Ədəbiyyatımızın yorulmaz tədqiqatçısı
Bu il 60 yaşı tamam
olan tanınmış filoloq-alim Nazif Qəhrəmanlı dəyərli
araşdırmaları, orijinal tədqiqat üslubu ilə
görkəmli sələflərinin yolunu inam və ləyaqətlə
davam etdirir.
Filologiya elmləri
doktoru Nazif Qəhrəmanlının tədqiqatçı
portretinin özünəməxsus cizgiləri var; bu cizgiləri
şərtləndirən amillər, hər şeydən əvvəl,
onun yaradıcılığının çoxşaxəliliyi
və çoxjanrlılığı ilə səciyyələnir.
Ədəbiyyat tarixçisi, nəzəriyyəçisi,
nasir, redaktor, tərcüməçi, tərtibçi və
s. fəaliyyət sahələrini özündə birləşdirən
alimin portreti onun haqqında bu gün ədəbi-elmi
mühitimizin əsas simalarından biri kimi söz
açmağa imkan verir. Otuz ildən çoxdur ki, o, məsuliyyətlə
və eyni zamanda alim vicdanının səsinə qulaq asaraq dəyərli
məqalələr, monoqrafiyalar yazır, elmi və bədii əsərlər
tərcümə edir, tərtiblə məşğul olur,
redaktor kimi çoxşaxəli fəaliyyət göstərir.
N.Qəhrəmanlı hər
şeydən əvvəl bir ədəbiyyat tarixçisidir;
minilliklərdən gələn bədii fikrimizin tarixinin və
tarixçiliyinin nəzəri və təcrübi aspektləri,
ən müxtəlif problemləri ilə məşğul
olur, ədəbiyyat tarixinin əsasını təşkil edən
bədii təcrübə və onun nəzəri dərki
problemlərini araşdırır. Çağdaş ədəbiyyatşünaslığımızda
bu problemi konseptual şəkildə tədqiq edən, ədəbiyyata,
ədəbiyyat tarixinə yeni, elmi baxış ifadə edən
N.Qəhrəmanlı Azərbaycan ədəbiyyatı tarixinin
keçdiyi inkişaf yoluna nəzər salır, Şərq
tipli ədəbiyyat tarixinin getdikcə öz yerini Qərb
tipli ədəbiyyat tarixinə verməsinin səciyyəvi cəhətlərini
əsaslandırır. Yeni tipli ədəbiyyat tariximizin
formalaşma problemləri və onun mərhələlərinə
tədqiqatçının özünəməxsus
yanaşması da kifayət qədər elmidir.
N.Qəhrəmanlı ədəbiyyat
tarixinin dövrləşdirilməsində milli ədəbi
düşüncədən çox rus tarixinə, siyasi hadisələrə
üstünlük verilməsi, ümumi stereotiplərin
şamil olunması, marksist tarixçi metodologiyaların tətbiqi
məsələlərini də araşdırır. Bütövlükdə
ədəbiyyatşünas alim milli ədəbiyyat
tarixçiliyinin inkişaf dinamikasını ədəbi təkamül
aspektində izləməyə çalışır, genezis,
inkişaf və dövrləşdirmə baxımından tədqiq
edir, “Azərbaycan ədəbiyyatı tarixi”
anlayışının termin, problem və konsepsiya olmaq
etibarilə mahiyyətini elmi-nəzəri şəkildə
ortaya qoyur. Maraqlıdır ki, tədqiqatçı alim ədəbiyyat
tarixçiliyimizin inkişafında, formalaşmasında rolu
olan B.Çobanzadə, Ə.Abid, H.Zeynallı, İ.Hikmət,
Ə.Nazim, A.Musaxanlı, M.K.Ələkbərli, C.Əfəndizadə
və başqaları haqqında həm də ayrıca tədqiqatlar
aparmış, bu ədəbi simaların ədəbiyyat
tarixçiliyi məktəbindəki xidmətlərini,
mövqeyini müəyyən etmişdir. Problemin
araşdırılması ilə uzun müddət məşğul
olan ədəbiyyatşünas alimin “Milli ədəbiyyat
tarixçiliyi (genezis, inkişaf və dövrləşdirmə
problemləri)” (1996) və “Ədəbiyyat tarixçiləri
və tarixləri” (1999) monoqrafiyaları bu sahədə
atılan ciddi addımlardan hesab olunur.
N.Qəhrəmanlının
həm də 20-30-cu illər ədəbi prosesi ilə
bağlı araşdırmaları ədəbiyyat tarixinin bu mərhələsinin
öyrənilməsində xüsusi əhəmiyyətə
malikdir. Belə ki, bir çox tədqiqatçıların həmin
dövrə yanaşmasında ideoloji meyllərin hələ də
qalmasına rəğmən, N.Qəhrəmanlı
dövrün ədəbi prosesinə tarixi və müasir
kontekstlər prizmasından dəyər verməyə
çalışır. “Azərbaycanda ədəbi cəmiyyətlər”
monoqrafiyası problemə həsr olunmuş ilk araşdırma
olmaqla bu sahədə olan boşluğu tamamilə doldurur.
N.Qəhrəmanlının
bir tədqiqatçı alim kimi
yaradıcılığını səciyyələndirən
əsas faktorlardan biri porter-monoqrafiya ustası olmasıdır;
bu monoqrafiyalar həm də Azərbaycan ədəbi, ictimai
fikrində özünəməxsus yeri olan şəxsiyyətlərə,
bir qədər konkretləşdirsək, haqqında az
yazılmış, ya heç yada salınmamış, eləcə
də taleyi gətirməmiş insanlara həsr olunur, həm də
müəllif bunu ürəyinin hökmü, alim vicdanı və
vətəndaşlıq borcu olaraq edir. Bu mənada ədəbiyyatşünas
alimin B.Çobanzadə, M.Rəfili, Ə.Cavad,
M.Müşfiq, A.İldırım, N.Yusifbəyli və
başqaları ilə bağlı araşdırmaları
elmiliklə bədiiliyin sintezi, eləcə də faktoloji və
elmi sanballılığı ilə yadda qalır.
Azərbaycan
poeziyasının görkəmli nümayəndələri Əhməd
Cavad, Mikayıl Müşfiq, Almas İldırıma həsr
olunmuş “Üç budaq” monoqrafiyası bu cəhətdən
təqdirəlayiqdir.
Qeyd etdiyim kimi, N.Qəhrəmanlı
həmişə ədəbiyyatşünaslığımızda,
elmi-nəzəri fikrimizdə az öyrənilmiş problemləri
özünün tədqiqat obyekti seçir və onları
konseptual şəkildə tədqiq etməyi üstün
tutur. Bu mənada onun Azərbaycan Xalq Cümhuriyyətinin əsas
yaradıcılarından biri, 1920-ci ildə erməni terrorunun
qurbanı olmuş Nəsib bəy Yusifbəylinin həyatı,
ictimai-siyasi fəaliyyəti və bədii
yaradıcılığını əks etdirən “Nəsib
bəy nümunəsi” kitabını (2008) xüsusi qeyd etmək
lazımdır.
XX əsr Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndələrindən biri,
haqqında çox az yazılmış və az tədqiq
edilmiş şair Səməd Mənsurun həyat və
yaradıcılığı ilə bağlı
yazdığı “Bir ömrün rəngləri” (2000) tədqiqatını
da portret-monoqrafiyalara aid etmək olar. Eləcə də
görkəmli ədəbiyyatşünas, şair Mikayıl Rəfilinin
həyatı, yaradıcılığı alimin sevə-sevə
yazdığı “Mikayıl Rəfili” (1998) monoqrafiyasında
təhlil və tədqiqat obyekti olmuşdur. Ədəbiyyat nəzəriyyəsi
sahəsində boşluğun olduğunu hiss edən alim indiyədək
“Ədəbiyyatşünaslığa giriş” və “Ədəbiyyat
nəzəriyyəsi” kitabını nəşr etdirib (2008). Müəllif
burada ədəbiyyat nəzəriyyəsinin müxtəlif problemləri
– bədii ümumiləşdirmə və tipiklik, ədəbi
növlər və janrlar, bədii üslub, metod və
dünyagörüşü, ədəbi məktəb, istiqamət
və cərəyanlar, poetika, ədəbiyyatşünaslığın
tarixi və metodologiyası və s. problemləri nəzəri
istiqamətdə təhlil edir.
N.Qəhrəmanlının
yaradıcılığı bunlarla məhdudlaşmır;
onun müəllim, teatr xadimi, dramaturq Səkinə xanım
Axundzadəyə həsr etdiyi kitab, doğulub boya-başa
çatdığı Qubaya həsr olunmuş nəğmələr
toplusu, bədii yaradıcılığı (hekayə, povest,
pyes və s.), onlarla elmi, publisistik məqalələri, proqram
və dərslikləri və s. onu bir elm və sənət
adamı kimi tanıdır. Rus dilindən tərcümə
etdiyi M.Rəfilinin “M.F.Axundov” monoqrafiyası, V.Yanın
“Kurqanlardan gələn işıq” tarixi romanı onun bu sahədəki
fəaliyyətinin dəyərli faktı olaraq diqqət
çəkir. N.Qəhrəmanlının həm də
geniş bir redaktorluq fəaliyyəti var; Azərbaycan Sovet
Ensiklopediyasında uzun müddət redaktorluq etməklə
yanaşı, bir çox ensiklopediyaların, kitabların da
redaktoru olmuşdur.
Bütün bunları
Nasif Qəhrəmanlı altmış illik ömrünün ən
mənalı çağlarını sərf etməklə, ədəbiyyata
sonsuz sevgisilə, istedadı və gərgin zəhməti, cəfakeşliyi
hesabına qazanmışdır. O, bu gün də eyni həvəs
və zəhmətlə, cəfakeşliklə Azərbaycan bədii,
elmi düşüncəsinin xidmətindədir.
Bədirxan ƏHMƏDOV,
filologiya elmləri
doktoru,
professor
Xalq qəzeti.- 2009.- 7
iyun.- S. 6.