Müstəqil Azərbaycan tarixinin parlaq səhifəsi

 

1993-cü ilin yayında - dövlət idarəçiliyindəki kobud səhvlərin məntiqi nəticəsi olaraq ağır sosial-iqtisadi gərginliyin pik həddinə çatdığı, ölkənin vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı, torpaqlarımızın itirildiyi, bir sözlə, Azərbaycanın dağılmaq və parçalanmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalqımızın Ulu öndər Heydər Əliyevə üz tutması təsadüfi deyildi. Çünki ölkədəki hərc-mərcliyin, itaətsizliyin, anarxiyanın, siyasi çəkişmələrin, Gəncədə başlanmış qardaş qırğınının, hərbi xəyanətin, qanunsuz silahlı dəstələrin Bakıya yürüşünün qarşısını yalnız o BÖYÜK İNSAN ala bilərdi. O zaman vəziyyəti düzgün qiymətləndirən xalq Ulu öndər Heydər Əliyevin Bakıya - ölkə rəhbərliyinə gəlməsini arzulayırdı. Bu məqsədlə Naxçıvana, Ulu öndərin ünvanına yüzlərlə məktub, teleqram göndərilirdi. Ulu öndər Heydər Əliyevə ünvanlanan müraciətlər təkcə maddi-mənəvi iztirablara məruz qalan bir xalqın, sadəcə, vəziyyətdən çıxış yolu deyildi. Bu, həm də Azərbaycan dövlətçiliyinin yaşaması, hələ kövrək olan müstəqilliyimizin qorunması üçün qəbul edilən tarixi bir ümumxalq qərarı idi. Ölkəyə rəhbərlik edən qüvvələr də Azərbaycanı saldıqları girdabdan xilas etmək üçün Ulu öndər Heydər Əliyevin Bakıya gəlməsini arzulayırdılar. Cəbhəçilər vəziyyətdən çıxış yolunu xalqın istəyi ilə razılaşaraq Ulu öndər Heydər Əliyevin Bakıya dəvət edilməsində görürdülər.

İyunun 9-da ulu öndərin Bakıya gəlişi Azərbaycanın taleyindəki nigaranlığa son qoydu. Bütün dünyanın maraqla izlədiyi bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Böyük xilaskarın Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə, ruh yüksəkliyi ilə qarşılandı. Dövlətçiliyimizin müqəddəratının həll olunduğu belə bir məqamda dahi öndər Heydər Əliyevin Bakıya gəlişi respublika əhalisində böyük ümidlər yaratdı. Bakıya gəldikdən sonra parlamentə sədr seçilmək barədə iqtidarın və deputatların xahişini qəbul etməzdən əvvəl Heydər Əliyev Gəncədə yaranmış vəziyyətlə tanış olmaq üçün ora yola düşdü, döyüş meydanına çevrilmiş hərbi hissələrin ərazisini gəzdi. Bu mahir siyasətçinin şəhərə gəlişi əhalidə gələcəyə böyük inam yaratdı. O, şəhər sakinləri ilə, hərbi qulluqçularla görüşüb söhbət etdi.

1993-cü il iyunun 15-də Ulu öndər Heydər Əliyev yekdilliklə Azərbaycan Ali Sovetinin Sədri seçildi. Həmin gün parlamentin tarixi iclasında Heydər Əliyev çıxış edərək Ali Sovetin Sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özünün əsas vəzifələrindən biri hesab etdiyini bildirdi.

Ulu öndər Heydər Əliyev tarixi qayıdışı ilə xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirdi. Eyni zamanda, Azərbaycanın indiki sürətli inkişafının strategiyası, bütün sahələrdə həyata keçirilən köklü islahatlar da öz başlanğıcını Milli Qurtuluş Günündən - 1993-cü il iyunun 15-dən götürdü. Ötən yazımızda da qeyd etdiyimiz kimi, həmin tarixi günün əhəmiyyətini, Azərbaycan xalqının həyatında oynadığı rolu bir daha yad etməklə, bu tarixi günü qiymətləndirmək olduqca vacib və maraqlıdır.

YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov:

- Azərbaycanda 1992-ci ilin may ayından başlayaraq gərgin vəziyyət hökm sürürdü. Hakimiyyəti ələ keçirmiş AXC-Müsavat cütlüyü milli maraqlara hesablanmış siyasət yürütmədiyindən ölkədə hərbi-siyasi, sosial-iqtisadi böhran yaranmışdı. Digər tərəfdən Azərbaycanın bir müstəqil dövlət kimi qalmasını istəməyən xarici qüvvələr daxildə özlərinə “tərəfdaşlar” da tapmışdılar. Bu kimi faktların ortaya çıxması isə Azərbaycanın müstəqilliyini sual altına qoyurdu. Əlbəttə ki, bütün bu hadisələr xalqı narahat edirdi. Ona görə də, xalq Ümummilli lider Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Xüsusilə, qeyd etmək istəyirəm ki, AXC-Müsavata hakimiyyətinə qarşı etirazlar və Ulu öndər Heydər Əliyevə hakimiyyətə gəlmək üçün müraciətlərin edilməsi prosesi 1992-ci ildən başlamışdı. 1993-cü ilin 4 iyun hadisəsi isə artıq xalqın səbr kasasını doldurdu. İnsanlar davamlı mitinqlər keçirərək, müraciətlər edərək Ulu öndər Heydər Əliyevi yenidən hakimiyyətə dəvət etdi. Ümummilli lider Heydər Əliyev xalqı və dövlətimizi düşdüyü bəlalardan qurtarmaq üçün 1993-cü ilin 15 iyununda Naxçıvandan Bakıya gəldi.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsilə ilk növbədə Azərbaycan müstəqil dövlət kimi ayaqda qalmağı bacardı. Ölkədə qardaş qırğınının qarşısı alındı, mövcud problemlərin aradan qaldırılması istiqamətində vacib addımlar atılmağa başlanıldı. Digər tərəfdən, bu bütövlükdə region üçün əhəmiyyətli bir hadisə idi. Yəni, əgər Ulu öndər Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gəlməsəydi, bəlkə də region yenidən 1920-ci ildəki hadisələri yaşayardı.

Beləliklə, Ümummilli lider Heydər Əliyev ölkədə siyasi sabitliyi təmin etdikdən sonra dövlətin iqtisadi sosial infrastrukturunu qurmağa başladı...

Bu gün isə Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı yeni zirvələrə daşıyır.

YAP Sabunçu rayon təşkilatının sədr

Mehriban Abasquliyeva:

- 1993-cü ildə Azərbaycanın uçurum kənarına atıldığı, parçalanma təhlükəsi ilə üz-üzə olduğu bir vaxtda Ümummilli lider Heydər Əliyev xalqın çağırışını cavabsız qoymadı. Ulu öndər Heydər Əliyev xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıtdı və Azərbaycanı təhlükələrdən, bəlalardan qurtardı. Yaranmış böhranlı vəziyyətdən çıxış yolu tapan Ümummilli lider Heydər Əliyev ölkədə qardaş qırğınının qarşısını aldı, siyasi sabitliyi bərqərar etdi, Azərbaycanı inkişaf, tərəqqi yoluna çıxardı.

Ulu öndər Heydər Əliyev qısa bir zamanda iqtisadiyyatı inkişaf etdirdi, ordu quruculuğu işlərinə start verdi. Ümumilikdə, dövlətin bütün sahələrində tərəqqi hiss olunmağa başladı.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyilə balanslaşdırılmış xarici siyasətin əsası qoyuldu. Xalqımızın milli sərvətlərindən rasional şəkildə istifadə edilməklə AXC-Müsavat cütlüyünün dağıtdığı ölkə yenidən qurulmağa başlandı...

Bu gün Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı iqtisadi, siyasi cəhətdən regionun lider dövlətinə çevirib. Hazırda bütün sahələrdə böyük nailiyyətlər qazanan ölkəmiz beynəlxalq əməkdaşlığın qurulmasında və təhlükəsizliyin qorunmasında mühüm rol oynayır.

Bütün bunlar isə əlbəttə ki, 1993-cü ilin 15 iyun tarixindən sonra reallaşdı. Bu səbəbdən də biz məhz həmin tarixi Milli Qurtuluş Günü kimi qeyd edirik.

 

 

Ramil VƏLİBƏYOV

 

Yeni Azərbaycan.- 2009.- 11 iyun.- S.4.