Meşələr dağlardan düzə üz tutur

 

Şəkinin təbii gözəlliyi qorunur və inkişaf etdirilir

 

Bu dağlar diyarının sosial-iqtisadi inkişafı, tikinti-quruculuq işlərinin geniş vüsət alması, sənaye müəssisələrinin gündən-günə artması barədə dönə-dönə yazı hazırlamışıq. Səhiyyə, təhsil, elm, mədəniyyət, rabitə, xidmət sahələrindəki uğurları məhz bu uğurlara layiq işıqlandırmışıq. Şəhər icra hakimiyyətinin başçısı Nazim İbrahimovla növbəti görüşümüzdə isə yeni bir mövzu gündəliyə gəldi. Nazim müəllim bu ilin əvvəlində Şəki barədə yazdığımız bir materialı yada salaraq dedi:

— Həmin yazıda ənənəvilikdən kənara çıxaraq maraqlı bir məsələyə toxunmuşdunuz: Şəkidə inkişaf və tikinti-quruculuq işləri nə qədər genişlənsə də bu diyarın tarixi yerləri, qədim görkəmi qorunur, saxlanılır. Mən məsələyə o cürə yanaşmadan razı qalmışdım. Gördüyümüz işin layiqincə qiymətləndirilməsi bizə bir tərəfdən məmnunluq gətirirdisə, digər tərəfdən əcdadlarımızın tikib-yaratdığı mədəni abidələrin qorunması sahəsində həyata keçirdiyimiz tədbirlər bir vətəndaş kimi bizi daxilən rahat edir. Bu, eyni zamanda ulu öndər Heydər Əliyevin tövsiyələrinin, cənab Prezident İlham Əliyevin qarşımıza qoyduğu vəzifələrin yüksək səviyyədə icrası deməkdir.

Ancaq sosial-iqtisadi inkişafla yanaşı, daim diqqət mərkəzində saxladığımız ikinci bir məsələ də var. Bu, ekologiyanın qorunması, xüsusən, meşə sahələrinin genişləndirilməsidir. İstərdim ki, həmin məsələ barədə də söhbət açasınız. Yeri gəlmişkən, Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafına həsr olunmuş 22 aprel tarixli icdasında cənab Prezident İlham Əliyev həmin məsələyə böyük önəm verərək demişdir: “Sağlam ekoloji mühit, sağlam hava, təmiz su - bütün bunlar insanın həyatı üçün ən əhəmiyyətli məsələlərdir. Ekologiya sektoruna qoyulan vəsait elə hesab edilməməlidir ki, heç bir nəticə vermir. Yox, nəticəni gələcək nəsillər görəcəkdir... Mən hesab edirəm ki, biz xüsusilə ağacların əkilməsi işində daha da fəal olmalıyıq...

Cənab dövlət başçısı ekologiyadan söz açarkən sağlam hava, təmiz su barədə danışır. Tanrının bizə bəxş etdiyi nemətdir ki, Şəkidə hava da, su da təmizdir. Dağlar bizim havamızı da, suyumuzu da möcüzəli bir şəkildə təmizləyir. Ancaq son əsrin müxtəlif prosesləri ölkənin bütün rayonlarında olduğu kimi, Şəkidə də meşələrin seyrəlməsinə, bu sərvətin azalmasına səbəb olmuşdu. Son iki ildə biz meşələrin bərpası və mühafizəsi istiqamətində mühüm tədbirlər həyata keçirmişik. Dövlətin bu sahədə qarşıya qoyduğu vəzifələrin və dövlət başçısının tövsiyələrinin icrası zamanı əldə etdiyimiz göstəricilər barədə rayonun müvafiq qurumlarından mədumat ala bilərsiniz.

İcra başçısının müvafiq qurumlar adlandırdığı ünvanlardan biri Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsidir. Müəssisənin direktoru Şəmsəddin Ədilovla görüşümüzdə həmsöhbətimdən maraqlı və şairanə bir ifadə eşitdim. O, Şəkinin meşə təsərrüfatının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsini belə ifadə etdi: – “Meşələr dağlardan düzlərə doğru üz tutur”. Yəni yaşıl örtüklü ərazilərin bərpa edilməsi belə bir lirik əhval-ruhiyyə yaradır.

Müəssisə rəhbəri son iki ildə görülən işlər barədə söz açdı. Özü də ümumilikdə deyil, hər il üçün ayrılıqda. Təbii ki, əvvəlcə 2008-ci ildə həyata keçirilmiş tədbirlər yada salındı: – Dövlət əhəmiyyətli meşələrdə 2008-ci ilin əvvəlində verilən 120 hektar meşə ilə örtülü olmayan ərazidə bərpa planı icra edilib. Yaz mövsümündə 50 hektar, payızda isə 70 hektar sahədə meşə salınıb. Plan üzrə verilmiş ərazinin 100 hektarında ağac tingləri əkilib. 20 hektar sahədə isə məhz müəssisəmiz tərəfindən tədarük edilmiş ağac toxumu səpilibdir. Ötən il boyu 300 hektar sahədə təbii bərpa işinə kömək tədbirləri həyata keçirilməli idi. Müəssisəmizin kollektivi bu tapşırığı məhz nəzərdə tutulan səviyyədə yerinə yetirib. Nəzarətimizdə olan ərazinin 270 hektarında kol-kosdan və alaq otlarından təmizləmə, eləcə də suvarılma kimi qulluq işləri görülüb.

Meşələrin bərpası və genişləndirilməsi üçün lazım olan meşə əkini materiallarını da özümüz tədarük edir, hazırlayırıq. 3 hektar sahədə müvəqqəti səpin şöbəsi, bir o qədər sahədə isə böyütmə şöbəsi yaradılıb. Təxminən yarım hektar ərazidə qovaq və çinar ağaclarının çilinglərindən istifadə etməklə çilingökləndirmə sahəsi yaradılıb. Palıd, qoz və digər enliyarpaq ağacların toxumlarının tədarük edilməsində və onların əkin materialına çevrilməsində də qarşımızda duran vəzifələri yerinə yetirmişik. Qeyd edim ki, adını çəkdiyim qovaq, çinar, palıd və qoz ağacları bizim meşələr üçün xarakterik bitki növləri olduğuna görə onları yetişdirmək bir o qədər də çətin olmur.

2009-cu ildə də təxminən ötən il gördüyümüz həcmdə meşə bərpası və yeni meşə salınması işləri görməliyik. Yaz mövsümündə artıq 51 hektar sahədə meşəsalma planı icra edilib. Bu qədər sahənin 37 hektarı daimi meşə əkini, qalanı isə daimi meşə səpinidir. Payızda 69 hektar sahədə meşəsalma işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, bu payız 300 hektar sahədə təbii bərpa işlərinə kömək tədbirləri həyata keçiriləcək. Tinglikdə müvəqqəti səpin şöbəsinin yaradılması üçün 3 hektar sahə ayrılıb. Yazda bu sahənin 1 hektarında səpin aparılıb. Qalan sahədə isə səpin işləri payızda aparılacaq. Bu il daha çox ərazidə meşə əkinlərinə qulluq ediləcək. Elə toxum tədarükü də ötən ilə nisbətən çox olacaqdır.

Bir sözlə, biz Şəkinin meşə örtüyünü rayonun rəhbərliyinin istədiyi şəkildə bərpa edir və qoruyuruq. Rayonumuzun rəhbərliyi isə bu işin dövlət başçısının tövsiyə etdiyi səviyyədə reallaşdırılması üçün bizə lazım olan qayğını göstərir. Elə bir problemimiz olmayıb ki, onun həllində rayon rəhbərliyinin köməyini görməyək. Nəticədə alimlərin təbiətin ağ ciyəri adlandırdığı meşələrin genişləndirilməsinə nail oluruqsa, deməli gələcək nəsillər üçün nə isə bir iş görmüş oluruq.

...Gələcək nəsillər üçün həyata keçirilən işlərdən danışırıqsa deməliyik ki, bu gün Şəkidə bu tədbirlərin çox böyük siyahısı mövcuddur. Ən başlıcası isə tarixi abidələrin və təbii sərvətlərin gələcək nəsillərə olduğu kimi çatdırılması rayon rəhbərliyinin daimi diqqət mərkəzindədir. Söhbət ki yaşıllıqdan düşdü, onsuz da yaşıllıqlar içində uyuyan Şəkidə bu sahədə görülən işlərdən hələ çox danışacağıq. Sizə qəribə gəlməsin icra başçısının təklifi, daha dəqiq desək, bilavasitə köməyi ilə Şəkidə elə yaşıllıqlar salınıb ki, saymaqla qurtaran deyil. İnşallah yazarıq, siz də görərsiniz...

 

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2009.- 6 iyun.- S. 6.