İlyas Əfəndiyev
fenomeni tarixi mövzu və milli-mənəvi dəyərlər
kontekstində
Ədəbiyyat
xalqın tarixi varlığının, yaşarı ənənələrinin
qorunmasında, gələcək nəsillərə
ötürülməsində ən mühüm amildir. Azərbaycan
xalqının “ədəbiyyatda ehtiva olunmuş... ən səmimi,
ən humanist tarix”ini (N.Cəfərov) yazanlardan biri də
görkəmli nasir və dramaturq İ.Əfəndiyevdir. Azərbaycan
ədəbiyyatının tarixində həm nəsr, həm də
dramaturgiya sahəsində onun kimi eyni məhsuldarlıq və
eyni keyfiyyətlə aramsız çalışan, hər iki
sahədə öz üslubunu təsdiq edən ikinci bir sənətkarın
adını çəkmək çətindir. İctimai və
milli idealının estetik təsdiqi mənasında onun nəsri
ilə dramaturgiyası bir-birini tamamlayır. İ.Əfəndiyevin
tarixi mövzuda yazılmış əsərlərində
milli varlığın taleyüklü zamanlarının tarixi
səciyyəsinin bədii- xronoloji inikasını
görürük. Bu yazıda biz məhz bu cəhəti —
yazıçının əsərlərində tarixi
gerçəkliyin əks etdirilməsi özəlliklərini
nəzərdən keçirmək istəyirik.
Milli vüqara, bəşəri
düşüncəyə malik olan azad şəxsiyyət,
azad Vətən və azad dünya İ.Əfəndiyevin
estetik idealının ana xəttini təşkil edir. Bu estetik
ideal yazıçının hər bir əsərində
öz bədii təcəssümünü tapır.
İ.Əfəndiyevin
tarixi mövzulara qabarıq meyli keçən əsrin son
rübünə düşür. Bu illərdə o, bir-birinin
ardınca “Mahnı dağlarda qaldı” (1971), “Geriyə baxma,
qoca” (1980), “Xurşudbanu Natəvan” (1980),
“Üçatılan” (1981), “Şeyx Məhəmməd
Xiyabani” (1986), “Hökmdar və qızı” (1991) kimi əsərlərini
yazır.
Yazıldığı
yox, əks etdirdiyi tarixi hadisələrin xronologiyasını
nəzərə alsaq, maraqlı bir mənzərənin
şahidi olarıq. Bu zaman sonuncu yazılan əsəri –
“Hökmdar və qızı”nı önə keçirmək
lazım gəlir. Bu əsərdə cərəyan edən
hadisələr XVIII əsrin ictimai-siyasi mühitini əks
etdirir. Azərbaycan müstəqil xanlıqlardan ibarətdir.
Azərbaycanı öz nüfuz dairəsinə almaq
üçün Rusiya ilə İran arasında amansız
müharibə gedir. Rusiya - İran müharibəsi
Rusiyanın xeyrinə bitib. Rusiya Azərbaycanı öz himayəsinə
keçirmək adı altında xanlıqların
torpaqlarını bir-bir zəbt edir. Milli bütövlük
uğrunda mübarizə, xanlıqların birləşməsi
ideyası gerçəkləşə bilmir. Dramaturq Cavad
xanla İbrahim xan qarşıdurmasında milli müstəqillik,
milli birlik, anti müstəmləkə idealı ilə təslimçilik
mövqeyini qarşı-qarşıya gətirir. Əsərin
əsas ideyası Cavad xanın müstəmləkə əleyhinə
apardığı dönməz mübarizələrin
gedişində açılır.
Tarixi hadisələrin
xronologiyasını əks etdirmək baxımından
“Hökmdar və qızı”ndan sonra ”Xurşidbanu Natəvan”
pyesi gəlir. “Xurşidbanu Natəvan”da rus müstəmləkəçiliyi
şəraitində, çarizm dövründə yaşayan
Azərbaycan xalqının faciəli taleyi (iki yerə
bölünmüş Azərbaycanın taleyi) və bundan
doğan ictimai-siyasi problemləri önə çəkilir.
“Şeyx Məhəmməd
Xiyabani” və ”Mahnı dağlarda qaldı” pyeslərində
hadisələrin cərəyan etdiyi zamanlar eyni olsa da (hər
iki pyes 20-ci illərin hadisələrindən bəhs edir), bədii
məqamlar kifayət qədər fərqlidir. “Şeyx Məhəmməd
Xiyabani” pyesində Cənubi Azərbaycanda, ”Mahnı
dağlarda qaldı”da isə Şimali Azərbaycanda baş verən
siyasi proseslər bədii məkanlar mərkəzinə gətirilmişdir.
Əlbəttə, sözün geniş mənasında, burada
məkan birliyi də var. Şimal da, cənub da Azərbaycandır
– Vətəndir. Elə dramaturqun da Şimalda və Cənubda
baş verən hadisələri dram predmetinə çevirmək
məqsədi onun vətən idealından güc alır. “Şeyx
Məhəmməd Xiyabani”də xalqın fars şovinizmi əleyhinə
apardığı milli azadlıq mübarizəsi təsvir
olunur. ”Mahnı dağlarda qaldı”da isə azad xalqın
“yenicə özünə müstəqil bir dövlət
qurmuş xalqın antimüstəmləkə əhvali-ruhiyyəsi,
milli varlıq uğrunda ölümə qədər getmək
əzmi əks olunmuşdur. Lakin ”Mahnı dağlarda qaldı”
pyesində psixoloji durum digər üç pyesdəkindən
kifayət qədər fərqli və mürəkkəbdir. “Mahnı
dağlarda qaldı”da sovet hökumətinin müstəmləkəçilik
niyyətləri məkrlidir. Bu niyyətə sinfi don
geyindirilib. Sanki bütün mübarizələr
aşağı təbəqənin haqqını müdafiə
məqsədi daşıyır. Sovet hökuməti
torpaqlarına göz dikdiyi ölkələrin vətəndaşlarının
çox böyük bir hissəsini – kəndli və fəhlə
təbəqəsini ”sinfi mübarizə” adı altında
öz bayrağı altına yığa bilib. Bu ideologiya milləti
iki yerə parçalayıb və onları üz-üzə
qoyub. “Mahnı dağlarda qaldı” pyesindəki Nicat məhz bu
ideologiyanın təsiri ilə “zəhərlənib” və
onun düşüncəsi, məramı və fəaliyyəti
antimilli istiqamət alıb. ”Mahnı dağlarda qaldı”
pyesinin finalı isə “inqilabın tənətənəsi”ni
yox, milli taleyin faciəli yaşantılarını önə
çəkir. Şahnazın ölüm məqamında
Nicatın dilindən səslənən və əslində
hansısa təhtəlşüur dərkin nəticəsi
olaraq deyilmiş, ”axı, sənin yaşamağa haqqın
vardı!..” sözləri təkcə haqqı tapdanan bir
qızın, sevən gəncin hüququ kimi dərk olunmur,
bütöv bir xalqın əlindən alınmış
haqqının simvolu kimi dərk olunur.
Məlumdur ki, dramaturgiya
ilə müqayisədə epik növün imkanları daha
genişdir. Sənətkarın dramaturgiyasında əks olunan
milli varlığın tarixi həqiqətlərinə onun bədii
nəsrinin son mərhələsində (“Geriyə baxma, qoca” və
”Üçatılan” əsərlərində) son dərəcə
dərin və cəsarətli estetik açılış
verilir. Bu mənada həmin əsərlərə daha geniş
təhlil verməyi məqsədəuyğun hesab etdik.
Ədəbi tənqid və
ədəbiyyatşünaslıq “Geriyə baxma, qoca”
romanı haqqındakı təhlillərində ”geriyə
baxmağa dəyər” qənaətindən
çıxış edir və xalqımızın tarixinin
mühüm bir dövrü haqqında bədii həqıqətlərin
romanda yer almasına dair yekun qənaətə gəlir.
Müəllifi, hər
şeydən əvvəl, milli varlığın tarixi
xarakteri haqqındakı həqiqətlər
düşündürür. “Möhnət qocanın
nağıllar”ında canlanan ”aranlı-yaylaqlı Qarabağ”
obalarındakı nəsillərin yaşam tərzi
xalqımızın həyat yolu, adət və ənənələri
ilə bağlı təsəvvürlərimizi
dolğunlaşdırmağa, milli yaddaşımızı
oyandırmağa xidmət edir.
Müasir oxucu öz
zamanından fərqli bir “dünyanın” sehrinə
düşür. Bu dünyanın qanunları tamam
başqadır. Kərbəlayi İbixanların, Xəlsə
nənələrin, Səkinələrin, Xanım
arvadların, Qaçaq Xanmuradların, yüzbaşı Bəndalıların,
Bayram kişilərin təmsil etdiyi bu həyat, ilk növbədə,
təbiiliyi və səmimiliyi ilə seçilir. Burda mərdlik,
igidlik, sözübütövlük, namus, qeyrət,
böyüklük-kiçiklik, kişilik sıfətləri
hələ qüvvədədir. Bu həyatda adam öldürən
də, qız qaçırdan da, oğurluğa gedən də,
qisas alan da mərdlik qanununa əməl edir. Bu qanunu
tapdayıb namərdlik yolunu tutanlar dərhal öz cəzasını
alır. Bu cəza ölüm olsa belə, mühit, insanlar onu
təbii və sakit qarşılayırlar. Qonağı
olduğu Kərbəlayi İbixan ailəsinin nişanlı
qızına tamah salan Murovun atının quyruğu dərhal
kəsilir: Öz hərəkəti ilə elin-obanın
başını uca edən, adət-ənənələrə
həssas yanaşan adama isə hər cür qayğı, diqqət
göstərilir. Beləsinə həmişə yuxarı
başda yer ayrılır.
Əlbəttə,
yazıçı bu həyatı idealizə etmir. Onu problemləri
və faciələri ilə birlikdə oxucu mühakiməsinə
verir, qan davalarının yaratdığı müsibətlərə
diqqəti çəkir. Ümumi halda insanın öz
insanlıq təbiətinə sədaqəti,
saflığını və inamını qoruyub saxlaya bilməsi
müəllifi daha çox maraqlandırır, oxucunu daha
artıq cəlb edir.
Romanın ümumi
kontekstindən aydın olur ki, Muradın ailəsinin
(ümumiyyətlə isə, insanların) “xoşbəxt
olduqları” zaman dünyanın dəyişməsindən, ”təzə
günlər”dən əvvəlki zamandır. Çar
hökumətinin nüfuz etdiyi, lakin patriarxal həyat
qanunlarını dəyişməyə müvəffəq
olmadığı zamandır.
İkinci zaman öz
başlanğıcını sovet hökumətinin gəlişindən
götürür. İnsanların gözəl hisslərini əzaba,
kədərə, kinə, nifrətə döndərən qəddar
“səbəb” də bu zamanla bağlıdır. Sovet hökuməti
öz gəlişi ilə insanlar – ailələr, nəsillər,
tayfalar arasında nifaq salır. Həmin qəddar səbəb
insanlar arasına nifaq toxumu – sinfi ayrı-seçkilik – ziddiyyət
toxumunun səpilməsıdir. Özünü yoxsulların
hamisi, varlıların düşməni kimi təqdim edən
siyasi qurum az bir zaman içərisində insanları iki qismə
ayıraraq bir-birinin üzərinə salır. Həyatın
təbii inkişaf qanunu pozulur. Tacir Abdullanın bütün
ömrü boyu qazandıqlarını yoxsul qardaşı
Qubad bir gecənin içində mənimsəyir. Məsələ
bu “mənimsəmə”də deyil. Qardaş qardaşa
düşmən olur. İnsanların bir qisminin – varlı,
istismarçı, kulak adı ilə damğalananların
bütün hüquqlarını əlindən alıb
başqa bir qisminin – yoxsulların onların üzərinə
qaldırılması nəticə etibarilə milli əxlaqa zərbə
endirir, insanın insana inamını öldürür.
Romanda Qaçaq Xanmurad
XIX əsr boyu və XX əsrin əvvəllərində Azərbaycanda
geniş yayılmış qaçaqçılıq hərəkatı
haqqında təəssüratımızın dəqiqləşməsində
və dolğunlaşmasında əhəmiyyətli rol oynayan
bir obraz kimi maraqlıdır. O, Qaçaq Kərəm,
Qaçaq Nəbi və b. qaçaqların ümumiləşdirilmiş
obrazı kımi düşünülməsə də,
qaçaqçılıq hərəkatı və qaçaq
xarakterini kıfayət qədər aydınlıqla təsəvvür
etməyə imkan verir. Xanmuradın qaçaq düşməsinin
səbəbləri də, mübarizə hədəfi və
üsulları da, şəxsi keyfiyyətləri də tarixi həqiqətlərlə
üst-üstə düşür. Müəllifin qaçaq
hərəkatının milli səciyyəsini açmaq təşəbbüsü
razılıq doğurur.
Qaçağın
kişilik, mərdlik qanunlarına köklənən, təmənnasızlığından,
milli heysiyyət və qürurundan qidalanan hərəkətləri
adamlarda ona böyük məhəbbət hissi
yaradırdı. Qaçaq haqqında həmin məhəbbətdən
mayalanan “əfsanə və rəvayət”lər yaranır və
bu da Muradın Xanmurada münasibətınin müəyyənləşməsində
həlledici rol oynayırdı. Məhz bu kontekstdə obraz
öz təbiiliyi və tarixi həqiqətə
uyğunluğu ilə mənalı görünür.
Muradın Qaçaq
Xanmuradı “xilaskar qəhrəman” kimi qəbul edə bilməməsi
və bu rolu “qırmızı ordunun soldatlarına” verməsi
romanın zahiri məntiqini, müəllif qayəsinin üst
qatını əks etdirir. Qırmızı ordu komandirinin
“qardaşlıq” və “torpaq” vəd edən
çıxışında sovet hökumətinin humanist təbiətini
göstərmək cəhdi də bu məntiqi tamamlayır.
Müəllif sovet
hökumətinin Azərbaycana gəlişinin ciddi müqavimətlə
qarşılandığını, heç də xilaskar
rolunda görülməməsi məsələsinə diqqəti
çəkir. Bayram bəy ətrafındakı adamlarla
söhbətində deyir: – Kəhrizli Ayna xanıma dedim ki,
farağat oturun. Camaatı qırğına verməyin, bu
selin qabağında durmaq mümkün deyil. Arvad beş
yüz atlı ilə Bərdəni kəsdi ki, mən
“Qızıl ordunu Qarabağa
qoymayacağam”...Böyük-böyük dövlətlər
bolşeviklərlə bacarmır, amma bu arvad beş yüz
atlı ilə onun qabağını saxlamaq istəyir...".
Ayna xanımın hərəkəti
öz vətənini, doğma torpağını müstəmləkəçi
rejimdən qorumaq, onunla ölüm-dirim savaşına girmək
istəyini əks etdirir. Ayna xanımın timsalında
bolşevizm bəlasına qarşı çıxan millət
fədailərinin obrazının ümumiləşdırildiyini
də nəzərə almaq lazım gəlir. Dünyagörmüş,
böyük bir mahalda ağsaqqal kimi qəbul edilən Bayram bəyin
sözləri zahirən bolşevizmə loyal münasibət
ifadə edir. Əslində isə həmin sözlər
(Camaatı qırğına verməyin; Bu selin
qabağında durmaq mümkün deyil;
Böyük-böyük dövlətlər bolşeviklərlə
bacarmır) sovet hökumətinin Azərbaycanı hərbi
qüvvə ilə və həm də qan tökərək ələ
keçirməsi həqiqətini ifadə edir.
“Geriyə baxma, qoca”
romanında əks olunan estetik qayə “Üçatılan”
povestində daha aydın və sərrast ifadəsini tapır.
Bu mənada, povestin “Geriyə baxma, qoca” romanının məntiqi
davamı hesab edilməsində qanunauyğunluq vardır. Bununla
belə, “Üçatılan” povestində bədii təsvirin
mərkəzinə çəkilən zaman kəsiyi “Geriyə
baxma, qoca” romanında inikas olunan zaman deyil. Romanda bədii təcəssümünü
tapan zaman geniş əhatəlidir, tarixi bir dövrdür,
epoxal xarakter daşıyır. Yuxarıda qeyd etdiyimiz kimi, təxminən
XIX əsrin ikinci yarısından Azərbaycanda sovet hökumətinin
qurulmasının ilk illərinə qədərki zamandır.
”Üçatılan” povestində hadisələrin təhkiyəsi
“Geriyə baxma, qoca”da təhkiyənin sona yetdiyi zamandan
başlanır. Yəni povestdə İ.Əfəndiyev
ictimai-siyasi proseslərin sonrakı davamını bədii təhlil
müstəvisinə gətirir. “Üçatılan”da
feodal-patriarxal münasibətlərin hakim olduğu zamanın
və sovet hökumətinin ilk illəri yox, sinfi mübarizənin
şiddətləndiyi və kollektivləşmə hərəkatının
başladığı illər bədii təhlil obyekti kimi
götürülür. Bu isə, ictımai-siyasi proseslərin
sürətlə dəyişdiyi bir vaxtda əhəmiyyətli
zaman fərqi deməkdir. “Üçatılan” povestindəki
sosial mühit hətta ”Geriyə baxma, qoca”nın əhatə
etdiyi son zaman kəsiyindəki mühitdən də fərqlənir.
Sovet hökumətinin gəlişini “Geriyə baxma, qoca”da
hirs-hikkə ilə qarşılayanlar, ən yaxşı halda
gözləmə mövqeyi tutub mütərəddid mövqe
nümayiş etdirənlər ”Üçatılan”da artıq
baş verənləri gerçək həqiqət kimi qəbul
etmək məcburiyyətində qalmışlar. Povestdəki
müxtəlif xarakterli və mövqeli obrazların dilində
tez-tez səslənən “indi əyyam başqadır” sözləri
bu həqiqətin ifadəsi olmaqla, mühit və şəraitin
dəyişdiyini göstərir. “Üçatılan” əsəri
müəyyən mənada bu dəyişən mühit və
şərait haqqında povestdir, dəyişən zamanın həqiqətlərini
üzə çıxarmaq məqsədi ilə
yazılmışdır.
“Üçatılan”da
təhkiyənin ahənginə istıqamət verən
sosial-siyasi proseslərdir. Povestdə bu proseslərin insanlara
psixoloji təsiri izlənilir. Zamanın və hadisələrin
dəyişmə sürəti onların lazımınca idrak
olunmasına imkan vermir. Bu cəhət insanları çətinliyə
salır və onlar üçün əlavə problemlər
yaradır. İkinci bir tərəfdən, həyatın və
yaşayışın yeni meyarları və
ölçüləri meydana çıxır. Həm də
bu proses təbii şəkildə baş vermir, insanların
başının üstünü qəfil alır və
onları çıxılmaz vəziyyətə salır. Buna
görə də geniş kütlə vəziyyəti idrak edə
bilmir, çıxılmazlıq içində vurnuxurdu. Zamanın
mürəkkəbliyi və insanın sosial düşüncəsindəki
psixoloji gərginliyin əsas səbəbi də bununla müəyyən
olunurdu. Yaranmış namüəyyənlik insanların hərəkət
və düşüncəsinə də namüəyyənlik
gətirir. Nə etmək lazım gəldiyini bilməyən
adamlar psixoloji gərginlik girdabında çabalayırlar.
Povestdə kollektivləşmə
uğrunda mübarizə hərəkatı da sinfi mövqelərin
kəskin toqquşması, əks qütblərin ehtiraslı
münasibətləri mövqeyindən təsvir olunmur. Kollektiv
təsərrüfatın onların mənafeyinə
olub-olmayacağı məsələsi obrazların
düşüncəsini ardıcıl olaraq məşğul
edir. Demək olar ki, böyük əksəriyyət kolxoz məsələsinə
ümidverici yox, şübhəli nəzərlə
yanaşır. Mümkün qədər gözləmə
mövqeyi tutur, bu mümkün olmayanda isə kolxoza daxil
olurlar. Bu “daxilolma” prosesinin psixoloji tərəfi povestdə
daha çox “tədqiq” obyekti olur.
Kollektiv təsərrüfatın
üstünlüyü, kolxoz olandan sonra hamının daha
yaxşı yaşayacağına dair şura həqiqəti də
ictımai düşüncədə özünə
asanlıqla yer tapa bilmir. Adamlar “kollektivləşmə olanda
hamı yaxşı işləyəcək. Ümumi təsərrüfatı
özününkü bilib, can yandıracaq”, ”kollektivləşəndən
sonra adamların şüuru dəyişiləcək, adamlar
anlayacaqlar ki, yaxşı dolanışıq üçün
hamının yaxşı işləməsi lazımdır”
sözlərindəki məntiqi reallıq kimi qəbul edə
bilmirlər. Adamlar daha real düşünür, uzun illərin
həyat təcrübəsi və mühitlə sıx təmas
onları daha konkret nəticələrə gəlməyə
və illüziyalara aldanmamağa sövq edir.
Müəllif sosial
düşüncəni saran suallara cavab nöqteyi-nəzərindən
konkret bir insanı povestin əsas qəhrəmanı kimi
götürür. Ərşadın ictimai-siyasi proseslər
burulğanında keçən həyatını zamanın
insanın tale yolu kimi ümumiləşdirir. Ərşad
savadsız olsa da, təhkiyəçinin “dünyadan xəbəri
olmayan Ərşad” kimi təqdıminə rəğmən,
biz onu reallığı qiymətləndirməyi bacaran
ayıq şüurlu bir gənc kimi görürük. Ərşadın
kolxoza daxil olması kollektiv təsərrüfatın
üstünlüyünü qəbul etməsi ilə bağlı
deyil. Bir neçə günün içində Hacı
Tanrıverdınin bütün var-dövlətini əlindən
alıb onu ”Üçtoqqa İman kimi lütün biri”nə
çevirən şura hökumətinin gücü
qarşısında geriyə çəkilmək stixiyası
ilə bağlıdır. Bu, əlbəttə, qorxaqlıq
göstəricisi deyil, riyakarlıq, gizli düşmənçilik
də deyil. Bu, zamanın kəc rəftarı ilə
barışmaq məcburiyyətidir.
Ərşadın hərəkətləri
el adət-ənənələri, daha çox isə
kişilik, mərdlik qanunları ilə tənzimlənir. O,
ona tapşırılan mal-heyvana, kolxoz malı kimi yox, el
malı kimi yanaşır. Ərşadın təsəvvüründə
isə el malına xəyanət yoxdur. İkinci bir tərəfdən,
çobanlıq etməyə razılaşıbsa, daha
sözündən dönmək mümkün deyil. Sözüdönüklük
namərdlikdir. Ərşadın kolxoz sürüsünü
qaçaq-quldurdan qorumaq üçün
çalışması sinfi şüurun yox, mərdlik qanununun,
sözünə sahib çıxmaq stixiyasının əlamətidir.
Ərşadın
xarakteri elədir ki, o, hər çətinliyə dözər,
hər cür əzab-əziyyətə qatlaşar, lakin
heysiyyətinə toxunan bircə sözü həzm edə
bilməz, hətta bu, ona həyatı bahasına başa gəlsə
belə. Povestdə Ərşadın hökumətdən
qaçaq düşməsi də onun xarakterindəki bu
bütövlüklə bağlıdır. Təkbaşına
dörd qaçağa qarşı vuruşub kolxoz
sürülərini xilas edən zaman Ərşad hökumət
adamlarından təşəkkür gözləməsə də,
təhqir də gözləmir. Lakin milis rəisi Veysəlin
ona şübhəli və təhqıramiz münasibəti Ərşadın
səbr kasasını doldurur. O, rəisə tabe olmaqdansa,
qaçaq düşməyi üstün tutur. Ərşadın
hökumət nümayəndələri tərəfindən
zorən qaçaq edilməsi sosial ədalətsizliyin göstəricisidir
və zamanın amansızlığını və mürəkkəbliyini
ifadə edir.
İ.Əfəndiyev Ərşadı
öz təbiəti və mühitinin övladı kimi təsvir
edir. Obrazın xarakterini milli-tarixi ənənədən,
kökdən ayırmır. Onun milli səciyyəsinin mürəkkəbliklərini
açmağa çalışır, obrazın xarakterinə
“sinfi şüur yetkinliyi” calamır. Ənənəvi kolxoz romanlarından
fərqli olaraq onda “sinfi şüurun getdikcə inkişaf
etdiyini” və “əsərin sonuna doğru sinfi şüurca
yetkin qəhrəman” obrazına çevrilmə prosesini əks
etdirməyə can atmır. Bütün bunların əvəzində
İ.Əfəndiyev canlı və eyni zamanda, milli xarakteri səciyyəvi
cizgiləri ilə inikas obyektinə çevirir.
Ərşad
Sarıqaçağın əlindən “çox
yanıqlı” olsa da, Veysəlin onu namərdcəsinə
öldürmək təklifi ilə razılaşmır. Ərşada
görə, Sarıqaçağı öldürmək olar,
ancaq mərdi-mərdanə, üzbəüz döyüşdə.
Veysələ dediyi sözlər Ərşadın xarakteri
haqqında tam təsəvvür yaradır: – Düzü, nəçərnik,
kim olur-olsun, adamı namərdliklə öldürmək
arıma gəlir. O vaxt qaçaq Nəbini yatdığı
yerdə vurub qaçana el-oba indi də lənət oxuyur.
Ərşad üzbəüz
döyüşdə gülləsi qurtaran
Sarıqaçağı tutur. Sarıqaçaq onun
qabağına düşüb getməkdən boyun
qaçıranda Ərşadın onu öldürməyə əli
gəlmir. O, Sarıqaçağı buraxır. Ərşad
inqilab qəhrəmanı deyil, o, sadəcə öz təbiətinə
sadiq milli xarakterdir. Hansı rakursdan yanaşılsa, Ərşadın
Sarıqaçağı öldürməməsi onun milli
xarakterinin davamlılığının göstəricisidir.
İ.Əfəndiyev
Hacı Tanrıverdini tərəkəmə obalarının
varlı insanlarının ümumiləşdirilmiş
obrazı kimi yaradır və sovet hökumətinin gəlişi
ilə onun və onun kimilərin düşdüyü
acınacaqlı vəziyyətin realist təsvirini verir. Yazıçı
heç bir halda Hacı Tanrıverdini “düşmən” kimi
xarakterizə etmir. İ.Əfəndiyev Hacı Tanrıverdini
son dərəcə canlı və bütöv bir xarakter kimi əks
etdirir. Məlum olur ki, Hacı Tanrıverdi tərəkəmə
obalarının sayılıb-seçilən, ”dağdan
ağır” kişilərindəndir. Yazıçı bu
reallıq haqqında həqiqəti ifadə edir. Bu həqiqət
isə Hacı Tanrıverdiyə nifrət hissi təlqin etmir. Əksinə,
düşdüyü faciəli vəziyyətlə
bağlı Hacı Tanrıverdi və onun ailəsinin taleyi
oxucuda ağrılı hisslər yaradır. Hacı
Tanrıverdinin kiçik oğlu Fərhadın
Sarıqaçağa çevrilməsinin, müəyyən mənada
çılğınlaşmasının və hətta
amansızlaşmasının obyektiv səbəblərini də
görməmək, hiss etməmək mümkün deyil. Bu səbəbdən
Fərhadı “düşmən” obrazı kimi yox, tragik obraz
kimi qavrayırıq. Ərşad da Fərhadın bu vəziyyətə
düşməsinin səbəblərini təhtəlşüur
olaraq başa düşür və buna görə də, hər
şeyə rəğmən, onu öldürməyə ”əli
qalxmır”.
Povestdə Ərşadın
silahı – üçatılan da simvolik obraz səviyyəsində
iştirak edir. Əsərdə hadisələrin
inkişafı və konfliktin yaranmasında əhəmiyyətli
detal rolu oynayır. Bu köhnə tüfəngə münasibət
obrazların iç dünyasının, mənəviyyatının
açılışına təkan verir. Povestdə
üçatılan, ilk növbədə, milli-tarixi
varlığımızı yaşatmağın zəruriliyi
ideyasını simvollaşdırır. Üçatılan,
digər bir mənada isə, mərdlik, kişilik
dünyasının simvolu kimi canlanır. Hər iki halda
üçatılan milli yaddaşımızı
simvollaşdırır.
Təyyar SALAMOĞLU
filologiya elmləri
doktoru
Xalq qəzeti.- 2009.- 7 iyun.- S. 5.