Müasir Azərbaycan
dövlətçiliyinin xilas
olduğu gün -15 İyun
Ötən əsrin son
on illiyi, bəlkə də, illərlə, əsrlərlə
müzakirə olunacaq, araşdırılacaq bir zaman kəsiyidir.
Çünki məhz bu dönəmdə XX yüzilliyin əvvəlindən
bəri dünyaya hökm etmək iddiasında olan, müstəqil
dövlətləri boğaraq zor gücü ilə
özünə birləşdirən SSRİ adlı imperiya ədalətin
hökmü ilə dağıldı. Məhz bu siyasi hadisə
bir zamanlar silah gücü ilə imperiyanın tərkibinə
qatılmış 15 respublikada müstəqillik
ideyalarının önə çıxmasında, dövlətlərin
suverenlik əldə etməsində mühüm rol oynadı.
Həmin tarixi prosesin
içərisində yer alan Azərbaycan da SSRİ-nin
dağılması ilə öz müstəqilliyini dünyaya
bəyan etdi. Hələ 1918-ci ildə Şərqin ilk
demokratik respublikasını quran Azərbaycan xalqı, eyni yüzillikdə
ikinci dəfə azadlıq eşqinin sönməz bir atəş
olduğunu dünyaya nümayiş etdirdi. 1990-cı ildə
öz qanı ilə tarix yazan xalqımız müstəqilliyinə
qovuşdu...
...Tarix geri
dönmür, amma bu və ya digər şəkildə təkrar
olunur. 1918-ci ildə yaranan suveren Azərbaycanın müstəqilliyinə
işğalçı-imperialist qüvvələr son
qoymuşdusa, əsrin sonunda əldə edilən azadlıq səriştəsiz,
hakimiyyət eşqi ilə alışıb-yanan, iddiası
özündən böyük bir qrup vəzifə hərisinin
qurbanına çevrilə bilərdi. 1991-ci il oktyabrın 18-də
qəbul olunan “Azərbaycanın Dövlət Müstəqilliyi
haqqında Konstitusiya Aktı” ilə müstəqillik əldə
edən Azərbaycan 1992-ci ildə zor gücünə,
xalqın deyil, silahların iradəsi altında hakimiyyətə
gələn təsadüfi şəxslərin “sayəsində”
təhlükə ilə qarşı-qarşıya dayanmışdı.
Bir tərəfdən Ermənistanın ölkəmizə
qarşı elan edilməmiş müharibəsi, digər tərəfdən
isə daxili separatçı qüvvələrin ölkəni
regionlara bölməsi və yerlərdə hakimiyyəti ələ
alması həm millətin, həm də dövlətin gələcəyini
sual altına qoymuşdu.
1991-1992-ci illərdə,
habelə 1993-cü ilin birinci yarısında ölkədə
yaranan vəziyyət, müstəqillikdən çox
anarxiyanı xatırladırdı. Bir-birini sürətlə əvəz
edən hakimiyyət rəhbərləri xalqın ürəyində
həmişə yaşatdığı və həsrətində
olduğu müstəqilliyi qoruyub saxlamaq, habelə möhkəmləndirmək
üçün zəruri tədbirlər görmək,
ölkənin iqtisadi potensialından səmərəli istifadə
etmək əvəzinə, milli maraqları şəxsi mənafeyə
qurban verərək azacıq fəaliyyətdə və
inkişafda olan hər bir şeyi dağıdırdılar. Ölkədə
özbaşınalığa şərait yaradan AXC-Müsavat
hakimiyyətinin naşı və səriştəsiz fəaliyyəti
demək olar ki, keçmiş SSRİ respublikaları
arasında ən böyük yerüstü və yeraltı sərvətə,
böyük sənaye komplekslərinə malik Azərbaycanı
iflic vəziyyətinə gətirib
çıxarmışdı. Milli sərvətlərimiz təsadüfən
vəzifə əldə etmiş bir qrup tərəfindən
talan olunurdu. Mərkəzi hakimiyyətə tabe olmayan, guya
siyasi partiyaların himayəsində yaradılan, əslində
isə bir neçə şəxsin maraqlarının girovuna
və icraedicisinə çevrilən başıpozuq
silahlı qruplaşmaların hər biri
ayrı-ayrılıqda hakimiyyətə iddialarını
ortaya qoyurdu. Bu isə vəziyyəti daha da
ağırlaşdırırdı, ölkə vətəndaş
müharibəsinə sürüklənirdi. “Özünümüdafiə
könüllü batalyonlar” adı altında özünə
silahlı dəstələr yaradan, bununla da ölkəni qorxu
altında saxlamaq istəyən şəxslər, hətta cəbhədə
düşmən qarşısında dayanan əsgərləri
də təhdid edir, onları öz maraqlarına xidmət etmək
məcburiyyətində qoyurdular. Bu isə cəbhədə
onsuz da ağır olan vəziyyəti daha da gərginləşdirirdi.
Hakimiyyət uğrunda gedən çəkişmələr
torpaqlarımızın bir hissəsinin, demək olar ki,
düşmənlərə müharibəsiz,
döyüşsüz təhvil verilməsinə gətirib
çıxarmışdı.
Bu azmış kimi,
kreslo savaşı aparan AXC-Müsavat cütlüyü
Bakıda növbəti çirkin oyunlara start vermişdi. İstərsə
xalq, istərsə siyasi palitra bir neçə cəbhəyə
bölünüb qarşı-qarşıya durmuşdu. Artıq
Azərbaycan ikinci dəfə öz müstəqilliyini itirmək
təhlükəsinin bir addımlığında
dayanırdı. Məhz belə ağır vəziyyətdə
- 1993-cü ilin iyununda Müdafiə Nazirliyi tərəfindən
ləğv edilən Gəncədəki 709 saylı hərbi
hissə mərkəzi hakimiyyətə tabe
olmadığını bəyan etdi. 709 saylı briqadanı zərərsizləşdirmək
üçün Milli Qvardiyanı Gəncəyə göndərən
AXC-Müsavat hakimiyyəti faktiki olaraq vətəndaş
müharibəsinə rəvac verdi. Hakimiyyətin bu
addımı ilə hərbi hissənin zirehli
maşınları və silahlı birləşmələri
Bakıya yol aldı. Artıq AXC-Müsavat hakimiyyətində
təmsil olunanları gələcək aqibətləri
maraqlandırırdı. Yaratdıqları xaos nəticəsində
xalq onların hakimiyyətindən birdəfəlik üz
döndərmişdi. Cana doymuş xalq anlayırdı ki,
AXC-Müsavat cütlüyü bu dövlətə təhlükədən
başqa heç bir perspektiv vəd etmir. Belə bir məqamda
bütün ümiddolu gözlər paytaxtdan kənara -
Naxçıvana dikilmişdi. Azərbaycan dövlətçiliyinin,
millətin bu çətinliklərdən xilası yalnız
Ulu öndər, dahi siyasi xadim, xalqının böyük
oğlu Heydər Əliyevin Bakıya gəlişi ilə
mümkün ola bilərdi. Ümummilli liderimiz Heydər Əliyev
bu məsuliyyəti öz çiyinlərinə
götürdü və xalqının təkidi, tələbi
ilə yenidən siyasi hakimiyyətə qayıtdı,
Bakıya döndü və Azərbaycanı xilas etdi...
...Tarixdə hər bir
ölkənin taleyində həlledici rol oynayan XİLASKARI
olur. Ulu öndər Heydər Əliyev məhz xalqının
taleyini xilas edən, dövlətini qoruyan, inkişaf etdirən,
uçurumda olan bir ölkəni gülüstana çevirən
liderlərdəndir. XX əsr Azərbaycan tarixinin ən parlaq
siması, qüdrətli şəxsiyyəti olan Heydər Əliyevin
siyasi obrazı xalqımızın dövlətçilik
şüurunun, tarixin sınağından şərəflə
çıxmış bütöv bir idarəçilik məktəbinin,
müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin
canlı təcəssümüdür. Milli özünüdərkin
ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət
və azərbaycançılıq ideyası məhz Heydər
Əliyevin adı ilə bağlıdır. Azərbaycan
xalqı o ağır günlərdə dövləti və
milləti yalnız Heydər Əliyev dühasının xilas
edəcəyinə inanırdı. Ulu öndər sonralar həmin
vaxtları xatırlayaraq deyirdi: “1993-cü ilin iyun ayında Azərbaycanda
böyük dövlət böhranı yarandı. Azərbaycan
dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni
idarə edə bilmədi. Gəncədə toqquşma baş
verdi, qan töküldü. Gəncədə başlayan hərəkat
Azərbaycanın ərazisinin, demək olar ki,
yarısından çoxunda hakimiyyəti öz əlinə
aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda
məni devirmək, məni Azərbaycandan
sıxışdırıb çıxarmaq istəyən o
vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və
mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə
müraciət edənlər bizim partiyanın üzvləri,
Azərbaycanın müxtəlif təbəqələrinin
nümayəndələri, ziyalıları oldu. Onlar məni
yenidən Bakıya dəvət etdilər”.
...1993-cü il iyunun 9-da Heydər Əliyevi Bakıya gətirən
təyyarə Binə hava limanında yerə endi. Xalq
XİLASKARININ Bakıya gəlməsi xəbərinə qəlbən
sevinir, dövlətin yaşayacağına əminlik
artırdı. Çünki Bakıya HEYDƏR ƏLİYEV gəlirdi.
Bu ad özündə əks etdirdiyi böyüklüyü ilə
bütün çətinlikləri dəf edəcəyinə
əminlik yaradırdı. İlk olaraq Gəncədəki vəziyyətlə
tanış olmaq üçün ora yollanan Ulu öndər
bir daha nümayiş etdirdi ki, Onu yalnız xalqının və
dövlətinin taleyi maraqlandırır. Dahi şəxsiyyətin
Gəncəyə gəlişi bütün hadisələrin
sakitləşməsinə, xalqın bütünlüklə
Böyük oğlunun ətrafında birləşməsinə
şərait yaratdı. Xalqı bir yumruq kimi Fenomenal şəxsiyyət
olan Heydər Əliyevin ətrafında birləşdi...
...Ulu öndər Heydər
Əliyev 1993-cü il iyunun 15-də yekdilliklə Azərbaycan
Ali Sovetinin Sədri seçildi. Həmin gün Azərbaycan
parlamentinin tarixi iclasında Heydər Əliyevin
çıxışı dövlətçiliyimizin əbədi
və sarsılmaz olacağına inamı bir daha
artırdı: “Azərbaycan Respublikasının bugünkü
ağır, mürəkkəb və gərgin vəziyyətini
tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni
öz üzərimə götürərək öz məsuliyyətimi
anlayıram və bunların hamısını rəhbər
tutaraq əlimdən gələni edəcəyəm. Azərbaycan
Respublikasının dövlət müstəqilliyi müasir tələblərlə,
dünyada gedən proseslərlə bağlı olaraq təmin
olunmalıdır. Bu sahədə mən
çalışacağam və heç kəsin şübhəsi
olmasın ki, ömrümün sonrakı hissəsini, harada
olursa-olsun yalnız və yalnız Azərbaycan
Respublikasının müstəqil dövlət kimi inkişaf
etməsinə həsr edəcəyəm”...
Bu Azərbaycanın
şərəf tarixinin təməli idi. Bu təməlin
altında bir imza dayanır - ÜMUMMİLLİ
LİDERİMİZ HEYDƏR ƏLİYEV.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.- 2009.- 11 iyun.- S.4.