Onlar Azərbaycanı ləyaqətlə təmsil edirlər

 

Ulu öndərin hakimiyyəti dövründə formalaşmış gənclik, şübhəsiz ki, Azərbaycan dövlətçiliyi azərbaycançılıq prinsiplərinin dünyada aşılanması ilə bağlı ümummilli liderin siyasətinə sadiq qalaraq bu gün də onun uğurlu davam etdirilməsinə sədaqətlə xidmət göstərməkdədir. Bu gün yüzlərlə gənclər təşkilatının müstəqil və səmərəli fəaliyyət göstərməsi üçün, habelə Azərbaycan gəncliyinin hərtərəfli inkişafı üçün dövlət başçısı tərəfindən çox vacib fərmanlar və sərəncamlar imzalanmışdır.

Artıq Azərbaycan gəncliyinin səsi nəinki dünyanın inkişaf etmiş ölkələrinin, nüfuzlu universitetlərinin mötəbər tribunalarından gəlir, eyni zamanda, gənclərimiz müstəqil formada Azərbaycanın reallıqlarını, mədəniyyətini, incəsənətini dünyaya çatdırmaqda böyük əzmkarlıq nümayiş etdirirlər. Onlar harada yaşamalarından asılı olmayaraq azərbaycançılıq prinsiplərinə sadiq qalaraq onu ləyaqətlə qoruyub saxlayırlar. Belə gənclərdən bir qrupu haqda söz açmaq yerinə düşər.

Şəkildə gördüyünüz bu uşaqlar Ukraynanın Vinnitsa şəhərində yerləşən Piroqov adına Dövlət Tibb Universitetinin azərbaycanlı tələbələridir. Bakıda müxtəlif lisey və məktəbləri bitirsələr də onları yüksək səviyyəli təhsil almaq arzusu birləşdirib. Azərbaycandan uzaqda yaşayan bu gənclər Ukraynada milli adət-ənənələrimizi qoruyub saxlayır, xaricdə yaşayan həmyerlilərimizlə sıx əlaqə qururlar. Tələbələr bilik və bacarıqları ilə Ukraynada elə indidən Azərbaycan gənclərinin nəyə qadir olduğuna və gələcəyin savadlı, yüksək intellektə malik həkimləri kimi yetişəcəklərinə zəmin yaradırlar.

Tibb Universitetinin Azərbaycandakı nümayəndəsi Aydın Novruzov onların həm təhsilləri ilə yaxından maraqlanır, həm də təkcə universitet daxilində deyil, ondan kənarda da nizam-intizam məsələlərinə diqqət yetirir, hər hansı kiçik problemin tələbələrin valideynlərinin köməyi ilə həll olunmasına çalışır.

Rəvan Kərimzadə, Məhəmməd Novruzov, Billurə Kazımova, Məmmədcəfər Kazımov və Racu Vəliyev yataqxanada yaşayırlar. Universitetə aid bu yataqxananın bir mərtəbəsi burada təhsil alan müsəlman tələbələrin doğma evləri kimi tanınır. Dünyanın müxtəlif ölkələrindən insanlara şəfa vermək arzusu ilə yüksək səviyyəli təhsil almağa gələn müsəlman gənclər məhz bu mərtəbədə dostları ilə birgə yaşayır, bir-biri ilə əsasən ingilis dilində ünsiyyət qurur, problemlərini çözür, dərslərin çətin və ciddi olmasına baxmayaraq ibadətlərindən də qalmırlar. Onlar on bir ayın sultanı Ramazan ayında iftar süfrələrini paylaşır, Ramazan bayramı münasibətilə hər kəsə ailələrindən göndərilən nemətlərlə bayram süfrəsini daha da zənginləşdirirlər. Bu ənənə Novruz bayramı günlərində daha təmtəraqla və təntənə ilə qeyd edilir. Onlar Vətəndən uzaqda olmalarına baxmayaraq darıxmırlar. Çünki Azərbaycanla, valideynləri ilə sıx əlaqə saxlayırlar.

Uşaqlardan Rəvan və Məmmədcəfər gələcəkdə bacarıqlı diş həkimi olacaqlarını indidən bilirlər, çünki universitetin stomatologiya fakültəsində təhsil alırlar. Billurə, Racu və Məhəmməd isə müalicə işi fakültəsinin tələbələridir. Kim bilir, onlardan hansı kardioloq, nevropatoloq olacaq, hansı cərrah, oftalmoloq, reanimatoloq?.. Bu gələcəyin işidir.

Bu gün isə onlar dərslərinə səylə çalışır, mühazirələrdə öyrəndiklərini imtahan sessiyasında birər-birər onlara bu bilikləri verən müəllimlərə qaytarmaq üçün səy göstərirlər. Azərbaycan gəncləri öz vətənlərinin adının daim yüksəkdə qalması üçün bilik və bacarıqlarını əsirgəmir, ölkəmizin hər sahədə gündən-günə qazandığı uğurlarla, onların daha çox maraq göstərdiyi səhiyyə sahəsindəki köklü dəyişikliklərlə bağlı eşitdikləri xəbərlərə çox sevinir, azərbaycanlı olmaları ilə fəxr edirlər.

 

 

Zərifə BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2009.- 11 iyun.- S. 6.