Sumqayıt gənclər şəhəridir

 

Şəhərin tarixindən. Hələ 1932-ci ildə İttifaq miqyaslı komissiya Sumqayıt ərazisinə baxıb buranı salınacaq sənaye kompleksi üçün əlverişli yer kimi bəyənmişdi. Beşillik plan direktivlərində Azərbaycanda qara və əlvan metallurgiya sənayesinin yaradılması nəzərdə tutulurdu. Bakı neft sənayesinin polad boruya ehtiyacı böyük idi. Neftin inkişafı isə kimya sənayesi üçün bol xammal vermək imkanı demək idi. Məhz bu zərurət Abşeronda iri sənaye kompleksləri tikməkdən ötrü əsas oldu. Dəniz yaxın olduğu üçün onun suyundan müəssisələrdə istifadəyə o qədər də çox xərc çəkilməyəcəkdi. Beləliklə, 1935-ci ildə Abşeronda güclü sənayeni hərəkətə gətirəcək elektrik stansiyasının tikilməsi qərara alındı. Kiçik yaşayış məntəqəsi olan Sumqayıtda inşaatçılar ilk çadırlarını qurdular. Duz gölü quruduldu, təpələr söküldü, dərələr düzəldildi, ilk bünövrələr qoyuldu. Nəhayət, 1938-ci ildə əraziyə qəsəbə statusu verildi. ...Üç il sonra fevralın 13-də axşam mitinqinə toplaşanlar Azərbaycanda ilk İES-in açılışının şahidi oldular. İlk turbin blokunun uğultusu ətrafı bürüdü. Dəhnə düzü nura qərq oldu. Bu, əsl toy-bayram idi. Ətraf kənd və qəsəbələr neft lampası ilə həmişəlik vidalaşdılar. Stansiyanın nur çeşməsi Sumqayıta yeni həyat verdi. Bu, gələcək şəhərin “ürəyi” idi.

Lakin Böyük Vətən müharibəsinin başlanması ilə quruculuq işləri müvəqqəti dayandırıldı. Bir də müharibənin sonuna yaxın hökumət bərpa və yeni sənaye mərkəzləri yaratmaq barədə düşündü. 1944-cü ilin martında Sumqayıtda inşaatçıların ilk qərargahı — “Zaqsənayeinşaat” Tresti təşkil edildi. Qələbədən sonra əsgər paltarını dəyişib quruculuq işlərinə başlayan gənclər Xəzərin sahilində yeni şəhər yaratmaq üçün buraya yürüş etdilər.

O dövrdə kənd təsərrüfatı üçün kimyəvi maddələrin istehsalına tələbat böyük idi. 1943-cü ilin ortalarında Sumqayıt kimyasının ilki olan kaustik soda qurğusunun inşasına başlanmışdı, artıq iki il sonra, 1945-də kimyaçılar ilk məhsul aldılar.

Neft sənayesinə kömək üçün 1946-cı ildə bünövrəsi qoyulan boruyayma zavodunun 6 ildə bir neçə sexi istifadəyə verildi. Sintetik kauçuk və alüminium zavodlarının yardımçı sexləri tikildi. Qəsəbə böyüyüb şəhərə çevrildi. Nəhayət, 1949-cu il noyabrın 22-də respublika Ali Sovetinin fərmanı ilə Sumqayıta şəhər statusu verildi.

Gənclər bu şəhəri Xəzərin qumsal sahilinə ürəklərində gətiriblər. Sonra Sumqayıtı ev-ev, küçə-küçə, məhəllə-məhəllə tikiblər. Arzuların şəhəri 1949-cu ildən həqiqət, hünər, tale şəhərinə çevrilib. Sumqayıtı ucaldanlar onunla bərabər ucalıb, ev-eşik, ailə-uşaq sahibi olublar. Özləri qocalsalar da, Sumqayıtı həmişəcavan şəhər kimi tanıdıblar. Çünki bu şəhərin ruhu cavandır, xarakterinə tükənməz şövq, coşqu, qaynarlıq, canlanma xasdır.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinin 60 illiyinin qeyd edilməsi barədə xüsusi sərəncam imzalamışdır. Şəhərdə yubileyi keçirən təşkilat komitəsi yaradılmış, maraqlı mədəni-kütləvi tədbirlərin keçirilməsinə start verilmişdir. Sumqayıtlılar, o cümlədən şəhərin gəncləri yubileyin keçirilməsi barədə ayrıca sərəncam verilməsini ən yüksək səviyyədə qayğı və diqqət kimi dəyərləndirir, dövlətimizin başçısına hədsiz minnətdarlıq hisslərini ifadə edir və yubileyin ilboyu layiqincə keçirilməsi üçün əllərindən gələni etməyə çalışırlar. Gənclər və İdman Baş İdarəsində də Sumqayıtın 60 illiyinə həsr olunmuş bir sıra maraqlı tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Həmişəki kimi, Sumqayıtda gənclik ruhu hakimdir. Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənovun dediyinə görə, Sumqayıtda 29 yaşa qədər olan sakinlərin sayı 153 min 460 nəfərdir. Ümumi nisbətdə bu, 51,15 faiz edir. Azərbaycan mədəniyyəti və idmanı üçün Sumqayıt həmişə böyük baza olub. Ölkəmizi dünyada şöhrətləndirən tanınmış elm, mədəniyyət, incəsənət xadimlərinin, adlı-sanlı idmançıların bir çoxu ilk uğurlu addımlarını Sumqayıtda atıblar.

Musa Həsənov özü də gənclik illərindən taleyini Sumqayıtla bağlayıb, tərcümeyi-halının böyük bir hissəsi Sumqayıtla bağlıdır. Burada qayğı, diqqət görüb, ona yüksək vəzifələr, məsul işlər etibar edilib. 1995-ci ildə bu idarə yaranandan Musa müəllim gənclərlə işləyir, onlara qayğı, diqqət, etibar, etimad göstərir. Gəncliyində qazandıqlarını bir az da artıq gənclərə qaytarır.

M.Həsənovun dedikləri:

— Bir müddət Sumqayıtda yaşayan hər kəs hökmən bu şəhərə ömürlük bağlanır, özünü bu şəhərə həsr edir. Sumqayıt elə bizim öz adımız, öz taleyimiz, vizit kartımızdır. 60 yaş bir insan üçün müdriklik çağı sayılsa da, bir şəhərin ilkinlik dövrüdür. Buna görə Sumqayıtı təzə-tər gənclik və gözəllik ünvanımız, ilham və enerji mənbəyimiz sayırıq.

Gənclik hərəkət, axtarış, nailiyyət, həyata yeni baxış deməkdir. Gənclər adət-ənənələrimizin, milli-mənəvi dəyərlərimizin daşıyıcısı, cəmiyyətimizin aparıcı qüvvəsidir. Belə yüksək keyfiyyətləri özündə cəmləşdirən, sözün əsl mənasında milli sərvətimiz olan gənclərə qayğı ilə yanaşılması tələb edilir. Bu baxımdan dövlət orqanlarının, ictimai təşkilatların, bütövlükdə cəmiyyətin üzərinə böyük vəzifə düşür. Biz də həmin vəzifəni layiqincə yerinə yetirməyə çalışırıq. 1994-cü ildə Gənclər və İdman Nazirliyi və onun yerli idarələrinin yaradılması, gənclərin forumlarının keçirilməsi, “2 Fevral — Azərbaycan Gəncləri Günü”nün təsis edilməsi, çoxsaylı dövlət proqramlarının, qanunların qəbulu, gənclərin dövlət quruculuğu işlərinə geniş cəlbi, onların cəmiyyətdə fəal iştirakı ilə yanaşı, sosial problemlərin həllinə əlverişli mühit yaratdı.

Heydər Əliyev siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər sayəsində bütün ölkə gəncləri kimi, Sumqayıt gəncləri də mərkəzi və yerli icra hakimiyyəti orqanlarının diqqət və qayğısı ilə daha geniş şəkildə əhatə olundu. Bu qayğının nəticəsi olaraq, son illər ərzində sürətlə inkişaf edən şəhərimizin tanınmasında gənclərimizin və idmançılarımızın rolu ildən-ilə yüksəlməyə başladı.

Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən aidiyyəti təşkilatlarla birgə şəhərin ictimai, siyasi həyatında gənclərin fəal iştirakı üçün şəraitin yaradılması, vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyəsi, istedadlı gənclərin üzə çıxarılması, onların sosial problemlərinin həlli, asudə vaxtlarının səmərəli təşkili, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğunun təmin edilməsi, beynəlxalq əməkdaşlığın inkişafı və dövlət gənclər siyasətinin digər istiqamətləri üzrə son 14 ildə 800-ə yaxın tədbir hazırlanıb həyata keçirildi.

Ali, orta ixtisas və ümumtəhsil məktəblərində, sənaye və mədəniyyət müəssisələrində nümayəndəliklər yaradıldı. Hazırda şəhərdə 20-yə yaxın qeyri-hökumət gənclər təşkilatı və maraqlar üzrə 5 klub fəaliyyət göstərir. Həyata keçirilən tədbirləri ötən dövrü yüksək nailiyyətlərlə zənginləşdirmişdir. Bu sırada sumqayıtlı gənclərin respublikanın və xarici ölkələrin ali məktəblərinə qəbulda xüsusi fərqlənməsi qeyd edilməlidir. Əgər 2002-ci ildə 6 nəfər məzun 600-dən yuxarı bal toplamışdırsa, 2008-ci ildə bu göstərici 142 nəfərə çatmışdır. Yüksək nəticə göstərdiyinə görə 42 nəfər gənc Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülərək, bölgələr üzrə liderliyə yüksəlmişlər. 2007-2008-ci tədris ilində xarici ölkələrdə təhsil alan tələbələrin sayına görə də Sumqayıt şəhəri öndə olmuşdur. Bundan başqa, 1997-2008-ci illərdə 43 nəfər sumqayıtlı gənc Beynəlxalq fənn olimpiada və yarışlarında I, II və III yerlərin sahibi olmuşlar.

Fəaliyyətə başladığı ilk gündən Baş İdarə gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işini ön plana çəkmiş, aidiyyatı dövlət qurumları ilə birgə mütəmadi olaraq yeniyetmə və gənclər arasında “Şahin” hərbi-idman, “Cəsurlar” hərbi-idman və turizm oyunları, “Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyü üzrə yarışlar təşkil etmiş, respublika yarışlarının zona və final mərhələlərində yüksək nəticələrin əldə edilməsinə nail olmuşdur. 1995-ci ildə keçirilən belə tədbirlərin sayı 4 olduğu halda, 2008-ci ildə 18-ə çatdırılmışdır.

Gənclər arasında narkomaniyanın və digər zərərli vərdişlərin yayılmasına qarşı mübarizə onların mənəvi-əxlaqi tərbiyəsi sahəsində keçirilən tədbirlər səmərəli olmuşdur. Təkcə ötən il 11 belə tədbir keçirilmişdir.

Baş idarə ilk dəfə səs verəcək gənclər arasında seçki qanunvericiliyinin izahı işini səmərəli təşkil etmək məqsədilə çoxsaylı tədbirlər həyata keçirmişdir. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin ötən seçkiləri ilə əlaqədar tədbiri xüsusi qeyd etmək olar. Belə ki, ilk dəfə səs verəcək 11 min nəfərə yaxın gəncin siyahısı hazırlanmış, onların hər birinə təbrik və dəvətnamələr göndərilmişdir. 25 sentyabr 2008-ci ildə “Kimyaçı” sarayının qarşısında Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti ilə birgə ilk dəfə səs verəcək gənclərin şərəfinə “Gələcəyimizə səs verək” devizi altında konsert proqramı təşkil edilmişdir.

Baş idarənin fəaliyyət istiqamətlərindən biri gənclərin maraq və problemlərinin araşdırılması, ayrı-ayrı sahələrdə həyata keçirilmiş tədbirlərin effektivliyinin, mövcud vəziyyətin öyrənilməsi məqsədilə müxtəlif mövzularda sosiaoloji rəy sorğularının, dəyirmi masa və disputların keçirilməsidir. Bir qayda olaraq sorğuların nəticələri, həmçinin müxtəlif tədbirlərdə gənclər tərəfindən irəli sürülmüş təkliflər nəzərə alınır. Sorğuların nəticələri Gənclər və İdman Nazirliyinə və nazirliyin nəzdindəki Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinə təqdim edilir.

Uşaq, yeniyetmə və gənclərə psixoloji köməklik göstərmək, onları narahat edən psixi, sosial və digər problemləri öyrənmək məqsədilə 2004-cü ildə Təhsil Şöbəsi ilə birgə Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin dəstəyilə “etimad” telefonu yaradılmışdır. Daxil olan zənglər psixoloq-müəllimlər tərəfindən cavablandırılır və gənclərə istiqamətləndirici məsləhətlər verilir.

Gənclərin asudə vaxtının səmərəli təşkili, onların mənalı istirahətinin təmin olunması məqsədilə həyata keçirilmiş tədbirlər sırasında şəhər icra hakimiyyətinin rəhbərliyi altında təhsil şöbəsi ilə birgə orta ümumtəhsil məktəblərində təşkil olunan yay istirahət düşərgələrinin təşkilini xüsusi qeyd etmək lazımdır. 2003-cü ildən bəri düşərgələrə 11 min şagird cəlb edilmişdir.

Baş idarə beynəlxalq əlaqələrin qurulması və inkişafı sahəsində məqsədyönlü fəaliyyət göstərir. Avropa Gənclər Forumunun, Amerika Birləşmiş Ştatlarının “Sülh Korpusu” təşkilatının, Türkiyə, Özbəkistan, Ukrayna, Moldova, Belarus respublikalarının, Çin Xalq Respublikasının, Cənubi Koreyanın və Avropanın bir çox ölkələrinin gənclərdən ibarət nümayəndə heyətlərinin Sumqayıta səfərləri, sumqayıtlı gənclərdən ibarət nümayəndə heyətlərinin Almaniya, Ukrayna və Türkiyə Cümhuriyyətinə səfərləri faydalı olmuşdur.

Görülən işlərlə yanaşı, şəhərin idman tarixini özündə əks etdirən “Qələbəyə aparan yol” və “Sumqayıt — gənclər şəhəridir” (Azərbaycan, rus, ingilis dillərində) adlı kitablar nəşr etdirilmişdir.

Baş idarənin 10 illik yubileyi münasibətilə Sumqayıtın istedadlı gənclərinin əldə etdikləri nailiyyətləri əks etdirən “Sumqayıt gəncləri 1995-2005-ci illərdə” adlı kitab hazırlanaraq çap olunmuş, eyniadlı video-disk hazırlanmışdır. Hazırda Sumqayıtın 60 illiyi münasibətilə nəfis foto-albom buraxılma ərəfəsindədir. Nəzərdə tutulan rok-musiqi festivalının da möhtəşəm olacağı gözlənilir.

Şəhərin idman həyatı da əlamətdar hadisələrlə zəngindir.

1980-ci ilədək idman növləri üzrə məşqlərin yaşayış massivlərinin ərazisində olan futbol meydançalarında, məktəblərin idman zallarında, iki stadionda, iki Uşaq-Cənclər İdman Mərkəzində və Şahmat — Dama Məktəbində, “Polad”, “Alüminiumçu”, “Kimyaçı” idman komplekslərinin qurğularında aparıldığı şəhərdə hazırda 13 idman kompleksi olmaqla 217 idman qurğusu (örtülü və açıq tipli) mövcuddur.

Hazırda şəhərdə mövcud olan idman cəmiyyətləri, məktəbləri, müstəqil idman klublarında və s. təşkilatlarda idman növlərinin sayı 28-ə çatdırılmışdır ki, bu növlər üzrə müntəzəm olaraq 11 mindən artıq gənc bədən tərbiyəsi və idmanla məşğul olur.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən, Gənclər və İdman Nazirliyi yarandıqdan sonra ölkədə idmanın hərtərəfli inkişafı, kütləviliyinin artırılması, gənclərin sağlamlığının möhkəmləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili, perspektivli idmançıların üzə çıxarılması istiqamətində çoxsaylı tədbirlər keçirilmişdir. Son 15 ildə şəhərdə fəaliyyət göstərən aidiyyəti təşkilatlarla birgə təşkil edilmiş 1800-ə yaxın kütləvi bədən tərbiyəsi və idman tədbirləri təşkil edilmişdir ki, bu tədbirlərə 120 mindən artıq iştirakçı, 100 minlərlə tamaşaçı cəlb olunmuşdur. Təkcə ötən il 314 belə tədbir keçirilmişdir.

Dünyanın ən mötəbər idman arenalarında keçirilən Avropa, dünya birincilikləri, çempionatları və Olimpiya oyunlarında iştirak edən ölkəmizin idmançıları üçrəngli bayrağımızı şərəflə ucaltmış, himnimizi səsləndirmişlər. Bu nailiyyətlərdə Sumqayıt idmançılarının da özünəməxsus payı vardır. Təkcə 1995—2008-ci illər ərzində şəhərin 100-dən çox idmançısı Olimpiya, Dünya, Avropa və Asiya yarışlarında müvəffəqiyyətlə çıxış edərək yüksək nailiyyətlər qazanmışlar. Halbuki, 1992-ci ilədək şəhərin yalnız 6 idmançısı dünya və Avropa yarışlarının ən yüksək pilləsinə qalxmışdır.

Beynəlxalq idman arenalarında Sumqayıt idmançıları tərəfindən əldə edilmiş bəzi nailiyyətlər şəhərin tarixində ilk dəfə olmuşdur. Bunlardan taekvando üzrə Niyaməddin Paşayevin dünya və ikiqat Avropa çempionu adını, şahmat üzrə Zeynəb və Şəhriyar Məmmədyarovların dünya, Avropa birinciliklərinin qalibi olaraq Beynəlxalq qrossmeyster adı almalarını, cüdo üzrə Elxan Rəcəblinin dünya çempionatında bürünc medal qazanmasını xüsusi qeyd etmək olar.

Azərbaycan Beynəlxalq Olimpiya hərəkatına qoşulduğu vaxtdan Sumqayıt idmançıları milli yığma komandanın tərkibində Yay Olimpiya oyunlarında təmsil olunmuşlar. 1996-cı ildə Atlantada ağır atletika üzrə Asif Məlikov, 2000-ci ildə Sidneydə ağır atletika üzrə Elxan Süleymanov, 2004-cü ildə Afinada sərbəst güləş üzrə Elnur Aslanov, taekvando üzrə Niyaməddin Paşayev, atletika üzrə Dadaş İbrahimov, boks üzrə Şahin İmranov və Fuad Aslanov, cüdo üzrə İlham Zəkiyev (paralimpiya) iştirak etmişlər. F.Aslanov bürünc, İ.Zəkiyev isə qızıl medal əldə etmişlər.

Ötən il Pekində keçirilmiş XXIX Yay Olimpiya oyunlarında şəhərin 1 idmançısı — boksçu Şahin İmranov, XIII Paralimpiya oyunlarında İlham Zəkiyev, Tofiq Məmmədov, Ramin Əliyev, İlkin Alışov, Kərim Sərdarov (cüdo) və Elşən Hüseynov (pauerliftinq) iştirak etmişlər. Ş.İmranov bürünc, İ.Zəkiyev qızıl, K.Sərdarov və T.Məmmədov gümüş medal qazanmışdır.

1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və hər iki ildən bir keçirilən Yeniyetmələrin respublika oyunlarında Sumqayıt komandası müvəffəqiyyətlə çıxış edərək ümumi komanda hesabında II yeri tutmuşdur. 1997,1999, 2003 və 2007-ci illərdə keçirilmiş respublika zəhmətkeşlərinin spartakiadalarının hər dördündə şəhərin yığma komandası uğurla çıxış etmiş və ümumi hesabda I yeri tutmuşdur.

Yüksək nailiyyətlər əldə etmiş Sumqayıt idmançıları və onların məşqçiləri daim ölkə rəhbərliyinin, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, eləcə də şəhər rəhbərliyinin diqqət mərkəzində olmuş və mükafatlandırılmışlar. Son illər Prezident İlham Əliyev tərəfindən Azərbaycan idmanının inkişafında xidmətlərinə görə 6 nəfər sumqayıtlı “Tərəqqi” medalı, 1 nəfər “Şöhrət” ordeni ilə təltif edilmiş, 1 nəfər Azərbaycan Prezidentinin xüsusi təqaüdünə layiq görülmüş, 2 nəfərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” adı, 7 nəfərə Bakıda, 3 nəfərə Sumqayıtda mənzillər verilmişdir.

1995-ci ildən Gənclər və İdman Nazirliyi tərəfindən 11 nəfərə “Fəxri bədən tərbiyəsi və idman işçisi”, 12 məşqçi- müəllimə “Azərbaycan Respublikasının əməkdar məşqçisi”, 4 idmançıya “Əməkdar idman ustası” fəxri adı verilməsi əlamətdar hadisələrdir. Əvvəlki 45 ildə isə cəmi 35 idman işçisinə “Fəxri bədən tərbiyəsi və idman işçisi” və “Əməkdar məşqçi” fəxri adı verilmişdir. Fəxri adlar almış 40-dək idman mütəxəssisi şəhərdə idmanın inkişafı istiqamətində səmərəli fəaliyyətini bu gün də davam etdirir.

Gənclər və İdman Nazirliyi, ayrı-ayrı idman federasiyaları tərəfindən keçirilən “İlin ən yaxşı idmançısı” (paralimpiyaçısı, məşqçisi, hakimi) nominasiyası üzrə 7 idmançı, 1 məşqçi və 1 hakim fərqlənmişdir.

Şəhərin məhəllə və mikrorayonlarında 50-dən artıq uşaq-idman şəhərciyi, 3 idman kompleksi, 9 süni örtüklü meydança tikilərək idmançıların istifadəsinə verilmişdir.

Hazırda 17-ci mikrorayon ərazisində Olimpiya idman kompleksi tikilir, 1 saylı Uşaq — Gənclər İdman Məktəbində əsaslı təmir işləri aparılır.

Bütün bunlar bir tərəfdən Olimpiya Komitəsinin ardıcıl, məqsədyönlü işindən irəli gəlirsə, digər tərəfdən dövlətimizin idmana, idmançılara diqqət və qayğısının bariz nümunəsidir.

Nazirliyin və Sumqayıt şəhər rəhbərliyinin daimi diqqət və qayğısından ruhlanan Gənclər və İdman Baş İdarəsi hər zaman şəhər gənclərinin uğur yolunda mayak kimi yanmaqda, onları qələbəyə, sevincə və səadətə yönəltməkdədir.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2009.- 9 iyun.- S. 7.