Yaddaşlara
əbədi həkk olunmuş böyük tarixi
qayıdış
Ümummilli lider Heydər
Əliyev 1993-cü il iyunun 9-da Bakıya gələrək Azərbaycanın
xilasi yolunda tarixi mücadiləyə başladı
1993-cü ilin iyun
ayında Azərbaycanda baş vermiş hadisələr —
hakimiyyət böhranı, vətəndaş
qarşıdurmasının son həddə çatması onu
göstərirdi ki, ölkənin o vaxtkı iqtidarı və
mövcud olan çoxsaylı partiyalar xalqı, milləti
düçar olduğu ağır bəladan xilas etməyə
qadir deyil. Vəziyyət
getdikcə daha da ağırlaşır, bir tərəfdən
torpaqlarımız çox asanlıqla düşmən tərəfindən
işğal olunur, digər tərəfdən isə daxildə
vətəndaş müharibəsi yetişməkdə idi.
Sərhədlərimizin
qorunması büsbütün unudulmuşdu. Xalqın qanı
bahasına qazanılmış müstəqilliyimiz hər an
uçuruma yaxınlaşırdı. Yaranmış ağır vəziyyətdən
çıxış yolu tapmayan AXC-Müsavat hakimiyyəti son
anda ümid yeri kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri Heydər Əliyevə müraciət etdi. Artıq
hakimiyyət dövləti idarə etmək qabiliyyətində
olmadığını açıq şəkildə
büruzə verirdi.
AXC-Müsavat hakimiyyətinin
Milli Qəhrəman səviyyəsinə
qaldırdığı “polkovnik” Surət Hüseynovun
başçılıq etdiyi hərbi hissə nə Müdafiə
Nazirliyinə, nə də digər dövlət orqanlarına
tabe olurdu. Ölkə getdikcə tənəzzülə
uğrayır, böhran daha da dərinləşirdi. Hakimiyyət
uğrunda mübarizənin, siyasi didişmənin və
çəkişmələrin son həddə
çatması, silahlı qruplaşmaların
qarşıdurması ölkə ziyalılarını,
ictimai-siyasi xadimləri ciddi narahat edir, böyük təşviş
yaradırdı. Gəncədə ətrafına böyük
ordu toplamış Surət Hüseynov öz cəbhədaşlarını
təcili istefa verməyə çağırır, əks-təqdirdə
onları məhv edəcəyi ilə hədələyirdi. Qorxaq,
cəsarətsiz hakimiyyət nümayəndələri isə
gah Gəncəyə qoşun yeritmək, gah da qaçıb
gizlənmək barədə düşünürdülər.
Azərbaycanın
parçalanıb məhv olmaq təhlükəsi daha da
reallaşırdı. Bunu görən ziyalılar,
respublikanın tanınmış şəxsləri,
ayrı-ayrı ictimai-siyasi xadimlər Naxçıvana gedir,
Bakıda yaranmış son dərəcə ağır vəziyyət
barəsində ümummilli lider Heydər Əliyevə məlumat
verir, ölkəni məhv olmaqdan xilas etmək
üçün ondan Bakıya qayıtmasını xahiş
edirdilər. İyunun 4-də Gəncədə Surət
Hüseynovun silahlı dəstəsi ilə hakimiyyət hərbçilərinin
qarşıdurmasından, uğursuz əməliyyatdan sonra vəziyyət
daha da ağırlaşmışdı. Gəncədə qan
tökülmüşdü, günahsız insanlar qətlə
yetirilmişdi, dövlətə külli miqdarda ziyan
vurulmuşdu. Bundan sonra S. Hüseynovun tələbləri daha
da sərtləşmişdi. Hətta, bir neçə səlahiyyətli
dövlət məmuru Gəncədə girov saxlanılmışdı.
Növbə artıq ölkə rəhbərlərinə
çatmışdı. Ölkənin o vaxtkı Prezidenti Əbülfəz
Elçibəy də vəziyyətin son həddə
çatdığını bildikdən sonra Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədri ulu öndər
Heydər Əliyevlə telefon əlaqəsi saxlayaraq
demişdir: “Vəziyyət mürəkkəbdir, xahiş edirəm,
Bakıya gələsiniz, vəziyyəti gəlin birlikdə
müzakirə edək və bu vəziyyətdən
çıxış yolu tapaq”.
Ümummilli lider o vaxt
“Ostankino” Dövlətlərarası Televiziya Şirkətinə
verdiyi müsahibəsində AXC-Müsavat hakimiyyətinin onu
Bakıya dəvət etməsi ilə əlaqədar verilən
sualın cavabında demişdir: “Mən hakimiyyətə
özüm gəlməmişəm, məni dəvət
etmişlər. Məni təkidlə dilə tutmuşlar. Gəncə
hadisələrindən sonra bir neçə gün ərzində
Azərbaycan əhalisinin müxtəlif qurumlarının,
ziyalıların nümayəndələri, nüfuzlu
ağsaqqallar mənə müraciət etmişlər. Azərbaycan
Prezidenti Əbülfəz Elçibəy də mənə təkidlə
müraciət etmişdir. O, üç dəfə–ayın
7-də, 8-də, 9-da Naxçıvana xüsusi təyyarə
göndərmişdi və telefon söhbətlərində
israrla xahiş edirdi ki, mən Bakıya gəlim. Mən də
7-də, 8-də imtina etdim. Nəhayət, vəziyyətin
getdikcə kəskinləşdiyini duyaraq, iyunun 9-da bu dəvəti
qəbul etdim və Bakıya gəldim”.
S.Hüseynovun
qoşunları artıq Bakının 100 kilometrliyində idi. Olduqca gərgin və ağır
vəziyyət yaranmışdı. Bütün bunlara
baxmayaraq ulu öndər Bakıya gəldi. Xalq öz
xilaskarını böyük təntənə ilə
qarşıladı. Ümummilli lider Heydər Əliyev Ulu
Tanrının Azərbaycana bəxş etdiyi yeganə
ümid, pənah yeri idi.
İlk gündən Heydər
Əliyevə məsul vəzifə — Baş nazir
kürsüsü təklif olunsa da o, bundan imtina etdi. Vəziyyətlə yaxından
tanış olmaq üçün əvvəlcə Gəncəyə
getməyi, S.Hüseynovla görüşməyi qərara
aldı. Bu, çox qorxulu, riskli bir iş idi. Ümummilli liderə
qarşı hər an sui-qəsd təşkil oluna bilərdi.
Lakin ulu öndər xalqın taleyini hər şeydən
üstün tutdu. AXC-Müsavat hakimiyyətinin cinayətkar
idarəetmə üsulu barəsində bildiklərinin
hamısını onların üzünə dedi.
Sonra jurnalistlərlə
birlikdə Gəncəyə gedib vəziyyətlə
yaxından tanış oldu. Ulu öndər o vaxt yazıçı Aleksandr Proxanovla
görüşü zamanı həmin hadisələr barəsində
demişdir: “İyunun 11-də İsa Qəmbərov Ali Sovetin
sədri vəzifəsindən istefa verdi, deputatlar mənə
bu vəzifəni tutmağı təklif etdilər. Mən
boyun qaçırdım. Onlar məni dilə tutmağa davam
etdilər. Mən isə dedim. Gəlin sessiyanı bir neçə
günlüyə təxirə salaq. Mən Surət
Hüseynovla görüşmək istəyirəm.
Mən onunla
tanış deyildim və təyyarə ilə Gəncəyə,
onun yanına getdim. Biz
Surətlə yalan olmasın, bütün gecəni
danışdıq. Səhərisi o, məni şəhərə
apardı. Mən döyüşlərin izlərini,
dağılmış tikililəri, yanıb külə
dönmüş mənzilləri gördüm, cinayətin izlərini
gördüm. Bakıya qayıdıb Ali Sovetin təklifini qəbul
etdim və iyunun 15-də sədr vəzifəsinə
seçildim. Mən bunu yalnız bir məqsədlə — vətəndaş
müharibəsi təhlükəsini sovuşdurmaq məqsədi
ilə etdim”.
S.Hüseynovun rəhbərlik
etdiyi qoşunlarla Xalq Cəbhəsinin hərbi bölmələri
arasında qarşıdurma isə hələ də davam
edirdi. Təbii ki,
böyük tarixi şəxsiyyət qardaş
qırğınına yol verə bilməzdi. Xalq dahi şəxsiyyətə
çox inanırdı və inamında yanılmamışdı.
Məhz ulu öndərin yüksək iradəsi, qətiyyəti
və siyasi uzaqgörənliyi sayəsində S.Hüseynovun rəhbərlik
etdiyi qoşun Bakıya girmədi və bununla da qardaş
qırğınının qarşısı alındı.
Ölkə çapılıb-talanmış, cəmiyyət
parçalanmış, ortaya təfriqə salınmış,
insanlarda ruh düşkünlüyü yaranmışdı.
Belə bir şəraitdə hansı ideologiyadan başlamaq
lazım idi? Ulu öndər çıxış yolunu milli
barışıqda görürdü. Müdrik siyasi xadim bu
barədə demişdir: “Yalnız milli barışıq
ideyası qəbul olunmalıdır, artıq heç bir ideya yox!
Bunun daha mənası yoxdur — sən hansı partiyaya mənsubsan,
neçə yaşın var, hal-əhvalın necədir. Bizi
dəhşətli həddən yalnız ümummilli
barışıq uzaqlaşdıra bilər. Bunu xalq başa
düşür, hərbçilər, kommersantlar, müəssisə
direktorları başa düşürlər. Biz heç kəsi
təqib etməyəcək, gözümçıxdıya
salmayacağıq. Əgər sən liberalsansa, əgər sən
Xalq Cəbhəsinin üzvüsənsə, səni heç kəs
təqib etməyəcək, sənə gözün üstə
qaşın var, deməyəcəklər. Xalqa xidmət elə,
xalq yolunda özünü fəda elə. Bax budur ideya, budur fəlsəfə!
Belə düşünürəm ki, bu ideologiyanı ədəbiyyat
və incəsənət xadimləri, din xadimləri
formalaşdıracaqlar!”
Ümummilli liderin
Bakıya qayıdışından sonra Azərbaycanda həyat
tədricən öz axarına düşürdü. İnsanlar arasında qoyulmuş
ayrı-seçkilik aradan qaldırılır, ağsaqqala,
ziyalılara, tanınmış mədəniyyət və incəsənət
xadimlərinə layiqli qiymət verilirdi. Xalq təsərrüfatının
dirçəldilməsinə, bazar münasibətlərinin tənzimlənməsinə
xüsusi diqqət göstərilirdi. Xalq Cəbhəsi Azərbaycanın
təbii sərvətlərini — qızılını, neftini
xalq üçün sərfəli olmayan şərtlərlə
çox aşağı qiymətə satırdı.
Dünyanın ən iri neft şirkətləri ilə
bağlanmış müqavilələr şübhəli
görünürdü.
Ümummilli lider bu sahədə
əsaslı dönüş yaratdı. Ölkədə baş alıb gedən
özbaşınalığın qarşısı
alındı. Ciddi qayda-qanun yaradıldı, ictimai-siyasi
sabitlik tənzimləndi və xarici kapitalın ölkəyə
cəlb edilməsi istiqamətində ciddi addımlar
atıldı. Müxtəlif xalqların — ruslar,
ukraynalılar, yəhudilər və digər millətlərin
nümayəndələrinin Azərbaycandan köçüb
getmələrinin qarşısı alındı. Azərbaycanın
gələcəyi üçün olduqca mühüm, qətiyyətli
addımlar atılırdı. Ulu öndər Heydər Əliyev
xalqda böyük ruh yüksəkliyi yaratmış, öz
böyük tarixi qayıdışı ilə Azərbaycanın
müstəqilliyini qoruyub saxlayır, xarici düşmənlərin
ölkəni parçalamaq cəhdlərinin
qarşısını çətinliklə də olsa
alırdı. Heydər Əliyev daim xalqla bir yerdə idi. O,
xalqına arxalandığını, güvəndiyini dəfələrlə
vurğulayaraq demişdir: “Həyatımın son dəqiqəsinədək
xalqıma xidmət edəcəyəm və ömrümün
bundan sonrakı illərini də xalqıma bəxş edirəm”.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2009.- 9 iyun.- S. .3.