Yeniləşən bölgələr

 

Zərdabın son bir ili

 

… Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin ərkyana giley-güzarı ilə razılaşmamaq qeyri-mümkün idi. Məsələ burasındadır ki, son aylar, həqiqətən, Zərdabdan, demək olar ki, heç nə yazmamışdıq. Halbuki müxtəlif təyinatlı obyektlərin açılışı, ictimai, sosial və fərdi binaların təməlqoyma mərasimləri, həyata keçirilən genişmiqyaslı tədbirlər, keçirilən görüş və müzakirələr baxımından ötən müddət doğrudan da, zəngin və məhsuldar idi. Ancaq bayaq dediyimiz kimi, təsadüfdənmi, ya nədənsə, Zərdaba səfərimiz alınmırdı. Ona görə də rayon başçısının bu səmimi umacağına, necə deyərlər, geniş bir yazı ilə cavab verməyi qərara aldıq...

Elə buradaca son bir ildə Zərdabda həyata keçirilən genişmiqyaslı tikinti-abadlıq və quruculuq işlərini, maraqlı tədbirləri bir daha xatırlayaq. Bizcə, bunlar rayonun ümumi inkişaf və yüksəliş dinamikasını çox gözəl əks etdirər.

 

Yeni ünvanlar, maraqlı görüşlər

 

Hər şeydən əvvəl qeyd edək ki, bu müddət ərzində xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev prospekti tamamilə yenidən qurularaq istifadəyə verilmişdir. Bundan başqa, Heydər Əliyev parkında abadlıq və yenidənqurma işləri davam etdirilmişdir. Parkda yeni kölgəliklər, dekorativ işıqlı güllər quraşdırılmış, konsert meydançasının işıqlandırma sistemi yeniləşdirilmişdir. Ulu öndərimizin adını daşıyan informasiya mərkəzi də qısa müddət ərzində tikilib istifadəyə verilmişdir.

Rayon İcra Hakimiyyətinin və Prokurorluğun yeni inzibati binaları, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün 16 mənzilli bina, əhalinin sosial müdafiəsi mərkəzi üçün yeni idarə binası, Məlikmudlu, Cilovxanlı və Xanməmmədli kəndlərində yeni məktəb binaları, uşaq incəsənət məktəbi son aylarda istifadəyə verilmişdir. 20 illik fasilədən sonra Qumlu yaşayış massivinə qaz xətti çəkilmişdir. Şəhərin “dörd yol” ərazisi yenidən qurulmuş, küçələrə yeni asfalt örtük döşənmiş, 120 işıqfor və yeni yol nişanları quraşdırılmışdır. Ayrı-ayrı kəndlərdə 10 modul tipli su təmizləyici qurğu, hər kənddə 10 bulaq tikilmişdir. 20 ildən artıq korluq çəkən 500 hektar əkin sahəsinin su təminatı həll olunmuşdur və s.

Hazırda süd məhsulları zavodunun tikintisi davam etdirilir, şirə zavodunun tikilməsinə isə hazırlıq işləri görülür. Bir sözlə, rayon mərkəzi və ayrı-ayrı yaşayış məntəqələri öz simasını əsaslı surətdə dəyişmiş, daha gözəl və abad olmuşdur. İndi ana Kürün gecə-gündüz layla çaldığı Zərdab şəhəri respublikamızın ən müasir və yaraşıqlı şəhərlərindən birinə çevrilmişdir.

Zərdablılar yaxşı işlədikləri kimi, mənalı yaşamağı, yaxşı istirahət etməyi də bacarırlar. Məsələn, son vaxtlar respublikamızın görkəmli elm və mədəniyyət xadimləri, incəsənət ustaları ilə keçirilən görüşlər əhali arasında böyük marağa və razılığa səbəb olmuşdur. Dövlət bayramlarının, tarixi günlərin geniş və rəngarəng təşkili xüsusilə maraq doğurur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın, millət vəkili Jalə Əliyevanın, görkəmli elm adamları Ziyad Səmədzadənin, Fuad Qasımzadənin, Vasim Məmmədəliyevin, Böyükkişi Ağayevin, Çingiz Cərullazadənin, İsmayıl Məmmədovun və başqalarının, Azərbaycan Dövlət Akademik Milli, Gənc Tamaşaçılar, İrəvan və Mincəçevir teatrlarının, sənətçilər Aftandil İsrafilovun, Sadıq Zərbəliyevin, Könül Xasıyevanın, Yaqub Zurufçunun və başqalarının rayona qastrol səfərləri, görüş və çıxışları əhali arasında böyük marağa və dərin razılığa səbəb olmuşdur.

 

İqtisadi yüksəliş

 

Regional inkişaf proqramının uğurla həyata keçirilməsi həyatın bütün sahələrində ciddi uğurlarla müşayiət olunmuşdur. İqtisadi yüksəliş ümumi uğurlar üçün möhkəm təməl yaratmışdır. Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev son dövrdə qazanılmış uğurdan danışaraq bildirdi:

– Respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında əldə olunmuş nailiyyətlərə uyğun olaraq, Zərdab rayonunun da sosial-iqtisadi inkişafı yüksələn xəttlə davam etmişdir. Rayonumuz əsasən kənd təsərrüfatı yönlü olduğu üçün əsas diqqət aqrar sektorun inkişafına yönəldilmişdir. Ötən il 29044 hektar sahədə kənd təsərrüfatı bitkiləri əkilmişdi. Sahələrin 52,8 faizini payızlıq dənli bitkilər, 40,5 faizini yeni yem bitkiləri, 3,6 faizini pambıq, qalanını isə bostan və tərəvəz əkinləri idi. Rayonda rekord miqdarda taxıl istehsal olundu. 14780 hektar taxıl sahəsindən 401127 ton məhsul əldə edildi. Məhsuldarlıq 27,1 sentner, adambaşına düşən taxılıq miqdarı 556 kiloqram oldu. Əvvəlki ilə nisbətən taxıl istehsalı 1417 ton artmışdır.

Bu uğurun qazanılmasında kənd əməkçilərinə dövlət tərəfindən göstərilən maddi və maliyyə yardımının, yaradılan əlverişli şəraitin mühüm rolu olmuşdur. Buğda istehsalını artırmaq məqsədilə güzəştlər edilməsi toxumçuluq təsərrüfatlarının inkişafına səbəb olmuşdur. 2006-cı ildə rayonda cəmi 2 toxumçuluq təsərrüfatı 16 hektar sahədə toxumluq buğda əkmişdirsə, 2008-ci ildə 6 toxumçuluq təsərrüfatı 183,5 hektar sahədən 805 ton buğda istehsal etmişdir. Dövlət tərəfindən onlara 70 min manat vəsait ödənilmişdir. 2009-cu ilin məhsulu üçün isə 14 toxumçuluq təsərrüfatına güzəştli qiymətlə 127,7 ton buğda toxumu verilmiş və 637,5 hektar sahədə buğda əkilmişdir. Bütövlükdə 2009-cu il üçün rayon üzrə 19230 hektara qədər taxıl əkilmişdir.

2007-ci ilə nisbətən 2008-ci ildə məhsuldarlıq kartof istehsalında 0,7 sentner, tərəvəzdə 6,7 sentner, bostanda 4,5 sentner artmış, yem bitkiləri istehsalı 362 ton çoxalmışdır. Aqrar sahənin inkişafı üçün suvarma işlərinə diqqət artırılmışdır. 33,5 min hektar sahə 72 nasos stansiyası və 166 aqreqatın gücündən istifadə etməklə suvarılmış, 342 kilometr kanal lildən təmizlənmişdir.
Makroiqtisadi göstəricilər rayonun həm iqtisadi və həm də sosial sahəsinin daha dinamik və sürətli inkişaf etdirilməsini göstərir. Keçən il iqtisadiyyatın əsas sahələrində 54,8 milyon manatlıq məhsul əldə olunmuş və xidmətlər göstərilmişdir, əvvəlki ilə nisbətən artım 20,4 faiz olmuşdur. Ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi göstəricisi 85 faiz çoxalmışdır. Məhsul və xidmətlərin 57,5 faizi kənd təsərrüfatının, 23 faizi ticarət və xidmət sahəsinin, 14,8 faizi tikintinin, 3,1 faizi sənayenin, 1,2 faizi nəqliyyatın, 0,5 faizi poçt və rabitənin payına düşmüşdür.

Başçı sözünə davam edərək dedi: – Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən biri sahibkarlığın inkişaf etdirilməsidir. Rayonumuzda Sahibkarlar Konfederasiyasının yerli nümayəndəliyi fəaliyyət göstərir. Son bir ildə 136 fiziki şəxs, 4 fermer təsərrüfatı vergi orqanlarında qeydiyyata alınmışdır. Rayon mərkəzində böyük Ticarət Mərkəzi açılmışdır. Ölkə Prezidentinin sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğı rayonumuzda da özəl sahə adamlarını işgüzar fəaliyyətə həvəsləndirir.

Rayon iqtisadiyyatının aparıcı qüvvəsi olan kənd təsərrüfatında cari ilin birinci rübündə də müsbət irəliləyişlər baş vermişdir. Məhsul istehsalı üçün münbit şərait yaradılmışdır. Bu ilin məhsulu üçün 14780 hektar əvəzinə 19229,4 hektarda payızlıq taxıl əkilmişdir. Bunun 14793,7 hektarını buğda, 4435,7 hektarını arpa təşkil edir. Keçən ilə nisbətən taxıl əkini sahələri 4449,4 hektar artırılmışdır. Cari ildə hər hektardan 27,2 sentner olmaqla, 40202 ton taxıl məhsulu istehsalı proqnozlaşdırılır.

Heyvandarlıq məhsullarının istehsalının artırılması mal-qaranın çoxaldılmasından, möhkəm yem bazası yaradılmasından və yoluxucu xəstəliklərə qarşı qabaqlayıcı peyvəndlərin aparılmasından bilavasitə asılıdır. Keçən ilə nisbətən iri malın sayı artaraq 52095 başa, qoyun-keçilər 104937 başa, quşlar 175920 başa çatmışdır. Ət istehsalı 7337 sentner, süd istehsalı 52842 sentner, yumurta istehsalı 1984 min ədəd olmuşdur.

Daha sonra öyrəndik ki, yaz əkini kampaniyasına hazırlıq və suvarma suyuna olan tələbatın optimal müddətlərdə ödənilməsini təmin etmək üçün Suvarma Sistemləri İdarəsi Məlikmudlu, Qızlıq Qobu, Alıcanlı, Şahhüseynli, Qoruqbağı, Seyidlər kanallarının 89 kilometrini lildən təmizləyərək bərpa etmişdir. Şəftəhal, Seyidlər, Dəli Quşçu, Qoşaoba bələdiyyələri ərazisində 6,2 kilometr latok kanallarında əsaslı təmir aparılmışdır. Rayonun kəndlərində daxili imkanlar hesabına 100 kilometrdən çox məsafədə kənddaxili su kanalları lildən təmizlənmişdir. Suvarma kanallarında 17 hidrotexniki qurğu, 2 hidropost təmir edilmişdir. Alıcanlı bələdiyyəsi ərazisində yeni su nasos stansiyası quraşdırılmış, Nəzəralılı nasos stansiyaları Kür çayının sahilindən çıxarılıb daha məhsuldar nasoslarla əvəz edilmişdir.

Rayonda son dövrdə yaradılmış Regional Meşəsalma Müəssisəsi ilin birinci rübündə Bıçaqçı, Çallı Meşəbəylikərində 15 hektar sahədə yeni meşə sahəsi salmışdır. 49500 müxtəlif növ ağac əkilmişdir. 0,6 hektarda yeni tinglik salınmış və 50000 türk qovağının çilikləri vurulmuşdur. Bu ilin payızında 75 hektar sahədə meşə salınmasına hazırlıq işləri aparılır. 3 hektar sahə artıq şumlanmışdır, təmizlik işləri davam etdirilir. 247500 müxtəlif növ meşə ağaclarının əkilməsi nəzərdə tutulur.

Torpaq mülkiyyətçilərinə göstərilən “Aqrolizinq” xidmətinin həcmi hər il genişləndirilir. Birinci rübdə mülkiyyətçilərə güzəştli qiymətlə 80150 kiloqram azot gübrəsi, alaq otlarına qarşı 227 litr herbisid satılmışdır. Pambıqçılığın və ipəkçiliyin inkişaf etdirilməsi, bu sahəyə maraq göstərilməsi istiqamətində tədbirlər həyata keçirilir.

 

Rifah yaxşılaşır

 

İqtisadiyyatın inkişafı hər bir işçiyə hesablanmış orta əmək haqqında öz təsdiqini tapır. Son 1 ildə bu göstərici 140 manata yüksəlmişdir. Bu, 2007-ci ildəki göstəricidən 37 faiz çoxdur. Ötən il 463 yeni iş yeri açılmışdır ki, ondan 280-i daimidir. Ümumiyyətlə, son 5 ildə 5382 yeni iş yeri yaradılmışdır ki, onun 55,6 faizi daimi iş yerləridir.

Sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi və ünvanlı sosial yardımların verilməsi də diqqət mərkəzindədir. Son bir il ərzində Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 411 ailəyə ünvanlı sosial-yardım təyin olunmuşdur. 2008-ci ildə hər ailəyə orta hesabla 72 manat olmaqla, 29 min manat ünvanlı sosial yardım verilmişdir. 1137 nəfər şəhər, 6544 nəfər kənd əhalisinə pensiyalar plastik kartlar vasitəsi ilə ödənilmişdir. Rayon əhalisinə göstərilən ticarət, nəqliyyat, rabitə və məişət xidməti sahəsində müsbət irəliləyiş olmuşdur.

Ticarət şəbəkələri 33,5 milyon manatlıq və ya əvvəlki ilə nisbətən 37 faiz çox istehlak malları satmışdır. Poçt və rabitə müəssisələrində 255,2 min manatlıq iş görülmüş, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 245,8 min manat olmuşdur. 1 milyon manatlıq dəyərində Göyçay–Ucar–Zərdab magistral kabel xəttinin çəkilişi başa çatmışdır. Gödəkqobu kəndində 256 nömrəlik EATS tikilmişdir. Qaravəlli, Pərvanlı kəndlərinin hər birinə 256 nömrəlik EATS-in quraşdırılmasına başlanılıb.

Elektrik enerjisi, qaz və içməli su ilə təminatın yaxşılaşdırılması sahəsində rayonda xeyli iş görülmüşdür. Texniki səbəblərdən baş verən qısa açılmalar istisna olmaqla, rayon 24 saat elektrik enerjisi ilə təmin olunur. Əhali daimi təbii qazla təmin edilmişdir. Zərdab şəhərinin, Qumlu, Qoşaoba və Təzəkənd kəndlərinin yeni salınmış yaşayış massivlərində uzun illərdən sonra qaz çəkilişinə başlanmışdır. Dəyəri 200 min manat olan 14 min metr qaz xətti çəkilmişdir.

Əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində də müəyyən işlər görülmüşdür. Su anbarında, üzən nasos qurğu və xətlərində xeyli təmir işləri aparılmışdır. Zəruri olan yerlərdə isə su xətləri yeniləri ilə əvəz edilmişdir.

Keçən il rayonun büdcəsi 9,2 milyon manat icra olunmuşdur. Bu il üçün rayonun büdcəsi 12,3 milyon manat müəyyən olunmuşdur. Bu, 2008-ci il büdcə vəsaitindən 60 faiz, 2004-cü ildən 5,4 dəfə çoxdur. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icrası ilə əlaqədar rayon ərazisində aparılan quruculuq, abadlıq işləri bunu bir daha təsdiq edir. Daxili imkanlar hesabına rayonda 450 min manatlıq tikinti-abadlıq işləri görülmüşdür. Şəhərdaxili yolların təmiri Axundov, C.Cabbarlı, Ş.Şükürov, Babək, Məmməd Xəlilov küçələrində aparılmışdır. Gəlmə, Qoşaoba, Çallı, Dəkkəoba və Dəli Quşçu kəndlərində dəyəri 158,7 min manat olan 2,4 kilometr uzunluğunda yola yeni asfalt döşənmişdir.

 

Humanitar şəbəkə böyüyür

 

Rayonda təhsil və səhiyyə obyektləri sürətlə yeniləşdirilir. Dəyəri 870 min manat olan 360 yerlik Məlikmudlu kənd orta məktəbi tikilib istifadəyə verilmişdir. Xanməmmədli və Cilovxanlı kənd sakinlərinin müraciətləri nəzərə alınaraq heç vaxt məktəb olmayan hər iki kənddə 493 min manatlıq dəyərində 100 yerlik ibtidai məktəb binalarının tikintisi başa çatmışdır. Zərdab şəhər 3 nömrəli orta məktəbdə 693 min manatlıq əsaslı təmir aparılmış, yeni istilik sistemi qurulmuşdur. 2 nömrəli şəhər uşaq bağçasının bir hissəsi əsaslı təmir olunmuşdur.

Rayon Mərkəzi Xəstəxanasında tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün konkret tədbirlər görülmüşdür. Xeyli tibbi alət və avadanlıq alınıb tibb müəssisələrinə verilmişdir, təcili yardım məntəqəsində, qəbul şöbəsində və poliklinikada 42 min manatlıq əsaslı təmir aparılmışdır. 783 min manatlıq bərk və yumşaq inventar alınmış və mövcud avadanlıq təmir olunmuşdur.

Rayonda ana ölümü olmamış, uşaq ölümü minimuma enmişdir. Tibbi xidmətin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Rayon İcra Hakimiyyətinin başçısı martda səhiyyə işçiləri ilə görüşmüş, nöqsanların aradan qaldırılması üçün qarşıya ciddi vəzifələr qoyulmuşdur. Xəstəxanaların dərmanla təchizatı işləri xeyli yaxşılaşdırılmışdır. Son 5 ildə dərman alınması üçün ayrılan vəsait 4 dəfə artmışdır. Şəkər, vərəm, şiş, hemofiliya, talassemiya və sair xətəliyi olan insanların dərmanla təminatı xeyli yaxşılaşmışdır.

Ölkə Prezidentinin 2009-cu ili “Uşaq ili” elan etməsi ilə bağlı təhsil, səhiyyə və mədəniyyət müəssisələrində geniş tədbirlər planı təsdiq edilmiş və icrası ilə bağlı ciddi işlər aparılır. Rayonda 13690 uşağa tibbi xidmət göstərilir. 15 nəfər hemofiliya və 28 nəfər talassemiya qan xəstəliklərinə tutulmuş uşaq dispanser qeydiyyata götürülməklə, zəruri dərman preparatları ilə təmin olunmuşlar. Yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirləri gücləndirilmişdir. Polimelit, qızılca, məxmərək və sair qorxulu xəstəliklər qeydə alınmamışdır.

Rayonun mədəni-maarif müəssisələri tərəfindən keçirilən tədbirlərin dairəsi 2009-cu ildə daha da genişləndirilmişdir. Asudə vaxtın səmərəli təşkil olunması üçün bütün inzibati ərazi vahidliklərində konsert proqramları təşkil edilmiş, əyləncəli proqramlar həyata keçirilmişdir. “Uşaq ili” ilə bağlı mədəniyyət evində təntənəli açılış mərasimi olmuş, böyük konsert proqramı təşkil edilmişdir. Sonra silsilə tədbirlər keçirilmiş və işlər bu gün də davam etdirilir. Respublika Gənclər və İdman Nazirliyinin keçirdiyi “Hünər-4" vətənpərvər mahnı müsabiqəsində rayon sakini Seyda Nuralıyeva birinci yerə çıxmışdır.

 

İnkişaf davamlıdır

 

İlin əvvəlindən xidmət sahələrinin, o cümlədən elektrik və qaz təsərrüfatının inkişaf etdirilməsi, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür. Əhalini və iqtisadiyyatı fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün təmir və xidmət işlərinin keyfiyyətinə diqqət artırılmışdır. Təzəkənd, Dəkkəoba, İsaqbağı, Gəlmə və digər kəndləri də yararsız vəziyyətə düşmüş dayaqlar yenisi ilə əvəz edilmişdir.

Zədələnmiş transformatorlara baxış keçirilərək onların işlək vəziyyətə gətirilməsi üçün müvafiq tədbirlər həyata keçirilmişdir. Paylayıcı Elektrik Şəbəkəsi üzrə 2009-cu ilin birinci rübü ərzində 1 milyon 606 min 98 manat təmir-bərpa işləri görülmüşdür. Qaz xətləri və qurğularında da təmir işləri aparılmış, itkilərin qarşısının alınması və əhalinin normal və təhlükəsiz qazla təmin edilməsi üçün zəruri tədbirlər görülmüşdür.

İçməli suya olan təlabatın ödənilməsi üçün mövcud xətlərdə də vaxtaşırı təmir işləri aparılmışdır. Yuxarı Seyidlər, Məlikli və Gödəkqobu kəndlərində modul tipli sütəmizləyici qurğular tikilərək əhalinin istifadəsinə verilmiş, bununla da həmin kəndlərdə yaşayan kənd camaatının içməli suya olan təlabatı xeyli yaxşılaşdırılmışdır. Otmanoba, Şəftəhal, Kəndəbil, Qaravəlli, İsaqbağı, Gəlmə, Sarıqaya, Dəli Quşçu kəndlərində və Bəyimli qəsəbəsində belə qurğuların tikintisi üçün tələb olunan layihə sənədləri hazırlanaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilmişdir.

Birinci rübdə daxili imkanlar hesabına 1000 kubmetr çınqıl daşınaraq Məmmədqasımlı, Gəlmə, Cilovxanlı, Birinci Alıcanlı, Qaravəlli, Qoşaoba, Xanməmmədli və Salahlı kəndlərində 5 kilometr məsafədə cari təmir işləri aparılmışdır. Zərdab şəhərində 1350 metr olan R.Kərimov küçəsinin asfaltlanması başa çatdırılmış və bu işə 169,1 min manat vəsait xərclənmişdir.

Küçələrin təmir edilməsi və asfaltlaşdırılması işləri hazırda şəhərin digər küçələrində də davam etdirilir. Kəndəbil kəndi ərazisində beton kanal üzərində körpü əsaslı təmir olunaraq kənd camaatının istifadəsinə verilmişdir.

Alıcanlı, Çallı və Şahhüseynli kəndlərinin hər birində tutumu 256 nömrəli olan EATS alınmış və quraşdırılması üçün hazırlıq işlərinə başlanılmışdır. Qaravəlli kəndində tutumu 200 nömrə olan analoq tipli ATS tutumu 256 nömrə olan EATS-lə əvəz olunmuşdur. Çallı kəndində müasir tipli yeni poçt şöbəsi tikilərək əhalinin istifadəsinə verilmişdir.

Azərbaycan, 20 Yanvar, Zərdabi, Füzuli, M.Hüseyn, S.Abdullayev, Nizami, M.Xəlilov, Rəsulzadə, Ş.Şükürov küçələrində və Heydər Əliyev prosepektində uzunluğu 25 kilometr olan kanallar təmizlənmiş, keçidlər açılmışdır. Rayonun kəndlərində yol kənarlarına 50 mindən çox ağac əkilmişdir. Şəhərin küçələrində müasir ekzotik işıqlanma dirəkləri quraşdırılmış, dördyol ayrıcında isə müasir tipli fotoplakat üçün kompleks tikilmişdir.

Azərbaycan küçəsində yerləşən 5 saylı yaşayış binasının üst örtüyü yenisi ilə əvəz olunmuşdur.

Yeni regional inkişaf proqramında Zərdabda son illərdə əldə edilmiş uğurların davam etdirilməsi üçün kompleks tədbirlər əksini tapmışdır. Növbəti 5 ildə qeyri-neft bölməsinin sürətli inkişafı, infrastruktur təminatının yaxşılaşdırılmasının davam etdirilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması nəzərdə tutulur. Bundan əlavə sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, iqtisadiyyatın inkişafına investisiyaların cəlb olunmasının davam etdirilməsi, əhalinin kommunal xidmətlərə tələbatının yaxşılaşdırılması və digər tədbirlərin həyata keçirilməsi prioritet məsələ kimi qarşıda qoyulmuşdur.

Proqramda qarşıdakı 5 ildə Zərdab rayonunda analoqu olmayan işlərin görülməsi planlaşdırılır. Sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi, yol təsərrüfatı və nəqliyyatın inkişafı, elektrik enerjisi, istilik, qaz təchizatının, rabitə, su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, meliorasiya və irriqasiya işləri aparılması, səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin inkişafı və yenidən qurulması ilə bağlı tədbirlər nəzərdə tutulmuşdur.

Uzun illər diqqət və qayğıdan kənarda qalan Zərdab rayonu ulu öndər Heydər Əliyevin müəyyən etdiyi sabitlik və tərəqqi yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə Zərdab şəhəri, rayonun əksər kəndləri simasını tanınmaz dərəcədə dəyişmişdir. Yeniləşmə və yüksəliş davamlıdır, ürəkaçandır. Zərdaba budəfəki səfərimizdə haraya ayaq başdıqsa yeniliyin, yüksələn rifahın şahidi olduq. Kiminlə görüşüb söhbətləşdiksə xoş söz eşitdik. Hər yerdə Sabaha dərin inam və ümidin şahidi olduq. Bir sözlə, bu gün Zərdab öz tarixinin yeni mərhələsində gələcəyə doğru sürətlə irəliləyir.

 

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2009.- 10 iyun.- S. 6.