Təhsildə yeniləşmə zamanın tələbidir

 

İmişli rayonunda 63 ümumtəhsil məktəbi fəaliyyət göstərir və 18 minə qədər şagirdin təlim-tərbiyəsi ilə 1560 müəllim məşğul olur. İl ərzində rayonda müasir tipli yeni məktəb binaları inşa edilmiş, təhsil ocaqlarında yüksək keyfiyyətli əsaslı təmir işləri aparılmışdır.

Belə ki, büdcə vəsaiti hesabına Mirili kənd orta məktəbi üçün 192 yerlik, Murğuzanlı kənd orta məktəbi üçün 180 yerlik müasir tipli yeni məktəb binaları Heydər Əliyev Fondu hesabına şəhər 8 N-li orta məktəbi üçün 360 yerlik, Namiq Abışov adına Qaralar kənd orta məktəbi üçün 600 yerlik yeni məktəb binası inşa edilərək istifadəyə verilmişdir. Bəhrəmtəpə qəsəbə orta, Xəlifəli kənd orta, şəhər 1N-li orta məktəb binaları əsaslı təmir olunmuşdur. Şəhər 5 saylı orta məktəbin binasında yerli büdcə vəsaiti hesabına əsaslı təmir işləri aparılmışdır.

Azərbaycan kənd investisiya layihəsi hesabına yerli icma komitəsi Muradxanlı kənd orta məktəbi üçün 5 sinif otağı tikmişdir. Büdcə vəsaiti hesabına Sarxanlı kənd 2 saylı orta məktəbi üçün yeni məktəb binasının inşası başa çatmaq üzrədir. Rayon mərkəzində yerləşən 2, 5 və 7 N-li şəhər orta məktəblərinin qış mövsümündə mərkəzləşdirilmiş qaydada qızdırılması üçün Təhsil Nazirliyi tərəfindən müvafiq bərpa işləri həyata keçirilmiş, həmin məktəblərdə mərkəzləşdirilmiş istilik sistemi quraşdırılmışdır. Sevindirici haldır ki, yenidən tikilən və əsaslı təmir olunan bütün məktəblər istilik sistemilə yüksək səviyyədə təmin olunmuşdur.

2008-ci ildə rayonun təhsil müəssisələrinin tədris avadanıqları ilə təminatı daha da yaxşılaşdırılmışdır. Belə ki, 66 min manatlıq inventar avadanlıq alınaraq məktəblərə verilmişdir. Eyni zamanda, bunlardan əlavə olaraq yeni tikilərək istifadəyə verilən və əsaslı şəkildə təmir olunan bütün məktəblər yeni tədris avadanlıqları ilə tam təmin olunmuşdur.

Respublika Prezidentinin müvafiq sərəncamından sonra ölkənin hər yerində olduğu kimi bizim rayonumuzda da məktəblər kompüter texnologiyası ilə təmin olunmuşdur. Hazırda rayonun məktəblərində 494 kompyuter var. Təhsil sahəsində islahatlar çərçivəsində həyata keçirilən ən mühüm tədbirlərdən biri də şagird nailiyyətlərinin qiymətləndirilməsində yeni mexanizmlərin yaradılmasıdır. Mərkəzləşdirilmiş qaydada imtahanların keçirilməsi bu tələblərdən irəli gəlmişdir.

Rayonda XI siniflərdə aparılan test imtahanlarının təhlili göstərir ki, imtahanların bu şəkildə aparılması şagirdlərin, müəllimlərin, valideynlərin məsuliyyətlərini artırmaqla təhsildə keyfiyyətin yüksəlməsinə köməklik edir.

2007-2008-ci tədris ilində məzunlarımızdan 3 nəfəri – şəhər 1 saylı orta məktəbin şagirdi Nuridə Nuriyeva (645 bal), 3 saylı orta məktəbin şagirdi Gülşən Quliyeva (618 bal), şəhər 1 saylı orta məktəbin şagirdi Nicat Abbasov (606 bal) 600-dən çox bal toplayaraq tələbə adını qazanmışlar.

Rayon müəllimlərinin ənənəvi sentyabr konfransında 500-dən yuxarı bal toplayan bütün məzunlar İmişli Rayon İcra Hakimiyyətinin başçısı Əbülfəz Ağayev tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. Rayonda məktəblilər arasında müxtəlif nominasiyalar üzrə bilik yarışlarının, müsabiqələrin keçirilməsinə xüsusi əhəmiyyət verilmişdir.

2008-ci ildə 7 şagirdimiz fənn olimpiadalarının Respublika mərhələsində iştirak etmişdir. Onlardan 3 nəfəri – şəhər 2 saylı orta məktəbin X sinif şagirdi Könül Məmmədova tarix fənnindən, Əliqulular kənd orta məktəbinin X sinif şagirdi Həmidə Tağıyeva Azərbaycan dili və ədəbiyyatı fənnindən, Məzrəli kənd orta məktəbinin XI sinif şagirdi Əfsun Fətəliyev riyaziyyat fənnindən məktəblilərin fənn olimpiadalarının Bakı şəhərində keçirilən Respublika mərhələsində qaliblər arasında IV yeri tutmuşlar.

2008-ci ilin aprel ayında Bakı şəhərində 30-dan çox dövlətin iştirak etdiyi “Ekoloji layihələr” mövzusunda Beynəlxalq olimpiadada şəhər 2 saylı orta məktəbin coğrafiya müəllimi İncə Həsənovanın rəhbərliyi ilə şagirdlər Səhuhi Rəhimli və Könül Məmmədovanın birgə layihəsi gümüş medala layiq görülmüşdür.

2008-ci ilin aprel–may aylarında rayonun təhsil müəssisələrində ulu öndər Heydər Əliyevin anadan olmasının 85 illik yubileyi münasibətilə silsilə tədbirlər həyata keçirilmişdir. O cümlədən məktəblilər arasında Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş inşa müsabiqəsində rayon mərhələsinin qalibi olmuş şəhər 5 saylı orta məktəbin şagirdi Gülnarə Eminova Bakı şəhərində həmin mövzuda inşa müsabiqəsinin Respublika mərhələsində uğurla iştirak edərək diploma layiq görülmüşdür.

Sevindirici haldır ki, məktəblərimiz müxtəlif səviyyələrdə idman yarışlarında da uğurla iştirak edirlər. Belə ki, Namiq Abışov adına Qaralar kənd orta məktəbinin şagirdi Səfa Cabbarov 2008-ci ilin aprel ayında Danimarkada keçirilən çempionatda Karate – Asxara üzrə dünya çempionu olmuşdur.

Əliqulular kənd orta məktəbin şagirdi Həsən Həsənov 2008-ci ilin aprel ayında keçirilən Respublika Karate çempionatında I yeri tutmuş və Azərbaycan Respublikası Cənclər və İdman Nazirliyinin diplomunu almışdır.

Astarada keçirilən sərhəd hərbi idman oyunlarının respubilka çempionatında Qızılkənd orta məktəbinin komandası III yeri tutaraq Gənclər və İdman Nazirliyinin Fəxri Fərmanı və Dövlət Sərhəd Xidmətini III dərəcəli diplomuna layiq görülmüşdür. Eyni zamanda, şəhər 6 saylı orta məktəbin komandası Sabirabad şəhərində keçirilən cəsurlar hərbi idman və turizm oyunu üzrə zona yarışında II yeri tutaraq respublika üzrə final yarışında diplom və mükafata layiq görülmüşlər.

Bu yaxınlarda müvafiq yaş və çəki göstəricilərinə uyğun olaraq şəhər 2 N-li orta məktəbin X sinif şagirdi Şamxal Həsənov və Namiq Abışov adına Qaralar kənd orta məktəbin VI sinif şagirdi Eldəniz Fərzəliyev Buda döyüş növləri üzrə Azərbaycan çempionatında I yeri tutmuşlar. Şəhər 5 N-li lisey-məktəbin X sinif şagirdi Hüseyn Vilayət oğlu Nağıyev Bakı şəhərində Qafqaz Özəl Universitetində keçirilən “Azərbaycan dilini sevək və sevdirək” adlı SLAYD müsabiqəsində kompyuterdə işləmək bacarığına görə gümüş medala layiq görülmüşdür.

2008-ci ildə respublika Prezidentinin sərəncamı ilə Aranlı 2 N-li kənd orta məktəbin direktoru Malik Qəhrəmanov əməkdar müəllim adına, şəhər 2 N-li orta məktəbin müəllimi Solmaz Qasımova “Tərəqqi” medalına layiq görülmüşlər. Şəhər 3 N-li orta məktəbin direktoru Əlizadə İbrahimov isə Təhsil Nazirliyinin Qabaqcıl təhsil işçisi döş nişanı ilə təltif olunmuşdur.
Cari dərs ilində rayonun məktəblərində təlim-tərbiyə prosesinin keyfiyyətini yüksəltmək üçün bir sıra müvafiq tədbirlər həyata keçirilmişdir. Rayonun ümumtəhsil məktəblərində şagirdlərin təlim-tərbiyəsini valideynlərlə əməkdaşlıq şəraitində qurmağa üstünlük veririk. Təcrübə göstərir ki, təhsilimizin inkişafı, məktəblilərin bilikli, bacarıqlı və layiqli vətəndaş kimi formalaşması məktəb-valideyn əlaqələrinin səmərəli təşkilindən çox asılıdır. Lakin təəssüflə qeyd etməliyəm ki, valideynlərimizin bəziləri övladlarının yüksək səviyyədə tərbiyəsi üçün məktəblə, müəllimlərlə lazımınca əlaqə saxlamırlar.

Bildiyimiz kimi, builki dərs ilində respublikada təhsil sahəsində yeni məzmun islahatları — kurrikulum tətbiq edilməyə başlanmışdır. İlin əvvəlindən bu məqsədlə müvafiq hazırlıq işləri görülmüş, I siniflərdə dərs deyəcək bütün müəllimlər bir neçə dəfə hazırlıq kurslarından keçmiş, müvafiq sertifikatlar almışlar. Dekabr ayında isə rayon üzrə bütün müəllimlərin bu sahədə bilik və bacarığını öyrənmək üçün yazılı şəkildə monitorinq – sorğu keçirmişik.

Habelə bütün məktəblərdə V-XI sinif şagirdləri arasında ayrı-ayrı fənlər üzrə bilik səviyyəsini obyektiv şəkildə qiymətləndirmək üçün yazılı test aparılmışdır. Eyni zamanda, IX, X, XI sinif şagirdləri arasında imla yazı işləri aparılmışdır. Bu cür tədbirlərdə məqsəd müvafiq təhlillər aparmaqla müşahidə olunan nöqsan və çatışmazlıqları vaxtında aradan qaldırmaqdır.
Rayonumuzun çoxsaylı təhsil işçiləri adından əmin olduğumu bildirmək istəyirəm ki, dövlət tərəfindən təhsil sahəsində qarşıya qoyulmuş vəzifələri yüksək səviyyədə həyata keçirmək üçün bütün qüvvələrimizi səfərbər edəcəyik!

 

 

Ramiz ƏMİROV,

İmişli Rayon Təhsil Şöbəsinin müdiri

 

Xalq qəzeti.- 2009.- 10 iyun.- S. 5.