Hava Hücumundan Müdafiə qüvvələrimizin ixtisas hazırlığı yüksəkdir

 

“N” hərbi hissəsinə ilk ezamiyyətim zamanı rastlaşdığım işgüzar mühit, şəxsi heyətin bilavasitə vəzifəsilə məşğul olması, döyüş hazırlığı sahəsində görülən tədbirlər ürəyimdən olmuşdu. Artıq bir ildən çox müddətdən sonra yenə həmin hərbi hissəyə, hava hücumundan müdafiəçilərimizin fəaliyyətini işıqlandırmağa gedirdim.

Zabit Hidayət Mirzəyevlə nəzarət-buraxılış məntəqəsində üz-üzə gəldik. “Tam döyüş” vəziyyətində olan zabit yuxarı komandanlıq tərəfindən keçirilən komanda-qərargah təlimində iştirak üçün müəyyən edilmiş əraziyə yola düşürdü.

- Hərbi hissəmizdə şəxsi heyət günün nizam qaydalarına uyğun olaraq fəaliyyət göstərir, - zabit bizimlə ayaqüstü söhbətində bildirdi. - Döyüş hazırlığı dərsləri planlı şəkildə keçilir.

Qeyd etmək yerinə düşər ki, hərbi hissənin şəxsi heyəti tədris prosesindən ayrılmamaq şərtilə müəyyən edilmiş mövqelərdə hava hücumundan etibarlı müdafiəni təmin edirlər. Bu məqsədlə hava hücumundan müdafiəçilər döyüş postları qoyublar və həmin postlarda onlar gecə-gündüz demədən döyüş növbəsi aparırlar.

- Heç kəsə sirr deyil ki, bütün qoşun növlərində olduğu kimi, hava hücumundan müdafiəçilər də verilən döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirmək üçün lazımi peşə vərdişlərinə yiyələnməlidirlər, - kapitan İsmixan Əliyev bildirdi. - Ona görə döyüş hazırlığı məşğələlərində şəxsi heyət tərəfindən qazanılmış biliklərin praktik olaraq möhkəmləndirilməsi zəruridir. Müdafiə Nazirliyi tərəfindən təsdiq edilmiş döyüş hazırlığı planına uyğun keçirilən kompleks tədbirlər hava hücumundan müdafiənin səmərəli təşkili üçün zəmin yaradır.

Bir məsələni qeyd edim ki, bir il öncə ezamiyyətdə olarkən hərbi hissənin şəxsi heyəti taktiki təlimdən və çöl çıxışından qayıtmışdı. O zaman praktik tapşırıqları müvəffəqiyyətlə yerinə yetirən Eyvaz Əliyev, Anar Nəzərov, Cavanşir Quliyev kimi zabitlər arasında baş leytenant İsmixan Əliyevin də adı qeyd edilmişdi. İsmixan Əliyevlə həmin günlərdə görüşə bilməmişdik. İndi həmsöhbət olduğum zabitin həm rütbəsi artıb, həm də vəzifəsi yüksəlib.

- Hazırda hava hücumundan müdafiəçilərimizin böyük əksəriyyəti döyüş və ictimai-siyasi hazırlıq məşğələlərində iştirak edir, - kapitan Əliyev bildirir: - Hazırlıqlı zabitlərimiz çoxdur və onlar qrup rəhbərləri kimi tədris prosesinin səmərəli təşkilində mühüm rol oynayırlar.

Bölmələrin fəaliyyətilə yaxından tanış olmaq üçün kapitan Əliyevlə əraziyə yollandıq. Hərbi hissənin hər yerində səliqə-sahman, əsgəri nizam-intizam gözə dəyir.

Avtomobil parkından bir qədər aralıda açıq səma altında bölmələrdən biri ilə qrup rəhbəri məşğələ aparır. Masa arxasında əyləşmiş zabit tabeliyindəkiləri sorğu-sual edirdi. Məşğələ şəxsi heyətin texniki hazırlığının yüksəldilməsinə həsr edilmişdi. Qrup rəhbəri baş leytenant Azər Bayramov mövzuya uyğun olaraq taqımın döyüşçülərinə radiocihaz kompleksinin iş prinsipini anlaşıqlı bir tərzdə əvvəlcə izah etmişdi, indisə onların qavrama səviyyəsini yoxlayırdı.

Əslən Xaçmaz rayonundan olan baş leytenant Azər Bayramov peşəkar hərbçidir. O, 6 il öncə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirib və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində bilik və təcrübəsini zəngirləşdirib. Dərsin gedişində hiss olunur ki, zabit hazırlıqlıdır və bildiklərini şəxsi heyətə həvəslə öyrətməyə çalışır.

- Hazırda dərsi yekunlaşdırmaq üzrəyik, - baş leytenant Bayramov hərbi qaydada qısa və konkret məlumat verir: - Əsgərlərin mənimsəməsi qənaətbəxşdir. Artıq dərsin mövzusu ilə bağlı onlara suallar verib biliklərini qiymətləndirirəm.

Müstəqillik illərində Azərbaycan ordusunun inkişafını şərtləndirən əsas amillərdən biri yüksək peşəkarlığa malik zabit korpusunun təşəkkülüdür. Ümumiyyətlə, istənilən ölkədə haqlı olaraq zabit heyətini ordunun qızıl fondu adlandırırlar. Zabit heyəti yetərincə hazırlıqlıdırsa, mənəviyyatca təmiz, vətənpərvər və mətanətlidirsə, o ordunun potensialı yüksək, döyüş qabiliyyəti möhkəm hesab edilir. Xoşdur ki, bu gün ordumuzda belə zabitlər yetişiblər və sədaqətlə xalqımıza və dövlətçiliyimizə xidmət edirlər.

Kapitan Mehrac Ələkbərov zenit-artilleriya batareyasının komandiridir, Füzuli rayonunun Qaraxanbəyli kəndində dünyaya gəlib. Ermənilər havadarlarının dəstəyilə rayonu 1993-cü ildə işğal etdikdən sonra ailələri ev-eşiyini tərk etməyə məcbur olub. Bütün bunlar 13 yaşlı uşağın yaddaşında silinməz izlər qoyub. Görünür, Mehracın orta məktəbi bitirdikdən sonra zabit peşəsini seçməsində bu amilin təsiri böyük olub.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirdikdən sonra Mehrac Ələkbərov müxtəlif hərbi hissələrdə xidmət edib, kapitan rütbəsinədək yüksəlib. Hazırda batareya komandiri vəzfiəsində çalışan zabit hərbi hissədə bacarığına və qabiliyyətinə görə özünəməxsus hörmət qazanıb. Nümunəvi bölmə olduğu üçün zabit İsmixan Əliyev kapitan M. Ələkbərovun komandir olduğu batareyadan da qeydlər götürməyi məsləhət bildi.

- Hazırda şəxsi heyət ixtisas hazırlığı məşğələsində iştirak edir, - kapitan M.Ələkbərov bizimlə söhbətlərində dedi. - Sərəncamımızda olan zenit-artilleriya topu barədə döyüşçülərimizə ümumi məlumat verdik, bu günədək keçirilmiş dərslər barədə sualları təkrar etdik. Məqsəd ilin əvvəlindən indiyədək keçirilən dərslərin topçularımız tərəfindən mənimsənilməsi səviyyəsini öyrənmək idi.

Döyüş hazırlığı planına uyğun olaraq şəxsi heyət ixtisasa mərhələ-mərhələ yiyələnir. Fərdi hazırlıq dövründə zenitçilər heyət nəfəri kimi üzərinə düşən konkret vəzifələrin nədən ibarət olduğunu öyrəniblər. Sonrakı mərhələdə heyət şəklində qarşıya qoyulan vəzifələrin icrası tədris edilib. Hazırda taqım hazırlığı dövrü olduğundan daha geniş tərkibdə döyüş tapşırığını yerinə yetirmək üçün məşğələlər keçirilir.

Batareya komandirinin sözlərinə görə, məqsəd şəxsi heyətin bilik və vərdişlərini artırmaq, ixtisas hazırlığını yüksəltməkdən ibarətdir.

- Ümumilikdə götürdükdə, sonuncu məşğələ də göstərdi ki, batareyanın şəxsi heyəti öz vəzifələrinin öhdəsindən gəlməyi bacarır, - kapitan Ələkbərov deyir: - Zenitçilər topdan atış qaydalarını yaxşı bilirlər və verilən döyüş tapşırığını yerinə yetirməyə qadirdirlər.

Zabit məşğələ zamanı yaxşı bilik nümayiş etdirmiş döyüşçülərin adlarını da qeyd etdi. Kiçik çavuş Şahin Abdullayev, əsgərlərdən Təyyar Ləzgiyev, Ülvi Məmmədov, Cəmil Əliyev zenitçi ixtisaslarına qənaətbəxş səviyyədə yiyələniblər.

Əlbəttə, şəxsi heyətin qazandığı nailiyyətlərdə komandirin əməyi daha çoxdur. Onu da qeyd etmək yerinə düşər ki, kapitan Mehrac Ələkbərov davamlı olaraq öz peşəkarlığını artırmaqla məşğuldur. Müdafiə Nazirliyi tərəfindən o, xarici ölkələrə ezam edilib və ingilis dilini mükəmməl öyrənməklə bərabər, hava hücumundan müdafiə sahəsində savadını artırıb, NATO tərəfindən keçirilən tədbirlərdə iştirak edib.

- Biz bu peşəni seçmişiksə, peşəkar olmağı bacarmalı, daim təhsilimizi artırmalıyıq, - kapitan Ələkbərov vurğulayır. - Əsas məqsəd isə bizə etibar edilən bölmələrin döyüşə hazırlığını təmin etməkdir. Hava hücumundan müdafiəçilər olduğumuza görə, düşmənin yerüstü və hava hədəflərini məhv etməyə qadir olan döyüşçülər yetişdirməliyik. Hamımız elə bunun üçün çalışırıq.

 

 

Əbülfət QASIMOV

 

Xalq qəzeti.- 2009.- 11 iyun.- S. 5.