsələn onlar tərəfindən
Qərb mədəniyyəti, incəsənəti, dəyərləri
və təhsilinin bizə, guya tamamilə yad olması və
lazımsızlığının bəyan edilməsi bu sahənin
normal inkişafının qarşısını alır,
çağdaş Azərbaycan mədəniyyətini
ümumsivil məcradan təcrid edərək ona böyük zərbələr
vurur, beləliklə də sağlam rəqabətə meylini
azaldırdı. Ümumiyyətlə, demək olar ki, bu mərhələdə
düşünülmüş mədəniyyət siyasəti
yox dərəcəsində idi.
Nəhayət,
böyük öndər Heydər Əliyevin xalqın tələbi
ilə 1993-cü ildə ölkə rəhbərliyinə
yenidən qayıtmasıyla vəziyyət köklü sürətdə
dəyişdi. O vaxtdan
etibarən Azərbaycanın gələcək
inkişafının strategiyası və əsas parametrləri
müəyyənləşdirildi, dövlət həyatının
bütün sahələrinin, o cümlədən mədəniyyət
siyasətinin modernləşməsi və transformasiyası mərhələsi
başlandı. Artıq bu gün yeni mədəniyyət siyasətinin
təşəkkül tapması, onun məqsəd və
prinsiplərinin dəqiqləşməsi, müasir tələblərə
cavab verməsi ən vacib və təxirəsalınmaz problemlər
sırasında diqqəti cəlb edir. Elmi cəhətdən əsaslandırılmış
həmin siyasət mədəni inkişafın
ardıcıllıq, varislik, millilik, orijinallıq, Azərbaycan
xalqının təkrarsız mədəniyyət genefondunun
saxlanılması, eyni zamanda, açıqlıq və
demokratiklik ideyalarını təbliğ edir və fəal
şəkildə həyata keçirilir. Ulu öndər Heydər
Əliyevin rəhbərliyi altında müasir dünya elmində
və praktikasında mövcud olan bir sıra modellər
sırasından mədəniyyətlərin dialoqu modeli
seçilərək ölkəmizdə qəbul edilib. Həmin
model Azərbaycanın tərəf müqabili qismində
ümumdünya mədəni prosesdə iştirakına əsaslanır
və respublikamızda optimal sosiomədəni dinamikanın dəstəklənməsinə
imkan yaradır. 1993-2003-cü illər ərzində yeni mədəniyyət
siyasətinə uyğun olaraq dövlət tərəfindən
çoxsaylı və mühüm əhəmiyyətli
işlər görülmüşdür. İlk növbədə,
mədəniyyət siyasətinin həyata keçirilməsinin
ən əsas vasitələrindən biri olan hüquqi cəhətdən
mükəmməl, dünya standartlarını və milli
özəllikləri nəzərə alan qanunların
hazırlanmasına ciddi diqqət yetirilmişdir. Bir sıra
qanunlar, o cümlədən “Mədəniyyət haqqında”,
“Tarix və mədəniyyət abidələrinin qorunması
haqqında”, “Turizm haqqında”, “Nəşriyyat işi
haqqında”, “Muzeylər haqqında”, “Arxiv fondu haqqında”,
“Memarlıq fəaliyyəti haqqında”, bir sözlə
2003-cü il daxil olmaqla 21 qanun Milli Məclisdə qəbul
edilmiş və ölkə Prezidenti tərəfindən
imzalanmışdır. Təhsil və səhiyyə sistemlərində
islahatlara başlanılmış, elm, ədəbiyyat və mətbuatda
ideoloji senzura ləğv olunmuş, idmanda böyük
uğurlar əldə edilmişdir.
Milli abidələrin
mühafizəsi məqsədilə Azərbaycan 1993-cü ildən
bəri YUNESKO-nun nəzdində fəaliyyət göstərən
və mədəni sərvətlərin qorunması ilə məşğul
olan üç mötəbər beynəlxalq təşkilatla
– “Beynəlxalq muzeylər şurası” (İKOM), “Abidələr
və tarixi yerlər üzrə beynəlxalq şura”
(İKOMOS), “Mədəni sərvətlərin qorunması və
bərpası məsələlərinin həlli üzrə mərkəz”lə
(İKKROM) sıx əlaqələr qurmuşdur.
Azərbaycan dövləti
mədəniyyət sahəsi ilə bağlı bir sıra
beynəlxalq konvensiyalara, o cümlədən “Silahlı
münaqişələr zamanı mədəni dəyərlərin
qorunması haqqında”, “Ümumdünya mədəni və təbii
irsinin qorunması haqqında”, “Arxeoloji irsin qorunması
haqqında” konvensiyalara qoşulmuşdur. 1997-ci ildə Mədəniyyət
haqqında Avropa Konvensiyasını ratifikasiya etdikdən sonra
Azərbaycan Avropa Şurasının mədəniyyət siyasəti
üzrə departamenti ilə də yaxından əməkdaşlıq
edir. Nəticədə bir sıra maraqlı proqramlar həyata
keçirilmiş, o cümlədən “Azərbaycan
Respublikasında mədəniyyət siyasəti” məruzəsi
hazırlanmış, Strasburq şəhərində təqdimatı
keçirilmiş və müxtəlif dillərdə çap
olunmuşdur. Yeni mədəniyyət siyasətinə
müvafiq olaraq yaradıcı xadimlərə dövlət
köməyi də nəzərdə tutulmuşdur, o cümlədən
respublika Prezidentinin sərəncamına əsasən onlara
şəxsi pensiyaların, dövlət
mükafatlarının, fəxri adların, gənc yazarlara isə
şəxsi təqaüdlərin verilməsinə
başlanmışdır. Azərbaycan mədəniyyətinin
görkəmli şəxsiyyətlərinin yubileylərinin və
əlamətdar hadisələrin təntənəli qeyd edilməsi,
beynəlxalq səviyyəli festival, müsabiqə, konqres və
konfransların keçirilməsi də təqdirəlayiqdir.
Xüsusi vurğulanmalıdır ki, Azərbaycan YUNESKO-nun nəzdindəki
Ümumdünya İrs Mərkəzi ilə də uğurlu əməkdaşlıq
edir. Bunun nəticəsi olaraq 2000-ci ildə Bakı şəhərinin
tarixi mərkəzi “İçərişəhər”
“Şirvanşahlar” sarayı və “Qız qalası” ilə
birlikdə həmin mərkəzin siyahısına daxil
edilmişdir. Bu və digər çoxsaylı faktları nəzərə
alaraq tam qətiyyətlə demək olar ki, ümummili lider
Heydər Əliyevin rəhbərliyi ilə 1993-2003-cü illər
ərzində mədəniyyət siyasətinin özül
prinsipləri müəyyənləşdirilmiş, onun
gerşəkləşdirilməsinə start verilmişdir.
Bütövlükdə həmin on il ərzində mədəniyyətin
inzibati-amirlik metodundan imtina edilməklə idarə
olunması, bu sahənin hüquqi, maliyyə və institusional
təminatının həyata keçirilməsi, onun,
qloballaşmanın çağırışları və hədələri
nəzərə alınmaqla, müasir elmi əsaslara söykənən
strateji inkişaf xəttinin işlənib hazırlanması ilə
bağlıdır.
Dahi Heydər Əliyev tərəfindən
əsası qoyulmuş bu siyasət 2003-cü ildən sonra Azərbaycan
Respublikasının Prezidenti, cənab İlham Əliyevin rəhbərliyi
altında indiki dövrün tələblərinə
müvafiq olaraq çox uğurla davam etdirilir və
innovasiyalarla zənginləşdirilir.
Bir sıra ali təhsil
ocaqlarının, o cümlədən Azərbaycan Diplomatik
Akademiyası, Ədliyyə Akademiyası, Turizm İnstitutu, Moskva
Dövlət Universitetinin Bakı filialının təsis
edilməsi, inteqrasiya məqsədilə Bolonya təhsil
sisteminin tətbiq edilməsi, çoxsaylı istedadlı tələbələrin
nüfuzlu xarici ali təhsil ocaqlarına dövlət
hesabına göndərilməsi, mədəniyyat sahəsində
minlərlə iş yerinin açılması,
Ümumdünya İrsi Siyahısına 2007-ci ildə “Qobustan”
tarixi-mədəni qoruğunun daxil edilməsi, gələcəkdə
həmin siyahıya salınmaq üçün digər abidələrin
- atəşpərəstlik məbədi “Atəşgah”,
Naxçıvandakı “Mömünəxatun”,
“Gülüstan”, “Qarabağlar” və “İbn Hüseyn”
türbələrinin sənədlərinin yeni tentativ vərəqinin
(ilkin siyahısının) həmin mərkəzə təqdim
edilməsi, teatr binalarının təmiri, park və digər
istirahət guşələrinin abadlaşdırılması
və yenilərinin salınması, möhtəşəm
“Heydər Əliyev Mərkəzi”nin yaradılması, milli
qoruqların, məsələn, “Xınalıq” Dövlət
tarix-memarlıq və etnoqrafiya qoruğunun,
“Keşikçidağ” və “Atəşgah” məbədi
dövlət tarix-mədəniyyət qoruqlarının,
“Korçay” dövlət təbiət qoruğunun,
“Göygöl” milli parkının elan edilməsi, “Neft” muzeyi,
“Müasir incəsənət” muzeyi, “Azərbaycan
Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə Dövlət Proqramı”nın, “Azərbaycan
elmində islahatların aparılması ilə bağlı
dövlət komissiyasının yaradılması haqqında”
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
sərəncamları və həyata keçirdiyi geniş
miqyaslı mədəni quruculuq işləri deyilənləri
parlaq şəkildə sübuta yetirir.
2004-cü ildən
başlayaraq ölkənin mədəni həyatının tənzimlənməsində,
mədəniyyət siyasətinin səmərəli həyata
keçirilməsində dövlət orqanları ilə
birlikdə qeyri-hökumət təşkilatları, ilk
növbədə, Heydər Əliyev Fondu yaxından
iştirak edir.
Ulu öndərin siyasi məfkurəsini
əks etdirmək, yaratdığı milli dövlətçilik
ideyalarını, Azərbaycançılıq
ideologiyasını yeni nəsillərə daim aşılamaq
niyyətindən irəli gələrək yaradılan fond
ötən beş il ərzində öz məqsədyönlü,
gərgin və səmərəli fəaliyyəti ilə Azərbaycanın
ictimai və mədəni həyatında son dərəcə
böyük rol oynadığını, qarşıya
qoyduğu məqsədlərin əhəmiyyətinə, miqyasına
və sanbalına görə ölkəmizdə analoqu olmayan
yeni qurum olduğunu açıq şəkildə sübuta
yetirdi. Heydər Əliyev Fondunun məqsədləri çox
genişdir. Buraya xalqımızın böyük oğlu Heydər
Əliyevin siyasi irsini öyrənmək, onu təhlil, tədqiq
və təbliğ etməkdən başlamış, elm, təhsil,
mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə
aid proqram və layihələr hazırlayıb həyata
keçirmək, sosial problemlərin həllinə, xüsusi
qayğıya ehtiyacı olan vətəndaşlara,
insanların yaradıcı potensialının, bilik və
bacarıqlarının aşkara çıxarılmasına
dair vəzifələr aiddir. Eyni zamanda, fond mədəniyyətimizin
geniş təbliği, sağlam mənəvi dəyərlərin
qorunması ilə bağlı aparılan işlərə
yardımçı olmaq, uşaq və gənclərin hərtərəfli
biliklərə malik vətəndaş kimi yetişdirilməsi
işinə xidmət etmək, ölkəmizin beynəlxalq
nüfuzunun artırılması və Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması
işinə töhfələr vermək, uşaq müəssisələrinin
infrastrukturlarını, səhiyyə və tibb təsisatlarını
inkişaf etdirmək, ekologiya sahəsində tədqiqatları
dəstəkləmək, sağlam həyat tərzini təbliğ
etmək, dini tolerantlığın bərqərar olmasına,
vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan
dünyada inteqrasiya prosesində milli-mənəvi dəyərlərin
qorunub saxlanmasına dəstək vermək kimi olduqca geniş
miqyaslı fəaliyyət göstərir. Çox önəmlidir
ki, ulu öndərin adını daşıyan fondun prezidenti,
Azərbaycanın birinci xanımı, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyeva əsl vətənpərvər
ziyalı olaraq mədəniyyətimizin qorunması, inkişafı
və təbliği problemlərinin həllinə müstəsna
əhəmiyyət verir.
Azərbaycanın
tanınmış ictimai xadimi Mehriban xanım Əliyevanın
rəhbərliyi ilə fond tərəfindən bir çox
geniş miqyaslı layihələrin həyata keçirilməsi
milli mədəniyyətimizin inkişafını intensivləşdirərək
bədii-estetik prosesə yeni bir nəfəs gətirir. Mənəvi
irsimizin mühafizəsi, Azərbaycan mədəniyyətinin
özünə xas unikallığının qorunması və
bütün dünyada tanınması üçün Mehriban
xanım əlindən gələni əsirgəmir. Fond tərəfindən
muğamın öyrənilməsi, qorunması və təbliği
məqsədilə müxtəlif layihələr
hazırlanıb. “Qarabağ xanəndələri” musiqi albomu
artıq nəfis şəkildə nəşr olunub. Alboma eyni
adlı Azərbaycan, ingilis, rus və fransız dillərində
olan kitab və 24 sənətçinin ifasında muğam
parçalarından ibarət 12 disk daxildir. Muğam sənətinə
həsr olunmuş tematik albomların buraxılışı
isə nəzərdə tutulub. Bu məsələylə
bağlı orta əsr alimləri və müasir müəlliflərin
elmi əsərlərindən ibarət olan xüsusi silsilə
üzərində ciddi iş gedir. Fondun himayəsilə Beynəlxalq
Muğam Mərkəzi inşa edilmişdir. Məhz burada
2009-cu ilin mart ayında fondun təşəbbüsü ilə
bütün dünyada əks-sədaya səbəb olmuş
“Muğam aləmi” beynəlxalq festivalının keçirilməsi
Azərbaycan musiqi mədəniyyətinin ümumdünya səviyyəsində
tanıdılması, təbliği və sevilməsi istiqamətində
təşkil olunan mühüm tədbirlərdən biri kimi
qiymətləndirilməlidir.
Bundan başqa, müasir
Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyovun
yaradıcılığı ilə bağlı nəhəng
bir layihə gerçəkləşdirilir ki, bu layihə əsasında
dahi bəstəkarın bütün əsərlərinin nəşri
və yenidən nəşri və onların CD və DVD-də
buraxılışı da planlaşdırılıb.
Milli mədəniyyətimizin
digər sahələri ilə, o cümlədən
aşıq yaradıcılığı, “meyxana” ənənəsiylə
bağlı bir çox maraqlı layihələr də
işlənməkdədir.
Fondun təşəbbüsü
və dəstəyi ilə Lətif Kərimov adına “Azərbaycan
xalçası və xalq tətbiqi sənəti muzeyi”
hazırda inşa edilir.
Fond tərəfindən
mədəniyyət sahəsində uğurla başa
çatdırılan layihələr sırasında 2008-ci ildə
Qala kəndində açıq səma altında ilk arxeoxoloji-etnoqrafik
muzey kompleksini qeyd etmək lazımdır. İki hektar ərazisi olan muzey
kompleksində Abşeron yarımadasında tapılmış
və e.ə. III-II minilliklərdən orta əsrlərə qədər
dövrü əhatə edən qayaüstü rəsmlər,
qavaldaş, keramika, məişət və bəzək əşyaları,
silah və sikkələr, qədim yaşayış
kompleksinin konservasiya olunmuş qalıqları yerləşdirilmişdir.
Bu layihə Azərbaycanın tarixi keçmişinin qorunub
saxlanması ilə yanaşı, ölkəmizin turizm mərkəzlərindən
birinə çevrilməsinə də xidmət edir.
Heydər Əliyev Fondunun
Prezidenti Mehriban xanım Əliyeva YUNESKO-nun xoşməramlı
səfiri kimi şərəfli ada layiq görüldükdən
sonra ölkəmizin qurumla əlaqələri yeni tarixi mərhələyə
daxil olmuş, xalqımıza məxsus qədim əsərlərin
irs səviyyəsində qorunub saxlanması sahəsində ciddi
addımlar atılmış, muğam kimi incəsənət
incimiz “Bəşəriyyətin şifahi və qeyri-maddi
irsinin şah əsərləri” siyahısına daxil
edilmişdir. Bununla
yanaşı, fondun təşəbbüsüylə Azərbaycan
Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda
saxlanılan 364 tibbə aid ümumbəşəri sərvət
olan əlyazmanın üçü YUNESKO-nun Dünya
Yaddaşı Proqramının beynəlxalq registrinə daxil
edilmişdir. Bunlar XI əsrdə yaşamış Əbülqasim
Zəhrəvinin “Əl-Məqalət əs-Səlasun” (“Cərrahiyyə
və alətlər haqqında”) çoxcildlik əsərinin
13-cü hissəsi, Əbu Əli ibn Sinanın XII əsrdə
Bağdadda üzü köçürülən “Əl-Qanun
fit Tibb” (“Tibb qanunları”) kitabının 2-ci cildi, Rüstəm
Cürcaninin XII əsrdə yazdığı, XVII əsrdə
üzü köçürülmüş
“Zahireyi-Nizamşah” (“Nizamşahın ehitayatları”) əlyazmalarıdır.
Bakıda Heydər Əliyev Fondunda bu qurumun və Vaşinqton
Elmlər Akademiyasının birgə təşkilatçılığı
ilə “Orta əsr əlyazmalarında tibb və əczaçılıq”
mövzusunda I beynəlxalq konfrans da keçirilmişdir.
Qarabağın
işğalı məsələsi fondda böyük
narahatlıq doğuran və daim diqqət mərkəzində
saxlanılan problemdir. Heydər
Əliyev Fondu tərəfindən “Qarabağ haqqında həqiqətlər”
seriyasından “Azərbaycana qarşı müharibə: mədəni
irsin hədəfə alınması” (“War Against Azerbaijan:
Targeting Cultural Heritage”) adlı kitabın hazırlanması və
nəşr etdirilməsi buna parlaq misaldır. Kitab
işğalçı Ermənistanın Azərbaycan mədəniyyətinə,
maddi mənəvi irsimizə qarşı məqsədyönlü
şəkildə həyata keçirdiyi vandalizm siyasətindən
və onun acı nəticələrindən bəhs edir.
İngilis dilində olan kitab yüksək poliqrafik səviyyədə
nəşr olunmuşdur. Həmin kitab “Qafqaz albanlarının
dini memarlıq irsi” və Azərbaycanın işğal
altındakı bütün rayonlarında mədəni
irsimizin məruz qaldığı erməni vəhşiliklərindən
bəhs edən yazılı və illüstrativ materiallardan
ibarətdir.
Yuxarıda deyilənlərə
yekun vuraraq, belə bir faktı təsdiq etmək olar ki, Azərbaycanın
mədəniyyət sahəsindəki böyük tarixi şəxsiyyət
Heydər Əliyev tərəfindən əsası qoyulmuş
müasir siyasətin və idarəçiliyin aparıcı
istiqamətləri keçmişi, milli mədəni sərvətləri
qoruyub saxlamaq, indinin müsbət nailiyyətlərini dəstəkləmək
və inkişaf etdirməkdir. Cəmiyyətin ardıcıl sürətdə demokratikləşməsi,
ölkənin dünya birliyinə inteqrasiyası, mədəniyyətin
bəşər inkişafının ayrılmaz amili kimi dərk
olunması və qəbul edilməsinin getdikcə güclənməsi
bu sahədə nikbin proqnozlar üçün əsas verir.
Nigar ƏLƏKBƏROVA,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının
politologiya
və siyasi idarəetmə kafedrasının
müdiri,
fəlsəfə elmləri doktoru, professor
Xalq qəzeti.- 2009.- 6 iyun.- S. 5.