Bugünkü inkişafımız həm
də gələcək
firavanlığımızın əsasıdır
Hər bir xalqın
qüdrətli sərkərdələrə,ağıllı
dövlət başçılarına həmişə
ehtiyacı olub. Çünki xalqı düçar olduğu
ictimai bəlalardan, maddi-mənəvi yoxsulluqdan, zaman-zaman
baş verən düşmən müdaxilələrindən
yalnız müdrik başçılar xilas ediblər. Yüz
ildə bir dəfə doğulan belə şəxsiyyətlər
tarix boyunca millətin taleyində böyük dəyişikliklərə,
mənəvi-əxlaqi dəyərlərin yaranmasına, milli
ideyaların güclənməsinə səbəb olurlar.
Ötən əsrin
sonlarında baş verən əsaslı dəyişikliklər
ölkəmizin gələcək inkişafını müəyyənləşdirən
başlıca amillərdən biri oldu. Ancaq bu qısa zaman kəsiyində
Azərbaycan müstəqillik əldə etməsinə baxmayaraq
ərazisinin bir hissəsinin itirilməsi ilə üz-üzə
qaldı. Bu faciələr isə erməni daşnakları və
onların əlaltıları ilə əlaqəli
olmuşdur.
XX əsrdə iki dəfə
Azərbaycan dövlətinin yaranması və inkişafı
üçün real imkanlar meydana gəlsə də, bunun
yalnız sonuncusu öz real təsdiqini tapdı ki, bu da
dünya səviyyəli siyasətçi, Azərbaycan
xalqının böyük oğlu Heydər Əliyevin
xalqın təkidi ilə hakimiyyətə
qayıdışından sonra reallaşdı. Azərbaycanın
təkcə müstəqillik dövrü deyil, bütöv
bir epoxası ulu öndərimiz Heydər Əliyevin adı ilə
bağlıdır.
Əsrin sonunda nəhəng
sovet imperiyasının dağılması və bu məkanda
yayılmış milli azadlıq hərəkatının
güclənməsi gözlənilən dəyişikliklərin
sonunu daha da yaxınlaşdırırdı. Sovetlər Birliyinə
Mixail Qorbaçov kimi bir riyakar və satqının rəhbərlik
etməsi də bu proseslərin sürətlənməsində
böyük rol oynadı. O dövrdə SSRİ rəhbərlərindən
biri olan Heydər Əliyev kimi dahi siyasətçi və
görkəmli dövlət xadiminin fövqündə
çox cılız göründüyünü hiss edən
M.Qorbaçov hansı yolla olursa-olsun, onu aradan götürməyə
çalışırdı. Nəhayət, Heydər Əliyev
işləməyə imkan verilmədiyini nəzərə
alıb 1987-ci ildə vəzifəsindən istefa verdi.
Əvvəllər Azərbaycana
qarşı hansısa addım atmağa cürəti
çatmayan qüvvələr Heydər Əliyevin
istefasından sonra fəallaşmağa başladılar. Heydər
Əliyevin istefasından sonra Kremldə özünün
güclü dayağını və müdafiəsini
itirmiş Azərbaycan xalqının haqq səsini isə
eşidən yox idi. Dağlıq Qarabağ və onun ətrafında
baş vermiş hadisələrlə bağlı ayağa
qalxmış xalqın haqlı tələblərinə baxılmır,
Azərbaycanın ünvanına böhtanların
ardı-arası kəsilmirdi. Bir tərəfdən mərkəzi
hakimiyyətin ermənilərə olan tərəfkeşliyinin
getdikcə daha aydın və qabarıq şəkildə
özünü büruzə verməsi, digər tərəfdən
də respublikaya rəhbərlik edən şəxslərin səriştəsizliyi,
kölə psixologiyası, cəsarətsizliyi Azərbaycanın
getdikcə tənəzzülə uğraması,
torpaqlarımızın get-gedə işğal olunması
ölkədə yaranmış böhranı daha da dərinləşdirirdi.
Şübhəsiz ki, hadisələrin günü-gündən
genişlənməsi və dərinləşməsi mərkəzi
hakimiyyətin nəzarətində idi. Məqam yetişəndə
– 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə
M.Qorbaçovun əmri ilə Bakıda qanlı faciə
törədildi. Əli qana bataraq quduzlaşmış imperiya
rəhbərliyinin dünyaya meydan oxuduğu bir vaxtda
xalqının mərd oğlu Heydər Əliyev həyatını
təhlükə qarşısında qoyaraq heç nədən
və heç kimdən çəkinmədən Moskvadakı
Azərbaycan nümayəndəliyinə gəldi, bu qanlı
faciəni pisləyən ilk bəyanat verdi və onu törədənlərin
tarix qarşısında cavabdehlik daşıyacaqlarını
söylədi. Özünü tənha hiss edən xalq bundan
sonra arxasız və köməksiz olmadığını
görüb bir qədər toxtaqlıq tapdı.
Azərbaycanın
müstəqillik aktı qəbul edildikdən sonra
qarşıda hələ çətin və mürəkkəb
vəzifələr dururdu. Bir tərəfdən erməni təcavüzü
nəticəsində torpaqlarımız işğal edilir, digər
tərəfdən də ölkə daxilində hakimiyyət
uğrunda gedən siyasi çəkişmələr güclənirdi
ki, bunun da nəticəsində xalq ağır itkilər
verirdi. Azərbaycanın belə ağır vaxtında
müxtəlif bölgələrdə yaranan silahlı
qruplaşmalar ölkəni parçalamaq, hakimiyyəti ələ
keçirmək niyyəti ilə çıxışlar etməyə
və əhali arasında nifaq salmaq üçün
güclü təbliğata başladılar. Azərbaycan
çox çətin dilemma qarşısında
qalmışdı. 1990-cı illərin əvvəllərində
ölkə iqtisadi, siyasi və hərbi böhran içərisində
idi. Ağır problemlərlə
üz-üzə qalan Azərbaycanda baş verən ciddi siyasi proseslər,
Dağlıq Qarabağ
problemi və Ermənistan-Azərbaycan müharibəsi respublikanın
bütün infrastrukturunu
iflic vəziyyətə
salmışdı. Müxalifətin
ekspansiya siyasəti nəticəsində dünya
dövlətlərinin respublikamıza
olan inamını daha da azaltmışdır. Amerika Konqresi tərəfindən ölkəmizə
qarşı bir sıra qərarların, o cümlədən “Azadlığa dəstək
aktı”na 907-ci düzəlişin qəbul
edilməsi buna misaldır. Hətta BMT-də Azərbaycanın azadlığını birmənalı
qarşılamayan dövlətlər
də buna görə fəallıq göstərdilər. Bu böhran 1993-cü ilin iyun ayında özünün son həddinə çatdı.
Anarxiya, başıpozuqluq
uçurumuna yuvarlanmış
Azərbaycan vətəndaş
qarşıdurması ilə
üzləşdi. Gəncədə
başlanan qiyam ölkəni fəlakət
həddinə sürükləyirdi.
O vaxtkı Azərbaycan
rəhbərliyinin qətiyyətsizliyi və səriştəsizliyi
ucbatından qiyam geniş miqyas almışdır. Bu vəziyyətdə
nə edəcəyini bilməyən iqtidar öz hakimiyyətini
qorumaq üçün əhaliyə güc tətbiq etməkdən
belə çəkinmədi. Belə böhranlı və
ağır vəziyyətdə xalq çıxış yolunu
yenə də təcrübəli dövlət xadimi Heydər Əliyevdə
görürdü. Xalqın tələbi ilə 1993-cü il
iyunun 9-da Heydər Əliyev Naxçıvandan Bakıya gəldi.
1993-cü il iyunun 15-də
isə o, xalqın arzu, istəyi və təkidi ilə Ali
Sovetin sədri seçildi. Bu, Azərbaycanın müstəqillik
tarixinin yeni erasının başlanğıcı və
“ömrümün qalan hissəsini də xalqıma
bağışlayıram”, – deyib meydana atılan böyük
ürəkli Vətən oğlunun misilsiz fədakarlığı
idi.
Belə böhranlı və
həyəcanlı günlərdə xalq özünün
yeganə ümid yeri, dünya şöhrətli siyasi xadim
Heydər Əliyevdə görürdü. Elə buna görə
də ümummilli lider yenə də xalqın tələbi ilə
həmin il iyun ayının 24-də Prezident səlahiyyətlərini
icra etməyə razılıq verdi. Bu, bir faktdır ki, ulu
öndər xalqın sonsuz hörmət və rəğbətinə,
onun misilsiz gücünə arxalanırdı. Lakin o vaxtlar
mövcud siyasi vəziyyətdən faydalanıb hakimiyyətin
yuxarı pillələrində özlərinə yer tutmaq istəyən
separatçı qüvvələr də az deyildi. Keçmiş
müdafiə naziri Rəhim Qazıyev istədiyinə nail ola
bilmədikdən sonra cənubda Talış-Muğan
Respublikası yaratmaq üçün Lənkəranda Əlikram
Hümbətovu separatçılıq fəaliyyətinə
sövq etdi. Bununla yanaşı, şimalda “Sadval”
qruplaşmasının da törətdiyi hadisələr,
apardığı antidövlət təbliğatı ölkəni
parçalanma təhlükəsi ilə üz-üzə
qoydu. Ancaq Heydər Əliyevin dərin zəkası,
uzaqgörən siyasəti və zəngin idarəetmə təcrübəsi
bütün bunlara qalib gəldi.
O vaxtlar qaçıb
Naxçıvan Respublikasının Kələki kəndində
gizlənmiş sabiq Prezident Ə.Elçibəy Bakıya
qayıtmadı. Yaranmış ağır vəziyyətdən
qorxub qaçdığına görə xalq ona
etimadsızlıq göstərərək 1993-cü il
oktyabrın 3-də çox yüksək siyasi fəallıqla
Heydər Əliyevi özünün Prezidenti seçdi.
Prezident Heydər Əliyev
qısa zamanda idarəetmə bacarığından və zəngin
təcrübəsindən istifadə edərək ölkənin
daxili və xarici siyasətini dağılmış
iqtisadiyyatın inkişaf etdirilməsi üçün
sosial-iqtisadi, siyasi və mədəni dirçəlişin əsaslandırılmış
proqramını hazırladı. İlk növbədə
özəlləşdirmə proqramı, torpaq islahatı,
iqtisadi, hüquqi, hərbi və dövlət quruculuğu sahəsində
islahatlar kursu həyata keçirildi.
Ölkədə
ictimai-siyasi sabitliyin tam təminatına nail olan ulu öndər,
eyni zamanda Avroatlantik məkana inteqrasiya, ölkədə
qanunçuluğun möhkəmləndirilməsi, insan və
vətəndaş hüquq və azadlıqlarının təminatı
sahəsində də bir sıra vacib və əhəmiyyətli
tədbirlər görməyə başladı.
Cəbhədə atəşkəsə
nail olundu. Ölkədə mövcud quldur dəstələri,
silahlı bandalar ləğv edildi. Respublikada vəziyyət
normallaşdıqca quruculuq işləri genişlənir, bunu
görən xarici sərmayədarların Azərbaycana marağı
artırdı.
Bunun ən uğurlu nəticəsi
1994-cü il sentyabrın 20-də Bakının
“Gülüstan” Sarayında imzalanan “Əsrin müqaviləsi”
idi ki, bu da ölkəmizin varlığını,
gücünü, qüdrətini bütün dünyaya bəyan
etdi. Ancaq bütün bunlara qısqanclıqla yanaşıb
onunla razılaşmayanlar da var idi ki, onların konspirativ
mövqeləri açıq surətdə özünü
büruzə verməyə başladı. Elə o vaxt dövlətin
iki yüksək çinli məmurunun qəddarlıqla qətlə
yetirilməsi də bununla bağlı idi. Bu az imiş kimi
onlar 1994-cü ilin oktyabr, 1995-ci ilin mart ayında dövlət
çevrilişinə cəhd göstərməyə və
digər təxribatlar törətməyə
çalışsalar da, bütün bunların
qarşısı xalqına arxalanan Heydər Əliyev tərəfindən
qətiyyətlə alındı. O vaxt Prezidentin İcra
Aparatı iqamətgahının qarşısına
toplaşmış yüz minlərlə insan dövlət
çevrilişinə cəhd edənlərə “Xalq-Heydər”,
“Heydər- Xalq” vəhdətinin təntənəsinin möhkəm
olduğunu bir daha göstərdi.
Daha bir böhranlı vəziyyət
1996-cı ildə Lissabon sammitində baş verdi ki, ATƏT-in
zirvə toplantısında iştirak edən dahi rəhbərimiz
orada qəbul edilən yekun sənəddə Azərbaycanın
ərazi bütövlüyünü qoruyacaq müddəalar
öz əksini tapmadığına görə həmin sənədə
veto qoydu. Zirvə toplantısının nəticəsiz
başa çatacağını görən ATƏT rəhbərliyi
məcburiyyət qarşısında qalaraq Azərbaycanın ərazi
bütövlüyünü nəzərdə tutan dörd
mühüm prinsipi Lissabon sammitinin yekun sənədlərinə
əlavə etdi. Bax, budur Heydər Əliyev zəkası, Heydər
Əliyev hünəri və qətiyyəti!
Ulu öndər bilirdi
ki, müstəqil Azərbaycan köhnə qanunlarla idarə
oluna bilməz. Odur ki, özünün rəhbərliyi
altında Yeni Konstitusiya layihəsini hazırlamaq
üçün müvafiq komissiya yaradıldı. Yeni
Konstitusiya layihəsi xalqın müzakirəsinə verildi.
Xalqın istək, arzu və təklifləri nəzərə
alınmaqla hazırlanmış Konstitusiya 1995-ci il noyabrın
12-də böyük səs çoxluğu ilə qəbul
edildi.
Konstitusiyanın müddəalarının
həyata keçirilməsi, demokratik təsisatların və
qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi, hərtərəfli
islahatların aparılması üçün dövlət
başçısının nəzarəti altında dövlətimizin
gələcəyi üçün vacib və əhəmiyyətli
qanunlar işlənib hazırlandı ki, bunun sayəsində
beynəlxalq aləmə inteqrasiya yolu tutan və demokratik dəyərlərə
sadiqliyini bütün dünyaya bəyan edən ölkəmizin
beynəlxalq əlaqələri genişlənməyə
başladı, bununla yanaşı, həmin vaxtda dövlətin
ilk qanunverici orqanına seçkilər keçirildi ki, bu,
müstəqilliyimizin möhkəmləndirilməsi
üçün hüquqi bazanın yaradılmasına daha
geniş imkanlar açdı.
Bundan başqa, ulu
öndərimizin misilsiz xidmətlərindən biri olan
çox böyük müdriklik və uzaqgörənliklə
hazırladığı neft strategiyası ölkə
iqtisadiyyatı üçün operativ funksiya daşımaqla
yanaşı, digər sahələri də öz arxasınca
aparıb iqtisadi böhrana son qoydu.
Xəzər neftinin
dünya bazarına çıxarılması istiqamətində
Heydər Əliyevin ideyası əsasında Bakı-Novorossiysk
kəmərindən başqa daha bir yeni kəmər -
Bakı-Supsa neft kəməri çəkildi.
Keçən əsrin
90-cı illərinin axırlarından hasil edilən neft həmin
kəmər vasitəsilə dünya bazarına
çıxarıldı. Bəzi dövlətlərin pərdəarxası
maneələrinə baxmayaraq, Heydər Əliyevin gərgin əməyi
və mübarizəsindən sonra Bakı-Tbilisi-Ceyhan əsas
ixrac neft kəmərinin çəkilməsinə də
başlanıldı. Bütün bunlar onu göstərir ki,
ulu öndərin düşünülmüş xarici siyasəti
sayəsində ölkəmizə xarici investorların
investisiya qoyması üçün əlverişli şərait
və imkanlar açıldı ki, bu da dövlətimizin tərəqqisinə
və onun hərtərəfli güclənməsinə təkan
verdi.
Ümummilli liderimiz
ictimai-siyasi sabitliyin davamlılığını təmin etmək
üçün ilk növbədə cəmiyyətin
şüurunda milli dövlətçilik ideyalarına inamın
formalaşdırılmasına üstünlük verirdi. Müstəqilliyimizin
tarixi və siyasi əsaslarının möhkəmləndirilməsi,
dövlətin tərəqqisi üçün etibarlı
iqtisadi bazanın formalaşdırılması Heydər Əliyevin
Azərbaycan üçün əvəzsiz və fövqəladə
rolunun misilsiz səciyyəsidir. O, rəhbər olduğu
dövrdə Azərbaycanı nəinki məhv olmaq təhlükəsindən
qorudu, eyni zamanda onu gələcəyə inamla baxan
güclü bir dövlətə çevirdi.
Dahi rəhbərin gərgin
əməyi, siyasi iradəsi sayəsində
reallaşdırdığı nəhəng işlər
öz miqyasına görə adamı heyrətə gətirir.
Ölkəni dağılmaq və parçalanmaq həddinə
gətirib çıxarmış hakimiyyət böhranı,
vətəndaş müharibəsi təhlükəsi aradan
qaldırılmış, dövlət çevrilişi cəhdlərinin,
terror aktlarının qarşısı
alınmışdır.
Azərbaycan Prezidenti
Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyev
özünün “Milli məfkurə, dövlətçilik,
müstəqillik yolu ilə” kitabında qeyd etdiyi kimi, “o zaman əhalinin
bəzi təbəqələri və siyasətlə məşğul
olanların əksəriyyəti belə hesab edirdi ki,
Konstitusiya Aktının qəbulu və özlərini ”milli
demokrat" adlandıran bir qrup insanın hakimiyyətə gəlməsi
ilə artıq tam müstəqilliyə və suverenliyə
nail olmuş və milli dövlətçilik problemləri
tamamilə aradan qalxmışdır. Xalq hərəkatına
rəhbərliyi ələ keçirmiş siyasətbazların
təbliğat tezisləri və bəyanatları bu cür səthi,
yanlış təsəvvürlərin formalaşmasına
kömək etmişdir. Lakin sərt reallıqlar və xalqa bəla
gətirən prinsipsiz siyasi mübarizələr tezliklə
öz mənfi təsirini göstərdi. Xalq ölkədə
cərəyan edən hadisələri və siyasi prosesləri
tədricən saf-çürük edərək, hadisələrə
daha ayıq gözlə baxmağa başladı, bir çox
“siyasətçilərin” əsl simasını
gördü."
Ümummilli liderimizin rəhbərliyi
dövründə dünyaya inteqrasiya olunan dövlətimiz
beynəlxalq konvensiyalara qoşuldu ki, bu da ölkəmizin
dünyadakı nüfuzuna öz müsbət təsirini
göstərdi. Əvvəlki on ildə əldə etdiyimiz
nailiyyətləri sadaladıqca, qəlbimiz qürur hissi ilə
dolur. Bu uğurların qazanılmasında bütün
ömrünü xalqına, Vətəninə həsr
etmiş, milli tariximizə qurucu və xilaskar rəhbər kimi
daxil olmuş Heydər Əliyevin xidmətləri əvəzsizdir.
Respublikamızın həyatının bütün sahələrində
əsaslı dəyişikliklər məhz ulu öndərimizin
böyük istedad və bacarığı sayəsində
mümkün olmuşdur. Bu, bir faktdır ki, əsrin əvvəllərində
Azərbaycan öz müstəqilliyini itirdiyi halda bizim indiki
müstəqillik tariximizdə Heydər Əliyev şəxsiyyətinin
nə qədər böyük və əhəmiyyətli rol
oynadığını daha aydın dərk edərək
görürük.
Onun misilsiz xidmətlərindən
biri də hakimiyyətin zorla dəyişdirilməsi kimi
xoşagəlməz ənənəyə son qoyması və
siyasi mübarizənin sivil metodlarının tətbiqi
üçün vacib və zəruri olan bütün
imkanları yaratması idi. Bu məqsədlə o, söz və
mətbuat azadlığına, plüralizmə geniş meydan
vermişdir. Lakin təəssüflə qeyd etmək
lazımdır ki, özlərini “müxalifət”
adlandıran, hər şeyə qara yaxmağa vərdiş
etmiş çirkin niyyətli siyasi qüvvələr gərgin
əmək sayəsində əldə edilmiş bütün
nailiyyətlərimizə həmişə qara yaxmağa
çalışıblar və bu gün də
çalışırlar. Azadlıqdan sui-istifadə edən
bu siyasətbazlar özlərinin şəxsi maraqlarına xidmət
edən mətbuat səhifələrində dövlətimiz və
dövlətçiliyimizlə bağlı yalan və iftira
dolu cızmaqara yazmaqdan çəkinmirlər. Sosial
bazasını itirərək sağlam siyasi rəqabət
aparmağa qadir olmayan bu qüvvələr iflasa
uğradıqlarını görərək hər cür
çirkin vasitələrdən istifadə edir, iqtidarın
uğurlarına qısqanclıqla yanaşır və mənəvi
dəyərləri unudaraq hətta təhqirlərə belə
əl atırlar. Məqsəd ölkədə mövcud olan
ictimai-siyasi sabitliyi pozmaq, hakimiyyəti zəbt etməkdir. Bu
zavallılar bilmirlər ki, onların bu fikirləri xülyadır.
Azərbaycan Prezidenti
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev
özünün “XXI əsrdə milli dövlətçilik:
demoqrafik inkişaf və müxalifət” kitabında qeyd edib
ki, “müxalifət ideoloqları başa düşürlər
ki, növbəti prezident seçkilərindən sonra onlar
hakimiyyət uğrunda mübarizə aparmaq bir yana qalsın,
sadəcə müxalifətdə qalmaq, bir partiya kimi
mövcudluğunu saxlamaq uğrunda mübarizə aparmalı
olacaqlar.” Artıq bunların reallığa çevrildiyini gözümüzlə
görürük.
Xalqımız müstəqillik
illərində ağır sınaqlardan keçərək mətinləşmiş,
kimin kim olduğunu çoxdan dərk etmişdir. Onu tutduğu
yoldan döndərib səhv istiqamətə yönəltmək
mümkün deyil. 1993-cü ildən bəri dəhşətli
fəlakətlərdən xilas olduğuna görə yer
üzündə olan bütün azərbaycanlılar Heydər
Əliyevə minnətdardır, onun rəhbərliyi
dövrünü haqlı olaraq “qurtuluş dövrü”
adlandırırlar. Bu xilaskar missiya hələ davam edir.
1993-cü il 15 iyun
Qurtuluşunun təntənəsi Prezident İlham Əliyevin
hakimiyyəti dövründə daha aydın hiss olunur. Yaxşı
yadımdadır, möhtərəm Prezidentimiz 14 may 2004-cü
ildə Naxçıvanın 80 illiyinə həsr olunmuş mərasimdəki
çıxışında qeyd etdi ki, “Azərbaycanı
qüdrətli dövlətə çevirmək
üçün ölkədə Heydər Əliyev siyasəti
davam etdirilməlidir.” Bu gün ölkəmizin hər bir vətəndaşı
qürur hissi duyur ki, Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi
altında Azərbaycan öz tarixi nailiyyətlərini, milli ənənələrini
bütün dünyaya nümayiş etdirir. Möhtərəm
Prezidentimizin sözləri ilə desək, “indi Azərbaycan
bölgədə gedən önəmli proseslərin nəinki
təşəbbüskarı, həm də
icraçısıdır. Azərbaycanın iştirakı
olmadan bölgədə heç bir layihə – nə siyasi, nə
iqtisadi, nə də nəqliyyat layihəsi həyata
keçirilə bilməz.”
O, fəaliyyətinin ilk
aylarından regionların inkişaf etdirilməsi
üçün ölkənin hərtərəfli
potensialını nəzərə alıb özünün
sosial-iqtisadi platformasının əsas istiqamətlərini
müəyyənləşdirmişdir. Möhtərəm
Prezidentimiz mövcud təbii və iqtisadi potensialdan səmərəli
istifadəni təmin etmək, qeyri-neft sektorunun inkişafı
və təkmilləşdirilməsi, aqrar sahədə islahatları
daha da sürətləndirmək, əhalini yeni iş yerləri
ilə təmin etmək, infrastrukturu yeniləşdirmək, ərazilərə
uyğun müasir müəssisələr açmaq və s.
məqsədilə 11 fevral 2004-cü il tarixli fərmanı ilə
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı
(2004-2008-ci illər)” Dövlət Proqramını təsdiq
etmişdir. Möhtərəm Prezidentimizin dövlətimiz və
xalqımızın inkişafı və firavanlığı
üçün gərgin əməyi, gördüyü
işləri göz qabağındadır. Respublikamızın
iqtisadi potensialının yüksək olmasıdır ki, bu gün
hər yerdə tikinti, abadlıq, quruculuq işləri
görülür. Ölkəmizin bir parçası olan
rayonumuz da bu işlərdən kənarda qalmayıb. Möhtərəm
Prezidentimizin kursu istiqamətində Siyəzəndə
görülən işlər rayon əhalisinin ürəyincədir.
Son bir ildən artıq dövrdə rayonda görülən
işlərin içərisində ən şərəflisi
və siyəzənlilərin çox böyük hörmətlə
qarşıladığı ümummilli liderimiz Heydər Əliyevin
möhtəşəm abidəsinin ucaldılmasıdır.
Xatirə abidəsi
ucaldılan gündən elə bir ümumrayon tədbiri yoxdur
ki, ilk öncə ümummilli liderimizin abidəsi ziyarət
olunmamış keçirilsin. Bundan başqa, keçirilən
bütün tədbirlərin hər biri o dahi şəxsiyyətin
adı ilə başlanır və onun adı ilə də
yekunlaşır.
Ulu öndərin anadan
olmasının 86-cı ildönümü ilə əlaqədar
rayon icra hakimiyyəti başçısının
imzaladığı sərəncama əsasən keçirilən
ümumrayon tədbirində minlərlə siyəzənlinin
onun xatirə abidəsini ziyarət etməsi bu dahi rəhbərə
olan sevgi və məhəbbətin təcəssümüdür.
Tədbirdə çıxış edən rayon RİH
başçısı Əflatun Rufiyev qeyd etdi ki, “ümummilli
liderimiz Heydər Əliyevin xalqına olan xidmətləri
heç nə ilə ölçüyə gəlməz. Azərbaycanda
dövlətçilik ənənələrinin XX əsrin
sonlarında bərpa edilib zənginləşdirilməsi,
dövlət müstəqilliyinin möhkəmləndirilməsi,
onun əbədiliyi, ölkəmizin hərtərəfli dinamik
inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq
nüfuzunun artması yalnız ulu öndərimizin misilsiz xidmətləri
sayəsində mümkün olmuşdur. Bu gün
xalqımızın arzuları Heydər Əliyev kursunun
layiqli davamçısı möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin rəhbərliyi ilə inamla həyata
keçirilir. Azərbaycan xalqı xoşbəxtdir ki, Heydər
Əliyevin qurub yaratdığı dövlətə bu gün
onun layiqli davamçısı İlham Əliyev rəhbərlik
edir və ümummilli liderimizin başladığı
taleyüklü işləri ardıcıl surətdə və
qətiyyətlə həyata keçirir. Bu gün Heydər Əliyevin
qüdrətli zəkasından güc almış inkişaf
strategiyası Azərbaycanın müstəqillik yollarında
ardıcıl surətdə irəliləməsini təmin
edir. Biz siyəzənlilər dövlətimizin rəhbərinə
inanırıq. Ötən il prezident seçkilərində və
bu il Konstitusiyamıza əlavə və dəyişikliklərlə
bağlı keçirilən ümumxalq səsverməsində
rayonumuzun əhalisinin yüksək siyasi fəallığı
bu inamın aydın təcəssümüdür. Siyəzənlilər bilir
ki, bu referendum
xalqımızın və
gələcək nəsillərimizin
firavan yaşamasına
hesablanmış proqramdır.
İnanırıq ki,
ümummilli liderimiz Heydər Əliyev ideyalarının layiqli davamçısı, xalqımızın
vətənpərvər oğlu,
möhtərəm Prezidentimiz
İlham Əliyev işıqlı gələcəyimiz naminə əlindən gələni əsirgəməyəcək,
biz siyəzənlilər
bundan sonra da Prezidentimizin ətrafında sıx birləşəcək, onun
atdığı addımlardan
nümunə götürərək
rayonumuzun inkişafı
üçün əlimizdən
gələni əsirgəməyəcəyik.”
Ötən dövrdə
əldə edilən nailiyyətlər və uğurlardan, regionlarda mövcud olan potensialdan aydın oldu ki, bu
imkanlardan daha geniş və səmərəli surətdə
istifadə etmək olar. Odur ki,
möhtərəm Prezidentimiz
bu məqsədlə
2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafının daha əhəmiyyətli-ikinci
mərhələsini həyata
keçirmək üçün
Dövlət Proqramını
qəbul etdi. Bu proqramda nəzərdə
tutulmuş tədbirlərin
həyata keçirilməsi
üçün artıq
möhkəm baza və təcrübə mövcuddur. Dünyada gedən iqtisadi
tənəzzül və
böhrana baxmayaraq demokratik prinsiplər əsasında iqtisadiyyatımızın
müasir dövrün
tələblərinə uyğunlaşdırılması,
onun inkişafı üçün əlverişli
şəraitin yaradılması
Dövlət Proqramında
nəzərdə tutulan
mühüm məsələlərdən biridir.
Azərbaycan Prezidenti
Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyev 19
mart 2009-cu il tarixli “İzvestiya” qəzetinə verdiyi
müsahibəsində qeyd etmişdir: “Müasir suveren dövlətlərin
hər biri müəyyən şərtlər daxilində
demokratik idarəetmə forması əldə edə bilər.
Lakin demokratiyanın qorunub saxlanması və onun davamlı
xarakter alması üçün müvafiq iqtisadi baza
olmalıdır. Buna görə də 2003-2008-ci illərdə
İlham Əliyevin prezidentliyinin əsas konsepsiyası modernləşmiş
iqtisadiyyatdan konsolidasiyalı demokratiyaya keçidi təmin edən
yeni paradiqma yaratmaqdan ibarət idi.”
Bəli, 2009-2013-cü
illər üçün təsdiq olunmuş yeni Dövlət
Proqramı isə əvvəlki proqramda nəzərdə
tutulmuş məsələlərin icrası əsasında
yeni iqtisadi münasibətlərin
formalaşdırılmasına zəmin yaradacaqdır. Həmin
proqramda bizim Siyəzən rayonunun gələcək
inkişafı üçün nəzərdə tutulan 12 tədbir
qeyd edilmişdir ki, bu da rayon ictimaiyyəti tərəfindən
çox böyük razılıq və minnətdarlıqla
qarşılanmışdır. Bütün dünyanı
bürümüş qlobal maliyyə böhranına baxmayaraq
respublikamızda onun təsiri bir o qədər hiss olunmur. Möhtərəm
Prezidentimiz ötən aprel ayında Nazirlər Kabinetinin
müşavirəsində çıxış edərək
demişdir ki, “Azərbaycanda hökm sürən siyasi sabitlik,
əlverişli biznes mühiti, iqtisadiyyatımızın
investisiyalar üçün cəlbedici olması xarici sərmayədarların
ölkəmizə marağını getdikcə
artırır. Məhz buna görədir ki, xarici
investorların, beynəlxalq maliyyə qurumlarının və
Azərbaycanın İnvestisiya Şirkətinin birgə
iştirakı ilə nəhəng, region üçün son
dərəcə əhəmiyyətli sənaye müəssisələrinin
yaradılması prosesi, qlobal maliyyə böhranına
baxmayaraq, hazırda davam edir.”
Ölkə Prezidentinin
apardığı düzgün daxili və xarici siyasət tam
əminliklə deməyə əsas verir ki, ölkəmizin
siyasi-iqtisadi inkişafı bundan sonra da güclü olacaq. Bu
gün ölkəmiz qarşısında duran ən
ağır problem Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ probleminin həllidir. Bu istiqamətdə çoxlu
danışıqlar aparılmış, diplomatik addımlar
atılmışdır. Artıq ölkə Prezidentinin qətiyyətli
mövqeyi problemin həllinə öz müsbət təsirini
göstərməkdədir.
Möhtərəm
Prezidentimiz Azərbaycanın siyasi və mədəni
nüfuzunu daha da yüksəltmək üçün
çox böyük səylər nümayiş etdirir. Təsadüfi
deyildir ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən
qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi
diplomatiya sayəsində dünyanın aparıcı dövlətləri
Qarabağ münaqişəsinin Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həllini
dəstəkləyir, xalqımızın haqq səsini ədalətli
qiymətləndirirlər. Dünya birliyi Dağlıq
Qarabağ adlı respublika tanımır. Ümummilli liderimizin
dediyi kimi, “dünya dövlətlərinin Azərbaycanı
bütövlükdə dəstəkləməsi
üçün zamana ehtiyac var.” Həmin zaman artıq
yetişib. Bu gün bütün dünya, ələlxüsus,
problemlərin kökündə və həllində
maraqlı olan dövlətlər açıq şəkildə
görürlər ki, Qafqazda Azərbaycanın problemi
çözülmədən sabitliyə nail olmaq
mümkün deyil. Əlbəttə, bu, Heydər Əliyev
siyasi kursunun layiqincə davam etdirilməsinin nəticəsidir.
Ötən ilin noyabr ayının 20-də Bakıda
keçirilmiş “Azərbaycan-XXI əsrdə uğurun
strategiyası” mövzusunda beynəlxalq görüşün
iştirakçılarını qəbul edərkən
möhtərəm Prezidentimiz demişdir ki, “...bizim nəzərdə
tutduğumuz planları həyata keçirmək
üçün Qafqazda sülh zəruridir.” Dövlətimizin
başçısı bütün tədbirlərdə
dünya ictimaiyyətini Qafqazda olan siyasi gərginliyi aradan
qaldırmaq, regionda və dünyada sülhün bərqərar
olması üçün köməklik göstərilməsinə
çağırmışdır.
Respublikamızda
iqtisadiyyatın hərtərəfli inkişafına ciddi diqqət
yetirilməsi təsadüfi deyil. Çünki
iqtisadiyyatımız inkişaf etməsə
torpaqlarımızın azad olunmasından, milli-mənəvi dəyərlərimizin
qorunmasından danışmağa dəyməz. Möhtərəm
Prezidentimizin “güclü dövlət müstəqil siyasət
deməkdir” kəlamı da bu mənada öz təsdiqini
tapır. Regionların sosial-iqtisadi inkişafı ilə
bağlı (2004-2008-ci illər) Dövlət
Proqramının icrasının yekunları deməyə əsas
verir ki, möhtərəm Prezidentimizin məqsədi Azərbaycanın
hər bir vətəndaşı üçün layiqli və
firavan həyat tərzinin təmin olunmasına, ölkədə
azad və demokratik cəmiyyətin qurulmasına, milli-mənəvi
dəyərlərimizin qorunub saxlanmasına və onun zənginləşdirilməsinə,
elmin, mədəniyyətin inkişaf etdirilməsinə nail
olmaqdır. Ona görə də hər kəs öz sahəsində
bacardığı qədər bu yolda Prezidentimizə öz
köməyini əsirgəməməlidir.
Bu gün Heydər Əliyev
Fondunun bu sahədə atdığı addımlar çox
böyük hörmət və rəğbətlə
qarşılanır. Ümummilli liderimizin hərtərəfli
fəaliyyətində, ölkənin iqtisadi, sosial və mədəni
inkişafında əsas amillərdən olan elm, təhsil və
mədəniyyətin inkişaf etdirilməsi məsələləri
əhəmiyyətli yer tutur.
Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, millət vəkili Mehriban xanım Əliyeva bu sahələrlə
bağlı layihələrin həyata keçirilməsinə,
dünya standartlarına cavab verən yeni məktəblərin
tikintisinə, azərbaycançılığın daha da
inkişaf etdirilməsinə, böyüməkdə olan nəslin
sağlam və hərtərəfli biliyə malik, layiqli vətəndaş
kimi yetişməsinə həm kömək, həm də
yardım edir. Mehriban xanım Əliyeva Moskvada çıxan
“Exo planetı” jurnalına verdiyi müsahibəsində
demişdir: “Mən Azərbaycan xalqının rifahına xidmət
edən humanitar proqramların səmərəsini artırmaq
üçün bütün mövcud imkanlardan istifadə etməyi
özümə borc bilirəm.” Ümummilli liderimizin humanist
ideyalarını rəhbər tutub öz fəaliyyətilə
xalq arasında böyük nüfuz qazanmış Heydər Əliyev
Fondu insanlara ən yüksək səviyyələrdə
yardım göstərməklə cəmiyyətdə
sağlam ənənələrin, zəngin mənəvi dəyərlərimizin
möhkəmlənməsinə var gücü ilə köməklik
göstərir. Mehriban xanım Əliyevanın həyata
keçirdiyi möhtəşəm işləri,
reallaşdırdığı layihələri hər bir azərbaycanlı
tərəfindən böyük rəğbətlə
qarşılanır. Bu gün müstəqil dövlətimizin
nə qədər uğurları, nailiyyətləri varsa
bütün bunlara görə biz Heydər Əliyevə
borcluyuq. İndi Azərbaycan BMT-nin, ATƏT-in, Avropa
Şurasının, Avroatlantika Tərəfdaşlıq
Şurasının, MDB-nin, Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatının, İslam Konfransı Təşkilatının,
İqtisadi Əməkdaşlıq Təşkilatının və
digər nüfuzlu beynəlxalq qurumların tamhüquqlu
üzvü, GUAM regional təşkilatının təşəbbüsçüsü
və fəal iştirakçısıdır.
Azərbaycan
yaşadıqca Heydər Əliyev ümummilli liderimiz və fəxri
Prezidentimiz olaraq qəlbimizdə həmişə
yaşayacaqdır.
Bəzən onu bir çox
dahilərə bənzədirlər. Ancaq mən onu heç
kimə, yalnız özünə bənzədirəm. O, Azərbaycan
üçün Günəşdir.
Xaqani BƏŞİROV,
politoloq
Xalq qəzeti.- 2009.- 9 iyun.- S. 4.