Bilməzdik ayrılıq var...
Aprelin 30-da Azərbaycan
Dövlət Neft Akademiyasının ikinci korpusunda baş verən
faciəli hadisə zamanı həlak olan tələbələrdən
biri də bu təhsil ocağının beynəlxalq iqtisadi əlaqələr
fakültəsində oxuyan Ruslan Cəfər oğlu Babaşov
idi... O, 1990-cı ilin iyunun 8-də Sabirabad rayonunun Muradbəyli
kəndində anadan olmuşdu. Ailənin böyük
övladı idi. Hələ orta məktəbdə təhsil
alarkən elmə həvəsi, tərbiyəsi ilə müəllimlərinin
diqqətini cəlb etmişdi.
Bir il məktəbə
tez getməsinə baxmayaraq, zehni, düşüncəsi ilə
yaşıdlarından fərqlənirdi. Orta məktəbin son
siniflərində oxuyarkən həm də qonşu Kürdəmir
rayonunun Axtaçı kəndinə müəllim yanına
hazırlığa gedirdi. Elmə həvəsi, ali məktəbə
qəbul olunmaq arzusu Ruslanı qışın
qarlı-sazaqlı, payızın
yağışlı-yağmurlu günlərində Kür
çayını qayıqla keçib 10-12 kilometr məsafədə
yerləşən Axtaçıya gedib-gəlmək əzabından
usandırmırdı... Onun bu əzab-əziyyətləri itmədi,
2007-ci ildə Maqsud Daşdıyev adına Muradbəyli kənd
orta məktəbini bitirərək 500 balla Dövlət Neft
Akademiyasının tələbəsi adını qazandı.
...Ruslan birinci kursda
oxuyarkən mənimlə birlikdə kirayədə
qalırdı. Səmimi yoldaşlığı var idi. Son tikəsini
də bizimlə ürəklə bölürdü. Boş
vaxtlarımızda elmi mübahisələr edərdik. Fikirlərini
məntiqlə, dəlil-sübutla əsaslandırmağı
bacarırdı. Texniki sahələri, iqtisadiyyatı dərindən
mənimsəməyə çalışırdı. Həmişə
deyərdi ki, hər bir kəs yiyələndiyi ixtisası elə
öyrənməlidir ki, sonralar haradasa işləyəndə,
hansısa bir sahədə çalışanda
gözükölgəli olmasın. Dahi Nizaminin dediyi kimi, kamil
bir palançı olsa da insan, yaxşıdır
yarımçıq papaqçılıqdan...
Yeri gəlmişkən,
Ruslanın bədii ədəbiyyata da sonsuz sevgisi vardı. Bəxtiyar
Vahabzadənin, Məmməd Arazın, Musa Yaqubun, Nüsrət
Kəsəmənlinin şeirlərindən tez-tez nümunələr
söylərdi... Onun hansısa sevdiyi bir şairdən tez-tez
dediyi bir beyt indi məndə kədərli duyğular
oyadır: Ruslan sanki bu dünyadan beləcə tez, nakam
ayrılacağını bilirmiş, ona görə də xəyalən
“ismi-pünhanı” qınayaraq deyərdi:
...Həyatda
ömrümə gələ bilmədin,
Yuxuda qəbrimə gəlib-gedərsən.
Bu il iyunun 8-də
Ruslanın 19 yaşı tamam olacaqdı. Dostlar bir yerdə
toplaşıb onun ad gününü keçirəcəkdik.
Amma talenin yazısına bax ki, həmin gün biz
sevinc-şadlıq məclisinə yox, Ruslanın 40 mərasiminə
toplaşacağıq, onunla birgə
yaşadığımız tələbəlik həyatının
acılı-şirinli anlarını — xatirələrini yada
salacağıq...
Ruslanı heç zaman
unutmayacağıq. O, dostluqda möhkəmliyi, səmimiliyi,
ürəkaçıqlığı ilə qəlbimizdə,
ürəyimizdə həmişə yaşayacaqdır. Onun
valideynlərinə, müəllimlərinə olan dərin
sevgisi, elmə olan sonsuz həvəsi barədə daim
danışılacaqdır.
Artıq 40 gündür
ki, dostları Ruslanın ayrılığına öyrəşə
bilmir. Auditoriyada, küçədə, evdə həlim səsini
eşidirik, gülümsər çöhrəsi gözlərimiz
önünə gəlir... Heç vaxt ağlımıza gəlməzdi
ki, lap yaxında belə kədərli, əbədi
ayrılıq var... Çoxumuz yalnız Ruslanı itirəndən
sonra bu acı, ağrılı həqiqəti dərk elədik.
Çox təəssüf...
...Haradasa oxumuşam: Ulu
Yaradan ən böyük kədərini ən çox sevdiyi
adamına verir, dünyanın qəm libasını sevdiyi
insanlarına “geydirir”. Belə dərdi yaşamaq Ruslanın
atası Cəfər əminin, anası Çiçək
müəllimənin alın yazısı imiş...
Elgün MAHMUDOV,
Azərbaycan Dövlət
Mədəniyyət
və İncəsənət
Universiteti sənətşünaslıq
fakültəsinin IV kurs
tələbəsi
Xalq qəzeti.- 2009.- 6
iyun.- S. 6.