Hacıqabul: yeniləşmə
prosesi getdikcə güclənir
2009-cü ilin ilk
rübündə görülən işlər, həyata
keçirilən tədbirlər Hacıqabul rayonunun yeniləşməsinə
və inkişafına xidmət edir. Rayonda aqrar islahatların
uğurla həyata keçirilməsi kənd təsərrüfatının
dinamik inkişaf etdirilməsinə, sahədə qazanılan
uğurları ilbəil artırmağa zəmin yaradır. Təsərrüfatlarda
11221 hektar taxıl əkilmişdir ki, bunun 5995 hektarı
buğda, qalanı isə arpadır. Həmçinin 352
hektarda tərəvəz, 642 hektarda bostan məhsulları əkilmişdir.
Heyvandarlıq məhsulları
istehsalında da nəzərəçarpacaq artım qeydə
alınmışdır. Bu ilin birinci rübündə süd
istehsalı 3498 ton, ət istehsalı 1160 ton, yumurta
istehsalı 26,800 min ədəd olmuşdur. Bunlar isə 2008-ci
ilin birinci rübü ilə müqayisədə müvafiq
olaraq 2 ton, 12 ton və 3,810 min ədəd çoxdur.
Dövlət
başçısının “Kənd təsərrüfatı
məhsulları istehsalçılarına dövlət dəstəyi
haqqında” 23 yanvar 2007-ci il tarixli sərəncamına
müvafiq olaraq “Aqrolizinq” vasitəsi ilə bu ilin I
rübündə kənd əməkçilərinə 50 ton
fosfor, 100 ton azot gübrəsi paylanmışdır. 2008-ci il
üçün əkilmiş buğda məhsulunun
istehsalçılarına ilin əvvəlindən 204 min 781
manat dövlət yardımı edilmişdir. Bu il buğda əkinlərinin
sahəsi ötən ilə nisbətən 300 hektar
artmışdır. Bu, taxıl əkinlərinə torpaq
sahiblərinin marağının artdığını
göstərir. Torpaq istifadəçilərinə kömək
məqsədi ilə birinci rübdə suvarma sistemində 54,8
kilometr lildən təmizləmə, təmir-bərpa işləri
aparılmışdır. Həmçinin 4 ədəd
hidrotexniki qurğu, 2 elektrik mühərriki, 3 ədəd
nasos, 1 ədəd güc transformatoru əsaslı təmir
olunmuşdur.
2009-cu ilin birinci
rübündə rayonda qeydiyyatdan keçmiş tikinti təşkilatları
tərəfindən 202,1 min manatlıq iş görülmüşdür.
Bu ilin 3 ayı ərzində
şəhərdə inşa olunan Uşaq Tibb Mərkəzində
xeyli iş görülmüş, mədəniyyət evində,
rayon təhsil şöbəsi, Sosial Müdafiə Fondu,
baytarlıq idarələrinin inzibati binalarında, Xüsusi
Dövlət Mühafizə Xidməti əməkdaşları
üçün yataqxana binasında və Atbulaq kəndində
inşa edilən Kərpic zavodunda tikinti-quraşdırma
işləri əsasən başa
çatdırılmışdır.
Birinci rübdə
büdcə vəsaiti hesabına 27,8 min manatlıq abadlıq
və yol təmiri işləri görülmüşdür. 17,8
min manatlıq yerli büdcə vəsaiti hesabına şəhərin
S.Vurğun və M.Ə.Rəsulzadə küçələrində
təmir və hamarlayıcı qatın düzəldilməsi
işləri görülmüşdür. Mərkəzi rayon
xəstəxanasına gedən yolun qurulması davam
etdirilmişdir. Burada mişar daşından 40 santimetr
qalınlığında 300 kvadratmetr divar hörgüsü,
70 metr sütunlar hörülmüşdür. Divarın 200
kvadratmetr hissəsi ağ-lay ilə üzlənmişdir. Bu
işlərə 10 min manat vəsait xərclənmişdir.
Büdcədən kənar
vəsait hesabına 176,1 min manatlıq quraşdırma və
yol təmiri işləri görülmüşdür. Atbulaq
kəndində yeni idman meydançası düzəldilərək,
metal çərçivələrlə hasara
salınmışdır. Stadionda futbol, voleybol, həndbol,
paralel qollar, tir nərdivan və maneəli keçid kimi idman
qurğuları quraşdırılmışdır.
Atbulaq kəndində 240
metr, Padar qəsəbəsində 60, Rəncbər kəndində
600, Meyniman kəndində 500, Kolanı kəndində 550,
Qarasu kəndində 300, Muğan qəsəbəsində 480,
Navahı kəndində 4000, Qubalı Balaoğlan kəndində
600 metr, Udullu kəndarası avtomobil yoluna 10 kilometr,
Talış kəndində 500 metr avtomobil yoluna
qum-çınqıl qarışığından əsas
qoyulmuşdur.
Heydər Əliyev küçəsində bardurlar
suvanmış, 15 kvadratmetr sahə hörülmüş və
ağ-lay daşı ilə üzlənmiş, mişar
daşından 20 poqonometr karniz qoyulmuş və dəmir
borudan olan dirək beton üzlük ilə üzlənmişdir.
M.Əsədov küçəsində ümummilli liderin
şəkilini bəzəyən möhtəşəm panno
quraşdırılmış və ətrafı
abadlaşdırılmışdır. Dağüstü
massivdə daha bir pannonun quraşdırılması işi
davam etdirilir. Burada abadlıq və yenidənqurma işləri
sürətlə davam edir. Bakı istiqamətində şəhərə
girişdəki dağın ön hissəsinə mişar
daşından 300 kvadratmetr divar hörülmüş, 240
kvadratmetr sahə xüsusi zövqlə qaya daşı ilə
üzlənmişdir. Həmin hissələrə
gül-çiçək kolları əkilmiş, rahat hərəkət
üçün tavalardan pilləkən tikilmişdir. Bu
istiqamətdən girişdə üçbucaq adlanan hissədə
bütün çökəklər torpaq ilə doldurularaq
hamarlanmış, kənarlarına bardur
düzülmüş və ərazinin
yaşıllaşdırılmasına
başlanmışdır. Hissənin mərkəzində
bayrağımızın simvoluna
uyğunlaşdırılaraq üç rəngli dairələr
quraşdırılaraq qüllə
ucaldılmışdır. Qüllənin üzərində
Azərbaycan Respublikasının bayrağı
ucaldılmış, işıqlandırma sistemi başa
çatmışdır.
Dağüstü massivdəki
Şəhidlər Xiyabanında son tamamlama işləri
görülür. Burada ağ-lay daşından üzləmə,
dekorativ tavalardan döşəmə işləri
görülmüş, işıqlandırma üçün
pilsan çıraqları
quraşdırılmışdır.
Prezident İlham Əliyevin
ekoloji məsələləri də daim diqqət mərkəzində
saxladığı bəllidir. Sağlam ekoloji mühit,
sağlam hava, təmiz su insan həyatı üçün ən
vacib şərtlərdir. Bu məqsədlə həyata
keçirilən tədbirlər sırasında yeni
yaşıllıqların salınması, onun qorunması və
artırılması mühüm yer tutur. Nazirlər Kabinetinin
məlum iclasında ölkə rəhbəri qarşıya
son dərəcə vacib və əhəmiyyətli vəzifə
qoydu: qısa müddət ərzində Bakıda və
Bakının ətrafında ən azı 3 milyon ağac əkilməlidir.
Şəhərdə,
rayonun qəsəbə və kəndlərində geniş
vüsət alan yaşıllaşdırma kampaniyası 2009-cu
ilin ilk rübündə də davam etdirilmişdir. Heydər Əliyev
Fondunun prezidenti, millət vəkili, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
“Hərəmiz bir ağac əkək”
çağırışına həvəslə qoşulan
hacıqabullular bu mövsümdə 7,5 min ağac və 8 min
gül kolları əkməyə nail olmuşlar. Təkcə
şəhərdə 2,5 minə yaxın ağac və 5,1 min ədəd
gül kolları əkilmişdir. Yaşıllığın
salınması və ona qulluq bu gün də davam etdirilir.
Rayonda ümumi sahəsi
2,7 min kvadratmetr olan yaşayış sahəsi istifadəyə
verilmişdir. Bu, əvvəlki illə müqayisədə 900
kvadratmetr çoxdur. Birinci rübdə xırda
sahibkarlıqla məşğul olanlar üçün 1476,5
kvadratmetr torpaq sahəsi ayrılmışdır.
Əhalini elektrik
enerjisi, təbii qaz və içməli su ilə etibarlı
şəkildə təmin etmək məqsədilə bu ilin
ilk üç ayında Atbulaqda 25 ədəd, Talışda
230 ədəd, Meynimanda 14 ədəd, Ağacanlıda 28 ədəd,
Pirsaatda 10 ədəd SİP kabel vasitəsi ilə yeni elektrik
sayğacları quraşdırılmışdır. Mart
ayının 1-dən Hacıqabul şəhərində yeni
“Smart kart” tipli elektrik sayğaclarının
quraşdırılmasına başlanmışdır. Şəhərin
Xilə massivində 413 ədəd bu cür sayğac
quraşdırılmışdır. Rüb ərzində Xiləmirzə,
Qarasu, Rəncbər-Qubalı, Meyniman və Navahı hava xətlərində
və transformatorlarda təmir işləri
aparılmışdır.
Əhalinin içməli
su ilə təminatı sahəsində bir sıra işlər
görülmüş, şəhərdə və
ayrı-ayrı yaşayış məntəqələrində
köhnəlmiş xətlər təzələnmişdir. Bu
gün rayonda 46162 abonentə xidmət göstərilir. Ərazidə
294 sayğac quraşdırılmışdır.
Rayonda yeni məktəblərin
sırasına bu ilin birinci rübündə daha bir məktəb
əlavə olunmuşdur. Təhsil Nazirliyi tərəfindən
Tava kəndində tikilən məktəb müasir
avadanlıqlarla təchiz olunmuş vəziyyətdə istifadəyə
verilmişdir. Rüb ərzində məktəblərin
qızdırılması istiqamətində iş davam
etdirilmişdir. Bu gün rayonda mərkəzləşdirilmiş
qaydada qızdırılan 8 məktəbdən 5-i bu rübdən
normal qaydada qızdırılır. Bütün bunlar tədris
ocaqlarında davamiyyətin yüksəlməsinə, təlimin
daha yaxşı aparılmasına imkan yaradır.
2007-ci ildə istifadəyə
verilən 50 çarpayılıq mərkəzi rayon xəstəxanası
əhaliyə nümunəvi xidmət göstərməyə
çalışır. Ölkə
başçısının iştirakı ilə təməli
qoyulan Uşaq Tibb Mərkəzinin tikintisi bu ilin birinci
rübündə daha da sürətlənmişdir. Hazırda
burada son tamamlama işləri görülür. Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsünə
qoşulan idarə, müəssisə işçilərinin
iştirakı ilə fevral ayında mərkəzi rayon xəstəxanasında
qanvermə aksiyası keçirilmişdir. 158 nəfər
könüllü olaraq 63 litrdən artıq qan vermişdir.
Respublika Prezidentinin
tapşırığı ilə rayon mədəniyyət evi
müasir tələblərə cavab verəcək səviyyədə
yenidən qurulur. “Azərbaycanda kitabxanaların fəaliyyətinin
yaxşılaşdırılması haqqında” Prezident sərəncamının
icrasını təmin etmək məqsədi ilə rayon Mərkəzi
Kitabxanasında avtomatlaşdırılmış kitabxana
informasiya sistemi quraşdırılmış və internet
saytı açılmışdır.
Rayon İcra Hakimiyyətinin
başçısı Əhməd Muxtarov söhbət əsnasında
dedi:
— Möhtərəm
Prezidentimiz İlham Əliyev aprelin 14-də regionların
sosial-iqtisadi inkişafına dair ikinci Dövlət
Proqramını təsdiq etdi. 2009-2013-cü illəri əhatə
edəcək proqramda bölgələrin daha geniş
miqyaslı tərəqqisi, əhalinin rifahının yüksəldilməsi
kimi həyata keçiriləcək mühüm tədbirlər
öz əksini tapıb. Sənaye və kənd təsərrüfatı
istehsalının genişləndirilməsi, ekoloji və təbii
sərvətlərdən istifadə, yol təsərrüfatları
və nəqliyyatın fəaliyyətini, elektrik enerjisi,
istilik və qaz təchizatını və kanalizasiya xidmətlərini
yaxşılaşdırmaq tədbirlər planına daxildir. Şəhərin
qaz, elektrik, su və kanalizasiya şəbəkələri
yenidən əsaslı şəkildə qurulacaq, yollar,
küçələr təmir ediləcək, kəndlər
qazlaşacaq, ərazidə yeni səhiyyə müəssisələri,
mədəniyyət obyektləri, məktəb
binalarının tikintisi və təmiri reallaşacaqdır. Gənclər
üçün yeni idman-sağlamlıq obyektlərinin
inşası da dövlət proqramında əks olunmuşdur.
Aqrar rayon kimi tanınan Hacıqabulda qarşıdakı illərdə
geniş meliorasiya və irriqasiya tədbirləri həyata
keçirmək, yeni torpaq sahələrinin
suvarılmasını təmin etmək məqsədilə
suvarma kanallarının tikintisi, ərazidəki
meliorasiya-irriqasiya obyektlərinin təmiri və yenidən
qurulması nəzərdə tutulmuşdur. Təbii ki,
bütün bunlar Hacıqabul rayonunun simasını daha da
gözəlləşdirəcək, iqtisadiyyatını
gücləndirəcək, hacıqabulluların güzəranını
xeyli yaxşılaşdıracaqdır.
Səməd
HÜSEYNOĞLU
Xalq qəzeti.- 2009.- 11
iyun.- S. 5.