Unutsaq unudularıq

 

Böyük alim, unudulmaz müəllim

 

Əbülfəz Cəbrayıl oğlu Qasımov (Bərəkət) 1931-ci ildə anadan olmuşdur. 1946-cı ildə Ordubad Pedaqoji Texnikumunu, 1953-cü ildə isə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun plan-iqtisad fakültəsini bitirmişdir. 1957-ci ildə Moskvada SSRİ Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun Elmi Şurasında namizədlik dissertasiyası müdafiə etmiş və doğma Azərbaycana qayıdaraq Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. 1959-cu ildən əmək fəaliyyətini Bakı Ali Partiya Məktəbində davam etdirən Əbülfəz Qasımov 1992-ci ilədək, yəni 33 il ərzində orada baş müəllim, dosent, professor, kafedra müdiri vəzifələrində çalışmışdır.

1972-ci ildə Əbülfəz müəllim Azərbaycan EA İqtisadiyyat İnstitutunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1993-cü ildən ömrünün sonunadək (10 iyun 2008) həyatını Azərbaycan Dövlət İqtisad Universiteti ilə bağlamış, “Aqrar sənaye müəssisələrinin iqtisadiyyatı və idarə edilməsi” kafedrasının müdiri (1995-ci ildən) vəzifəsində əzmlə, böyük fədakarlıqla çalışmışdır.

Əbülfəz Qasımov yüksək vətəndaşlıq qayəsi ilə səciyyələnən zəngin, mənalı və şərəfli ömür yolu keçmiş, dərin peşəkarlığı, tükənməz enerjisi və böyük zəhmətsevərliyi sayəsində görkəmli alim səviyyəsinə yüksəlmiş, iqtisad elminin zirvələrini fəth etmişdir. Onun elmi tədqiqatlarının nəticəsi olan 560 çap vərəqi həcmində monoqrafiya, kitablar, dərsliklər və elmi məqalələri müxtəlif ölkələrdə və dillərdə çap olunmuşdur.

Əbülfəz Qasımovun çoxcəhətli elmi fəaliyyətində respublika regionlarının sosial-iqtisadi inkişafının aktual problemlərinin tədqiqi mühüm yer tutur. O, Azərbaycan rayonlarının inkişafında müşahidə olunan bir sıra nöqsanların aradan qaldırılması, mövcud ehtiyatların səmərəli istifadəsi üçün kompleks elmi təhlil aparmış, iqtisadiyyatımızın inkişafına sanballı töhfələr vermişdir.

Əbülfəz Qasımovun elmi axtarışlarının bəhrəsi olan və müxtəlif illərdə çapdan çıxan “Heyvandarlığın iqtisadiyyatı”, “Ərzaq proqramının aktual problemləri”, “Azərbaycanın sosial iqtisadi inkişafında islahatların rolu”, “Demokratikləşmə milli iqtisadiyyatımızın əsasıdır”, “Milli iqtisadiyyatımızın aktual problemləri”, “Azərbaycanın ərzaq təhlükəsizliyi”, “Müstəqil Azərbaycan iqtisadiyyatının aktual problemləri”, “İpək yolunun bərpası bəşəriyyətin tərəqqi yoludur”, “Bələdiyyələrə elmi-metodik kömək”, “Qəbələdə regional siyasətin bəhrələri və inkişaf istiqamətləri” kimi elmi tədqiqat əsərləri, “Naxçıvan Muxtar Respublikası:nailiyyətlər və problemlər” adlı 2 cildlik ensiklopedik nəşr ictimaiyyət tərəfindən böyük rəğbət və maraqla qarşılanmışdır. O, elmi kadrların hazırlanmasına böyük zəhmət sərf edirdi. Onun rəhbərliyi altında 22 elmlər namizədi və 4 elmlər doktoru yetişmişdir.

Əbülfəz Qasımov müdrik, özündən çox başqaları haqqında düşünən, mərd, səbirli, intizamlı, öz üzərində müntəzəm çalışan yüksək ziyalı kimi daim yeniliyə can atan, mütaliə edən böyük alim idi.

Gənclərimizin yüksək peşəkar iqtisadçı-mütəxəssis kimi hazırlanması və formalaşmasında, vətəndaş kimi tərbiyə olunmasında onun danılmaz xidmətləri vardır.

Qədim bir hind məsəlində deyilir: “Kim ki daim oxuyur, o yaxşı yatır, özü özünün həkimi olur. Məqsəd uğrunda mübariz olmaq, insani kamilliyə yiyələnmək oxuyub öyrənməklə bağlıdır”. Əbülfəz müəllim məhz belə yüksək insani keyfiyyətlərə malik idi.

Əbülfəz müəllim öz tələbələrini sevir və onların hər birinin şəxsiyyətinə hörmət edirdi. O, həyat pillələrini addım-addım qalxaraq onun zirvəsinə yüksələn, insani ləyaqətini hər şeydən uca tutan görkəmli iqtisadçı, ziyalı idi.

Əbülfəz Qasımov respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edirdi. Bacarıqlı təşkilatçı, mütərəqqi ideyaların daşıyıcısı və təbliğatçısı kimi ölkə ictimaiyyəti arasında böyük hörmət və nüfuz qazanmışdı. O, bir neçə ixtisaslaşmış elmi və müdafiə şuralarının üzvü idi. Beynəlxalq konfrans və simpoziumlarda dərin məzmunlu məruzə və çıxışları ilə Azərbaycan iqtisad elmini ləyaqətlə təmsil etmişdir.

Əbülfəz Qasımovu başqa iqtisadçı alimlərdən fərqləndirən əsas cəhət budur ki, o, milli iqtisadiyyatımızın aktual problemlərini tədqiq etməklə yanaşı, bədii-publisistik yaradıcılıq fəaliyyəti ilə də ardıcıl məşğul olurdu. “Əbülfəz Bərəkət” imzası çoxdan respublikamızda və onun hüdudlarından kənarda oxucuların dərin rəğbətini qazanmışdır. Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlər göstərmiş Əbülfəz Bərəkət çörək mövzusunu bədii yaradıcılığının əsas qayəsi hesab edərək “Mənim çörəkli dünyam” kitabını yazmış, bu kitabın materialları əsasında Moskva, Bakı və Naxçıvanda filmlər çəkilmişdir.

Onun milli-mənəvi dəyərlərimizi özündə əks etdirən mədəniyyətimizi, ədəbiyyatımızı zənginləşdirən “Anamın gəlinlik paltarı” adlı əsəri 2002-ci ildə Azərbaycan Dövlət Gənclər Teatrında, “Tufanda yanan çıraq” adlı pyesi isə 2003-cü ildə İrəvan Dövlət Dram Teatrında səhnəyə qoyulmuş və tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Əbülfəz Qasımovun “Dəyirmana gedən yollar” bədii-publisistik oçerki dünya şöhrətli müğənni Lüdmila Zıkinanın müşayiəti ilə radiokompozisiya kimi vallara yazdırılaraq “Russkiy yazık za rubejom” (Moskva) jurnalı redaksiyasının təşəbbüsü ilə dünyanın səksən ölkəsində səsləndirilmişdir. İndi həmin vallar əsasında bir sıra xarici ölkələrin məktəblərində şagirdlərə Azərbaycan xalqının adət-ənənələri, qonaqpərvərliyi, insanpərvərliyi barədə sinifdənkənar məşğələlər keçirilir. Həmin oçerk unudulmaz müğənnimiz Rəşid Behbudovun ecazkar ifasında da rəğbətlə qarşılanmışdır.

Professor Əbülfəz Qasımovun böyük zəhməti sayəsində ötən əsrin 80-ci illərinin əvvəllərində Ağdamda yaradılmış “Çörək muzeyi”nin şöhrəti bütün dünyaya yayılmışdı. Müqəddəs nemətə sonsuz ehtiramın rəmzi olan “Çörək muzeyi” dünyada yeganə idi. Muzeyin zəngin ədəbiyyat fondu vardı, burada dəyirman işləyirdi, üyüdülmüş undan buradaca təndirdə bişirilən çörəklər dequstasiya salonunda muzeyə gələn qonaqların süfrəsini bəzəyirdi.

Erməni qəsbkarları Qarabağı işğal edərkən bu unikal məbədgaha tuşlanan düşmən mərmiləri vətənpərvər alimi sarsıtmış, hiddətləndirmiş və onun qəlbində baş qaldıran qəzəbli nidalar yeni bir povestin yazılmasına səbəb olmuşdur. İlk dəfə Azərbaycan radiosu ilə səsləndirilən, sonra isə respublika mətbuatının səhifələrində dərc edilən “Xan qızı Natəvan bəşəriyyəti haraylayır” adlı əsər böyük marağa səbəb olmuş, dinləyici və oxucular arasında geniş əks-səda doğurmuşdur.

Əbülfəz Bərəkətin son vaxtlar oxuculara təqdim etdiyi “Sevən ürək, isti çörək” əsəri daha bir ağrılı mövzuya— müdhiş 20 Yanvar hadisələrinə həsr edilmişdir. Əsərdə şəhidlərimizin nakam və saf məhəbbətindən, ülvi hisslərindən söhbət açılır, onların xatirələri yad olunur. Ümumiyyətlə, Əbülfəz Bərəkətin əsərlərindəki ziyalı həyatı, həkimlik peşəsinin müqəddəsliyi, jurnalist məharəti, acılı-şirinli tələbəlik illəri istər-istəməz oxucunu düşündürür, ülviləşdirir, mətinləşdirir. İlk sətirlərdən bu əsərlər oxucunu ovsunlayır, qoynuna alır və onların bəxş etdiyi mənəvi zənginlik, əxlaqi keyfiyyətlər qəlbə ömürlük hakim kəsilir.

Professor Əbülfəz Qasımovun son əsəri - “İki liderin siyasi portreti” ulu öndərimiz Heydər Əliyev və respublikamızın Prezidenti İlham Əliyevin titanik əmək fəaliyyətindən, qloballaşma dövründə ölkəmizin stabil inkişafı istiqamətində aparılan sosial-iqtisadi islahatlardan bəhs edir.

Qeyd etmək lazımdır ki, Əbülfəz müəllimin iqtisadi təfəkkürü ilə bədii təfəkkürü arasında yaranmış vəhdət həm elmi axtarışlarında, həm də bədii yaradıcılıq sahəsində ona böyük uğurlar qazandırır.

Əbülfəz müəllim gözəl ailə başçısı idi. Onun iki oğlu, iqtisad elmləri doktoru, professor Natiq Qasımov və tibb elmləri doktoru, professor İlqar Qasımov cəmiyyətdə böyük hörmət sahibi olan insanlardır.

Əbülfəz Qasımovun elmi-pedoqoji və ictimai fəaliyyəti dövlətimiz tərəfinfən yüksək qiymətləndirilmişdir. O, “Əməkdar elm xadimi”, “Əməkdar təbliğatçı” fəxri adlarına, “Qızıl qələm” mükafatına layiq görülmüş, 2001-ci ildə ulu öndərimiz Heydər Əliyevin fərmanı ilə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

Görkəmli iqtisadçı alim, elm fədaisi, gözəl pedaqoq, müdrik insan Əbülfəz Qasımovun xatirəsi Azərbaycan xalqının ziyalılarının, onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.

 

Asəf NADİROV,

akademik

 

Ziyad SƏMƏDZADƏ,

akademik

 

Xalq qəzeti.- 2009.-  9 iyun.- S. 6.