15 iyun - Milli Qurtuluş Günü ərəfəsində Teleradio İB bir sıra tədbirlər keçirib

 

15 iyun - Milli Qurtuluş Günü ərəfəsində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Teleradio İstehsalat Birliyində və yerlərdəki filiallarda bir sıra tədbirlər görülüb. Bu barədə nazirliyin mətbuat xidmətindən xəbər verilib.

Xəbərdə deyilir ki, Teleradio İB-nin Bakı Teleqüllə müəssisəsində UHF anten-fider sisteminin rekonstruksiyası ilə əlaqədar olaraq 22, 27, 31 və 44 TV kanallarda istifadə olunan kombayner və 36 panelli, altı mərtəbəli, altı yönlü 35 kVt-lıq UHF antenna-fider sistemi quraşdırılıb. Nəticədə Abşeron yarımadasında, Sumqayıt şəhərində, Bakıətrafı qəsəbələrdə AzTV, SPACE TV, ANS kanallarının proqramlarının yayım keyfiyyəti bir necə dəfə artıb.

“Respublika” radio proqramının yayım əhatəsini genişləndirmək məqsədi ilə görülən işlər davam etdirilib. Füzuli rayonunda 250 Vt gücündə “RVR Elektronika” tipli TV verici quraşdırılıb və istifadəyə verilib. Özəl TV proqramların yayım əhatəsinin genişləndirilməsi istiqamətində də işlər davam etdirilir. Bu məqsədlə Şamaxıda XƏZƏR TV proqramını yayımlayan yeni 500 Vt gücündə Vigintos elektronika tipli verici quraşdırılıb.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2009.- 11 iyun.- S. 8.