Azərbaycan və Ermənistan prezidentlərinin görüşü
beynəlxalq aləmin
diqqət mərkəzindədir
Azərbaycan Prezidenti
İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri,
keçirdiyi görüşlər beynəlxalq aləmin diqqət
mərkəzində olmuşdur. Hər şeydən əvvəl
ona görə ki, son illər müstəqil dövlətimizin
dünya birliyində mövqeləri xeyli möhkəmlənmiş,
əlaqələri genişlənmişdir. Azərbaycan
dünyada iri infrastruktur layihələrinin
reallaşdırılmasında artıq böyük təcrübəsi
olan dövlət kimi tanınır. Digər tərəfdən,
dünyanı bürüyən iqtisadi və maliyyə
böhranının ölkəmizə o qədər də
ciddi təsir göstərməməsi, xarici siyasət sahəsində
qazanılan uğurlar müstəqil dövlətimizin
nüfuzunu daha da artırmışdır.
Azərbaycan Prezidentinin
Rusiya Federasiyasına budəfəki işgüzar səfəri
və Sankt-Peterburqda Ermənistan Prezidenti Serj Sarkisyanla
görüşü də böyük maraq doğururdu. Onu da
qeyd edək ki, iki ölkə prezidentlərinin 2008-ci ilin
iyununda keçirilmiş ilk görüşündən keçən
müddət ərzində bu, beşinci görüş idi. Hər
dəfə də Azərbaycan Prezidenti qətiyyətli
mövqe nümayiş etdirərək bildirmişdir ki, Azərbaycan
tərəfi münaqişənin nizamlanmasında beynəlxalq
hüququn normalarına üstünlük verir. Dövlət
başçımız Dağlıq Qarabağın Azərbaycanın
ayrılmaz tərkib hissəsi olduğunu bildirmiş və
torpaqlarımızın bir qarışının belə
güzəştə gedilməyəcəyini bəyan
etmişdir. Ermənistan tərəfi isə indiyə qədər
qeyri-konstruktiv mövqe nümayiş etdirmişdir. Ermənistan
– Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
nizamlanmasında dövlət başçımızın
beynəlxalq hüququn norma və prinsiplərinə
üstünlük verməsi, Ermənistan tərəfinin isə
işğalçılıq siyasətindən əl çəkməməsi,
keçirilən görüşlərdə konstruktiv
mövqe nümayiş etdirməməsi, işğal
altında saxladıqları Azərbaycan ərazilərini azad
etmək fikrində olmaması beynəlxalq aləmin diqqət
mərkəzindədir. Bu baxımdan Azərbaycan və Ermənistan
prezidentlərinin görüşü böyük maraq
doğururdu.
ABŞ dövlət
katibi Hillari Klinton və Türkiyənin xarici işlər
naziri Əhməd Davudoğlu birgə keçirdikləri mətbuat
konfransında da Sankt-Peterburqda Azərbaycan və Ermənistan
prezidentlərinin keçirdikləri görüşü diqqətdə
saxladıqlarını bəyan etmişlər. ABŞ-ın
dövlət katibi H.Klinton demişdir: “Dövlət
başçıları son dəfə Sankt-Peterburqda görüşdülər.
İnanırıq ki, Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı uzun müddət həllini tapmayan məsələlərin
həlli üçün qısa müddətdə ciddi irəliləyiş
əldə olunub”.
Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması yolunda vasitəçilik
missiyasını öz üzərinə
götürmüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin
yaydıqları bəyanatda da iki ölkə prezidentlərinin
Sankt-Peterburq görüşünün müsbət
addımlarla nəticələndiyi bildirilir. Bəyanatda qeyd
edilir ki, təkbətək və həmsədrlərin
iştirakı ilə keçirilən görüşlərdə
prezidentlər Dağlıq Qarabağ münaqişəsinin
nizamlanma konsepsiyasını bütünlükdə nəzərdən
keçirib və hələ də
razılaşdırılmamış elementləri müzakirə
etmişlər. Bildirilir ki, müzakirələr konstruktiv
atmosferdə keçib və tərəflər arasında baza
prinsipləri ilə bağlı fikir ayrılıqlarını
azaldan müsbət addımlarla nəticələnib.
Azərbaycan Prezidentinin
münaqişənin nizamlanmasında beynəlxalq hüququn
norma və prinsiplərinə üstünlük verməsi
dünyanın tanınmış qurumları, habelə super
dövlətlərin rəhbərləri tərəfindən
də dəstəklənir. Biz bu vaxta qədər keçirilən
görüşlərdə və nüfuzlu beynəlxalq
qurumlar tərəfindən yayılan bəyanatlarda da Azərbaycan
Prezidentinin mövqeyinin dəstəklənməsinin şahidi
olmuşuq. Ötən il Moskvada üç dövlət –
Rusiya Federasiyası, Azərbaycan və Ermənistan prezidentlərinin
imzaladıqları Moskva Bəyannaməsindən də
açıq-aydın hiss olunurdu ki, Dağlıq Qarabağ
münaqişəsinin nizamlanmasında beynəlxalq hüququn
normalarına üstünlük verilir. Moskva Bəyannaməsinin
bütünlüklə Azərbaycan Prezidentinin mövqeyini dəstəkləməsi,
münaqişənin Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində
nizamlanmasının həll olunması tələbi artıq
Ermənistanı fakt qarşısında qoydu. Bu o demək idi
ki, Ermənistan öz işğalçılıq siyasətinə
son qoymalı, işğal etdiyi qonşu dövlətin ərazilərini
azad etməli, ondan sonra hər hansı bir əməkdaşlıqdan
söhbət açmalıdır. Əgər belə olmazsa,
həmişə olduğu kimi, Ermənistan yenə də iri
layihələrdən kənarda qalacaq, iqtisadi böhrandan yaxa
qurtara bilməyəcək.
Moskva Bəyannaməsində
diqqətçəkən məqamlardan biri də
münaqişənin nizamlanmasında yalnız Azərbaycan –
Ermənistan tərəflərinin iştirakı qeyd edilirdi. Dağlıq
Qarabağın danışıqlarda üçüncü tərəf
kimi iştirakının yolverilməz olduğu bildirilirdi. Bu təklif
də Azərbaycan Prezidentinin mövqeyini əks etdirirdi.
Çünki dövlətimizin başçısı
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə
əlaqədar keçirilən bütün tədbirlərdə
həmişə qətiyyətlə bildirib ki,
danışıqlarda yalnız Azərbaycan və Ermənistan
tərəfləri iştirak etməlidir. Dağlıq
Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və
bu region heç bir dövlət tərəfindən müstəqil
bir qurum kimi tanınmayıb. Ona görə də
danışıqlarda üçüncü tərəf kimi
iştirak etməsi qətiyyən yolverilməzdir.
ATƏT-in Minsk qrupunun
amerikalı həmsədri Metyu Brayzənin də ötənilki
bəyanatı böyük maraq doğurmuşdur. Dağlıq
Qarabağ münaqişəsinin nizamlanmasında ABŞ-ın
mövqeyini diqqətə çatdıran M.Brayzə
demişdir ki, münaqişə yalnız Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həll
olunmalıdır. ABŞ-ın Ermənistana Azərbaycanın
ərazi bütövlüyünü tanıması və
hörmətlə yanaşması, beynəlxalq hüququn
normalarına riayət etməsi təklifi də ölkəmizin
diplomatik uğuru kimi dəyərləndirilməlidir.
Sankt-Peterburqda Azərbaycan
və Ermənistan prezidentlərinin
görüşünün müsbət addımlarla nəticələndiyi
və müzakirələrin konstruktiv atmosferdə keçdiyi
bildirilir. Təbii ki, Ermənistan nəhayət, irəli
sürülən təkliflərlə razılaşmalı və
işğalçılıq siyasətinə son
qoymalıdır. Azərbaycanın gündən-günə
artan nüfuzu və bir-birinin ardınca qazandığı
diplomatik uğurlar qarşısında tab gətirə bilməyən
Ermənistanın ayrı yolu yoxdur.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2009.- 7 iyun.- S. 1.