Yeni Dövlət
Proqramı ölkəmizin
növbəti beşillikdə
bütün sahələr
üzrə inkişafını
özündə əks
etdirir
Azərbaycan Prezidenti cənab
İlham Əliyev 14 aprel 2009-cu il tarixli fərmanı ilə
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü
illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nı təsdiq etməklə ölkəmizin
növbəti beşillikdə inkişaf strategiyasını
müəyyənləşdirdi.
Məlum olduğu kimi,
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramında (2004-2008-ci illər)”
regionların sosial-iqtisadi inkişafı ilə bağlı nəzərdə
tutulmuş tədbirlər, qarşıya qoyulmuş vəzifələr
uğurla icra olunmuş, bunun da sayəsində əhalinin həyat
səviyyəsi xeyli yüksəlmiş, 750 mindən çox
yeni iş yerləri açılmış, yoxsulluğun səviyyəsi
49 faizdən 13 faizə qədər azalmışdır. Bu
müddət ərzində dövlət büdcəsi on dəfə
artmış, regionların siması tamamilə dəyişmişdir.
Bunun davamı olaraq dövlət başçımızın
fərmanı ilə yeni Dövlət Proqramı təsdiq
olunmuşdur. Yeni proqramın əsas məqsədi ölkədə
qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə,
iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və
davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin
daha da yaxşılaşdırılmasına nail olmaqdır.
Yeni Dövlət
Proqramı ölkəmizin hərtərəfli
inkişafının təmin olunması baxımından
böyük əhəmiyyət kəsb edir. Tanınmış
iqtisadçılar, alimlər, görkəmli xadimlər də
bunu təsdiqləyirlər.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasında “Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı: əsas vəzifələr
və onların yerinə yetirilməsi mexanizmləri”
mövzusunda keçirilən “dəyirmi masa”da ölkəmizin
tanınmış iqtisadçıları bu sənədin əhəmiyyətindən
söhbət açdılar.
Tədbiri giriş
sözü ilə açan akademiyanın rektoru, əməkdar
elm xadimi, professor Seyfəddin Qəndilov “Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
vacibliyindən danışdı. Rektor əsası
ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan
siyasi kursun Azərbaycanı daim yüksəkliyə
apardığını xüsusi olaraq qeyd etdi. Bu siyasi kursun
hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev
tərəfindən nəinki davam etdirildiyini, həm də
dövrün ruhuna uyğun olaraq təkmilləşdirildiyini və
yaradıcılıqla inkişaf etdirildiyini diqqətə
çatdırdı. Qeyd etdi ki, cəmiyyət həyatının
müxtəlif sahələrində olduğu kimi bunu biz cənab
Prezident İlham Əliyevin hələ beş il bundan əvvəl
imzaladığı və 2004-2008-ci illəri əhatə edən
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın timsalında
aydın gördük. Bu proqramın həyata keçirilməsi
ölkəmizin bütün regionlarında böyük canlanma
yaratdı. Proqramın uğurla həyata keçirilməsi
ölkəmizin bütün bölgələrinin sürətli
inkişafına səbəb oldu. Belə ki, əvvəllər
heç bir istehsal sahəsi olmayan bəzi rayonlarda yeni müəssisələr,
fabriklər yaradıldı, ən yüksək səviyyədə
tikinti-quruculuq və abadlıq işləri aparıldı,
müxtəlif infrastruktur layihələri həyata
keçirildi. Təkcə bunu demək kifayətdir ki,
proqramın əhatə etdiyi son beş ildə Azərbaycan
iqtisadiyyatı 2,6 dəfə artdı.
Adambaşına
düşən gəlir xeyli çoxaldı, nəzərdə
tutulduğundan daha çox yeni iş yeri açıldı. S.
Qəndilov dedi ki, iqtisadi islahatların uğurla
aparılması nəticəsində bir çox sosial problemlər
həll olundu. Sahibkarlığın inkişafı
üçün imkanlar genişləndi, əyalətlərdən
əhalinin Bakıya və rayon mərkəzlərinə
axını xeyli səngidi. Cənab Prezidentin bu illər ərzində
Dövlət Proqramından əlavə bu sahədə daha 17
sərəncam imzalaması da bu nailiyyətlərin
qazanılmasında mühüm rol oynadı. Büdcə xərclərimiz,
valyuta ehtiyatlarımız da çoxaldı. Yəni, son
beş il ərzində biz həqiqətən, böyük və
uğurlu bir inkişaf yolu keçdik. İndi ölkəmizin
qarşısında yeni, daha mühüm vəzifələr
durur.
Bu da əldə
olunmuş nailiyyətlərə istinad etməklə yerlərdə
sənaye sahələrinin və kənd təsərrüfatının
inkişafını sürətləndirmək, bu işdə
sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini
yüksəltməklə, yoxsulluq probleminin həllinə,
qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə
nail olmaq və ölkəni iqtisadi cəhətdən hərtərəfli
inkişaf etdirməkdir. Cənab Prezident İlham Əliyev tərəfindən
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü
illərdə sosial-iqtisadi inkişafı” Dövlət
Proqramı da məhz bu məqsədlə təsdiq
edilmişdir.
Natiq qeyd etdi ki, yeni
Dövlət Proqramının da uğurla həyata
keçiriləcəyi heç bir şübhə
doğurmur. Hər şeydən əvvəl ona görə ki,
artıq belə bir proqramın icrasında Azərbaycanın zəngin
təcrübəsi var. İkincisi, Azərbaycan yeni
proqramın nəzərdə tutulan səviyyədə
icrası üçün lazımi qədər maliyyə
imkanlarına da malikdir. Möhtərəm Prezident İlham Əliyev
bu proqramla bağlı demişdir: “Bu, mövcud proqramın məntiqi
davamı olacaqdır. Bu proqrama bu vaxta qədər həll
olunmamış məsələlərin hamısı
salınmalıdır ki, növbəti beş il ərzində
regionların bütün sosial-iqtisadi, infrastruktur problemləri
həll edilsin. Buna bizim gücümüz çatar. Keçən
beş ilin təcrübəsi onu göstərir ki, hansı məsələ
qarşıya qoyulubsa, o, uğurla icra edilib, bəzi hallarda isə
müəyyən edilmiş vaxtdan tez icra olunubdur. Ona görə
regionların inkişafı prioritet kimi qalır”.
Bütün bunlarla
yanaşı qarşıdakı illərdə digər
mühüm vəzifələrin də yerinə yetirilməsi
nəzərdə tutulur. Belə ki, biz, elm və təhsil
işçiləri üçün çox önəmli
olan məsələlərin də sürətli
inkişafı ön plana çəkilir. Dövlət
Proqramında nəzərdə tutulmuş qarşıdakı
illərdə təhsil sahəsində həyata keçiriləcək
işlər təhsilin strukturunun və məzmununun yeniləşməsinə
istiqamətləndirilir.
Gənclərimizin
ümumbəşəri dəyərlər əsasında
xarici ölkələrin qabaqcıl ali təhsil müəssisələrində
daha keyfiyyətli təhsil almaları işinin genişləndirilməsi
də diqqət mərkəzində saxlanılır.
Elm sahəsində də
qarşıya bir sıra mühüm vəzifələrin qoyulduğunu
diqqətə çatdıran rektor dedi ki, bu vəzifələrdən
biri aparılan tədqiqatların praktiki əhəmiyyətinin
artırılması, elmi tədqiqat və layihə
institutları ilə təsərrüfat subyektləri
arasında əlaqələrin daha sıx qurulmasının təmin
edilməsindən ibarətdir. Elmi müəssisələrdə
və ali məktəblərdə aparılan elmi-tədqiqat fəaliyyətinin
əlaqələndirilməsi və istiqamətləndirilməsi
üzrə işin daha da gücləndirilməsi, əhalinin
sağlamlığının qorunması məqsədilə
tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsinə
xüsusi diqqət yetirilməsi nəzərdə tutulur. Yeni
regional inkişaf proqramında həyati əhəmiyyətli
bütün məsələlər geniş əks olunub. Belə
ki, ekoloji durumun yaxşılaşdırılması,
infrastruktur layihələrin genişləndirilməsi, mədəniyyət,
elm, təhsil, səhiyyə ilə yanaşı yol-nəqliyyat,
rabitə və digər sahələrin sürətli tərəqqisi
məsələləri də qarşıdakı 5 il ərzində
yerinə yetiriləcək vəzifələr içərisində
prioritet təşkil edir.
S. Qəndilov yeni
Dövlət Proqramının Azərbaycanın regional
inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını
qoyduğunu diqqətə çatdırdı. O dedi ki,
Dövlət Proqramında qarşıya qoyulan bu vəzifələrin
reallaşması şübhəsiz ki, Azərbaycanın siyasi
və iqtisadi qüdrətini daha çox artıracaqdır.
“Dəyirmi masa”da
iştirak edən Dövlət İdarəçilik
Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin
direktoru, AMEA-nın müxbir üzvü, iqtisad elmləri
doktoru, professor Əli Nuriyev, Milli Məclisin deputatı, iqtisad
elmləri doktoru, professor Rüfət Quliyev, Azərbaycan
Respublikasının Prezidenti yanında Sahibkarlar Şurasının
sədr müavini, iqtisad elmləri doktoru Qüdrət Kərimov,
AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri
doktoru İsa Alıyev, Nazirlər Kabineti Aparatının
baş məsləhətçisi, iqtisad elmləri doktoru
Elşən Hacızadə, professor Səttar Səfərov, texnika
elmləri namizədi, dosent Elşən Nəsirov, iqtisad elmləri
namizədi, dosent Roza Əliyeva və iqtisad elmləri namizədi
Eldar Azadov yeni Dövlət Proqramının
qarşıdakı beşillikdə ölkəmizin hərtərəfli
inkişafına göstərəcəyi böyük təsirdən
söhbət açmış, bu sənədin yüksək əhəmiyyətə
malik olduğunu qeyd etmişlər. Çıxış edənlər
Dövlət Proqramının ölkəmizin gələcək
inkişafı üçün çox dəyərli töhfələr
verəcəyini bildirdilər. Qeyd olundu ki, bu böyük
dövlət sənədinin mahiyyəti tələbə və
gənclərimizə dərindən izah olunmalı,
iqtisadçı alimlər yerlərdə və regionlarda
keçiriləcək elmi-praktiki konfranslarda, “dəyirmi
masa”larda bütün bu məsələləri geniş şərh
etməlidirlər. Yeni Dövlət Proqramının əhalinin,
hər kəsin və bütün təşkilatların mənafeyi,
inkişafı ilə bağlılığı xüsusi
vurğulandı.
“Dəyirmi masa”da fikir
mübadiləsi aparıldı, rəy və təkliflər səsləndirildi.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2009.- 7 iyun.- S. 2.