Böyük
qayıdışdan — anadangəlmə fitri istedada sahib olan
dünya şöhrətli siyasətçi Heydər Əliyevin
Azərbaycan xalqının təkidli tələbi ilə
hakimiyyətə qayıdışından on altı il
ötür. Bu qayıdış respublikamızın taleyində
xilasedici rol oynadığına görə tarixə
düşdü. Heydər Əliyevin hakimiyyətə yenidən
qayıdışı ilə qısa müddət ərzində
ölkədə asayiş bərpa olundu, vətəndaş
müharibəsi təhlükəsi aradan qaldırıldı,
şəxsiyyətin təhlükəsizliyinə təminat
yaradıldı, dövlət quruculuğu işlərinə
başlandı və demokratik cəmiyyətin inkişafı təmin
edildi.
Xalqımızın
böyük oğlunun hakimiyyətə
qayıdışını təkidlə tələb edənlər
ölkə həyatında belə qlobal dəyişikliklərin
baş verəcəyini əvvəlcədən bilirdilər. Həmin
inamı onlarda Heydər Əliyev Azərbaycana 1969-1982-ci illərdə
rəhbərlik edəndə öz dərin biliyi, işgüzarlığı,
prinsipiallığı, hadisələri düzgün qiymətləndirmək
və buna müvafiq hərəkət etmək
bacarığı ilə yaratmışdı.
Görkəmli siyasətçi
Azərbaycan KP MK-nın birinci katibi işləyərkən
öz şəxsi keyfiyyətləri ilə yalnız
respublikamızda deyil, o vaxtkı İttifaq dövlətində
də çoxlarının diqqətini cəlb etdi. O, Azərbaycan
üçün ən önəmli məsələləri
gündəliyə gətirir və onların
reallaşmasına çox ötkəmliklə
yanaşırdı. Həmin məsələlər əhatə
dairəsinə görə geniş idi: sənayenin
inkişafı və yeni sənaye sahələrinin yaradılması,
kənd təsərrüfatının yüksəlişi,
elmin və mədəniyyətin tərəqqisi, tikinti və
abadlıq işləri, əxlaq və mənəviyyat problemləri,
ölkəmizin dünya arenasında daha çox
tanıdılması... Və bunların hamısı
axırda bir nöqtədə birləşir, bir amala xidmət
edirdi: respublika əhalisinin maddi rifahının getdikcə
yaxşılaşdırılmasına. Getdikcə ona görə
deyirik ki, bu gün əldə olunanlar sabah Heydər Əliyevi
qane etmirdi, o istəyirdi ki, Azərbaycan xalqı bu gün
dünənkindən, sabah bugünkündən yaxşı
yaşasın.
Məhz belə
yanaşma sayəsində iqtisadiyyatın bütün sahələri
inkişaf etməyə başlamışdı. Ulu öndərin
ardıcıl, usanmaq bilməyən tələbləri və
çox böyük inadkarlığı sayəsində
İttifaq dövlətindən ayrılmış vəsaitdən
əlavə vəsait alınır, gübrələr, kənd
təsərrüfatı avadanlığı gətirilirdi. Bakıda
və ayrı-ayrı bölgələrdə müşavirələr
keçirilir, nöqsanların aradan qaldırılması
üçün tədbirlər görülür, əməkçilər
maddi və mənəvi cəhətdən həvəsləndirilirdi.
Adamlarda əməyə yeni münasibət
formalaşdırılırdı. Hamı inanırdı ki,
yalnız yaxşı işləməklə, bol məhsul
istehsal etməklə güzəranı
yaxşılaşdırmaq olar. Məhz bu inamla hərə
öz yerində qəhrəmana çevrilirdi. Bunun
müqabilində rifah da vardı.
Heydər Əliyevin səyi
sayəsində fabrik və zavodların avadanlıqları
modernləşdirildi. Bakı Metropoliteninin ilk növbəsi,
Bakı kondisionerləri zavodu, onlarca müəssisə
inşa edildi. Kür çayı üzərində yeni su
elektrik stansiyasının tikintisinə başlandı. Paytaxtda
əzəmətli binalar ucaldıldı, yeni mikrorayonlar
salındı. Azərbaycanı tanıtmaq məqsədilə
Bakıda ümumittifaq və beynəlxalq konfranslar, simpoziumlar
keçirildi. Elmin, mədəniyyətin,
səhiyyənin və təhsilin inkişafı təmin
olundu. Respublikanı yüksək ixtisaslı
kadrlarla təmin etmək üçün Sovetlər
İttifaqının böyük şəhərlərindəki
ən nüfuzlu ali məktəblərdə təhsil almağa
hər il yüzlərlə (axır vaxtlarda mindən
çox) gənc göndərildi. Ölkədə əliəyriliyə,
rüşvətxorluğa, korrupsiyaya qarşı
barışmaz mübarizə kursu
götürülmüşdü.
Azərbaycan
Respublikası rəhbərinin iş üslubunda bütün
bunlarla yanaşı sərtlik, tələbkarlıq, yorulmazlıq
və qarşıya qoyulmuş vəzifələrin yerinə
yetirilməsi üçün inadkarlıq vardı. Xalqımızın
bu böyük oğlunun belə fəaliyyəti sayəsində
Azərbaycan az bir vaxtda digər müttəfiq respublikalar
arasında önə çıxdı. Bunu o vaxt Sovet dövlətinin
rəhbərləri də görürdülər. İttifaq
dövlətində hər sahədə aşınma getdiyi
halda bizim respublikamızda səmərəli işlər
görülürdü. Və Sovetlər İttifaqının
hər yerində hamı yaxşı bilirdi ki, həmin işlərin
müəllifi Heydər Əliyevdir. Bu görkəmli siyasətçinin
fəaliyyətində uzaqgörənlik, qətiyyət və
insanlara sayğı sıx birləşmişdi. Heydər Əliyev
indiyə qədər keçilməmiş çox çətin,
lakin son nəticədə fərəhli bir yolla gedirdi. Elə
bir yolla ki, onu yalnız Heydər Əliyev gedə bilərdi. Neçə
illər sonra rus jurnalisti Aleksandr Budberq “Moskovskiy komsomolets” qəzetində
bunu belə ifadə edəcəkdi: “Heydər Əliyev elə
tarixi şəxsiyyətlərdəndir ki, onu bir nümunə
kimi göstərmək olar. O, Makiavellinin traktatlarına
canlı nümunə təsiri bağışlayır.
Hakimiyyətə gəlmək istəyən insanlar onun təcrübəsini
araşdıra və öyrənə bilərlər. Amma bunun
çətin ki, təkrarı olsun. Çünki
bütün başqa istedadlar kimi, siyasətçi istedadı
da anadangəlmədir, fitridir”.
Heydər Əliyev ən
çətin anlarda düzgün seçim edə bilirdi. Sabahkı
günə – bu gün görülən işlərin tərəqqiyə,
xoş güzərana xidmət etdiyinə adamları
inandırmağı bacarırdı. Buna görə də
İttifaq dövlətinin başında duranlar Azərbaycan rəhbərini
Moskvaya aparıb ən məsul sahələrdən birini ona həvalə
etmək qərarına gəldilər. Heydər Əliyev
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini oldu,
Sov.İKP MK Siyasi Bürosuna üzv seçildi. Biz onun
Moskvadakı fəaliyyətini geniş xatırlatmaq istəmirik.
Bircə onu demək istəyirik ki, o adamlar tarixə
düşürlər ki, ən çətin anlarda da – hər
bir hərəkətinə nəzarət edildiyi, əl-qol
açmağa imkan verilmədiyi vaxtlarda da öz xalqına sədaqətlərini
nümayiş etdirə bilirlər. Heydər Əliyev belə
şəxsiyyətlərdən idi. O, gah Sovet dövlətini
xarici ölkələrdə təmsil edən ən nüfuzlu
nümayəndə heyətinə başçılıq
edir, gah Baykal-Amur magistralının tikintisinə baş
çəkir, gah Qara dənizdə “Admiral Naximov” gəmisinin
qəzaya uğrama səbəblərini araşdıran
hökumət komissiyasına rəhbərlik edirdi. Bununla belə
doğma Azərbaycanı bir an da olsa yaddan
çıxarmırdı.
Xalqımızın böyük oğlunun xarakterindəki ədalətsizliklərə qarşı barışmazlıq İttifaq dövlətinin rəhbərlərindən biri olarkən də özünü çox tez göstərdi. O, Moskvanın müttəfiq respublikalara, xüsusən də Qafqaz və Orta Asiya respublikalarına qarşı ayrı-seçkilik siyasətinə heç cür dözə bilmir, yeri gələndə ölkə başçısına qədər öz etirazını çatdırırdı. Ölkədə çoxları artıq SSRİ xarici işlər naziri görkəmli diplomat A.A.Qromıko kimi düşünməyə başlamışdı – Heydər Əliyev Sovet dövlətinə rəhbərlik edəcək ən layiqli namizədlərdən biridir. Təbii ki, bu bir çoxlarında qısqanclıq yaradırdı. Qorbaçov başda olmaqla Moskvanın yüksək vəzifə sahibləri Heydər Əliyevi vəzifədən uzaqlaşdırmaq, getdikcə ona rəğbəti artan ölkə ictimaiyyətinin gözündən salmaq üçün səyləri birləşdirdilər. Görkəmli siyasətçi Sovetlər birliyində kiminsə gözündən uzaqlaşdırıldı, öz həmvətənlərinin – azərbaycanlıların isə yox. Çünki onun qəlbi daim öz həmvətənlərinin qəlbi ilə birgə vururdu. Bunu 1990-cı ilin 20 yanvar Bakı faciəsi bir daha sübuta yetirdi. Xəstə olmasına baxmayaraq ailə üzvləri ilə birlikdə Moskvadakı Azərbaycanın daimi nümayəndəliyinə gəldi, xalqının dərdinə şərik olduğunu bildirdi, həmin qanlı olayı törədənləri ittihamladı.
Artıq Moskva mühiti Heydər Əliyevi sıxırdı. O, belə sıxıntı içərisində yaşamaq istəmirdi, daha doğrusu, yaşaya bilmirdi. Buna görə də Azərbaycana gəldi. Bakıda bəzi çətinliklərlə üzləşdiyi üçün Naxçıvana getdi. Qədirbilən xalqımız görkəmli siyasətçini respublika Ali Sovetinə deputat, Muxtar Respublika Ali Sovetinə sədr seçdi. Heydər Əliyev həmin vəzifədə bir sıra cəsarətli addımlar atdı: dövlət bayrağının və dövlət gerbinin qəbulu, SSRİ-nin saxlanmasına dair referendumda iştirak etməmək xalqımızda öz böyük oğluna rəğbəti daha da artırdı. Bu elə bir vaxt idi ki, Dağlıq Qarabağ ətrafında başlayan müharibə Azərbaycanı əldən salmışdı. AXC-Müsavat iqtidarının səriştəsizliyi hər addımbaşı özünü göstərirdi. Ölkə hərbi klanların komandirlərinin əlində oyuncağa çevrilmişdi. Onlardan biri də öz puluna kiçik bir ordu saxlayan və bu ordu üçün Rusiya hərbçilərindən silahlar alan Surət Hüseynov idi. O heç kəslə hesablaşmırdı. Əbülfəz Elçibəy hakimiyyətinin bəzi gedişləri onun ürəyincə deyildi. Buna görə də öz ordusu ilə düşməni geri oturtmaq əvəzinə iqtidara “dərs vermək” fikrinə düşdü.
Tabeliyində olan texnikanı və hərbçiləri Bakıya istiqamətləndirdi. Bəzi rayonlarda hakimiyyəti ələ keçirdi.
O vaxt Vətənini, xalqını sevən elə bir adam tapılmazdı ki, bu vəziyyətdən çıxmaq barədə düşünməsin. Hamı da çıxış yolunu Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışında görürdü. Ayrı-ayrı ziyalılar Naxçıvana gedərək xalqımızın görkəmli oğlu ilə görüşür, ona öz fikirlərini bildirirdilər. 91 ziyalı isə Heydər Əliyevə məktubla müraciət etdi. Məktubda deyilirdi: “Siz bu gün siyasi, iqtisadi, hərbi və mənəvi blokada olan Naxçıvan Muxtar Respublikasını da məhz öz şəxsi nüfuzunuz və uzaqgörən diplomatik səriştənizlə qoruyub saxlayır və idarə edirsiniz. Bütün çətinliklərə baxmayaraq hələ Baltik respublikalarında belə qalan rus ordusunun Naxçıvandakı hissələrini Siz çox bacarıqla, qayda-qanunla yola saldınız. Qardaş Türkiyə və İranın köməyi ilə Naxçıvan əhalisini dözülməz vəziyyətdən çıxarırsınız. İstərdik ki, bu işləri bütün Azərbaycan üçün görəsiniz”.
Müstəqilliyə yenicə qovuşmuş, taleyi Tanrının ümidinə qalmış Azərbaycanda hakimiyyətsizlik, qarmaqarışıqlıq və hərc-mərclik baş alıb getdiyi bir vaxtda, hakimiyyətə gəlməli adam istər-istəməz ölkədəki vəziyyətə bir nəzər salmalı idi: Manatın məzənnəsi sürətlə aşağı düşür, bir sıra bölgələrdə separatçılıq əhval-ruhiyyəsi güclənir, cinayətkar ünsürlər meydan sulayır, insanlar etnik zəmində təqiblərə məruz qalır, hakimiyyət iddiasında olan qruplaşmalar arasında silahlı toqquşmalar baş verirdi. Bütün bunların nəticəsi olaraq Azərbaycanın yaşayış məntəqələri və rayon mərkəzləri bir-birinin ardınca düşmənə verilirdi. Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağı və ona bitişik rayonları işğal edirdilər. Adama elə gəlirdi ki, bu ümumi fəlakətdən, hakimiyyəti zor gücünə ələ keçirən, lakin bu yükün ağırlığını və məsuliyyətini dərk etməyən insanların cinayətkarcasına məsuliyyətsizliyi nəticəsində ölkənin düşdüyü çox ağır vəziyyətdən çıxış yolu yoxdur. Belə ağır bir vaxtda vətənin xilas işini boynuna götürmək cəsarətini Heydər Əliyev göstərdi. Bundan xeyli sonra görkəmli siyasi xadim, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə sabiq köməkçisi Zbiqnev Bjezinski xalqımızın böyük oğlu haqqında deyəcəkdi: “Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət — bir sözlə, şəksiz liderdir”. Məhz belə bir şəxsiyyət, belə bir lider xalqının dar günündə ona arxa dura bilərdi. Tarix göstərdi ki, xalqı da ona çiynini verdiyi bu ağır işin irəli aparılmasında əlindən gələn köməyi əsirgəmədi. Heydər Əliyev – Xalq, Xalq-Heydər Əliyev birliyi ölkədə yeni uğurların bünövrəsini qoydu.
Heydər Əliyevin hakimiyyətə qayıdışı sayəsində Azərbaycan xalqında ruh yüksəkliyi yarandı, xalq sanki ümidsiz olan bir vəziyyətdə perspektivləri gördü, onda gələcəyinə inam oyandı. Azərbaycan vətəndaşları dövlət başçısının sadiq müttəfiqləri oldular, özlərinə hörməti bərpa etmək üçün bütün iradələrini və həyat enerjilərini səfərbər etdilər. Ölkə dərin ictimai, siyasi və iqtisadi böhranı aradan qaldıra bildi, təcrid vəziyyətindən çıxdı və dünya birliyinə üzv oldu. Mötəbər beynəlxalq təşkilatlara qəbul olundu. “Mən həyatımın qalan hissəsini də xalqıma sərf edəcəyəm” – öz proqramını qısaca olaraq belə ifadə edən ulu öndərin yorulmaz fəaliyyəti sayəsində az bir vaxtda ölkədə sabitlik əldə edildi, cəbhədə atəşkəsə nail olundu, ordu quruculuğunda böyük uğurlar qazanıldı. Azərbaycanın yeraltı sərvətlərinin səmərəli istismarı sahəsində bütün dünyanın diqqətini cəlb edən addımlar atıldı.
1994-cü il sentyabrın 20-də – Heydər Əliyev
prezident seçildikdən heç bir il keçməmiş
ölkənin həyatında çox əhəmiyyətli
olan “Əsrin müqaviləsi” imzalandı. Cəmi üç
il ərzində müqavilələrin
sayı 16-ya çatdı. 14 ölkəni təmsil
edən 32 şirkət onların iştirakçısı
oldu. Ölkədəki sabitlik tərəqqi və
inkişafa stimul verdi. Hara
baxırdın qurub-yaratmaq hissi ilə yaşayan insanlarda
yüksək əhval-ruhiyyə duyulurdu. İnkişafımızın
və gələcək müvəffəqiyyətlərimizin
möhkəm və davamlı əsası qoyulurdu. Təəssüf ki, bu, kimlərinsə xoşuna gəlmirdi.
Hakimiyyəti əldən verənlər və
hakimiyyətə gəlmək iştahasında olanlar öz
çirkin istəklərini çox tez büruzə verdilər.
“Əsrin müqaviləsi” imzalanandan doqquz
gün sonra Milli Məclis sədrinin müavini Afiyəddin Cəlilovu
və yüksək rütbəli hərbi zabit Şəmsi Rəhimovu
terrorla öldürdülər. Milli Təhlükəsizlik
Nazirliyinin təcridxanasından dörd cinayətkarı
çıxarıb Rusiyaya qaçırdılar. 1994-cü ilin oktyabr ayında dövlət
çevrilişi cəhdinin qarşısı alındı.
1995-ci ilin martında yenidən belə bir
çevrilişə cəhd edildi. 1995-ci
ilin avqustunda Prezidentin təyyarəsini xaricdən qayıdarkən
Azərbaycanın hava limanı üzərində raketlə
vurmaq istədilər. Bunları törədənlər
Heydər Əliyev şəxsiyyətinin ağlı, cəsarəti,
hər cür çətinliklərdən məharətlə
çıxmaq qabiliyyəti ilə ifşa olundular. Belələri prezidenti xalqın gözündən
salmaq üçün dəridən-qabıqdan
çıxsalar da əlləri boşda qaldı.
Heydər Əliyev Azərbaycanın
böyük dövlətlər arasında məngənəyə
salındığı ağır bir vaxtda öz
xalqının, doğma respublikamızın xilaskarı kimi gəlmişdi.
O, ABŞ-a, Fransaya, İngiltərəyə, Almaniyaya,
Çinə və bir çox başqa dövlətlərə
rəsmi səfərlər etdi. Bir çox
dövlətlərin nümayəndə heyətlərini
ölkəmizdə qarşıladı. Xarici
dövlətlərin başçıları Azərbaycan rəhbərinin
simasında çevik və uzaqgörən bir siyasətçi
görür və onunla hesablaşmalı olurdular. Ümummilli liderimiz tədricən, qətiyyətlə,
amma təzyiqsiz məcbur edə bildi ki, onun özünə və
rəhbərlik etdiyi ölkəyə hörmət etsinlər.
Yaxın və uzaq dövlətlərin
başçıları başa düşürdülər
ki, Heydər Əliyevi asılı vəziyyətə salmaq
mümkün deyil və o, Azərbaycanın müstəqilliyindən
və özgürlüyündən heç vaxt imtina etməyəcəkdir.
Bu anlam qarşısında onlar Azərbaycana
öz münasibətlərini dəyişir və ölkəmizi
bərabərhüquqlu tərəfdaş kimi
görürdülər. Məhz Heydər Əliyevin
səyi sayəsində Azərbaycan regional iqtisadi, enerji, nəqliyyat
layihələrinin mərkəzinə çevrildi. Avropa – Qafqaz-Asiya nəqliyyat dəhlizi layihəsinin
həyata keçirilməsində ölkəmiz mühüm
rol oynadı. Bakı—
Azərbaycanın çox ağır vaxtında ölkəyə rəhbərlik işini öz üzərinə götürən Heydər Əliyev iqtisadiyyatda əsaslı islahatlar aparılmasını lazım bildi. Əlverişli sahibkarlıq mühiti yaratmaq üçün müvafiq tədbirlər gördü. Maliyyə-bank sistemində bir sıra yeniliklər tətbiq edildi, ölkənin milli valyutası olan manatın məzənnəsi möhkəmləndirildi. Dövlət büdcəsi vəsaitinin səmərəli istifadə olunmasını təmin etmək məqsədi ilə xəzinədarlıq sistemi yaradıldı. Vergi sistemində ciddi islahatlar aparıldı. Azərbaycan aparıcı dünya dövlətləri ilə iqtisadi, siyasi, mədəni əlaqələr qurdu, dünya birliyinin tam hüquqlu, nüfuzlu üzvlərindən birinə çevrildi. Bunu belə az bir müddətdə yalnız Heydər Əliyev kimi əsl vətəndaş, böyük şəxsiyyət, qüdrətli lider edə bilərdi. Heydər Əliyev gördüyü işlərlə, əməlləri ilə Azərbaycan xalqını inandırdı ki, bu xalq ən çətin məqamda öz böyük oğlunu təkidlə yenidən hakimiyyətə qayıtmağa dəvət etməkdə düzgün yol tutmuşdur. Rus jurnalistlərindən biri bunu obrazlı şəkildə belə ifadə etmişdir: “Simurq quşu kimi yenidən pərvazlanaraq bütün dünyanı onunla hesablaşmağa vadar etmişdir”.
Azərbaycan xalqı bütün bu keyfiyyətlərinə görə ümummilli lideri 1998-ci ildə ikinci dəfə prezident seçdi. 2003-cü ildə yenidən onun prezidentliyə namizədliyini irəli sürdü. Lakin o, namizədliyini öz layiqli davamçısı İlham Əliyevin xeyrinə geri götürdü. İlham Əliyev isə öz proqramını qısaca olaraq belə bəyan etdi: “Xalqa, millətə xidmət etmək, ölkəmizi gücləndirmək, Azərbaycanın müstəqilliyini möhkəmləndirmək Heydər Əliyev siyasətinin əsas istiqamətləridir. Biz bu siyasətə sadiqik”. Xalq buna əmin idi. Xalq əmin idi ki, İlham Əliyev ulu öndər Heydər Əliyevin seçdiyi yolla gedəcək, onun müqəddəs işini uğurla davam etdirəcək, Azərbaycanı daha irəli aparacaq. Buna görə də yekdilliklə ona səs verdi.
İlham Əliyev yeni və müstəqil Azərbaycan uğrunda ən ağır mübarizələrdə xalqımızın böyük oğlu Heydər Əliyevin ən yaxın silahdaşı olmuşdur. O, həyata keçirilən islahatlarda fəal iştirak etmişdir. Başqa sözlə desək İlham Əliyev prezident kürsüsünə əyləşərkən artıq dünyada tanınan və qəbul olunan təcrübəli, sayılıb-seçilən dövlət xadimi idi. Yeri gəlmişkən deyək ki, Azərbaycanı idarə etmək asan məsələ deyildi. Biz müasir dünyada hələ oturuşmuş idarəçilik-qanunçuluq ənənələrinə malik deyildik. Digər tərəfdən, Azərbaycan, necə deyərlər, planetin uzaq bir guşəsində “yaddan çıxıb qalan” ölkə də deyildi. Respublikamız hərbi-strateji əhəmiyyətinə, həm əlverişli coğrafi mövqeyinə, həm də zəngin sərvətlərinə görə geosiyasi ziddiyyətlərin, böyük maraqların düyünləşdiyi məkandır. Buna görə də Azərbaycanın gənc Prezidentindən ulu öndər Heydər Əliyev kimi bütün sahələri daim diqqət mərkəzində saxlamaq, uğurlu xarici siyasət aparmaq, ölkənin sürətli iqtisadi inkişafına nail olmaq tələb olunurdu. O, az bir vaxtda həmin vəzifənin öhdəsindən uğurla gəldiyini göstərdi.
Hələ seçkiqabağı görüşlərində
– Mən Azərbaycanın hər bir vətəndaşının
Prezidenti olacağam – vədini verən İlham Əliyev
gördüyü əməli işlərlə sözünə
sadiq qaldığını sübut etdi. Əhalinin
aztəminatlı təbəqələrindən,
qaçqınlardan, köçkünlərdən, tələbələrdən,
aspirantlardan, müəllimlərdən, həkimlərdən
başlayaraq dövlət qulluqçularınadək –
hamının təqaüdü, müavinəti, əməkhaqqı
artırıldı, güzəranının
yaxşılaşdırılması üçün təcili
və təsirli tədbirlər görüldü. Bu xəttin gələcəkdə də uğurla
davam etdirilməsi üçün ölkənin maliyyə-iqtisadi
imkanlarını genişləndirmək lazım idi. Bunun üçün beynəlxalq əhəmiyyətli
layihələr həyata keçirildi. Bakı—
Prezident İlham Əliyev bölgələrimizin iqtisadi yüksəlişinə, burada ən müasir mədəni-məişət obyektlərinin istifadəyə verilməsinə xüsusi əhəmiyyət verdi. 2004-2008-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla yerinə yetirildi. Ölkədə 700 mindən çox yeni iş yeri açıldı. Yeni məktəblər, olimpiya idman kompleksləri, diaqnostika mərkəzləri və xəstəxanalar tikilib istifadəyə verildi. Ümumi daxili məhsulun artımına görə Azərbaycan MDB məkanında lider dövlətə çevrildi, dünyada bir nömrəli islahatçı dövlət kimi tanındı.
İndi Azərbaycanın gücünü, imkanlarını nəinki bölgə ölkələri, bütün dünya bilir. Bizim iqtisadi uğurlarımızın əsas səbəbi neft-qaz amili deyil, iqtisadi islahatlardır. Dünyada hökm sürən iqtisadi və maliyyə böhranı göstərdi ki, Azərbaycan tək ölkələrdəndir ki, böhranlı aylarda da öz iqtisadi inkişafını davam etdirir. Bu ilin birinci rübündə iqtisadiyyat 4,3 faiz, qeyri-neft iqtisadiyyatı 13,7 faiz artmışdır. Bütün infrastruktur layihələri, sosial layihələr icra edilir.
Manatın məzənnəsi sabitdir. Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması üçün praktiki tədbirlər görülür. Ümummilli lider Heydər Əliyevin siyasətinə sadiqlik bizim uğurlarımızın rəhnidir.
Telman HEYDƏROV
Xalq qəzeti.- 2009.- 7 iyun.- S. 3.