“Uşaq ili” hər uşağa ailə verəcək
2009-cu il Azərbaycanda
“Uşaq ili” elan olunub. Bu,
ölkədə uşaqlara
verilən dəyərin,
aparılan uşaq siyasətinin bariz nümunəsidir. Uşaq siyasəti
dövlət siyasətinin
tərkib hissəsidir
və bu, Prezident İlham Əliyevin verdiyi qərarların hər birində özünü
göstərib. Ekspertlər
hesab edir ki, 2009-cu il
“Uşaq ili” kimi uşaqların həyatında özünəməxsus
rol oynayacaq. İl ərzində ölkəmizdə
həyata keçirilən
bütün proqramlar,
layihələr uşaqların
inkişafına uğurlu
töhfə verəcək.
Statistikaya görə,
Azərbaycanda 2.800.000-dən çox uşaq var. Onların
20136 nəfəri valideyn himayəsindən məhrum
olanlardır. Dövlətin qayğısına daha çox
ehtiyac duyan bu uşaqların 16992 nəfəri normal, 3144-ü
əlil olanlardır. Dövlətin uşaqlarla bağlı
yürütdüyü siyasətin əsasında ailə amili
dayandığı üçün ayrı-ayrı müəssisələrdəki
uşaqların ailələrə verilməsi məqsədi ilə
bir sıra addımlar atılıb. Nəticədə
artıq valideyn himayəsindən məhrum uşaqların 6670
nəfəri himayədarlıq əsasında ailələrdə
tərbiyə alır.
Azərbaycan dövlətçiliyi
və uşaq siyasəti
Azərbaycanda
uşaqlarla bağlı siyasətin əsası Ulu öndərimiz
Heydər Əliyev tərəfindən qoyulub. Məhz həmin
illərdə ən məhsuldar və uşaqlarla bağlı
problemlərin həllini özündə əks etdirən
qanunlar, dövlət proqramları və tədbirlər planı
qəbul edilib. Ulu öndərin təşəbbüsü ilə
önəmli beynəlxalq konvensiya və protokollar ratifikasiya
edilərək qüvvəyə minib.
Ölkəmiz müstəqilliyini
əldə edəndən sonra ilk qoşulduğu beynəlxalq
sənədlər arasında uşaqlarla bağlı
olanları da var. Məsələn, Azərbaycan 1992-ci ildə
BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasına,
2002-ci ildə Konvensiyanın iki əlavə protokoluna
qoşulub.1999-cu ildə ölkəmizdə BMT-nin “Uşaq
Hüquqları haqqında” Konvensiyasının müddəalarını
özündə əks etdirən “Uşaq Hüquqları
haqqında” Qanun qəbul edilib. Bu illər ərzində
mütəmadi olaraq milli qanunvericilik və normativ hüquqi
aktlar təkmilləşdirilib. Uşaq hüquqlarının
müdafiəsi, uşaqların normal formalaşmasına,
sağlam böyüməsinə yönələn bir
çox dövlət proqramları qəbul edilib və
onların həyata keçirilməsi məqsədi ilə tədbirlər
planı müəyyənləşdirilib. Hər bir dövlət
proqramı uşaqların hüquq və maraqlarının
müdafiəsi, vahid dövlət uşaq siyasətinin
formalaşdırılması, tənzimlənməsi və həyata
keçirilməsi, uşaqların fiziki, əqli, mənəvi,
əxlaqi və sosial inkişafı üçün lazımi
həyat səviyyəsinin təmin olunması sahəsində
milli konsepsiyanı inkişaf etdirməyə yönəlib.
Uşaq hüquqları
beynəlxalq qanunlarla qorunur
Ölkə daxilində
həyata keçirilən tədbirlərin nəticələri
beynəlxalq müzakirəyə çıxarılır. Azərbaycan
dövləti imza atdığı beynəlxalq sənədlərin,
müdafiə etdiyi konvensiyaların tələblərinə
tam əməl edir. Məsələn, uşaqlarn hərtərəfli
qorunması və müdafiəsini əks etdirən “Uşaq
Hüquqları haqqında” Konvensiyanın əsas tələblərindən
biri bu beynəlxalq sənədə qoşulan ölkələrdən
mütəmadi hesabat tələb edilməsidir. Bu tələbə
uyğun olaraq, uşaqların müdafiəsi istiqamətində
mütəmadi tədbirlər həyata keçirən Azərbaycan
BMT-nin Uşaq Hüquqları Komitəsinə artıq 3 hesabat
təqdim edib. Növbəti hesabat BMT-nin Uşaq
Hüquqları Konvensiyasının 20-ci ildönümünə
təsadüf edəcək. Ölkədə uşaq siyasətini
həyata keçirən Ailə, Qadın və Uşaq
Problemləri Dövlət Komitəsinin sədri Hicran
Hüsenyova məhz 2009-cu ilin ölkədə “Uşaq ili”
elan edilməsinin bu əlamətdar hadisə ilə eyni vaxta
düşməsini uğurlu təsadüf kimi dəyərləndirir.
Uşaq hüquqları
xüsusi formada qorunması tələb edilən məsələdir
H.Hüseynovanın
sözlərinə görə, uşaq hüquqları
ümumi insan hüquqlarının bir hissəsi kimi xüsusi
formada qorunması tələb olunan məsələdir. Uşaq
hüquqlarını ailə və qadın problemləri
kontekstində araşdıran və həll etməyə
çalışan AQUPDK sədrinin fikrincə, bu,
bütün dünyada belə qəbul olnunub və “Uşaq
Hüquqları haqqında” Konvensiyada da öz əksini
tapıb. Uşaqların hüquq və
azadlıqlarının qorunması, onların keyfiyyətli təhsil
və yüksək standartlara cavab verən tibbi xidmətlərlə
təmin edilməsi, qayğı ilə əhatə
olunması, yüksək mənəvi və sosial mühitdə
böyüməsi üçün zəruri şəraitin
yaradılması, hərtərəfli şəxsiyyət və
layiqli vətəndaş kimi formalaşması dövlət
uşaq siyasətinin prioritet istiqamətlərini təşkil
edir: “Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən
qoyulan, bu gün isə Prezident İlham Əliyevin davam
etdirdiyi dövlət uşaq siyasəti artıq milli strategiya
kimi formalaşmaqdadır. Xüsusilə, son illər
uşaqların sağlamlığının möhkəmləndirilməsi,
onların tələbatının müasir tələblər
səviyyəsində təmin olunması və təlim-tərbiyəsi
məqsədi ilə mühüm tədbirlər həyata
keçirilib”.
Ana və uşaq sağlamlığına nail
olunması “Uşaq ili”nin əsas prioritetlərindəndir
Dövlətin nail olmaq
istədiyi ən böyük nəticə ilk növbədə
ana və uşaqların sağlamlığının
qorunmasıdır. Bu məqsədlə 2006-2010-cu illəri əhatə
edən “Ana və Uşaqların
Sağlamlığının Qorunması üzrə Tədbirlər
Planı” da qəbul olunub. Bu plan çərçivəsində
səhiyyə sahəsində islahatlar, klinikaların
yaradılması və yeni avadanlıqlarla təchizatı,
uşaqlara göstərilən tibbi yardımın keyfiyyətinin
artırılması, uşaq ölümü hallarının
azaldılması, uşaqlar arasında xəstəliklərin
profilaktikası həyata keçirilir.
Sağlam uşaq və
sağlam nəsil sağlam ailədən başlayır. Lakin
buna həmişə nail olmaq mümkün olmur. Əlillik
uşaq və ailələrin üzləşdiyi ən
ağır mənəvi və fiziki problemlərdən biridir.
Tədqiqatlar göstərir ki, bu problem ailələrin
dağılması və uşaqların internat müəssisələrinə
düşməsinin əsas səbəblərindəndir. Ölkəmizdə
rəsmi qeydiyyatda olan 47 min uşaq müxtəlif formalı xəstəlik
və onların ağır nəticələri üzündən
əlilliyə məruz qalıb.
H.Hüseynovanın
sözlərinə görə, BMT-nin “Əlilliyi olan
İnsanların Hüquqları haqqında Konvensiya”sı
2008-ci ildə ratifikasiya olunub və bu, əlilliyi olan insanlar
üçün daha geniş imkanların yaranmasına, bərabər
imkanların təmin olunmasına təkan verəcək.
Uşaqlar və ədliyyə
sistemi
Uşaq hüquqları
sahəsində böyük dəyişikliklərə nail
olmağın yollarından biri də Azərbaycanda Yuvenal Ədliyyə
sisteminin BMT standartlarına
uyğunlaşdırılmasıdır. Bu, həm də
BMT-nin Uşaq Hüquqları Komitəsinin tövsiyələrindən
biridir. Azərbaycan hökuməti yeniyetmə ədliyyəsində
islahatların keçirilməsini qəbul edib. Bu məqsədlə
əsas diqqət məhkəmə və hüquq-mühafizə
sistemi işçilərinin bacarıqlarının
artırılmasına yönəldilib. Eyni zamanda, cinayət
törədən yeniyetmələrə qarşı həbs cəzasına
alternativ cəzaların tətbiq edilməsi üzrə modellərin
tərtibi, cinayət qurbanları və şahidləri olan
yeniyetmələrin müdafiəsi üçün xüsusi
tədbirlərin görülməsi, Yuvenal Ədliyyə
sisteminin yaradılması üçün tələb olunan
struktur təşkilatlanması və hüquqi dəyişikliklərin
müəyyən edilməsi məqsədi ilə
hazırlıqlar başlanıb.
“Uşaq ili”
uşaqların həyatını dəyişəcək
“Uşaq ili” nəyə
xidmət edəcək? Uşaqlara həsr olunan, onlarla
bağlı olan bu bir il nəyi dəyişəcək? H.Hüseynovanın
fikrincə, Prezident İlham Əliyevin 2009-cu ilin “Uşaq ili”
elan olunması ilə bağlı Sərəncamında nəzərdə
tutulanlar bir çox sahələrdə uşaqların həyatını
köklü şəkildə dəyişəcək. “Tədbirlər
Planı” çərçivəsində nəzərdə
tutulan tədbirlər yalnız uşaq hüquqlarının
etibarlı təmin edilməsi istiqamətində deyil, həm
də onların sağlam mühitdə tərbiyə
olunması üçün zəruri şəraitin
yaradılmasına hesablanıb. Xüsusən, valideyn himayəsindən
məhrum olan və həssas qruplardan olan uşaqlara dövlət
qayğısının artırılması bu ilin əsas hədəflərindən
olacaq. H.Hüseynovanın sözlərinə görə,
2009-cu ilin “uşaq ili” elan olunması uşaq
baxımsızlığının, uşaq alverinin, uşaq əməyinin
istismarının, uşaqlara qarşı
zorakılığın qarşısının
alınmasına yönəldilib və bu problemə öz
töhfəsini verəcək.
Uşaqlara ailə
lazımdır
“Uşaq ili” hər
uşağa ailə verəcək. Bu, uşaqların həyatını
dəyişmək üçün dövlətin nəzərdə
tutduğu əsas tədbirlərdəndir. Hər bir uşaq
üçün ailədə yaşamaq ən ümdə
arzu, cəmiyyət üçün isə məqbul variant
hesab edilir. Bu məqsədlə praktik tədbirlərin həyata
keçirilməsinə artıq bir neçə il əvvəl
başlanıb. “Dövlət Uşaq Müəssisələrindən
Uşaqların Ailələrə verilməsi (De-institusionalizasiya)
və Alternativ Qayğı Dövlət Proqramı”
(2006-2015-ci illər) təsdiq edilib. H.Hüseynova “Uşaqlara
göstərilən qulluğun bütün növləri
haqqında dəqiq statistik məlumatlar əldə edilməsinin
çətin olmasına baxmayaraq, uşaqların dövlət
müəssisələrinə yerləşdirilməsi əsas
uşaq müdafiəsi tədbiri olaraq qalır. 2007-ci ilin
sonunda bütün uşaqların təqribən 0,7 faizi, yəni
16 992 nəfəri dövlət uşaq müəssisələrində
saxlanılırdı. Lakin bu müddət ərzində
dövlət uşaq müəssisələrində
saxlanılan uşaqların yalnız az bir hissəsi tam
valideynsiz, atılmış və ya valideynləri məhkəmə
tərəfindən valideynlik hüququndan məhrum edilən
uşaqlar olub. Bundan əlavə, Dağlıq Qarabağ
münaqişəsi nəticəsində və digər
ölkələrdən Azərbaycana qaçqın kimi gələnlər
arasında da uşaqlar 35 faiz təşkil edib” deyib.
H.Hüseynovanın
fikrincə, Dövlət Proqramının həyata
keçirilməsi istiqamətində uşaqların müəssisələrə
düşmə səbəbləri də
araşdırılır: “Bunların qarşısının
alınması və valideyn məsuliyyətinin
artırılması məqsədi ilə müvafiq qanunlara əlavə
və dəyişikliklər üçün təkliflər
hazırlanır. Sosial işçinin Etika Kodeksi, alternativ xidmətlərin
yaradılması, uğursuz ailələrin
hüquqlarının müdafiəsi, foster, qəyyum, himayədar
ailə modellərinin yaradılması prosesi gedir. Sağlamlıq
imkanları məhdud olan uşaqların maksimum müstəqilliyi
və sosial inteqrasiyasının təmin edilməsi və
bunun üçün əlverişli şəraitin
yaradılması Azərbaycan dövləti və cəmiyyət
qarşısında duran mühüm məsələlərdəndir”.
De-institutionalizasiya
Dövlət Proqramının həyata keçirilməsi
istiqamətində alternativ qayğının təşkili ilə
bağlı dövlət qurumları tərəfindən
Uşaq və Ailələrə Dəstək mərkəzləri
və günərzi qayğı mərkəzlərinin
yaradılması prosesinə başlanıb. Artıq alternativ
qayğı müəssisələri kimi fəaliyyət
göstərən 16 reabilitasiya mərkəzinin 3-ü
dövlət qurumunun tərkibindədir. Bunlardan 2-si
(Şüvəlan və Goranboy Uşaq və Ailələrə
Dəstək mərkəzləri) AQUPDK-nın, 1-i isə (Mingəçevir
şəhərində) Təhsil Nazirliyinin balansında fəaliyyət
göstərir.Təhsil Nazirliyi bu il daha bir günərzi
qayğı mərkəzi açıb. Dövlət Komiəsində
də bu şəbəkənin bir neçə bölgədə
genişləndirilməsi istiqamətində iş gedir. Komitənin
nəzdində fəaliyyət göstərən 2 mərkəzdə
həyata keçirilən xidmətlər risk qrupundan olan ailə
və uşaqları əhatə edir.
RUHİYYƏ
Yeni Azərbaycan.- 2009.- 11 iyun.- S.6.