Ulu
öndər Heydər Əliyevin müdrik siyasəti daim Azərbaycanın
milli mənafelərinə xidmət etmişdir
Ötən əsrin
90-cı illərinin əvvəllərində Azərbaycanda
hökm sürən qeyri-sabitlik və hakimiyyət
böhranı ermənilərin bütün cəbhə boyu hərbi
əməliyyatlara başlamasına imkan yaradırdı. Məhz
belə bir şəraitdə Azərbaycan torpaqlarının
bir hissəsi düşmən tərəfindən
işğal olundu. Silahlı
dəstələrin Laçın ərazisindən
çıxarılmasını gözləyən erməni
daşnak birləşmələri böyük qüvvə ilə
hücuma keçərək 1992-ci il mayın 18-də
alınmaz qala olan Laçını işğal etdilər.
Beləliklə, Dağlıq Qarabağ
separatçıları ilə Ermənistan dövləti
arasında birbaşa əlaqə dəhlizi yarandı.
Artıq Azərbaycan xalqının
çox hissəsi Azərbaycan Xalq Cəbhəsinin məqsədinin
nəyə xidmət etdiyini gördü və cəbhəçilərdən
əlini üzməyə başladı. Azərbaycan xalqı
hadisələrin belə bir axarında Heydər Əliyevin
xalqı, ordunu bir yerə yığmasını,
ağıllı, diplomatik səyləri sayəsində erməni
silahlı qüvvələrinin basqınlarının
qarşısını almasını böyük ümidlə,
səbirsizliklə gözləyirdi. 1992-ci ilin mayın ilk
günlərində Naxçıvan Muxtar Respublikasında, eləcə
də Azərbaycanın Ermənistanla sərhəd bölgələrində
vəziyyət yenidən pisləşmişdi. Erməni faşist ordu birləşmələri
onlara arxadan—Naxçıvan ərazisindən hücum
başlanacağından ehtiyatlanaraq və Azərbaycanda
yaranmış özbaşnalıqdan istifadə edərək
yeni əraziləri işğal etmək üçün səy
göstərirdilər. Erməni quldur dəstələri
mayın 18-də Naxçıvanın Sədərək,
Havus, Yuxarı Buzqov, Sada, Biçənək və s. kəndlərinə
böyük qüvvə ilə hücuma keçdilər.
Düşmən hətta bu ərazilərdə zəhərli
kimyəvi silahdan da istifadə edirdi. Sədərək ətrafında
baş verən qanlı döyüşlər 40 gün davam
etdi.
Bu vaxtlar
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
Heydər Əliyev erməni
işğalçılarının basqınlarının
qarşısını almaq üçün diplomatik
bacarığından məharətlə istifadə edə
bildi. Onun martın 23-də Türkiyəyə səfəri
zamanı Süleyman Dəmirəl bütün dünyaya
bildirmişdi ki, Naxçıvanın statusunda bir dəyişiklik
yaranarsa, bağlanmış müqaviləyə görə,
Türkiyə öz sözünü deyəcəkdir. Mayın
18-də Türkiyə Nazirlər Kabineti ətraflı bir bəyanat
qəbul etdi. Heydər Əliyevin və Türkiyə dövləti
başçılarının birgə səyləri nəticəsində
erməni işğalçılarının məqsədləri
dünya ictimaiyyətinə çatdırıldı. Nəticədə dünyanın
57 ölkəsi təcavüzü lənətlədi, NATO
xüsusi bəyanat verdi. Rusiya Federasiyası öz niyyətindən
əl çəkdi. Mayın 24-də işğalçı
Ermənistan dövlətinin təklifi ilə
danışıqlar aparıldı və dinclik yaradıldı.
1992-ci il iyulun 7-də Azərbaycanda
prezident seçkiləri keçirildi. AXC sədri Ə.Elçibəy
seçkilərdə qalib gəldi. Lakin hakimiyyəti ələ
keçirmiş, ölkədə dövləti idarə etmək
təcrübəsi olmayan adamlar üçün bu qələbə
deyil, böyük məğlubiyyətin, süqutun əsası
idi. Azərbaycan hakimiyyətində Xalq Cəbhəsi tezliklə
Müsavat qüvvələri ilə əvəzləndi.
Hakimiyyətdə fəallıq göstərən şəxslər
onu möhkəmləndirə və xalqın mənafeyi
üçün heç bir şey edə bilmədilər.
Əslində bu qüvvələrə
heç möhkəm dövlət də lazım deyildi. Artıq 1993-cü ilin ikinci
yarısında Azərbaycanda 30-a qədər siyasi partiya, cəmiyyət
və hərəkat fəaliyyətdə idi. Təşkilatlar
arasında sıx birlik və bərabər hərəkat
planı tamamilə pozulmuş, güclü fikir
ayrılığı yaranmışdı. Həmin dövrdə
AXC — Müsavat cütlüyü xalq arasında hər an
nüfuzu güclənən Heydər Əliyevə
qarşı sərt mövqelərini artırırdılar.
1991-ci ilin dekabrından Naxçıvana qaz, 1992-ci ilin iyulundan
isə elektrik enerjisinin verilməsini
dayandırmışdılar. 1992-ci ilin aprelindən bu əraziyə
qatarların hərəkəti də qadağan edilmişdi.
Naxçıvan mühasirəyə alınmışdı.
Bütün bunlara
baxmayaraq, Heydər Əliyev çətin şəraitdə
Naxçıvan Muxtar Respublikasının idarə edilməsini
cəsarətlə həyata keçirirdi. Xalq aclığa, 40 dərəcə
şaxtaya dözə bildi. Heydər Əliyev 1992-ci il
martın 22-25-də Türkiyə dövlətinin dəvəti
ilə bu ölkəyə səfər etdi. Qardaş dövlətin
başçıları ilə danışıqlar apardı.
Türkiyə dövləti Naxçıvana 100 min dollar kredit
verdi.
Tez bir vaxtda İqdır-Naxçıvan elektrik xətti işə düşdü. Sədərək — Türkiyə yolu tikilib istifadəyə verildi. “Türksat” rabitə şirkəti muxtar respublikanın Bakı ilə telefon əlaqəsini işə saldı. Hər iki dövlət arasında 1992-ci ilin mayın 28-də Sədərək-Dilucu 228 metrlik “Ümid körpüsü” tikilib istifadəyə verildi. Həmin ilin martında yeni hava limanının birinci növbəsi işə düşdü.
1992-ci il avqustun 22-26- da İran İslam Respublikasının dövlət başçısının dəvəti ilə Heydər Əliyev Tehrana səfər etdi. Qonşu dövlət başçıları ilə danışıqlar aparıldı. Hər iki dövlət arasında müştərək bazarlar açıldı. Naxçıvana İrandan elektrik enerjisi verildi. Beləliklə də, Heydər Əliyevin diplomatik bacarığı nəticəsində muxtar respublikanın nəqliyyat, enerji blokadasına son qoyuldu.
AXC, eləcə də Müsavat başçıları Naxçıvan Muxtar Respublikasında çevriliş etməyə, qeyri-demokratik yolla Xalq Cəbhəsini hakimiyyətə gətirməyə çalışırdılar. 1992-ci ilin oktyabrın 24-də burada Xalq Cəbhəsinin silahlı dəstələri Daxili İşlər Nazirliyini, televiziya şəbəkəsi binalarını tutaraq hakimiyyətə qarşı bəyanatla çıxış etdilər. Əhalinin çox böyük bir hissəsi onlara qarşı qalxdı. Az vaxtda 50 mindən çox insan Heydər Əliyevin müdafiəsinə qalxaraq Ali Məclis binasının qarşısına yığışdı. Xalq silahlı cəbhəçiləri dövlət təşkilatlarından qovub çıxardı.
O zamankı iqtidar başçıları Naxçıvanın statusunu ləğv etməyə çalışır, bunun üçün əllərindən gələni edirdilər. Bütün bunlar Naxçıvanın muxtariyyət statusunu müəyyən edən Moskva (1921-ci il 16 mart) və Qars (1921-ci il 13 oktyabr) beynəlxalq müqavilələrinə, eləcə də 1969-cu il Vyana konvensiyası tələblərinə zidd idi. Heydər Əliyev Türkiyədə olarkən Moskva və Qars müqavilələrinin əsas prinsiplərinin qüvvədə olduğunu bütün dünyaya çatdırdı. Xalqın rəhbərə olan inamı və ümidi daha da artdı. AXC-nin isə daxildəki hakimiyyət davası parçalanmaya gətirib çıxardı. 1992-ci il avqustun 5-də Azərbaycan Silahlı Qüvvələri Başkəndi tutdular. Erməni hərbi birləşmələri öz qüvvələrini birləşdirərək əks-hücuma keçdilər.
Ermənistandan çoxlu sayda canlı qüvvə, texnika gətirildi. Erməni birləşmələri iyulun ikinci yarısında Ağdərə rayonunun Maqavuz və Orataq kəndlərini işğal edib Sərsəng su anbarını ələ keçirə bildilər. Erməni quldurları sentyabrın əvvəllərində Ağdam istiqamətində Abdal-Gülablı, Xromot, Dəhraz, Ağbulaq, Araizəmin, Pircamal, Naxçıvanik, Qaraşlar, Qazança və Bəşirlər kəndlərini işğal etdilər. Sentyabrın 23-də hərbi hissələrimiz Xocavənd yaxınlığında erməni işğalçılarına sarsıdıcı zərbələr endirdilər. 1992-ci il oktyabrın ilk günlərində Qubadlı tərəfdən Laçına yeridilən silahlı qüvvələrimiz Suqra, Xannaqır, Dəhyan, Cəfərabad, Mıxdərəsi, Mazutlu, Fətəlitəpə, Malxələf kəndlərini işğalçı ermənilərdən azad etdilər. Lakin hərbi rəhbərlikdə Rusiya meyilli şəxslərin təxribatı artdı, hücum dayandırıldı. Ə.Hümbətov oktyabrın 5-də tank briqadasını geri çəkdi. Əldə olunmuş mövqelər yenidən erməni ordularının əlinə keçdi.
Erməni işğalçıları oktyabrın 12-də Hadrut istiqamətindən böyük qüvvə ilə Qubadlının Toraqaç-Düzyurd yüksəkliyinə basqın etdilər və bu ərazilər tutuldu. 16 günlük döyüşdən sonra isə yüksəklik ermənilərdən geri alındı. Dekabrın 10-da Ermənistan silahlı dəstələri Qubadlı, Zəngilan ərazilərinə soxuldular, bir neçə kəndi işğal edib yandırdılar.
Artıq Azərbaycan hərbi hissələri öz qüvvəsini saxlaya bilmir, hərbi texnika pis vəziyyətə salınırdı. Ordu, demək olar ki, yox idi. 1992-ci ilin sonu — 1993-cü ilin başlanğıcında respublikanın müdafiə naziri R.Qazıyevin təkidi ilə döyüşlər başlandı və böyük məğlubiyyətlərə gətirib çıxardı. 1993-cü il yanvarın 26-da Fərrux yüksəkliyi ətrafında gedən savaş öz miqyasına görə Qarabağ müharibəsində ən böyük döyüşlərdən biri oldu. Döyüşlərdə Azərbaycan silahlı dəstələri məğlub oldular və itki verib geri çəkildilər.
Azərbaycanda dövlət çevrilişi etməyə hazırlıq məqsədilə korpus komandiri Surət Hüseynov 1992-ci ilin dekabrında qüvvələrini Kəlbəcərin strateji yüksəkliklərindən geri çəkdi. Bundan əlavə o, 1993-cü il yanvarın 28-də Ağdərə bölgəsindən də hərbi texnikanı çıxarıb Gəncəyə göndərdi.
1993-cü il fevralın 5-nə keçən gecə Ermənistan ekspedisiya korpusu Rusiyanın 7-ci ordusunun 128-ci motoatıcı alayı və kazaklardan ibarət silahlı dəstənin iştirakı ilə Ağdərə istiqamətində hücuma keçdi. Fevralın 15-dən 16-na keçən gecə Ağdərə-Kəlbəcər yolu düşmən ordusunun nəzarətinə keçdi.
Respublikanın hərbi sahələrində baş verən uğursuzluqların davam etdiyi bir vaxtda müdafiə naziri R.Qazıyev və korpus komandiri S.Hüseynov vəzifələrindən uzaqlaşdırıldılar. Onların təsirindən qurtara bilməyən hərbi hissələr Müdafiə Nazirliyinə tabe olmaqdan imtina etdilər. Erməni faşistləri yaranmış vəziyyətdən istifadə edərək 1993-cü il martın 10-dək Ağdərə ərazisinin bir çox yaşayış məntəqələrini işğal etdilər. Martın 20-dən Ermənistan Ağdərə tərəfdən Kəlbəcəri atəşə tutdu. Rayonun müdafiəsi təşkil olunmamış, hərbi bölmə və texnikanın bir hissəsi ərazidən çıxarılmışdı. Bu bir tərəfdən satqın ordu komandirlərinin imperiyapərəst qüvvələrə nökərçiliyi, digər tərəfdən də respublika rəhbərliyinin Kəlbəcəri düşmənə verməklə Ermənistanı təcavüzkar bir dövlət kimi tanıtmaq cəhdi ilə bağlı idi.
1993-cü il martın 26-da Kəlbəcərin Ağdaban kəndi ikinci dəfə düşmən əlinə keçdi və yandırıldı (birinci dəfə 1992-ci il aprelin 8-də tutulmuşdu). Martın 28-də erməni təcavüzkarları mühüm strateji hündürlüyə malik Qaraqayanı ələ keçirdi. Martın 31-də Qamışlı körpü də işğal olundu. Beləliklə, Kəlbəcər tam mühasirəyə alındı. 1993-cü il aprelin 3-də isə Kəlbəcər erməni işğalçıları tərəfindən ələ keçirildi. Erməni quldurları 15 min adamı əsir götürdülər. 144 yaşayış məntəqəsi işğal olundu. 500-dən çox müəssisə, 13 min ev, şəxsi təsərrüfatlarda olan 100 min baş mal-qara, 500 min baş davar, 5 min baş at, 1 milyon ev quşu, 50 min arı ailəsi, 195 min xalça və s. ələ keçirildi.
Laçın və Kəlbəcərin ələ keçirilməsi sonrakı aylarda daha bir neçə rayonumuzun düşmən tərəfindən işğal edilməsinə imkan yaratdı. Yalnız xalqın təkidli tələbi və xahişi ilə respublika rəhbərliyinə qayıdan ulu öndər Heydər Əliyevin diplomatik səyi və uzaqgörən siyasəti sayəsində növbəti faciələrimizin qarşısı alındı, ölkədə hakimiyyət böhranına son qoyuldu, digər torpaqlarımızın düşmən işğalına məruz qalmasının qarşısı alındı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2008-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpasının qarşıda duran ən əsas məsələlərdən biri olduğunu önə çəkmiş, “Azərbaycan öz ərazi bütövlüyünü heç kimə güzəştə getməyəcək. Bunu hamı bilir. Biz bu mövqedən geri çəkilməyəcəyik!”, — deyə vurğulamışdır.
... Beləliklə, Azərbaycan qarşısına qoyduğu bütün məqsədlərə nail olacaq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bizim xeyrimizə həll ediləcəkdir. Prezident açıq-aşkar bildirdi ki, Azərbaycanın öz torpaqlarını istənilən anda, o cümlədən hərbi yolla azad etmək, ərazi bütövlüyünü bərpa etmək üçün bütün imkanları vardır. Elə xalqımız da torpaqlarımızı düşməndən azad etmək üçün Prezident, Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyir.
Ulu öndər Heydər Əliyevin “İndi Azərbaycanın güclü ordusu var. Bizim ordumuz istənilən anda işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir!” sözləri indi də hər bir Azərbaycan vətəndaşının qulağında səslənir və hamımız o günü - Qələbə gününü səbirsizliklə gözləyirik.
Firudin CÜMŞÜDLÜ,
ADPU-nun Azərbaycan
tarixi kafedrasının dosenti
Xalq qəzeti.- 2009.- 11 iyun.- S. 3.