Mədəniyyət sahəsində çalışan
işçilərin ixtisaslarının
artırılması günün
tələbidir
Ölkəmizdə son
illər işçilərin ixtisasının
artırılması, ixtisasların dəyişdirilməsi
istiqamətində məqsədyönlü iş
aparılır. Bu da təbiidir. Elmi-texniki tərəqqi, yeni
texnologiyaların tətbiqi, müxtəlif sahələrdə
yeni ixtisasların yaranması və s. kadrların
ixtisaslarının artırılması ilə bağlı tədbirlərin
həyata keçirilməsini zəruri şərt kimi
qarşıya qoyur. Bu gün ölkəmizdə müxtəlif
sahələr üzrə ixtisasartırma, ixtisasdəyişmə
mərkəzləri, institutları və kursları fəaliyyət
göstərir.
Mədəniyyət sahəsində
isə belə bir mərkəz 1966-cı ildən
yaradılmışdır. Respublika Mədəniyyət Müəssisələri
İşçilərinin Hazırlıq və
İxtisasartırma mərkəzi fəaliyyətdə
olduğu dövrdə 30 min işçi bu təhsil
ocağına cəlb olunmuşdur.
Bu gün həmin mərkəz
hansı qayğılarla yaşayır? Müstəqillik
dövründə hansı problemlərlə üzləşmişdir?
Bu və digər məsələlər barədə mərkəzin
direktoru, fəlsəfə elmləri namizədi Ramazan
Şabanov ətraflı məlumat verdi.
O bildirdi ki, bu mərkəzin
əsas məqsədi Mədəniyyət və Turizm
Nazirliyinin tabeliyində olan və Azərbaycan Respublikası ərazisində
fəaliyyət göstərən mədəniyyət və
turizm müəssisələrinin rəhbər, mütəxəssis,
pedaqoji və digər işçilərin ixtisasının
artırılması və təkmilləşdirilməsini həyata
keçirməkdir. Hər il bizim mərkəzdə 700-800 dinləyici
kurslarda iştirak edir. Biz ilkin olaraq ixtisasartırma və
kadrların yenidən hazırlanması ilə əlaqədar
proqnozlaşdırma və planlaşdırma aparırıq.
Mədəniyyət
geniş sahədir. Ölkəmizdə mədəniyyət
müəssisələrinin geniş şəbəkəsi fəaliyyət
göstərir və onlarda çox təcrübəli kadrlar
çalışır. Bir məsələyə diqqət
yetirmək vacibdir ki, sistemdə çalışan
işçilərin böyük bir qismi sovet dövründən
bu sahədədir və onların ixtisaslarının
artırılmasına böyük ehtyac vardır.
Müstəqil Azərbaycan
yarandığı dövrdən onun mədəniyyətinə
də münasibət dəyişmişdir. Mədəniyyət
sahəsində milli və bəşəri dəyərlər
ön plana çıxmışdır. Yeni texnologiyalar, yeni
idarəçilik metodları yaranmışdır. Bunlar
hamısı yeni cəmiyyətin mahiyyətindən doğan,
zamanın tələb etdiyi məsələlərdir. Ona
görə də mədəniyyət müəssisələrində
çalışan kadrların dövrlə ayaqlaşması
üçün bizim mərkəz onlara yardımçı
olur və bu da öz müsbət nəticəsini verir.
Təsəvvür edin,
ulu öndərin hakimiyyətə gəldiyi dövrdə Azərbaycan
mədəniyyətində nə qədər yeniləşmə
baş verdi. Xüsusilə, Heydər Əliyev siyasi kursunun
çox ləyaqətli davamçısı cənab İlham
Əliyev hakimiyyətdə olduğu son altı ilə
yaxın bir dövrdə mədəniyyətlə
bağlı nə qədər Dövlət Proqramı qəbul
olunmuşdur. Teatr, kino, kitabxana və muzey işi,
tarixi-memarlıq abidələrinin qorunması, musiqi sənətinin
inkişafı və s. sahələrlə bağlı
Dövlət Proqramları bu gün uğurla həyata keçirilir.
Hər bir Dövlət Proqramı ölkənin həyatında
əhəmiyyətli rol oynayır. Yeni mədəniyyət
müəssisələri yaranır, köhnələr bərpa
olunur, mədəniyyət sahəsində beynəlxalq əlaqələr
genişlənir.
Ramazan müəllim
burada işin təşkilindən danışdı. Dedi ki, mərkəz
dinləyicilərin kontingent planını işləyib
hazırlayır, Mədəniyyət və Turizm Nazirliyinin elm
və təhsil şöbəsinin təqdimatı ilə
nazirlik tərəfindən təsdiq edilir. Qrupların komplektləşdirilməsi
dinləyicilərin iş profili, vəzifəsi nəzərə
alınmaqla aparılır. Bundan asılı olaraq mərkəzdə
müxtəlif müddətli qruplar təşkil olunur. Burada
ixtisaslaşdırma müddətləri rəhbər
işçilər üçün 15 gün, digər
işçilər üçün 30 gün müəyyən
edilir. Ali və orta ixtisas təhsili olmayan işçilər
üçün ayrı-ayrı hallarda nazirliyin razılığı
ilə 2 aylıq hazırlıq kursları təşkil edilə
bilər. Burada həm nəzəri, həm də təcrübi
dərslər keçilir.
Mədəniyyət
müəssisələrinin işçiləri 4 ildən bir,
onların rəhbərləri isə 2 ildən bir kursa cəlb
olunurlar. Həmin müddətlər yalnız nazirliyin göstərişi
ilə dəyişdirilə bilər. Kursun sonunda dinləyicilərin
bilik səviyyəsi rəhbərliyin təsdiq etdiyi komissiya tərəfindən
qiymətləndirilir. Kursu müvəffəqiyyətlə
bitirən işçilrə xüsusi vəsiqə verilir.
Bizim mərkəzdə
90 nəfərə yaxın professor-müəllim heyəti
mühazirələr oxuyur. Onlar ölkənin nüfuzlu ali məktəblərindən
dəvət olunurlar. İxtisas dərslərini aparmaq
üçün müvafiq nazirliklərin mütəxəssisləri
cəlb olunurlar. Bundan başqa, Mədəniyyət və
Turizm Nazirliyinin elm və təhsil, iqtisadiyyat, mədəniyyət
siyasəti, incəsənət, mədəni irs şöbələrinin
müdirləri və əməkdaşları mütəmadi
olaraq mərkəzin dinləyiciləri qarşısında
müxtəlif mövzularda mühazirələr oxuyurlar.
Ramazan müəllim bir
məsələyə də açıqlama verdi. Dedi ki, sovet
dövründə Naxçıvan Muxtar Respublikasından mədəniyyət
işçiləri bu mərkəzə təkmilləşdirməyə
gələrdilər. İndi bu əlaqələr kəsilib. Mənim
fikrimcə, bu məsələ yenidən gündəmə gəlməlidir.
Ya muxtar respublikanın mədəniyyət işçiləri
yenə bu mərkəzdə təkmilləşmə
keçməli, ya da bizim mərkəzin Naxçıvana MR-da
filialı yaradılmalıdır. Bu təşəbbüslə
nazirlik qarşısında məsələ qaldırmaq fikrindəyik.
Biz istəyirik ki, mərkəzin
fəaliyytini təkmilləşdirək. Son
illər bizdə yeni kurslar da
yaradılmışdır. Şəhər və
rayon mədəniyyət və
istirahət parklarının
attraksionların texniki
işçiləri, tarix,
mədəniyyət qoruqlarının
işçiləri, abidə
mühafizəçiləri, dövlət teatrlarının
musiqi hissə müdirləri, Heydər Əliyev muzeylərinin direktorları, şəhər,
rayon mədəniyyət və
turizm şöbələrinin
baş mühasibləri,
bərpaçı, rəssamlar
və s. ixtisaslar üzrə kurslara xeyli dinləyici dəvət olunmuşdur.
Bu yaxınlarda belə
bir təşəbbüs irəli sürdük ki, bu mərkəzə
institut statusu verilsin. Bu fəaliyyətimizi daha da genişləndirmək
imkanı verərdi.
Bina problemi hələ də
qalmaqdadır. Bizim mərkəzin yataqxanasında məcburi
köçkünlər məskunlaşmışlar. Ona
görə də dinləyicilərimiz çox vaxt kirayədə
yaşamağa məcbur olurlar. İnanırıq ki, yaxın
gələcəkdə bu mərkəz üçün də
xüsusi bina inşa ediləcəkdir.
Mərkəzin fəaliyyəti
genişdir. Ramazan müəllim onların bir qismi barədə
məlumat verdi. Sonda onu bildirdi ki, ölkəmizdə mədəniyyətə
göstərilən qayğı mərkəzin kollektivinin də
üzərinə böyük məsuliyyət qoyur. Biz yəqin
ki, gələcəkdə turizm sahəsi işçilərinin
də ixtisaslarının artırılması ilə məşğul
olacağıq. Çünki ölkəmizdə turizm
inkişaf etməkdədir.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2009.- 6
iyun.- S. 8.