İctimai qaydanın
təmin olunmasında
vətəndaşların könüllü
iştirakı
Dünyada ictimaiyyət
tərəfindən daha çox dəstəklənən polis
fəlsəfəsi ilk dəfə London polisinin fəaliyyətinin
əsasını təşkil edən model kimi qəbul
edilmiş, XX əsrin sonlarında bu bir layihə kimi
Avropanın bir çox ölkələrinə
yayılmış, Amerika Birləşmiş Ştatları və
Kanadada tətbiq olunmağa başlanmışdır. Son 10 il ərzində
həmin layihə, həmçinin Türkiyənin polis
orqanlarında da tətbiq edilir və öz müsbət nəticələrini
göstərməkdədir. İctimaiyyət tərəfindən
dəstəklənən polis xidməti ayrıca bir struktur və
yaxud qurum kimi nəzərdə tutulmur. Bu, polisin xalqa daha
yaxın olmasına, onunla daha sıx əməkdaşlıq
etməsinə zəmin yaradan bir modeldir.
1980-cı illərdən
etibarən dünyanın bir sıra aparıcı dövlətlərində
meydana gələn ictimai dəyişikliklər polis xidmətinin
mahiyyətinə də dərindən təsir etmiş və
yeni xidmət modelinin ortaya çıxmasına səbəb
olmuşdur. Uzun illər ərzində inkişaf etdirilən bu
model bu gün artıq bir çox qabaqcıl ölkələrdə
tətbiq edilməkdədir.
Bu modelin tətbiqinin əsas
prinsipi cəmiyyətdə cinayəti sosial problem kimi ələ
almaqdır. Belə ki, hüquqpozmaların, cinayətlərin
profilaktikası ictimai qaydanın təmini üzrə digər
məsələlər birlikdə həll olunmalıdır.
Dövrün dəyişməsi,
meydana gələn qlobal inkişaf meylləri, digər amillər
müasir polis strukturlarının cəmiyyətin dəstəyinə
arxalanmadan, profilaktik tədbirlərin həyata keçirilməsi
zamanı ictimaiyyət nümayəndələrinin
iştirakı olmadan uğurların qazınılması
imkanlarını minimum həddə endirmişdir. Bu modelin
cinayətkarlıqla təsirli mübarizə aparılması
üçün polisin xalqa yaxın olması, konkret vətəndaşla
əlaqə qurmasına zərurət yaranmışdır. Müasir
və demokratik cəmiyyətdə polisin xalqın içərisində
olması, onların problemləri ilə yaxından
maraqlanması, tövsiyə və məsləhətlərini
dinləyib nəzərə alması, qısası, onlarla
birlikdə hərəkət etməsi lazımdır.
Məhz bu və digər
amillər, o cümlədən ölkəmizdə urbanizasiya
proseslərinin intensivləşməsi, sabit demoqrafik
inkişaf, əhalinin yerli polis qurumlarına inamının
artırılması və yaşayış yeri üzrə
polis sahə məntəqələrinə müraciət etmə
imkanlarının asanlaşdırılması və genişləndirilməsi,
polis sahə məntəqələrində işin müasir tələblərə
uyğun təşkili məsələləri nəzərə
alınaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
tərəfindən “Polis sahə məntəqələrinin fəaliyyətinin
təkmilləşdirilməsi haqqında” 12 mart 2007-ci il tarixdə
sərəncam imzalanmışdır.
Sərəncamın
icrası ilə bağlı polis sahə məntəqələrinin
maddi-texniki təminatının
yaxşılaşdırılması, lazımi avadanlıq,
rabitə və başqa təşkilati-texniki vasitələrlə
təmin edilməsi, beynəlxalq tələblərə cavab
verən polis sahə məntəqələrinin tikintisi sahəsində
zəruri tədbirlər görülmüşdür. Belə
ki, yerli icra hakimiyyətləri, bələdiyyə
orqanları tərəfindən polis sahə məntəqələrinin
tikintisi üçün torpaq sahələri
ayrılmış, polis sahə inspektorlarına xidməti
otaqlar verilmiş, bu günədək vahid layihə əsasında
inşa edilmiş 46 müasir tipli məntəqə istifadəyə
verilmiş və bu sahədə görülən işlər
sürətlə davam etdirilir.
Polis sahə
inspektorları əhali ilə daha sıx təmasda olmaq,
onların problemlərinə bələd olmaq və daha
operativ həll etmək imkanlarının genişləndirilməsi
məqsədilə əhaliyə vizit kartları
paylanmış, vətəndaşların polis sahə məntəqələrində
qəbulu işi yaxşılaşdırılmış, yerli
qurumlar, kommunal və bələdiyyə orqanları
işçilərinin iştirakı ilə məhəllələrdə
sakinlərlə görüşlərin keçirilməsi təşkil
olunmuşdur.
Eyni zamanda, polis sahə
inspektorları tərəfindən vətəndaşların ərizə
və şikayətlərinə daha diqqətlə və həssaslıqla
baxılmasına zəmin yaradılmış, qonşular
arasında, ailə-məişət zəminində baş verən
mübahisələrin qarşısının alınması
yönümündə aparılan qabaqlayıcı profilaktik tədbirlərin
keyfiyyəti və səmərəliliyi
artırılmışdır.
Əhalinin polisə olan
inam və etibarının yüksəlməsinin məntiqi nəticəsidir
ki, bir çox şəhər, rayon polis orqanlarında son iki
il ərzində polis sahə məntəqələrində qəbula
gələn vətəndaşların sayı nəzərə
çarpacaq dərəcədə artmışdır.
Bütün bu amillər
nəzərə alınaraq, 2007-ci ildən başlayaraq
paytaxtın Nərimanov və Binəqədi, respublikanın
Mingəçevir, Gəncə, Suraxanı, Lənkəran,
Xaçmaz şəhər, rayon polis orqanlarında polis sahə
inspektorlarının fəaliyyəti eksperiment qaydasında ərazinin
rəisi statusunda təşkil edilmiş, bununla paralel olaraq
Bakının Nərimanov, respublikanın Gəncə, Mingəçevir,
Şirvan, Xaçmaz, Yevlax, Qazax, Tərtər, Quba və Dəvəçi
şəhər, rayon polis orqanlarında “İctimai polis” şərti
adı altında layihənin həyata keçirilməsinə
başlanılmışdır. Həmin şəhər,
rayonlarda keçmiş polis əməkdaşları və ərazinin
nüfuzlu şəxslərindən ibarət “İctimai
Şura”lar yaradılmış, yerli icra hakimiyyəti və bələdiyyə
nümayəndələri ilə işgüzar əlaqələr
qurulmuş, təhsil, səhiyyə orqanlarında, idarə və
müəssisələrdə, eləcə də inzibati ərazilərdə
əhali ilə görüşlər keçirilmiş, layihənin
məram və məqsədi barədə onlara ətraflı
məlumatlar verilmişdir.
“Polis sahə
inspektorlarının fəaliyyəti və onların xidmət
etdikləri ərazidə təhlükəsizliyin təmin
edilməsinə təsiri” barədə ictimai rəyin öyrənilməsi
məqsədilə Daxili İşlər Nazirliyi ilə Milli
Qeyri-Hökumət Təşkilatının Forumu arasında əldə
olunmuş razılaşmaya əsasən, respublikanın bir
sıra bölgələrində ümumilikdə 1400 respondent
arasında sorğu keçirilmiş, nəticəsinə
görə layihəyə dair müsbət fikirlər söylənilmişdir.
Məlum olduğu kimi,
ictimai qaydanın təmini, cinayətkarlıqla mübarizənin
daha effektli təşkili məqsədilə son illər
DİN-in strukturu təkmilləşdirilmiş, baş verən
hadisələrə daha çevik reaksiya verilməsini təmin
edən “102” xidməti-zəng mərkəzi sistemi
yaradılmış, Avtomatlaşdırılmış Şəhər
İdarəetmə Mərkəzi istifadəyə
verilmişdir.
DİN-in strukturunun təkmilləşdirilməsi
çərçivəsində polis sahə rəisi vəzifəsi
təsis edilmiş, Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə
təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə
baxmağa səlahiyyətli olan şəxslərin
Siyahısı”na əlavə edilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin 12 may 2009-cu il tarixli Fərmanına əsasən
polis sahə rəislərinə İnzibati Xətalar Məcəlləsində
nəzərdə tutulmuş 29 maddə üzrə qərar qəbul
etmək səlahiyyətləri verilmişdir.
Tabeliyinə bir neçə
polis sahə inspektoru verilən, daha geniş səlahiyyətlərə
malik olan polis sahə rəisi vəzifəsinin təsis edilməsi
vətəndaşların müraciətlərinə
baxılmasında süründürməçilik
hallarının qarşısının alınmasına,
baş vermiş hüquqpozmalarla bağlı daha tez müddətdə
və obyektiv tədbir görülməsinə, qərar qəbul
olunmasına şərait yaradır.
Polis orqanı nəzdində
İctimai Şuraların yaradılması polis sahə rəisi
qarşısında qoyulmuş vəzifələrin daha
uğurla yerinə yetirilməsinə səbəb olacaqdır.
Şuraların tərkibinə ərazidə yaşayan təşkilat
və müəssisələrin, bələdiyyə
orqanlarının, ictimaiyyətin fəal və nüfuzlu
nümayəndələri daxil edilməklə sahənin
problemlərinin (sosial, kommunal və s.) həlli istiqamətində
aparılan işlər sürətləndiriləcək,
ictimai qayda daha etibarlı təmin ediləcək, təbliğat-maarifləndirmə
işləri nəticəsində hüquq pozuntularına
meylli şəxslər daha təsirli profilaktik tədbirlərə
məruz qalacaqlar.
Dünyanın
inkişaf etmiş ölkələrinin hüquq-mühafizə
orqanları ictimai qaydanın qorunmasında, cinayətkarlıqla
mübarizədə və ictimaiyyətlə əlaqədə
böyük təcrübəyə malikdirlər.
Bir çox ölkələrdə cinayətkarlığın
səviyyəsinin ildən-ilə artması şəraitində
hüquq-mühafizə orqanları qarşıya qoyulmuş vəzifələrin
icrası sahəsində çətinliklərlə üzləşirlər.
Bu baxımdan vətəndaşların ictimai qaydanın
qorunmasında daha geniş və fəal iştirakına
obyektiv zərurət yaranmışdır.
Məsələn,
ABŞ-da son bir neçə il ərzində məhz əhalinin
ayrı-ayrı təbəqələrinin kriminal ünsürlərlə
mübarizədə inzibati orqanlara yaxından köməklik
göstərməsi nəticəsində cinayətkarlığın
dinamikasında müsbət proseslər qeydə
alınmışdır. Bu ölkədə hüquqpozmalarla
mübarizədə polisə köməklik göstərən
könüllü təşkilatların (birliklərin)
geniş şəbəkəsi yaradılmışdır.
Əhalinin
hüquq-mühafizə fəaliyyətinin həyata
keçirilməsində iştirakı, inzibati sahədə
dövlətin və vətəndaşların
genişmiqyaslı əməkdaşlığı polisin nüfuzunun
artmasına səbəb olmuşdur. Lakin bu əməkdaşlıq
elə bir müstəvidə və çərçivədə
aparılmalıdır ki, demokratik prinsiplərə,
qanunçuluğa, insanların hüquq və
azadlıqlarına xələl gətirməsin.
Könüllü ictimai
təşkilatların yaradılması, məqsədi, əsas
fəaliyyət istiqamətləri, onların polis orqanları
ilə əməkdaşlığının forma və
metodlarının öyrənilməsi olduqca əhəmiyyətlidir.
Eyni zamanda kütləvi informasiya vasitələrində bu əməkdaşlıq
düzgün işıqlandırılmalı, təhrif etmə
hallarına yol verilməməlidir.
Araşdırmalar
göstərir ki, ictimai qayda və ictimai təhlükəsizliyin
təmini sahəsində vətəndaşların yaxından
iştirakı onların özlərini daha təhlükəsiz,
əmin-aman və arxayın olması hisslərini möhkəmləndirir.
Elmi-tədqiqat işləri nəticəsində belə fikir
formalaşmışdır ki, polis strukturları xidməti vəzifələrini
icra edərkən ictimai rəyi də nəzərə
almalıdırlar.
Təcrübə
göstərir ki, vətəndaşların polislə əməkdaşlığı
həm fərdi, həm də qrup halında, təşkilat
formasında ola bilər. Könüllü təşkilatlar vətəndaşların
özləri tərəfindən yaradılır, polis
yalnız onlara istiqamət verir. Polisə kömək edənlərin
fəaliyyət istiqamətləri müxtəlifdir:
qabaqlayıcı profilaktik tədbirlər, xüsusən
azyaşlılar və gənclər arasında, xəbərsiz
itkin düşənlərin axtarışı, qəzalar, təbii
fəlakətlər, digər bədbəxt hadisələr
zamanı kömək göstərilməsi, antisanitariyaya
qarşı mübarizə və s.
Polis orqanları ilə
yaxından əməkdaşlıq edən könüllü təşkilatlar
vasitəsilə vətəndaşlar polis funksiyaları ilə
daha yaxından tanış olur, polisin problemlərini hiss edir,
onun iş praktikası və metodlarına müəyyən dərəcədə
müsbət təsir edir.
Öz növbəsində
vətəndaşlarla əməkdaşlıq edərkən
polis əməkdaşı sonradan cinayətlərə səbəb
olan bəzi sosial problemləri görür və onların
aradan qaldırılmasında iştirak edir. Qarşılıqlı
əməkdaşlıq həm də polisin vətəndaşların
həyatına əsassız müdaxiləsinin
qarşısının alınmasına səbəb olur.
Yuxarıda qeyd
olunduğu kimi, hüquqazidd əməllərin
qarşısının alınması üzrə əhalinin
fəallığının artırılmasında kütləvi
informasiya vasitələri əvəzsiz rol oynayır. Polis və
KİV arasında qarşılıqlı əməkdaşlıq
əsasən iki istiqamətdə aparılır: birincisi,
kriminal hadisələr barədə məlumatların
yayılması, ikincisi, insanın hər hansı cinayətin
potensial qurbanı olması təhlükəsinin
azaldılması məqsədilə profilaktik, reklam
materialın nümayiş etdirilməsi.
Görülən bu
işlər daha bir vacib vəzifə daşıyır: ictimai
asayişin və ictimai qaydanın bu və ya digər formada
pozulması, hər hansı hüquqazidd hərəkətlərin
qarşısının alınmasında insanlarda daha fəal,
mübariz və barışmaz mövqe kimi keyfiyyətləri
aşılamaq, onlarda öz qüvvələrinə inamı
yaratmaq. Bu qüvvələrin hüquq mühafizə
orqanlarının peşəkar qüvvəsi ilə birləşməsi
bir amala, bir məqsədə xidmət edir - hüquq
qaydasının etibarlı təmininə.
Ayrı-ayrı ölkələrdə
ictimai qaydanın mühafizəsində polis orqanlarına
kömək edən ictimai qurumlar müxtəlif cür
adlandırılsa da, onların hamısının funksiya və
vəzifələri oxşardır - əhali və polis
arasında körpü, vasitəçi rolunu daşımaq,
daha təhlükəsiz vətəndaş cəmiyyəti
yaratmaq, vətəndaşların hüquq və
azadlıqları ilə bağlı mövcud problemləri həll
etmək, cəmiyyətin polis strukturlarına olan
inamını artırmaq.
Amerika Birləşmiş
Ştatlarında polis sahə inspektorları ilə oxşar
funksiyaları yerinə yetirən polis zabitinin (şerifin) əsas
vəzifələrindən biri könüllü ictimai birliklərlə
fəal əməkdaşlıq etməkdir. O, ictimai
qaydanın təmini zamanı yaranmış çətin vəziyyətlərdə
əhalinin rəyini üstün tutur və onların köməyinə
arxalanır.
Xidməti ərazidə
əhali arasında keçirilən kütləvi tədbirlərdə,
bayramlarda idman yarışlarının təşkilində
şerif fəal iştirak edir, məktəblərdə və
məktəbəqədər müəssisələrdə
yetkinlik yaşına çatmayanlarla, gənclərlə
hamiçilik işi aparır, əhali qarşısında
görülmüş və həyata keçirilən işlər
barəsində hesabat verir, bununla da əhaliyə
yaxınlaşmaq ideyasını reallaşdırır.
Polis əməkdaşına
kömək edən ictimaiyyətin nümayəndələri
vətəndaş patrulunu həyata keçirir, azəhəmiyyətli
hüquqpozmaların qarşısını alır, o cümlədən
yol hərəkəti qayda pozuntularını qeydə alır.
Polisin şəxsi heyətinin
çatışmazlığı hiss olunduqda, kütləvi
iğtişaşlar, nümayişlər, təbii fəlakətlər
zamanı köməkçilərin imkanlarından istifadə
olunur.
Yaponiyada da böyük
olmayan yaşayış məhəllələrində cinayətlərin,
hüquqpozmaların, bədbəxt hadisələrin
qarşısının alınması məqsədilə
polis sahə inspektoru ilə uyğun vəzifələri yerinə
yetirən polis zabiti fəaliyyət göstərir.
Zabitin həyat
yoldaşı ilə yaşadığı ev həm də
ofisdir, burada vətəndaşlar qəbul edilir. Polis əməkdaşının
həyat yoldaşı da evdə (ofisdə) vətəndaşları
qəbul edə bilər, buna görə ona əmək
haqqı verilir. Polis zabitinin ictimai nümayəndələri
(köməkçiləri) var, bu şəxslər əsasən
keçmiş polis əməkdaşlarıdır. İctimai
nümayəndələr (köməkçilər) prosessual
hərəkətlərin həyata keçirilməsində (həbs
və s.) iştirak etmir, lakin vətəndaşlara məsləhətlər
verirlər. Polis zabiti xidməti nəqliyyat vasitəsi ilə
təmin olunur, lakin o xidmətini piyada və velosipedlə də
apara bilər, cinayət baş verdikdə ilkin tədbirləri
görür. O, evləri gəzərək sakinlərlə
söhbət edir, onlara ehtiyatlı olmaq barədə xəbərdarlıq
edir.
İctimaiyyətin
nümayəndələri (köməkçilər) əhali
ilə polis əməkdaşı arasında bir növ
körpü rolu oynayır, onlarla görüşərək,
məlumat mübadiləsi aparır, vətəndaşların
fikirlərini polis əməkdaşına
çatdırırlar.
İsraildə cinayətkarlıqla
mübarizə, ictimai asayişin mühafizəsi sahəsində
qarşıya qoyulan vəzifələr arasında ictimaiyyətlə
əlaqələr yönümündə aparılan işə
polis əməkdaşları xüsusi diqqət yetirirlər. Belə
ki, bu ölkədə polis orqanlarına könüllü surətdə
kömək edən ictimaiyyət nümayəndələrinin
sayı polis əməkdaşlarının sayından 2-3 dəfə
çoxdur.
Bu qurumlar birlikdə
aşağıdakı işləri həyata keçirirlər
– məktəblərin mühafizəsi, vətəndaşların
şikayətlərinə baxılması, azyaşlılar
arasında hüquqpozmaların profilaktikası, əhalinin hüquqi
maarifləndirilməsi, əhalinin ekstremal şəraitə
hazırlığı, təxribat, terror hadisəsi baş verən
ərazidə əhalinin sakitləşdirilməsi.
İngiltərədə
ərazinin mühafizəsi üzrə fəaliyyəti həyata
keçirən polis əməkdaşlarına
könüllü surətdə ictimaiyyətin nümayəndələri
köməklik edirlər. Həmin qurumlar birlikdə əhalinin
problemlərini öyrənir və həlli yollarını
müzakirə edir, rəy sorğusunu aparır, əhalini təhlükəsizliklə
bağlı xəbərdar edir.
Əhalinin polisə
inamı olduğundan, vətəndaşlar digər strukturlarla
problemləri olduqda yenə polisə müraciət edir,
onların sutka ərzində polis əməkdaşı ilə
əlaqə saxlamaq imkanı vardır. İctimaiyyətin
nümayəndələrinə hazırlıq kursları
keçirilir. Konkret şəxsin cəmiyyətə zidd hərəkətləri
ictimaiyyət nümayəndələrinin iştirakı ilə
ərazinin əhalisi arasında müzakirə olunur, bu da
hüquqpozmaların qarşısının alınmasına səbəb
olur.Psixi cəhətdən sağlamlığında problemləri
olan, cinayətə meylli şəxslər ətrafında
ayrıca iş aparılır.
Türkiyə
Respublikasında “Toplum Dəstəkli Polislik” (TDP) fəaliyyət
göstərir, həmin toplumun üzvləri digər polislərdən
fərqlənən xüsusi polis geyim forması
daşıyırlar.
Əməkdaşların
hər birinə konkret xidmət sahələri həvalə
edilmiş, bütün TDP əməkdaşları xidməti
motonəqliyyatla, silah, sursat, rabitə və digər texniki
vasitələrlə təmin olunmuşlar.
Onların vəzifələri polis-vətəndaş
münasibətlərinin
yaxşılaşdırılmasına xidmət etmək, cəmiyyətlə
polis arasında körpü funksiyasını təmin etmək,
xidməti ərazidə cəmiyyətin, xüsusilə sosial
problemlərinin həllində yardımçı olmaq,
profilaktik fəaliyyət həyata keçirmək, cəmiyyətdə
cinayət qorxusunu, yaxud “xofu”nu azaltmaq, polislə xalq
arasındakı uçurumun ləğvinə nail olmaq, inam,
etimad qazanmaqdan ibarətdir.
Bundan başqa, toplum
üzvləri özünü cəmiyyətin bir
parçası olduğunu insanlara hiss etdirir, önləyici,
qabaqlayıcı, qoruyucu xidmət aparır, vətəndaşlara
məsləhətlər verir, onlara mənəvi dəstək
olurlar.
Əminəm ki, son illər
Daxili İşlər Nazirliyi strukturunda aparılan islahatlar,
polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi
üzrə Azərbaycan Respublikasının fərman və sərəncamları,
polisin maddi-texniki imkanlarının
yaxşılaşdırılması, görülən digər
işlər ictimai qayda və ictimai təhlükəsizliyin təmin
olunmasında polis əməkdaşları və vətəndaşlar
arasında daha geniş əməkdaşlığa təkan
verəcək, ictimaiyyət nümayəndələrinin polis
orqanları ilə qarşılıqlı əlaqələrinin
möhkəmləndirilməsi polis-vətəndaş
münasibətlərinin daha təkmil olmasına şərait
yaradacaqdır.
Cavanşir MƏMMƏDOV,
DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin
rəisi,
polis general-mayoru
Xalq qəzeti.- 2009.- 10 iyun.- S. 5.