Prezident İlham ƏLİYEV: “Azərbaycanın enerji potensialı ölkəmizin hərtərəfli inkişafına xidmət göstərir

 

Artıq 16-cı dəfədir ki, hər il iyun ayının ilk günlərində dünyanın neft-qaz sektorunda fəaliyyət göstərən iri, transmilli şirkətləri neft və milyonlar səltənəti Bakıya toplaşırlar.

Azərbaycan paytaxtında keçirilən ənənəvi “Xəzər neft, qaz, neft emalı və neft kimyası” beynəlxalq sərgi və konfransında iştirak edən əcnəbi şirkətlərin nümayəndələri, eləcə də bir sıra xarici ölkələrin dövlət və hökumət üzvləri, diplomatik korpusların rəhbərləri 3-4 gün ərzində respublikamızın karbohidrogen ehtiyatları, burada həyata keçirilən iri neft-qaz layihələrinin icra vəziyyəti, həmçinin enerji təhlükəsizliyi ilə bağlı geniş fikir mübadiləsi aparır, bir-birlərinin potensial imkanları və nailiyyətləri barədə dolğun məlumat əldə edirlər. “Xəzər neft-qaz” sərgi və konfransı Bakını bir neçə günlüyə beynəlxalq görüş və iqtisadi əməkdaşlıq mərkəzinə çevirir. Bu da gələcək əməkdaşlıq üçün əlverişli imkanlar yaradır, geniş perspektivlər formalaşdırır.

Bakıda belə bir mötəbər tədbirin keçirilməsi ideyası ümummilli lider, Azərbaycanın yeni neft strategiyasının banisi Heydər Əliyevə məxsusdur. Məhz 1993-cü ilin yayında Azərbaycanda yenidən hakimiyyət sükanı arxasına keçən ulu öndər ölkəmizi üzləşdiyi çətinliklərdən, iqtisadi tənəzzüldən xilas etmək üçün çıxış yolunu, ilk növbədə, neft amilində gördü. Müstəqilliyinin ilk illərindən etibarən xarici şirkətlərlə bu sahədə aparılan danışıqları yenidən bərpa edən Heydər Əliyev onları ölkəmizə dəvət etdi. Azərbaycanın neft sənayesini dirçəltmək, istismarı öz imkanlarımız xaricində olan zəngin neft-qaz yataqlarını işlənməyə cəlb etmək üçün dünyanın aparıcı neft şirkətlərinin rəhbərləri ilə səmərəli danışıqlar aparıldı. Ölkəmizin zəngin karbohidrogen ehtiyatları ilə maraqlanan, neft sənayesinə investisiya yönəltmək istəyən xarici şirkətlərə isə, hər şeydən əvvəl, böyük bir əminlik, inam gərək idi. Bu isə, əsasən Azərbaycandakı siyasi sabitlik, əlverişli biznes mühitilə bağlı idi. Azərbaycanı etibarlı tərəfdaş, siyasi risk tələb etməyən bir ölkə kimi tanımaq üçün əcnəbi şirkətlərin nümayəndələrini Bakıya dəvət etmək lazım idi. Elə bu məqsədlə də ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il iyun ayının ilk günlərində Bakıda ilk “Xəzər neft-qaz” sərgi və konfransı təşkil olundu. Bu mötəbər tədbirdə iştirak etmək üçün Azərbaycan paytaxtına təşrif buyuran neft maqnatları ölkəmizin zəngin karbohidrogen ehtiyatlarına malik olmasının bir daha şahidi oldular, burada əlverişli biznes mühitinin mövcudluğunu öz gözləri ilə gördülər. Beləliklə də, Azərbaycan əlverişli geosiyası və iqtisadi məkan kimi dünyanın maraq dairəsinə daxil oldu.

Xəzər dənizinin Azərbaycan sektorundakı karbohidrogen yataqlarının cəlbediciliyi bu marağı daha da artırdı və əcnəbi şirkətlər ölkəmizin neft sənayesinə investisiya yönəltmək qərarını qətiləşdirdilər. Bunun da nəticəsində elə həmin il sentyabr ayının 20-də Bakıda Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair nəhəng neft sazişi imzalandı. Heç şübhəsiz, sonradan “Əsrin müqaviləsi” adını almış bu sazişin imzalanmasında “Xəzər neft-qaz” sərgi və konfransının müstəsna əhəmiyyəti olmuşdur.

İyunun 3-də Bakıda öz işinə başlayan XVI beynəlxalq “Xəzər neft, qaz, neft emalı və neft kimyası” sərgi və konfransının açılış mərasimində iştirak edən Prezident İlham Əliyev bu tədbirin keçirilməsini yüksək qiymətləndirərək demişdir: “On altıncı ildir ki, Bakıda beynəlxalq Xəzər neft-qaz sərgisi keçirilir. Bu sərgi beynəlxalq müstəvidə öz yerini tutan bir tədbirdir. On altı il bundan əvvəl ilk dəfə olaraq Bakıda belə bir sərginin keçirilməsi Azərbaycanın enerji potensialının dünyada təqdimatı kimi qəbul edilirdi. Bu münasibətlə mən sərginin təşkilatçılarına öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Çünki onların səyi nəticəsində Azərbaycanı tanıdılar... O illərdə ölkəmiz üçün həlledici qərarlar qəbul edildi və sərginin keçirilməsi, Azərbaycanın imkanlarının dünya birliyinə çatdırılması çox önəmli hadisə idi”.

Ümummilli lider Heydər Əliyevin işləyib hazırladığı yeni neft strategiyası Azərbaycanı dünya səviyyəli, qlobal enerji layihələrinin mərkəzinə çevirməklə yanaşı, həm də ölkəmizin paytaxtını beynəlxalq əməkdaşlıq meydanına çevirmişdir. Elə “Xəzər neft, qaz, neft emalı və neft kimyası” beynəlxalq sərgi və konfransın da ənənəvi xarakter alması, bu tədbirə marağın ilbəil artması da bunun bariz nümunəsidir. Təsadüfi deyil ki, ötən 16 il ərzində bu mötəbər beynəlxalq tədbirdə dünyanın 70-dən artıq ölkəsinin 5400-dən çox şirkəti iştirak etmişdir. Bu da bütün iştirakçılar arasında güclü tərəfdaşlıq ruhunun formalaşdırılmasına, iqtisadi əlaqələrin genişləndirilməsinə əlverişli zəmin yaratmışdır.

Ənənəvi “Xəzər neft - qaz” sərgisi və konfransının Azərbaycan üçün əhəmiyyətinə gəldikdə isə deməliyik ki, bu mötəbər beynəlxalq tədbir ölkəmizin neft strategiyasının uğurlarını nümayiş etdirmək, yerli şirkətlərin nailiyyətləri barədə təsəvvür formalaşdırmaq baxımından əvəzsiz rol oynayır. Belə ki, əgər ilk sərgi, qeyd etdiyimiz kimi, Azərbaycanın karbohidrogen ehtiyatlarını, burada əlverişli sərmayə mühitinin mövcudluğunu təsdiqləmək məqsədi daşıyırdısa, sonrakı illərdə keçirilən analoji tədbirlər ölkəmizdə uğurla reallaşdırılan transmilli neft-qaz layihələrinin icra vəziyyəti, əcnəbi və yerli şirkətlərin öz potensiallarını nümayiş etdirmək üçün çox yaxşı imkan və fürsət demək idi. Elə tədbirə marağın getdikcə artması, burada iştirak edən şirkətlərin sayının ilbəil çoxalması da bunu təsdiqləyir.

Hazırda dünyanı bürümüş maliyyə böhranı builki neft-qaz sərgi və konfransının keçirilməsinə heç bir təsir göstərməmişdir. Belə ki, XVI beynəlxalq “Xəzər neft-qaz” sərgi və konfransında dünyanın 22 ölkəsindən 300 şirkət iştirak edirdi ki, onların da 20 faizi Azərbaycan bazarına yeni daxil olan şirkətlərdir. Sərginin ekspozisiya sahəsinin 40 faizindən çoxunun dünyanın tanınmış şirkətləri tərəfindən tutulması isə bu mötəbər tədbirin daimi iştirakçılarının Azərbaycandakı uğurlu fəaliyyətindən xəbər verir.

Yeri gəlmişkən, Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obama və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Qordon Braun tərəfindən 16-cı beynəlxalq “Xəzər neft, qaz, neft emalı və neft kimyası” sərgi və konfransı ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubları ünvanlanması da bu mötəbər tədbirə dünyanın super dövlətləri rəhbərlərinin verdikləri qiymətin təzahürüdür.

Dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın yeri və rolu ilbəil artmaqdadır. Hər şeydən əvvəl, ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyası ölkəmizin regiondakı əhəmiyyətini sübut etməklə yanaşı, iqtisadiyyatımızın davamlı inkişafına möhkəm zəmin yaratmışdır. XVI beynəlxalq “Xəzər neft, qaz, neft emalı və neft kimyası” sərgi və konfransında Prezident İlham Əliyev demişdir: “Neft sektoru bizim üçün təkanverici bir vasitə idi. Mən həmişə demişəm, bu gün də demək istəyirəm ki, bizim üçün neft amili bir məqsəd deyil, bir vasitədir. Biz bu vasitədən çox uğurla istifadə etdik. Bu gün Azərbaycan iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır. Bu gün iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı neft sektorundan daha da sürətlə irəli gedir... Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır və əminəm ki, bütün son illər əldə edilmiş iqtisadi uğurlar növbəti illərdə davam etdiriləcəkdir”. Dövlət başçısı həmçinin bildirdi ki, Xəzər dənizini ilk dəfə beynəlxalq əməkdaşlıq meydanına məhz Azərbaycan çevirmiş, ilk dəfə Xəzər dənizinin nefti müxtəlif yollarla dünya bazarına çıxarılmış, Azərbaycan qaz ixrac edən dövlətlər sırasına qoşulmuşdur.

Göründüyü kimi, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış və hazırda Prezident İlham Əliyevin böyük diqqət və səyi ilə uğurla həyata keçirilən yeni neft strategiyası Azərbaycanın beynəlxalq nüfuzunun ilbəil artmasına, ölkənin iqtisadi cəhətdən daha da güclənməsinə xidmət edir. Təqribi hesablamalara görə, bu il Azərbaycanda 45 milyon ton neft və 25 milyard kubmetrdən çox təbii qaz hasilatı nəzərdə tutulur ki, bu da ölkəmizin ixrac potensialının daha da artmasına imkan yaradacaq. Prezident İlham Əliyev tədbirdə bir daha bəyan etdi ki, bu gün uğurla icra edilən neft siyasətimiz həm Azərbaycanın enerji təhlükəsizliyini təmin edir, ölkəmizi dünya birliyinə etibarlı tərəfdaş kimi təqdim edir və eyni zamanda, bu gün neft-qaz imkanlarımız geniş mənada qitənin enerji təhlükəsizliyi üçün əvəzolunmaz funksiyalar daşıyır.

Növbəti illərdə də Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş kimi funksiyalarını davam etdirəcəyini vurğulayan dövlət başçısı, eyni zamanda, çox maraqlı və vacib bir məqama da toxundu. Bu da enerji sektorunda şəffaflığın təmin olunmasının vacibliyi ilə bağlıdır.

Prezident qeyd etdi ki, enerji təhlükəsizliyinin təmin edilməsi işində istehsalçılar, istehlakçılar və tranzit ölkələr mütləq əməkdaşlıq etməlidirlər və bu zaman hər üç tərəfin maraqları təmin edilməlidir. Bir sözlə, bu əməkdaşlıq beynəlxalq təcrübəyə əsaslanmalı, qarşılıqlı surətdə faydalı əsaslar üzərində, bazar iqtisadiyyatı azad və sağlam rəqabət prinsipləri əsasında qurulmalıdır. Diqqət çəkən məqamlardan biri də odur ki, Prezident İlham Əliyev son illər ərzində neft-qaz sahəsinin çox siyasiləşdiyinin də tərəfdarı olmadığını bəyan edərək Azərbaycanın bu sahədəki konkret mövqeyini bir daha ortaya qoydu. Bu mövqe isə, qeyd olunduğu kimi, qarşılıqlı surətdə faydalı əməkdaşlıq, azad və sağlam rəqabət prinsiplərinin qorunması, istehsalçı, tranzit ölkə və istehlakçıların maraqlarının tam gözlənilməsindən ibarətdir.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2009.- 7 iyun.- S. 1.