Mirzə İbrahimov
xatirələr işığında
Filologiya elmləri
doktoru, professor Teymur Əhmədovun nəşr etdirdiyi “Mirzə
İbrahimov. Müasirlərinin xatirələrində” irihəcmli
toplunu ustada ehtiram xatirəsi də adlandırmaq olar. Tərtibçi-müəllif
öz səmimi hiss və düşüncələrini Mirzə
İbrahimovun həyat və yaradıcılığına
yaxından bələd ziyalı kimi “Görkəmli
yazıçı və ictimai xadim” adlı “Ön
söz”ündə demişdir.
O, bu məqalədə
illərlə əsərlərini (“Gələcək gün”,
“Böyük dayaq”, “Pərvanə”, “Kəndçi
qızı” və s.) sevə-sevə oxuduğumuz xalq
yazıçısı Mirzə İbrahimovun
yaradıcılığını ədəbiyyatşunas alim
kimi təhlil süzgəcindən keçirərək olduqca
yığcam (bəlkə də tezis şəklində)
formada oxuculara-tədqiqatçılara təqdim etmişdir. Mirzə
İbrahimovun ədəbi aləmə gəldiyi ilk illər,
ilk qələm təcrübələri, sovet cəmiyyətinin
qurulduğu ilk zamanlardakı ədəbi-ictimai fəaliyyəti,
Böyük Vətən müharibəsi illərindəki xidmətləri,
Cənub həsrətli – Cənub nisgilli hekayələri,
dramaturji əsərləri, ədəbi-tənqidi
görüşləri, publisistik düşüncə və
təəssüratları, dünya ədəbiyyatından
olan tərcümələri, fəal ictimai xadim kimi nüfuzu
bu məqalədə konkret şəkildə qeyd olunmuşdur.
Bu məqalə yuxarıda qeyd etdiyimiz kimi, Mirzə İbrahimov
yaradıcılığı barədə mükəmməl
tədqiqat işi yazan araşdırıcı
üçün kompas rolunu oynaya bilər.
Bütün bu qeyd -
faktları ədəbiyyatşünas alim belə bir cümlə
ilə başlayır: “Müasir Azərbaycan ədəbiyyatının
təşəkkülündə və inkişafında Mirzə
İbrahimovun xidmətləri misilsizdir. O,
yaradıcılığa 30-cu illərin əvvəllərində
başlamış, öz istedadı və əməyi sayəsində
görkəmli yazıçı, ədəbiyyatşünas-alim
və fəal ictimai xadim dərəcəsinə qədər
yüksəlmişdir ...”. Bu iki cümlənin ardınca
sadalanan ədəbi faktlar kitabın titul vərəqində
Mirzə İbrahimovun imzası ilə təqdim olunmuş
müraciətin sanki təsdiqidir: “Ey mənim xalqım, ey mənim ümidim və pənahım!
Ürəyimin istiliyi səndəndir, fikrim
işığını səndən alır, həyatımın
nəşə və sevincinə bais sənsən! Həyat
yolunun sürüşkən döngələrində qolumdan
tutan, məni yıxılmağa qoymayan sən olmusan. Amansız
qorxu başımın üstünü alaraq məni
ağır fikirlərə saldığı zaman, xoş
günün dönük dostları, zəif və qorxaq
yoldaşlar məndən üz döndərdiyi zaman yeganə
dayanacağım sən olmusan. O zaman ki, qaranlıq içərimə
kölgə salmağa başlayıb, onda sənin munis,
mehriban, müqəddəs səsini eşitmişəm. Bu səs
məni həyata bağlamış, yaşamağa, mübarizə
etməyə, çirkabları aradan qaldırmağa
ruhlandırmışdır. Qoluma qüvvət verən, iradəmi
möhkəmlədən bu səs sənin səsindir, ey mənim
hər şeydən əziz, hər şeydən gözəl,
hər şeydən yüksək, hər şeydən nəcib
və mərhəmətli xalqım! Mirzə İbrahimov”.
Bu kitabda Mirzə
İbrahimovun yaxın dostları – görkəmli ziyalılar
Mikayıl Abdullayevin, Balaş Azəroğlunun, Sevda
İbrahimovanın, Bəxtiyar Vahabzadənin, Nəbi Xəzrinin,
Qabilin, Nazim Rizvanın, Mirvarid Dilbazinin, Cövdət
Hacıyevin, Vasif Adıgözəlovun, Tofiq Quliyevin, Əli Vəliyevin,
Qılman İlkinin, İsmayıl Şıxlının,
Anarın, Kamal Talıbzadənin, Nəriman Həsənzadənin...
xatirə qeydləri toplanmışdır. Bu siyahıda 60-dan
çox tanınmış elm və sənət
adamlarının imzalarını görmək
mümkündür. Həmin yazılar təkcə şəxsi
xatirələrlə kifayətlənmir. Burada həmçinin
görkəmli yazıçının yaradıcılıq
xüsusiyyətləri, ziyalı xarakteri, həyat
yollarında rastlaşdığı ziddiyyətlər,
acılı-ağrılı yollardan keçərək el
ağsaqqalı səviyyəsinə yüksəlməsi və
s. haqqında tutarlı fikirlərlə, dəlillərlə
rastlaşırsan. Qələmə alınan bu kimi xarakterik
cizgilərin müəyyən ştrixləri imkan yaradır
ki, bir ömur – şöhrətli bir insan ömrü vərəq
- vərəq aydın səhifələnsin.
Kitabda xalq
yazıçısına həsr olunmuş şeirlərdən
ibarət ayrıca bir bölüm də vardır. Osman
Sarıvəlli, M. Dilbazi, Hökumə Bülluri, Tofiq Bayram, Xəlil
Rza, Kamilə Nemət, Elmira Qasımova, Davud Nəsib, Tamilla
Ağayeva ... imzalı şeirlərdə də parlaq bir tale
ulduzu nəğmələnib:
Qələmindən
nur çiləndi dərdli Araza,
Yazanlara ustad
oldun sən yaza-yaza.
Biz
cavanlar, qayğı ilə çatdıq pərvaza,
Dediklərim
həqiqətdir, Mirzə müəllim.
Tofiq Bayram qəlbindən
gələn ehtiram sətirləridir.
Kitabın maraqla səhifələnən
hissələrindən biri də “Ömrün mənalı
anları fotoşəkillərdə” adlanır. 558 səhifəlik
bu kitabın – xatirələr çələnginin 60 səhifəsi
məhz bu bölümə ayrılıb. Burada 120-dən
artıq fotoşəkil cəmlənib. Hər şəkil
böyük bir omur tarixinin donmuş əksi, onun
çoxşaxəli fəaliyyətini yaddaşlarda
çözələndirən maraqlı anlarıdır.
Ən maraqlı və dəyərli
hadisə isə məhz belə bir almanaxı araya-ərsəyə
gətirməkdir. Professor Teymur Əhmədov öz ustadına
həst etdiyi bu gözəl tövhəni xalq
yazıçısının kürəkəni, gözəl
insan, unudulmaz ziyalı, Azərbaycanın baş seysmoloqu,
akademik Arif Həsənovun əziz xatirəsinə ithaf
etmişdir.
Almaz ÜLVİ
Xalq qəzeti.- 2009.- 6
iyun.- S. 8.