15 iyun Milli Qurtuluş Günüdür

 

Heydər Əliyev–Azərbaycanın müstəqilliyinin xilaskarı

 

XX əsrin axırlarında bəşəriyyət dünyanın siyasi xəritəsində böyük dəyişikliklərin baş verməsi ilə yadda qaldı. Dünyanın altıda birini əhatə edən Sovetlər birliyi dağıldı. Bir çox cəmiyyətlərin siyasi-ideoloji əsasları tamamilə dəyişdi, yeni müstəqil dövlətlər və demokratik cəmiyyətlər dünya birliyində və digər beynəlxalq təsisatlarda özünə yer aldı. Cənubi Qafqaz regionunun, ümumilikdə isə Xəzər bölgəsinin dünyaya əsas çıxış nöqtəsi olan Azərbaycanda 1990- illərin əvvəllərində baş verən proseslər bütövlükdə bölgə üçün xüsusi önəm daşımağa başladı.

Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda bir ictimai-iqtisadi inkişaf modelindən digərinə keçidlə əlaqədar ölkənin sosial-iqtisadi həyatında mahiyyət etibarilə yeni, əvvəllər mövcud olmayan siyasi, hüquqi, iqtisadi, sosial və psixoloji xarakterli problemlər qarşıya çıxdı. Bir tərəfdən bu problemlərin təsiri altında ölkənin sosial-iqtisadi tənəzzülü, digər tərəfdən o dövrdəki siyasi rəhbərliyin səriştəsizliyi, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ problemi, 1 milyona qədər soydaşımızın daimi yaşayış yerlərindən qaçqın düşməsi, Azərbaycanın iqtisadi, siyasi, informasiya blokadasına alınması, ölkədə yaranmış qeyri-sabit siyasi vəziyyət əhalinin həyat səviyyəsinin kəskin şəkildə pisləşməsinə səbəb olmuşdu.

Bu, ümumilikdə gələcəkdə bütöv region üçün son dərəcə əhəmiyyətli olacaq iri qlobal layihələrin reallaşmasına mühüm problemlər yaradırdı. Azərbaycanda, o cümlədən Cənubi Qafqaz regionunda getdikcə pisləşən vəziyyət dünya üçün bölgənin əhəmiyyətini də azaltmağa başlamışdı. Vətəndaş qarşıdurması, günü-gündən dərinləşən hərbi-siyasi böhran, milli mənəvi dəyərlərin sürətlə aşılanması Azərbaycan dövlətçiliyini və ölkəmizin müstəqilliyini sual altına aldı. Gəncədə və Lənkəranda separatçı qüvvələrin destruktiv fəaliyyəti hakimiyyətdaxili ziddiyyətləri artırdı. Qeyri-qanuni silahlı qrupların müxtəlif bölgələrdə törətdikləri cinayətkar əməllər isə ölkədə kriminogen durumu daha da kəskinləşdirdi. 1993-cü ilə qədər bir-birini əvəz edən hakimiyyətlərin fəaliyyətsizliyindən Azərbaycanda separatizm meylləri baş qaldırmış, ölkə silahlı kriminal qruplaşmaların fəaliyyət meydanına çevrilmiş, cinayətkarlar cəzasız qalmış, cəmiyyət demək olar ki, xaos və anarxiyanın ümidinə buraxılmışdı. Yaranmış vəziyyət “müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətindir” fəlsəfəsini tam şəkildə ortaya qoydu.

1993-cü ilin iyununda Azərbaycan xalqı son dərəcə əhəmiyyətli və taleyüklü bir qərar qəbul etdi. Həyatını və fəaliyyətini yalnız və yalnız Azərbaycanın inkişafı yolunda sərf edən ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Bakıya siyasi hakimiyyətə dəvət olundu. Naxçıvandan Bakıya gələn ümummilli lider ilk olaraq nədən başlamalı sualına cavab tapdı. Bu, hər şeydən öncə ölkədə sabitlik və əmin-amanlığın tam əldə edilməsinə nail olmaq idi. Ulu öndərin böyük uzaqgörənliklə dediyi, “ölkədə ictmai-siyasi sabitliyi yaratmadan, cinayətkarlığın qarşısını almadan nə müharibədə qələbə qazanmaq, nə sosial-iqtisadi sahədə nailiyyət əldə etmək, nə də, ümumiyyətlə, ölkənin müstəqilliyini və ərazi bütövlüyünü qorumaq mümkündür” fikirlərindəki “sabitlik və əmin-amanlıq” problemi 1993-cü ildə Azərbaycan dövləti və xalqı üçün taleyüklü məsələlərdən biri, bəlkə də, birincisi idi.

Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə gəlişi ilə ilk növbədə ölkədə mövcud olan bütün mənfi meyllərin qarşısına tam sipər çəkdi. 1993-cü ildən başlayaraq həyata keçirilən daxili siyasət, cinayətkar ünsürlərə qarşı qanunun bütün gücü ilə işləməsi qısa müddət ərzində vətəndaşların təhlükəsiz yaşamaq hüququnu təmin etdi. Hüquq-mühafizə orqanlarının, xüsusilə polisin fəaliyyətinə önəm verən ulu öndər 1994-cü ilin aprel ayında DİN-də keçirilən müşavirədə daxili işlər orqanlarının fəaliyyətində keçmişdə yol verilmiş nöqsan və çatışmazlıqları açıq şəkildə qeyd edərək, onların tez bir zamanda aradan qaldırılması, cinayətkarlıqla mübarizə tədbirlərinin gücləndirilməsi üçün dəyərli tapşırıq və tövsiyələrini verdi.

Həmin vaxtdan başlayaraq Azərbaycan polisi bütün qüvvəsini ölkədə ictimai-siyasi sabitliyin təmin olunmasına yönəltdi, daxili işlər orqanlarının şəxsi heyətinin peşəkarlıq səviyyəsi artırıldı, DİO-nun maddi-texniki bazası təkmilləşdirilərək cinayətkarlığa qarşı mübarizə tədbirləri gücləndirildi. Azərbaycanda siyasi sabitlik və əmin-amanlığın ilkin nəticələri öz bəhrəsini verdi. Birinci olaraq cəbhədə atəşkəs əldə edildi, 1994-cü ildə “Əsrin müqaviləsi” – ilk neft kontraktı imzalandı, irimiqyaslı iqtisadi islahatlar başlanıldı. Müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və sosial-iqtisadi inkişafın mahiyyət etibarı ilə yeni – Heydər Əliyev modeli yaradıldı.

Ümummilli liderimiz Heydər Əliyevin ən çox diqqət yetirdiyi məsələ islahatların mükəmməl qanunvericilik bazasının yaradılması, onun beynəlxalq tələblərə uyğunlaşdırılması olmuşdur. Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı çoxsaylı qanunlar qəbul edilmiş, fərman və sərəncamlar imzalanmış, 30-a yaxın dövlət proqramı təsdiq edilmişdir.

1994-cü il sentyabrın 20-də dünyanın ən nüfuzlu neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq və Günəşli yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında saziş imzalandı və bununla da ölkənin iqtisadi həyatında yeni bir mərhələ başlandı. Əgər ölkədə siyasi sabitlik əldə edilməsəydi təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün, habelə Avropa üçün son dərəcə əhəmiyyətli olan bu layihələr reallaşa bilməzdi.

Ulu öndər Heydər Əliyev uzaqgörən siyasəti ilə sübut etdi ki, Azərbaycanda mövcud olan siyasi vəziyyət bütöv regionun inkişafında əsas faktorlardan biridir. Əsas diqqəti iqtisadiyyatın şaxələndirilməsinə yönəldən ulu öndər ölkənin karbohidrogen ehtiyatlarının müxtəlif marşrutlarla dünyaya çıxışını təmin etmək məqsədi ilə o dövr üçün son dərəcə vacib olan addımlar atdı.

Bu məqsədlə ulu öndər Heydər Əliyev 1996-cı ildə Bakı–Novorossiysk, 1999-cu ildə isə Bakı–Tbilisi–Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə nail oldu. Aparılan gərgin iş sayəsində 1999-cu ilin noyabr ayında Azərbaycan, Cürcüstan və Türkiyə hökumətləri arasında, həmçinin Bakı–Tbilisi–Ceyhan əsas neft ixrac neft kəmərinin potensial sponsorları olan kompaniyalar arasında müvafiq saziş imzalandı. Bu sazişlə ulu öndər Heydər Əliyev Azərbaycanın region üçün, eləcə də regionun Avropa üçün əhəmiyyətli rolunu qabarıq şəkildə üzə çıxartdı. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu qlobal layihələr sonralar Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verdi.

Heydər Əliyevin təşəbbüsü, təşkilatçılığı və rəhbərliyi altında 1995-ci ildən başlayaraq iqtisadiyyatın bazar münasibətləri əsasında qurulması prosesinə başlanıldı ki, bunun müsbət nəticələri bu gün də öz bəhrəsini verməkdədir.

Azərbaycan xalqının ümummilli lideri ulu öndər Heydər Əliyevin ölkədə sabitliyin möhkəmləndirilməsi, əmin-amanlığın qorunmasında xüsusi rolu olan hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində gördüyü işlər bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir və daha da zənginləşdirilir.

Azərbaycan Prezidenti İlham Əliyevin 30 iyun 2004-cü il tarixli “Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləş-dirilməsinə dair Dövlət Proqramının (2004–2008-ci illər) təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasında daxili işlər orqanları işçilərinin vəzifə maaşlarının artırılması haqqında”, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında”, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında” sərəncamları, eləcə də “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturunda dəyişikliklər edilməsi haqqında” fərmanı daxili işlər orqanlarının şəxsi heyətinin böyük ruh yüksəkliyinə səbəb olmuşdur.

Dövlət proqramında daxili işlər orqanları əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, onların həyat və iş şəraitinin yaxşılaşdırılması, polisin fəaliyyəti və rolu haqqında bilgilərin ictimaiyyətə çatdırılması, daxili işlər orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi kimi mühüm məsələlər öz əksini tapmışdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə qəbul edilmiş və uğurla icra olunan “Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı” cinayətkarlıqla mübarizənin səmərəliliyinin yüksəldilməsində, bu sahədə polisin müasir texnika və avadanlıqla təchizatının yaxşılaşdırılmasında, bütövlükdə daxili işlər orqanlarında islahatların müvəffəqiyyətlə davam etdirilməsində mühüm rol oynamışdır.

Bu gün Azərbaycan, bütün sahələrdə region və dünya ölkələri üçün son dərəcə əhəmiyyətli bir ölkəyə çevrilmişdir. Artıq bir neçə ildir ki, iqtisadi artım tempinə görə Azərbaycan dünyada lider bir ölkəyə çevrilmişdir. Son beş ildə Azərbaycanda ümumi daxili məhsul 2,6 dəfə artmışdır. Ümumi daxili məhsulun adambaşına düşən həcmi 2003-cü ildə 896,8, 2008-ci ildə isə 5403,9 ABŞ dolları təşkil etmişdir.

Azərbaycanda hasil edilmiş karbohidrogenlərin dünya bazarlarına nəql edilməsi üçün layihə gücü ildə 50,0 milyon ton olan Heydər Əliyev adına Bakı–Tbilisi–Ceyhan əsas neft ixrac kəməri, eləcə də Bakı–Tbilisi–Ərzurum Cənubi Qafqaz boru kəməri istismara verilmiş və beləliklə, Azərbaycan neft və qaz ixracatçıları sırasına daxil olmuşdur. Azərbaycan, Gürcüstan və Türkiyə dövlətləri arasında imzalanmış “Bakı–Tbilisi–Qars yeni dəmir yolu xətti haqqında” sazişə müvafiq olaraq Türkiyə və Gürcüstanın ərazilərində dəmir yolu xətlərinin inşası və yenidən qurulması işlərinin aparılması nəticəsində Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu əlaqəsinin yaradılması, Qara dəniz və Xəzəryanı ölkələrin Avropanın dəmir yolu şəbəkəsinə qoşulması mümkün olacaqdır.

Heç şübhəsiz ki, əldə edilən bütün bu nailiyyətlər öz başlanğıcını 1993-cü ilin 15 iyunundan götürmüş və müstəqil Azərbaycan dövlətinin qazandığı uğurların təməlində, məhz ümummilli lider Heydər Əliyevin yaratdığı və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən böyük müvəffəqiyyətlə davam etdirilən sabitlik və əmin-amanlıq dayanır.

 

 

Hikmət EYVAZOV,

Polis Akademiyasının daxili işlər

orqanlarının inzibati fəaliyyəti kafedrasının

baş müəllimi, polis mayoru

 

Xalq qəzeti.- 2009.- 10 iyun.- S. 3.