Sabir Ağayev uzun illər
Azərbaycan tikinti kompleksinin inkişafı sahəsində
çalışmış bacarıqlı mütəxəssislərdən
biri olmuşdur. Son iş yeri respublika Dövlət Tikinti və
Arxitektura Komitəsi olmuş Sabir müəllim bu yaxınlarda
83 yaşında vəfat etmişdir.
O, 1926-cı il
sentyabrın 9-da Şuşa şəhərində
doğulmuşdur. 1933-cü ildə başqa
yaşıdları kimi balaca Sabir birinci sinfə getsə də,
orta məktəbi bitirmək haqqında attestat ala bilməmişdir.
Repressiya qurbanı olan atası Kərim kişi 1939-cu ildə
Sibirə sürgün ediləndən sonra 7-ci sinifdə təhsilini
yarımçıq qoymuş, 5 qardaşı və 2
bacısını dolandırmaq üçün anasına
kömək etmək məcburiyyətində
qalmışdır.
Buna baxmayaraq oxumağa hədsiz
marağı onu 1941-ci ildə istehsalatdan ayrılmadan Bakı
Dəmiryolu Texnikumuna gətirir. 1945-ci ildə oranı
qırmızı diplomla bitirən S. Ağayevi Azərbaycan Dəmiryolu
İdarəsinin layihə şöbəsinə texnik göndərirlər.
O elə həmin il Azərbaycan Dövlət Sənaye
İnstitutunun qiyabi şöbəsinə daxil olur. 1950-ci ildə
bu ali təhsil ocağının nəqliyyat şöbəsini
fərqlənmə diplomu ilə bitirən Sabir Ağayev
Bakı Metro Tikintisi İdarəsində iş
icraçısı təyin edilir. Bir il sonra idarənin sahə
rəisi, daha sonra baş mühəndisi vəzifəsinə
irəli çəkilir.
Sabir müəllim
1958-ci ilin sentyabrında Azərbaycan KP MK-nin qərarı ilə
yenicə yaradılmış Tikinti Nazirliyinin sərəncamına
göndərilir. O, 1 saylı tikinti trestinin baş mühəndisi
təyin olunur. S.Ağayevin rəhbərliyi altında həmin
illərdə Bakı şəhərində, Xaçmaz, Quba,
Qusar, Dəvəçi, Şamaxı, Ağsu, Kürdəmir,
Göyçay, İsmayıllı, Salyan, Masallı, Lənkəran,
Astara, Cəlilabad rayonlarında neçə-neçə
yaşayış binaları, məktəb, xəstəxana,
uşaq bağçaları və digər mədəni-məişət
obyektləri tikilmişdir.
1961-ci ildə respublika
Nazirlər Sovetinin nəzdində kolxozlarda tikinti işlərinin
təşkili ilə məşğul olan Baş idarə
yaradılır. Sabir Ağayev ora rəis müavini-baş
mühəndis təyin olunur. Baş idarəyə rayonlarda
kolxozlararası tikinti idarələri yaratmaq, onları texnika,
nəqliyyat, inşaat materilalları, tikinti normativləri ilə
təmin etmək və tikinti işlərini tam nəzarətə
götürmək kimi məsul vəzifə həvalə
olunmuşdu. Sabir müəllimin səyi və gərgin zəhməti
sayəsində Baş idarənin kollektivi bu vəzifənin
öhdəsindən layiqincə gələ bildi. Qısa
müddətdə güclü və nüfuzlu baş
podratçı təşkilat formalaşdırıldı.
S.Ağayev sonrakı illərdə
1 nömrəli və 2 nömrəli “Azərkəndtikinti”
trestlərində baş mühəndis, “Azərkəndtikinti”
nazirinin müavini və “Azərkəndtikinti” Nazirliyinin tədris
kombinatının direktoru vəzifələrində işləmişdir.
Sabir müəllimin fəaliyyətinin bir hissəsi Azərbaycan
Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi ilə
sıx bağlı olmuşdur. 1992-ci ildə o, komitənin
Dövlət Tikinti Müfəttişliyinə birinci dərəcəli
mühəndis vəzifəsinə işə qəbul
olunmuş, sonra baş müfəttiş, sənaye tikintilərinin
və inşaat materiallarının keyfiyyətinə nəzarət
şöbəsinin rəisi işləmişdir. Həmişə
ona etibar edilən vəzifənin öhdəsindən layiqincə
gəlmişdir.
Səmimi dost,
qayğıkeş insan, gənc mühəndislərin xeyirxah
məsləhətçisi olan Sabir Kərim oğlu
Ağayevin əziz xatirəsi onu tanıyanların qəlbində
həmişə yaşayacaqdır.
Elmar HÜSEYNZADƏ,
Azərbaycan Dövlət
Şəhərsalma və
Arxitektura Komitəsinin
aparat rəhbəri
Xalq qəzeti.- 2009.- 10 iyun.- S.7.