Dövlət Proqramı elektroenergetika təsərrüfatının inkişafını sürətləndirəcək

 

Azərbaycan Respublikasında ötən əsrin 90-cı illərinin ortalarından etibarən həyata keçirilən iqtisadi islahatların müsbət nəticələri getdikcə daha çox hiss olunur, ölkəmiz dünyanın ən sabit və davamlı inkişaf edən dövlətinə çevrilir. Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən iqtisadi strategiyaya əsaslanan yeni dövlət proqramları Azərbaycanın sürətli və tarazlı inkişafına möhkəm zəmin yaradır. Təsadüfi deyil ki, Heydər Əliyev sosial-iqtisadi islahatlar kursunu uğurla davam etdirən hazırkı dövlət başçısı İlham Əliyevin son beş ildə qəbul etdiyi mühüm proqramların, imzaladığı fərman və sərəncamların uğurlu icrası ölkəmizin ümumi inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoymuş, əhalinin həyat səviyyəsinin xeyli yaxşılaşmasına səbəb olmuşdur.

Bu baxımdan ölkənin davamlı və tarazlı inkişafının başlıca təminatı olan regional inkişaf proqramlarının müstəsna əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Məhz Prezident İlham Əliyev tərəfindən 2004-cü ilin fevralında qəbul olunmuş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”, eləcə də iki il sonra təsdiqlənmiş “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı” ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, yeni müəssisələrin və iş yerlərinin yaradılmasına, infrastruktur imkanlarının əsaslı şəkildə yaxşılaşdırılmasına və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə səbəb olmuşdur.

Hər iki proqramda nəzərdə tutulmuş tədbirlərin sırasında infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması xüsusi çəkiyə malik idi. Yeri gəlmişkən, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında yanacaq-enerji kompleksinin müstəsna yeri vardır. Təkcə onu demək kifayətdir ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının, eləcə də elektroenergetika sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan artıq özünün enerji təhlükəsizliyini tam təmin etmişdir.

Regionun potensial neft və qaz ixrac edən dövlətinə çevrilmiş Azərbaycan Respublikası yaxın illərdə qonşu ölkələrə həm də elektrik enerjisinin ixracına başlamağı planlaşdırır. Bu da təsadüfi deyil. Çünki son beş ildə ölkədə yeni generasiya güclərinin yaradılması əhalinin elektrik enerjisinə olan tələbatı tam ödəməklə yanaşı, energetika sisteminin dayanıqlığının təmin edilməsinə də geniş imkanlar yaratmışdır. Bütövlükdə isə son beş ili Azərbaycanın elektroenergetika sənayesi üçün əsaslı yüksəliş və yeni inkişaf mərhələsi kimi xarakterizə etmək olar. Belə ki, ötən beş il ərzində ölkədə 9 elektrik stansiyası tikilmişdir ki, bunun da 7-si regionların payına düşür. Astara, Şəki və Xaçmaz rayonlarında modul tipli elektrik stansiyalarının, Naxçıvan Muxtar Respublikasında 3 elektrik stansiyasının, həmçinin Sumqayıt şəhərində yeni istilik elektrik stansiyasının tikilib istifadəyə verilməsi regionların elektrik enerjisi ilə etibarlı şəkildə təmin edilməsinə səbəb olmuşdur.

Yeri gəlmişkən, hazırda bu işlərin davamı olaraq Şirvan şəhərində, Dəvəçi, Quba və Füzuli rayonlarında da yeni elektrik stansiyalarının tikintisi davam etdirilir. Bundan əlavə, son illər paytaxt əhalisinin elektrik enerjisinə olan tələbatını tam ödəmək məqsədilə Bakı şəhərində 110 MVt-lıq və Qaradağ rayonunda 300 MVt-lıq “Səngəçal” modul tipli elektrik stansiyaları tikilib istismara verilmişdir. İstehsal olunan elektrik enerjisinin istehlakçılara verilməsi işinin keyfiyyətinin yaxşılaşdırılmasını, bu sahədə digər lazımi tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə “Bakıelektrikşəbəkə” və “Sumqayıtelektrikşəbəkə” səhmdar cəmiyyətlərinin müstəqil fəaliyyəti bərpa olunmuşdur. Bütövlükdə isə ötən beş ildə birinci regional inkişaf proqramı çərçivəsində ölkənin elektroenergetika sisteminin dayanıqlığının təmin edilməsi məqsədilə nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi bu sahədə infrastrukturun əsaslı şəkildə yeniləşdirilməsinə və əhalinin elektik enerjisi ilə fasiləsiz təminatına imkan yaratmışdır.

Ölkə iqtisadiyyatının və əhalinin enerji resurslarına olan tələbatının daha dolğun ödənilməsini təmin etmək yanacaq-enerji kompleksinin qarşısında duran əsas vəzifədir. Prezident İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda da bu vacib məsələyə geniş yer ayrılmışdır. Belə ki, adı çəkilən sənəddə növbəti beş ildə ölkənin yanacaq-enerji kompleksi sahəsində dövlət siyasətinin əsas istiqamətləri öz əksini konkret şəkildə tapmışdır. Proqramda ölkənin elektrik energetikası sahəsinin daha da inkişaf etdirilməsi üçün silsilə tədbirlər nəzərdə tutulmuşdur. Regionların inkişafı və bununla əlaqədar elektrik enerjisinə tələbatın artım sürətini nəzərə alaraq yeni güclərin yaradılması, alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi nəticəsində ölkənin enerji təminatının yüksəldilməsi həmin tədbirlər sırasında mühüm yer tutur. Bundan əlavə, sənədə əsasən qarşıdakı illərdə ölkə üzrə müasir tipli elektrik stansiyalarının inşasının, yenidən qurulmasının və inkişafı layihələrinin həyata keçirilməsinin davam etdirilməsi, həmçinin elektrik ötürücü xətlərinin və yarımstansiyaların yeniləşdirilməsi və ya tamamilə yeniləri ilə əvəz olunması da nəzərdə tutulur. Bir məqamı da qeyd edək ki, Dövlət Proqramı regionlarda iqtisadi fəallığın və təşəbbüskarlığın artmasına da geniş imkanlar yaradır. Məhz bu səbəbdən də proqramda energetika sektorunda sahibkarlıq fəaliyyətinin dəstəklənməsi nəzərdə tutulur ki, bu da adı çəkilən sahədə təşəbbüskarlıq hisslərinin güclənməsinə səbəb olacaqdır. İkinci regional inkişaf proqramında ölkənin elektroenergetika sahəsi ilə bağlı 85 tədbir nəzərdə tutulmuşdur ki, bunların da 4-ü ölkə əhəmiyyətli tədbirlərə aiddir. Həmin tədbirlərə gəlincə, bunların ikisi Sənaye və Energetika Nazirliyi tərəfindən icrası nəzərdə tutulan ölkənin alternativ və bərpa olunan enerji mənbələri potensialının müəyyənləşdirilməsi istiqamətində elmi-tədqiqat və layihə-axtarış işlərinin təşkili, həmçinin alternativ və bərpa olunan enerji mənbələrindən səmərəli istifadə məqsədilə müvafiq tədbirlərin keçirilməsi ilə bağlıdır. Ölkə əhəmiyyətli digər iki tədbirin icrası isə “Azərenerji” ASC-yə həvalə olunmuşdur ki, bunlar da elektrik enerjisi hasilatının artırılması məqsədilə yeni elektrik stansiyalarının tikintisi, eləcə də elektrik verilişi xətlərində enerji itkilərinin azaldılması, paylayıcı şəbəkələrin bərpası və elektrik enerjisinin istifadəsinə görə yığım səviyyəsinin artırılmasından ibarətdir.

Elektrik energetikası ilə bağlı proqramda nəzərdə tutulmuş tədbirlərin coğrafiyası isə olduqca genişdir və demək olar ki, bu vacib məsələ bütün ölkəni əhatə etmişdir. Proqramda növbəti beş ildə Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə əhalinin və digər istehlakçıların elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması məqsədilə paylayıcı şəbəkələrin bərpası və yenidən qurulması, itkilərin və qanunsuz müdaxilələrin ləğv edilməsi, paytaxt üzrə yığım səviyyəsinin artırılması bir vəzifə kimi “Bakıelektrikşəbəkə” ASC-yə həvalə olunmuşdur.

Növbəti beş ildə ölkənin elektroenergetika sənayesinin inkişafı, enerji hasilatının daha da artırılması məqsədilə yeni generasiya güclərinin yaradılması nəzərdə tutulmuşdur ki, bunların da əksəriyyəti regionlarda inşa olunacaqdır. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən qarşıdakı illərdə Aran, Dağlıq Şirvan, Gəncə-Qazax, Quba-Xaçmaz, Lənkəran, Şəki-Zaqatala və Yuxarı Qarabağ iqtisadi rayonlarının hər biri üzrə ümumi gücü 20 MVt olan yeni su elektrik stansiyaları tikiləcəkdir ki, bunlar da adı çəkilən regionlarda istehlakçıların elektrik enerjisi ilə fasiləsiz təminatının daha da yaxşılaşdırılmasına imkan yaradacaq. Bundan əlavə, proqramda Naxçıvan iqtisadi rayonu ərazisindəki çayların üzərində kiçik su elektrik stansiyalarının da tikintisi nəzərdə tutulur. Bu isə muxtar respublikanın enerji təchizatının gücləndirilməsində mühüm rol oynayacaq.

İkinci regional inkişaf proqramında ölkənin elektroenergetika təsərrüfatının fəaliyyətinin daha da yaxşılaşdırılması, istehsal olunan elektrik enerjisinin istehlakçılara çatdırılması işinin günün tələbləri səviyyəsində qurulması üçün bir sıra yeni yarımstansiyaların inşası və ötürücü xətlərin çəkilməsi ilə bağlı konkret tədbirlər nəzərdə tutulmuşdur. Belə ki, yaxın beş ildə Sumqayıt şəhərində, Hacıqabul, Kürdəmir, Ağstafa, Samux və digər rayonlarda yeni yarımstansiyalar tikiləcək, bir sıra bölgələrdə isə yeni hava elektrik xətləri çəkiləcək. Bundan əlavə, növbəti illərdə “Azərenerji” ASC-nin tabeliyində olan bütün paylayıcı şəbəkələrin də fəaliyyəti xeyli yaxşılaşdırılacaq, ayrı-ayrı şəhər və rayonlardakı mövcud yarımstansiyalar, elektrik verilişi xətləri yenidən qurulacaq, bir sıra təmir-bərpa işləri aparılacaq.

Qeyd etdiyimiz kimi, yeni regional inkişaf proqramında alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi də nəzərdə tutulur ki, bu da ölkənin enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verəcək. Bu məqsədlə ölkənin ayrı-ayrı regionlarında günəş və külək enerjisi istehsal edən qurğuların inşası planlaşdırılır. İlkin təcrübə kimi Naxçıvan iqtisadi rayonuna daxil olan Ordubad və Culfa rayonlarının Arazboyu düzənlik ərazilərində külək elektrik qurğuları, eləcə də muxtar respublikanın ayrı-ayrı yerlərində günəş enerjisi ilə qidalanan müasir tipli elektrik stansiyaları tikilib istismara veriləcək.

Bütün bu tədbirlərin reallaşdırılması isə, qeyd etdiyimiz kimi, ölkənin elektroenergetika sisteminin dayanıqlığının tam təmin edilməsinə gətirib çıxaracaq. Bu da öz növbəsində istehlakçıların elektrik enerjisi ilə fasiləsiz təmin edilməsinə imkan yaratmaqla bərabər, qarşıdakı illərdə Azərbaycanın idxaldan asılılığını tam aradan qaldıracaq və ölkəmizi regionun elektrik enerjisi ixracatçısına çevirəcək.

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2009.- 9 iyun.- 1.