İnsan təbiətlə nəfəs alır” — gəlin nəfəsimizi kəsməyək!

 

Vətəndaş narahatığının bariz nümunəsi olan bu kitab formalaşmaqda olan gənc nəslin faydalanması üçün dəyərli vəsaitdir. Vətənin hər qarışının göz bəbəyi kimi qorunmalı bir sərvət olduğuna şahidlik edən kitab müəllifi narahat tədqiqatçı olaraq bu təbliğat xarakterli kitabı araya-ərsəyə gətirmişdir. Söhbət jurnalist Bəxtiyar Hüseynovun “Adiloğlu” nəşriyyatında 16 çap vərəqi həcmində, 350 nüsxə tirajla işıq üzü görən “İnsan təbiətlə nəfəs alır” kitabından gedir. Əsas qayəsi ana təbiətə qayğı və məhəbbət olan bu kitabda toplanmış oçerk və elmi-publisistik yazılarda ümummilli lider Heydər Əliyevin və onun ideyalarının ləyaqətli davamçısı İlham Əliyevin rəhbərliyi ilə təbiətin qorunması, zənginləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, ekoloqlarımızın əmək fəaliyyətindən söhbət açılır.

Kitab ekologiya və onun saflığının qorunmasına göstərilən dövlət qayğısının dəyərli təzahürü olmaqla bərabər, həm də təmiz təbiət uğrunda saf bir vətəndaşın gecəli - gündüzlü narahatlığının, gərgin zəhmətinin ifadəsidir. Kitabdakı oçerkləri oxuyub belə qənaətə gəlirsən ki, müəllif jurnalist fəaliyyətini çox böyük uğurla ekoloq işiylə uzlaşdıra bilmiş, eyni zamanda, canlı təbiətin, yeraltı və yerüstü sərvətlərin dəyərini bilməklə, onların qorunması üçün böyük zəhmət sərf etmişdir. Özü bu barədə belə deyir: “Bu vətən bütünlüklə sevimlidir. Heç bir dövlət bizə təmiz hava verməz. Hər kəsin borcudur ki, öz xalqının təmiz hava ehtiyacını ödəməyə töhfəsini versin. Biz nadir flora və fauna yarada bilmək gücündən kənarda olsaq da, amma ana Vətənin təbiətinə misilsiz töhfələr verə bilərik”.

Müəllif qeyd edir ki, ekoloji tarazlığın pozulduğu bir vaxtda Azərbaycan Prezidenti İlham Əliyevin bütövlükdə ölkənin ekoloji durumu, təbiətimizin biomüxtəlifliyinin qorunmasıyla bağlı imzaladığı kompleks tədbirlər planı sanki cənnətməkan bir mənzərənin əbədiyaşarlığına mesaj oldu.

Kitabda “Ekologiya və biz”, “Milli parklar, qoruqlar, yasaqlıqlar”, “İnsan və təbiət”, “Quşlar və heyvanat aləmi” adlı bölümlərdə toplanmış oçerkləri, elmi- publisistik yazıları oxuduqca, sanki Azərbaycanı qarış-qarış gəzir, onun diş göynədən buz bulaqlarından içir, göz işlədikcə uzanan yamyaşıl vadilərində gəzir, gözəl ceyrana, nəcib marala tamaşa edir, sərçənin cik-cikini, bülbülün xoş avazını dinləyir və əsl mənada istirahət edirsən.

Ayrı-ayrı dövlət qoruqları, təbiət yasaqlığı, milli parklar haqqında əhatəli və dəqiq məlumatlar toplanmış bu kitab deyərdim ki, hər bir təbiətsevər üçün mükəmməl bir bələdçidir. Onu oxuduqca xüsusi mühafizə olunan təbiət ərazilərindən— Hirkan Milli Parkından girib Şirvan Milli Parkından çıxırsan, Şahdağ Milli Parkına nəzər salıb, Göygöl Milli parkını gəzirsən. Tuqay meşələrinə baş çəkib, Lənkəran ovalığında dincəlirsən. Üstünə balta saplanmış bir ağac görəndə nə qədər sarsılsan da, göylərə baş vuran şam ağaclarını görüb rahatlanırsan. Gözəl şəkillər, ayrı-ayrı tabloların kağıza hopan anları kitabı daha baxımlı, samballı edib. Ayrı-ayrı qoruq rəhbərlərinin, təcrübəli ekoloqların fikirləri də diqqətdən kənarda qalmır. Müəllif göstərir ki, hazırda meşəsalma, yaşıllıqların salınması kampaniyası uğurla davam etdirilir. Kitabda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın “Hərəyə bir ağac əkək” devizi altında Azərbaycanın bütün bölgələrində milyonlarla yeni ağac əkilməsindən, yaşıllıqlar salınmasından da söhbət açılır.

Qeyd etmək yerinə düşər ki, kitaba biologiya elmləri doktoru, professor Qara Mustafayev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparıcı məsləhətçisi, əməkdar meşə işçisi Faiq Əmirov rəy vermişlər.

Təbiəti öyrənmək, Azərbaycanın quşlar və heyvanat aləmini, milli qoruq və parklarını yaxından tanımaq baxımından Bəxtiyar Hüseynovun “İnsan təbiətlə nəfəs alır” kitabı, əminəm ki, hər bir oxucunun marağına səbəb olacaq və onu düşündürəcək: Biz təbiətlə nəfəs alırıq, bizi təbiət yaşadır, gəlin təbiəti məhv etməyək, ona qənim kəsilməyək, ona qəddarcasına yanaşmayaq— öz nəfəsimizi kəsməyək!

 

 

Z.BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2009.- 11 iyun.- S. 8.