Azərbaycanın
xarici siyasətində Avropaya inteqrasiya
Uğurlu xarici siyasət
ölkəmizi sülh və əməkdaşlıq mərkəzinə
çevirir
Bu məsələ ətrafında
söz açarkən istənilən qələm sahibi yeni
bir tendensiya ilə üzləşir. Belə ki, hətta
iki-üç il əvvələ qədər ölkəmizin
xarici siyasətindən bəhs edən politoloq, ekspert və
şərhçilər mövzuya giriş edərkən “son
illər əldə edilmiş diplomatik uğurlar” ifadəsindən
istifadə edirdilər. İndi isə artıq hadisələr
elə iti sürətlə inkişaf edir ki, “son illər” ifadəsi
qətiyyən yada düşmür. “Son aylar” və “son
günlər” ifadələri ölkəmizin xarici siyasətindəki
uğurlu nəticələri sıralamaq üçün daha
münasib söz birləşmələri kimi qəbul edilir. Bu
isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
diplomatiyasının ölkəmizin milli maraqlarının təmin
edilməsi istiqamətində reallaşdırdığı tədbirlərin
intensivləşməsinin nəticəsidir. Artıq elə
bir həftə və hətta, elə bir gün olmur ki, beynəlxalq
ictimaiyyətin hansısa nümayəndə heyəti Azərbaycana
gəlməsin və dövlət başçımız həmin
missiyanın rəhbərləri ilə görüşməsin.
Əlbəttə, gənc
müstəqil dövlət kimi Azərbaycanın xarici siyasəti
ilk növbədə özünün beynəlxalq aləmdəki
nüfuzunun möhkəmləndirilməsinə, dövlətin
qarşısında duran problemlərin həllinə, milli
maraqların təmin edilməsinə istiqamətləndirilməli
idi. Ulu öndər Heydər Əliyevin titanik uzaqgörənliyi
nəticəsində müstəqil dövlətimiz bu vəzifələrin
öhdəsindən 1993-2003-cü illərdə uğurla gəlmişdir.
Ermənistan — Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli istisna olmaqla Azərbaycanın
qarşısında heç bir həlli vacib olan problem
qalmamışdır. Dağlıq Qarabağ münaqişəsinin
həlli istiqamətində aparılan qətiyyətli,
prinsipial və sırf milli maraqlara uyğun siyasət isə
artıq öz müsbət nəticələrini verməkdədir.
Gələn ay Rusiya Federasiyasının paytaxtında Minsk
qrupuna həmsədrlik edən hər üç ölkənin,
eləcə də Azərbaycan və Ermənistanın
dövlət başçılarının bilavasitə
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı bir araya gəlmək barədə
razılaşması münaqişənin həllində
müvafiq irəliləyişin olmasından xəbər verir.
Üstəlik, ABŞ Prezidenti Barak Obama da bu günlərdə
verdiyi bəyanatda Dağlıq Qarabağ münaqişəsinin
həllinin yaxınlaşdığı barədə fikirlər
söyləmişdir.
Münaqişələrin
həlli ilə məşğul olan mütəxəssislər,
xüsusən, Avropa ekspertləri hələ ötən ilin
oktyabrında — Azərbaycanda keçirilmiş prezident
seçkilərinin nəticələri elan ediləndən dərhal
sonra proqnoz vermişdilər ki, 2009-cu il Dağlıq
Qarabağ münaqişəsinin həllində önəmli
il ola bilər. Diqqət yetirin, avropalı ekspertlər bu
proqnozu İlham Əliyevin ikinci müddətə prezident
seçilməsindən sonra vermişdilər. Çoxillik təcrübəyə
istinad edən ekspertlər həmin proqnozu verərkən dərin
analitik təhlillərə istinad edirdilər. Çünki Azərbaycanda
keçirilmiş prezident seçkisi başqa cür nəticələnmiş
olsaydı Qarabağ münaqişəsinin həlli istər-istəməz
beş-altı il geri atıla bilərdi.
Ekspertlərin “2009-cu il
Qarabağ münaqişəsinin həllində önəmli
il ola bilər” — tezisi çox qısa müddətdə həyatda
öz təsdiqini tapdı. ABŞ və Fransa münaqişənin
həllinə digər bir vasitəçi dövlətin
qatıla biləcəyindən ehtiyatlanaraq öz fəaliyyətlərini
gücləndirdilər, Türkiyə “Qafqazda Sabitlik və Əməkdaşlıq
Platforması” ilə çıxış etdi, Rusiya
Federasiyasının Prezidenti Dmitri Medvedev isə Azərbaycan,
Ermənistan və Rusiya dövlət
başçılarının bilavasitə Dağlıq
Qarabağ münaqişəsinə aid “Moskva Bəyannaməsi”nin
ərsəyə gəlməsinə nail oldu. Son günlər
isə Avropa Birliyinin enerji təhlükəsizliyinin təmin
edilməsində maraqlı olan dövlət
başçıları Dağlıq Qarabağ münaqişəsinin
tezliklə həll edilməsinin vacibliyini söyləməkdə
sanki bir-birini üstələməyə
çalışırlar. Onların həmin istəyini
ABŞ-ın yeni Prezidenti Barak Obamanın yüksək səviyyədə
dəstəkləməsi isə münaqişənin həllinin
uzaqda olmadığından xəbər verir.
Məhz burada
yazının əvvəlinə, daha doğrusu, xarici siyasətimizdə
Avropaya inteqrasiya məsələsinə qayıdırıq. Yəni,
ətraflı girişdən sonra əsas məqamın
üstünə gəlirik. Bu şəkildə əhatəli
giriş verilməsinin əsas səbəbini azca yuxarıda qeyd
etdik: “Avropa ölkələrinin enerji təhlükəsizliyinin
təmin edilməsi”. Ulu öndər Heydər Əliyev hələ
1993-1994-cü illərdə qeyd edirdi ki, biz öz xarici siyasətimizdə
işğalçı dövlət istisna olmaqla
dünyanın bütün ölkələri ilə əməkdaşlığa
önəm verəcəyik (Azərbaycan Prezidenti İlham Əliyev
diplomatik korpusumuzun rəhbərlərinin ikinci
toplantısında qeyd etmişdi ki, Ermənistan rəhbərliyi
öz silahlı birləşmələrini işğal
edilmiş Azərbaycan ərazilərindən
çıxarandan sonra biz rəsmi Yerevanla da iqtisadi əməkdaşlıq
edəcəyik və Ermənistan regiondakı iqtisadi layihələrdə
iştirak etmək şansı qazanacaqdır). Ancaq
ümummilli liderimiz əlavə etmişdi ki, biz öz dövlətimizin
və xalqımızın milli maraqları naminə Avropaya
inteqrasiya məsələsinə daha böyük önəm
verəcəyik.
Nəticə göz
qabağındadır. Azərbaycanın Avropaya
inteqrasiyasının ilk mərhələsi ölkədə
demokratik dəyərlərin daha geniş şəkildə tətbiq
edilməsi, insan hüquq və azadlıqlarının yüksək
səviyyədə qorunması ilə yadda qaldı. Sivil,
demokratik, dünyəvi dövlət quruculuğu kursu
götürmüş Azərbaycanın Konstitusiyası məhz
Avropa ekspertlərinin və mütəxəssislərinin
iştirakı ilə hazırlandı və qəbul edildi. Maddələrinin
üçdən biri insan hüquq və azadlaqlarının
qorunmasına həsr edilən Əsas Qanunumuza sonralar — Azərbaycanın
Avropaya inteqrasiyası daha da genişləndikcə iki dəfə
dəyişiklik və əlavələr edilmişdir. Ölkədə
ölüm hökmünün tətbiqi ləğv
edilmiş, mətbuat üzərindən senzura
götürülmüş, çoxpartiyalılıq cəmiyyət
həyatının ayrılmaz hissəsi kimi qəbul
edilmiş, insanlara sərbəst toplaşmaq hüququ
verilmiş, seçki qanunvericiliyi məhz Avropa
standartlarına cavab verən şəkildə təkmilləşdirilmişdir.
Nəticədə Azərbaycan yeni əsrin ilk ilində Avropa
Şurasına tamhüquqlu üzv kimi qəbul edilmiş və
Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı
daimi nümayəndə heyəti orada ölkəmizi daim
yüksək səviyyədə təmsil etmişdir.
İqtisadi sahədə
Avropaya inteqrasiyamız da bilavasitə ulu öndər Heydər
Əliyevin ölkədə siyasi hakimiyyətə
qaydışından dərhal sonra gündəliyə gətirilmişdir.
Məhz ümummilli liderimizin işləyib
hazırladığı yeni neft strategiyasının
icrasında əsas istiqamətlərdən biri Avropa ölkələri
ilə əməkdaşlıq idi. “Əsrin müqaviləsi”ndə Avropa
ölkələrinin daha yaxından iştirakı, müqavilə
əsasında hasil edilən neft və qazın dünya bazarına
çıxarılması zamanı Avropa ölkələrinə
verilən önəm, Bakı — Tbilisi — Ceyhan neft və
Bakı — Tbilisi — Ərzurum qaz ixrac kəmərlərinin
Avropanın dərinliklərinə qədər uzanması Azərbaycanın
bu inteqrasiyaya nə qədər önəm verməsinin nəticəsi
idi. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik
etdiyi dövrdə Xəzərin Azərbaycan sektorundan
çıxarılan karbohidrogen ehtiyatlarının sanki
bütün Avropa ölkələri üçün əlçatan
edilməsi üçün bir çox Şərqi Avropa
ölkələrində “Enerji Sammiti” keçirilmiş, belə
sammitlərdən birinə isə Bakı ev sahibliyi
etmişdir.
Burada
çox aydın bir məntiq var. Avropa ölkələri
öz dövlətlərinin milli maraqları — yəni enerji təhlükəsizliyinin
təmin edilməsi müstəvisindən
çıxış edirlər. Azərbaycanın isə
öz milli və dövlətçilik maraqları
mövcuddur və həmin maraqlar Avropa siyasətçilərinin
hər biri üçün gün kimi aydındır:
pozulmuş ərazi bütövlüyünün bərpa edilməsi.
Ona görə də həftənin
əvvəlində də, axırında da enerji məsələsi
ilə rəsmi Bakının qapısını döyən
ölkələrin “Dağlıq Qarabağ münaqişəsi
Azərbaycanın ərazi bütövlüyünün bərpası
şərtiylə, tezliklə həll edilməlidir” — deyə
bəyanat verməsi tamamilə təbiidir.
Azərbaycanın
Avropaya inteqrasiyasının mühüm tərkib hissələrindən
olan NATO ilə əməkdaşlığımızın da
təməli bilavasitə ulu öndərin dövründə
qoyulmuşdur. 1994-cü
ilin may ayında “NATO-nun sülh naminə tərəfdaşlıq”
Proqramına qoşulan Azərbaycan öz silahlı qüvvələrinin
NATO standartları səviyyəsinə qaldırılması
üçün çox mühüm və zəruri bir
inkişaf mərhələsi keçmişdir. Ötən 15
ildə Azərbaycan hərbçiləri NATO-nun 50-dən
çox tədbirində iştirak etmiş, müstəqil
dövlətimizin silahlı qüvvələrinin yüksək
səviyyədə olduğunu sübuta yetirmişlər.
Ötən ay Gürcüstanda keçirilən uzunmüddətli
hərbi təlimlərdə Azərbaycan hərbçilərinin
iştirakı, bu gündən Bakıda “NATO həftəsi”nin
başlanması və başqa tədbirlər rəsmi
Bakının bu beynəlxalq hərbi təşkilatla əməkdaşlığa
verdiyi önəmin təzahürüdür. Bir sözlə,
Azərbaycan dövlət və cəmiyyət həyatının
bütün sahələrində Avropa dəyərlərinə
böyük önəm verir, Avropaya inteqrasiyanın dərinləşməsinə
nail olur. Məhz həmin inteqrasiyanın nəticəsidir ki,
respublikamız bu gün regionda lider, Avrasiyada isə ən
vacib ölkələrdən birinə çevrilmişdir.
Prezident İlham Əliyevin dediyi kimi, rəsmi Bakı bu
gün dünyada gedən prosesləri müşahidə etməklə
kifayətlənmir. Biz həmin proseslərə təsir etmək
iqtidarındayıq və bizim sözümüz istənilən
məsələdə keçərli, kəsərlidir.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2009.- 11
iyun.- S. 1.