Heydər Əliyevin
vətənə xidmət
nümunəsi əsl
örnəkdir
Ümummilli liderimiz Heydər
Əliyevin idarəçilik təcrübəsi bu
günümüz və sabahımız üçün zəngin
həyat məktəbidir. Bu gün həmin məktəbdən
bizə böyük dövlətçilik təcrübəsi,
səriştəli diplomatik ənənə, şəxsi
nüfuz, iradə, qətiyyət, cəsarət,
insanlığa qayğı, vətənə
bağlılıq kimii keyfiyyətlər miras
qalmışdır.
Heç təsadüfi
deyil ki, altımışıncı illərin sonunda Heydər
Əliyev respublikaya rəhbərlik fəaliyyətinə sosial
ədaləti bərpa etməkdən, korrupsiya və digər
neqativ hallara qarşı mübarizəni gücləndirməkdən
başladı. O vaxtlar Heydər Əliyevin “Literaturnaya qazeta”da
çap edilmiş “Qoy, ədalət zəfər
çalsın” adlı məşhur müsahibəsi bütün
ölkədə sensasiyaya səbəb oldu, mərkəzin
yüksək çinli məmurlarını şok vəziyyətinə
saldı. O vaxtlar ölkədə hər şey problemsiz və
qırmızı rəngdə göstərildiyi
üçün Heydər Əliyev əvvəllər ciddi
müqavimətlə üzləşdi. Lakin zaman keçdikcə
o, dönməz dəst-xəttini mərkəzə qəbul
etdirdi və bu təkamül üzərində dünyada
özünü cəsarətli və prinsipial lider kimi təsdiqlədi,
Heydər Əliyev dövlətçilik fenomenini hamıya qəbul
etdirdi.
Heydər Əliyev
dünya təcrübəsindən bilirdi ki, gələcəkdə
yaranacaq müstəqil Azərbaycan dövlətinin ərazi
bütövlüyünün, suveren hüquqlarının
qorunması üçün onun milli ordusu, milli zabitləri
olmalıdır.
Heydər Əliyev
Bakıda milli hərbi kadrlar hazırlayan məktəblər
açılmasını, ittifaqın hərbi təhsil məktəblərinə
azərbaycanlıların qəbulunu təmin etdi. Nəticədə
15 il ərzində hərbi sənətin müxtəlif sahələri
üzrə yüksək ixtisaslı milli zabitlər korpusu
yetişdirildi.
Heydər Əliyev ikinci
dəfə hakimiyyətə gələndə ölkə
xaos, böhran, qarşıdurma vəziyyətində idi. Qarabağın
böyük hissəsi işğal edilmişdi, ölkədə
ikihakimiyyətlilik hökm sürür, silahlı dəstələr
tüğyan edirdi. Meydan demokratları ölkəni milli fəlakət
həddinə çatdırmışdılar. Silahlı
qarşıdurma Bakıya yaxınlaşır, dövlət
çevrilişi təhlükəsi artırdı. Xalq
çaşqınlıq içində, yol ayrıcında
qaldığı üçün onun düşüncəli
zümrəsi dəfələrlə Heydər Əliyevə
müraciət edib, ondan vətəni düşdüyü
ağır vəziyyətdən çıxarmaq
üçün hakimiyyətə qayıtmağı təkidlə
xahiş etdi. Xalqın bu ağır günündə millətin
faciəli taleyinə biganə qala bilməyən qeyrətli vətən
oğlu Heydər Əliyev dövlətçilik məsuliyyətini
öz üzərinə götürdü, ölkəni
parçalanmaq, dağılmaq təhlükəsindən xilas
etdi, ictimai sabitlik, siyasi və sosial-iqtisadi inkişaf
konsepsiyasını hazırlayıb həyata keçirdi.
Görülən tədbirlər
nəticəsində islahatlar başlandı, inflyasiya, tənəzzül
dayandırıldı, müstəqilliyimiz təmin edildi,
böyük neft strategiyası reallaşdı, beynəlxalq aləmə
inteqrasiya prosesi geniş vüsət aldı, ölkənin
iqtisadi yüksəlişinin təməli qoyuldu, milli
inkişaf strategiyası qərarlaşdı.
Heydər Əliyevin
qayıdışı ilə milli dövlətçiliyimizin
siyasi və ideoloji prinsipləri müəyyən edildi. Milli
konstitusiyanın qəbul edilməsi, hakimiyyət
bölgüsünün təmin olunması, sivil idarəçilik
sisteminin, hüquqi dövlətin yaradılması, insan
hüquqlarının və azadlıqlarının qorunması
kimi prinsiplər məhz Heydər Əliyevin hakimiyyətə
gəlişindən sonra inkişafını tapdı.
Heydər Əliyevin
hazırlayıb həyata keçirdiyi
düşünülmüş tədbirlər nəticəsində
1995-ci ildən başlayaraq respublikada ictimai-siyasi sabitlik tənzimləndi,
qanunun aliliyi təmin edildi, müxtəlif siyasi qruplara məxsus
8500 cinayətkar dəstə zərərsizləşdirildi, əhalidə
olan qanunsuz silahlar müsadirə edildi. Bu reallıq 1994-cü
ilin may ayının 12-də əldə edilən atəşkəsdən
sonra Azərbaycanın qazandığı ən böyük
nailiyyət idi. Artıq bu gün Azərbaycan bütün MDB
məkanında əməliyyat şəraitinə tam nəzarət
edən, cinayətkarların sayının aşağı səviyyəsinə
nail olan və cinayətlərin açılması faizini ən
yüksəyə qaldıran yeganə ölkədir.
Qayıdışın
ilk dövrlərindən hüquq-mühafizə
orqanlarının fəaliyyətini nəzarətinə
götürən ünlü dövlət
başçısı polisə böyük etimad göstərdi.
Layiqli, peşəkar kadrları irəli çəkdi. Heydər
Əliyevin bu barədə dedikləri polis orqanlarının əməli
fəaliyyət proqramına çevrildi: “Polis əməkdaşları
yalnız və yalnız qanun çərçivəsində
fəaliyyət göstərməlidirlər, qanunun aliliyini
daim rəhbər tutmalıdırlar. Polis əməkdaşları
Vətəninə, torpağına hədsiz sədaqətli və
istənilən vaxt öz vəzifəsini yerinə yetirərək
həyatını belə qurban verməyə hazır
olmalıdır”. Məhz bu tövsiyə və tapşırıqlar
illərdir ki, mayak kimi bizə yol göstərir, məqsəd
və məramımızı işıqlandırır.
Ulu öndər sabitlik, əmin-amanlıq
olmayan yerdə inkişaf və irəliləyişin də ola
bilmədiyini dəfələrlə
vurğulamışdır. Dahi öndər demişdir: “...Hər
bir müstəqil dövlət bir neçə böyük
sütun üstündə fəaliyyət göstərə
bilir. Hər bir dövlət üçün, o cümlədən
müstəqil Azərbaycan dövləti üçün də
bu sütunlardan biri Daxili İşlər Nazirliyidir”. Bu gün
fəxrlə söyləmək olar ki, ölkəmizdə
möhkəm ictimai-siyasi sabitldiyin əldə edilməsində
və kriminogen durumun tam nəzarət altına
götürülməsində daxili işlər orqanları
xalqımızın böyük oğlu, ümummilli liderimiz
Heydər Əliyevin həyata keçirdiyi siyasətin sadiq
icraçıları olmuşlar. Fəaliyyətini günbəgün
təkmilləşdirən, müasir iş
üslublarını uğurla mənimsəyib tətbiq edən,
cinayətkarlığa qarşı məhz beynəlxalq
standartlara uyğun mübarizə aparan DİO əhalinin
böyük inam və etimadını qazanmışdır. Biz
buna görə Heydər Əliyevin uzaqgörən siyasətinə
borcluyuq.
Bu günlərdə
Milli Məclisdə “Polis haqqında” Qanuna əlavə və dəyişikliklər
edilməsi təqdirəlayiq hal kimi qiymətləndirilməlidir.
Çünki bu, qanunları təkmilləşdirir,
müasirləşdirir və daha da demokratik edir. Əsas məqsəd
ulu öndərin bizə əmanət kimi qoyub getdiyi sabitliyin,
əminamanlığın daim və hər yerdə qorunub
möhkəmləndirilməsini təmin etməkdən ibarətdir.
Geniş ictimaiyyət də asayiş keşikçilərinə
daim kömək etməlidir. Əlavə və dəyişikliklərə
görə yaşayış yeri üzrə ayrı-ayrı
şəxslər könüllü olaraq, öz qəlblərinin
hökmü ilə təhlükəsizliyin təminatı və
cinayətkarlığa qarşı bizimlə birgə
mübarizəyə cəlb ediləcəklər. Birgə fəaliyyət,
birgə səylər həm səmərəli nəticə,
həm aşkarlıq, həm də birlik nümunəsinə
çevriləcəkdir. Bu zaman laqeydlik, biganəlik kimi hallar
minimum səviyyəyə enəcəkdir. Bu, həm də ulu
öndərin vəsiyyətlərinə sadiqlik
baxımından mənəvi bir amil kimi diqqətəlayiqdir.
...Mən ictimai təhlükəsizlik
sahəsində uzun illər çalışmış polis əməkdaşı
kimi yaxşı xatırlayıram: 1993-cü ilə qədər
müstəqilliyini yenicə qazanmış ölkəmiz idarəetmədə
təcrübəsi olmayan naşı adamların əlinə
keçmişdi. O vaxtkı dövlət orqanlarının fəaliyyətsizliyindən,
rəhbər kadrların qətiyyətsizliyindən,
hüquq-mühafizə sisteminin öz vəzifəsinin öhdəsindən
gələ bilməməsinin ucbatından ölkədə
cinayətkar ünsürlər əl-qol açmışdı.
Hava qaralandan sonra küçələrə çıxmaq
mümkün deyildi. Silahlılar zorakılıq əməlləri
törədir, insanların həyatına qəsd edir,
ictimai-siyasi sabitliyi sarsıdır, adamları vahimədə
saxlayırdılar. Məhz Heydər Əliyevin uğurlu daxili
siyasəti, qətiyyəti, “cinayət cəzasız
qalmamalıdır” prinsipini reallaşdırması sayəsində
ölkədə sabitlik bərpa olundu, necə deyərlər,
qanun-qadağa öz yerini tutdu. Ölkə vətəndaş
müharibəsi təhlükəsindən birdəfəlik
qurtuldu, asayişin qorunması daha da gücləndi.
Heydər Əliyevin təşəbbüsləri
ilə ölkədə aparılan islahatlar çərçivəsində
daxili işlər orqanlarının da təkmilləşdirilməsi,
maddi-texniki təchizatın yüksəldilməsi, sosial təminatın
genişləndirilməsi sahəsində çox işlər
görülmüşdür. Məhz ulu öndərimiz polis
işçilərinə həmişə atalıq
qayğısı göstərmiş, onların fədakar əməyini
layiqincə qiymətləndirmişdir. Şəxsən mən,
adi bir polis zabiti kimi, 2002-ci ildə ümummilli liderimizin
imzaladığı fərmanla “İgidliyə görə”
medalı ilə təltif olunmuşam.
Bu gün dərin
razılıq hissi ilə qeyd edirik ki, Azərbaycan Prezidenti
İlham Əliyev ulu öndərin siyasətini davam etdirərək
DİO-nun işinin yüksək tələblər səviyyəsində
qurulmasından ötrü böyük qayğı və dəstək
göstərir. Onun imzası ilə həyata vəsiqə
almış “Azərbaycan Respublikasının polis orqanlarının
fəaliyyətinin təkmilləşdirilməsinə dair
Dövlət Proqramı” cinayətkarlığa qarşı
mübarizənin səmərəliliyinin yüksəldilməsi,
şəxsi heyətin xidmət şəraitinin və sosial
müdafiəsinin yaxşılaşdırılması, polis
şöbələrinin maddi-texniki təchizatının
möhkəmləndirilməsi üçün geniş
imkanlar yaratmışdır. Ötən il Azərbaycan
polisinin 90 illik yubileyinin böyük təntənə ilə
qeyd edilməsi bizi hədsiz sevindirmişdir.
Bu yaxınlarda Milli Məclisdə
“Polis haqqında” Qanuna əlavə və dəyişikliklərin
edilməsi barədə” Qanun layihəsinin ətraflı
müzakirəsi və yaşayış yeri üzrə ictimai
asayişin və ictimai təhlükəsizliyin təmin edilməsi
ilə bağlı yaranan problemlərin birgə həlli
üçün addımlar atılması olduqca zəruridir. Yaradılacaq
ictimai şuralarda könüllü olaraq çalışacaq
şəxslərin fəaliyyətinin əlaqələndirilməsi
yalnız və yalnız ümumi işin xeyrinə
olacaqdır.
Ümummilli liderimiz Heydər
Əliyevin bizə əmanət etdiyi sabitliyi və əmin-amanlığı
göz bəbəyi kimi qoruyur, ictimai asayişi, vətəndaşların
həyatının və fəaliyyətinin təhlükəsizliyini
məhz qanuni şəkildə təmin edirik. Bu, Azərbaycan
polisinin həm də böyük və şərəfli vətəndaşlıq
borcudur.
Şamil SEYİDLİ,
Yardımlı Rayon Polis
Şöbəsinin rəisi,
polis polkovniki
Xalq qəzeti.- 2009.- 6 iyun.- S. 6.