Sənayeləşdirməyə artan diqqət yeni istehsal sahələrinin
yaradılmasını sürətləndirir
Bu gün dövlətimiz
ölkədə iri layihələrin
reallaşdırılmasına ciddi maraq göstərir. Prezident
İlham Əliyevin müvafiq sərəncamı ilə
yaradılmış Azərbaycan İnvestisiya Şirkətinin
fəaliyyətində də məhz bu amil mühüm rol
oynayır. Dövlət başçımız “Qaradağ
Sement” ASC-nin bir müddət bundan əvvəl yeni
texnologiyalı sobasının təməlqoyma mərasimində
demişdir ki, Azərbaycan İnvestisiya Şirkəti ölkəmizin
lazım olan sahələrinə investisiyaların cəlb edilməsi
ilə məşğuldur. Bu şirkətin belə
böyük layihədə iştirakı onun gələcək
fəaliyyəti üçün də çox yaxşı təcrübə
olacaqdır.
Prezident İlham Əliyev
həmin mərasimdə sənayenin, eləcə də
iqtisadiyyatın inkişafına da toxunmuşdur: “Bütün
dünyada iqtisadiyyat tənəzzülə uğrayır, sənaye
istehsalı aşağı düşür. Ölkələr
çətin vəziyyətə düşür, xarici maliyyə
yardımına ehtiyacları artır. Ancaq Azərbaycanda biz
tam başqa mənzərəni görürük. Azərbaycan
həm maliyyə baxımından, həm də yerli resurslar
baxımından özünü təmin edən ölkədir.
Burada sənayenin dinamik inkişafı aydın nəzərə
çarpır. İqtisadi inkişaf baxımından birinci
rübdəki artım bir daha göstərir ki, bizim ölkəmiz
uzunmüddətli inkişaf strategiyasını düzgün
seçibdir. Aparılan iqtisadi islahatlar Azərbaycana
böyük mənfəət gətiribdir”.
Uğurların səbəbi
aydındır: əgər əvvəlki illərdə bəziləri
yüksək göstəriciləri daha çox enerji amili ilə,
neft amili ilə bağlayırdısa, artıq bu gün hər
kəsə bəllidir ki, uğurların əsas səbəbi
düşünülmüş siyasət, iqtisadi və siyasi
islahatlar, xarici şirkətlərlə uğurlu əməkdaşlıqdır.
Artıq uzun illərdir ki, xarici şirkətlərlə səmərəli
əməkdaşlıq aparılır və bu əməkdaşlıq
ikitərəflidir, bütün tərəflərin
maraqlarına cavab verir.
Yuxarıda qeyd edilənlərə
istinadən deyə bilərik ki, son illər Azərbaycan
iqtisadiyyatı dinamik inkişaf tempi ilə xarakterizə olunur.
Son dörd ildə ölkə iqtisadiyyatında 3 dəfəyə
yaxın artıma nail olunub. Respublikamız iqtisadi
inkişafı əks etdirən göstəricini — ümumi
daxili məhsul istehsalı həcmini 25 faizə
çatdıraraq bütün dünya üzrə lider
mövqeyə yüksəlmişdir. Əsas məqamlardan biri
də odur ki, ümumi daxili məhsul istehsalında özəl
bölmənin çəkisi getdikcə artır və
hazırda bu göstərici 80 faizi keçmişdir. Son
beş ildə paytaxtda və bölgələrdə 750 mindən
artıq yeni iş yeri açılmışdır ki,
onların da böyük əksəriyyəti daimidir.
Sonuncu göstəricinin
əldə edilməsində sahibkarlığın
inkişafına göstərilən diqqətin rolu
danılmazdır. Belə ki, bölgələrdə
sahibkarlığın inkişafına verilən dəstəyin
hesabına özəl bölmə ildən-ilə inkişaf
edir. Dövlət başçısının ölkədə
sahibkarlığın inkişafı istiqamətində
atdığı addımlar sistemli və ardıcıl fəaliyyət
konsepsiyasına əsaslanır. Ölkə Prezidenti hesab edir
ki, bazar mexanizminin hərəkətverici qüvvəsi olan
sahibkarlığın inkişafı keçid iqtisadiyyatı
ölkələrinin siyasi, sosial-iqtisadi sisteminin yenidən
qurulmasında, sosialyönümlü problemlərin kompleks həllində
mühüm rol oynayır.
Onu da deyək ki,
iqtisadiyyatın dinamik inkişafı, təbii ki, ölkənin
maliyyə imkanlarını da genişləndirmişdir. Artıq
respublikamızın strateji valyuta ehtiyatları 20 milyard dollara
çatmışdır. Azərbaycanın beynəlxalq maliyyə
qurumlarından asılılığına son qoyulmuşdur. Təkcə
daxili investisiyalarda hökumətin payı daha 12 faiz artaraq 64
faizə yüksəlmişdir. Yeri gəlmişkən,
başqa bir fakta da diqqət yetirək: əgər ölkənin
xarici borclanmasının ümumi daxili məhsula nisbəti
2005-ci ildə 18 faiz, 2006-cı ildə 12 faiz, 2007-ci ildə 8
faiz idisə, ötən il analoji rəqəm cəmi 6,5 faiz
olmuşdur. Müqayisə üçün deyək ki, bu,
bütün dünya üzrə ən az riski olan göstəricidir.
Yeri gəlmişkən, beynəlxalq maliyyə
qurumlarının, Dünya Bankının təmsilçiləri
də Azərbaycanın iqtisadiyyatının əsasən
güclü daxili potensial üzərində qurulduğunu
vurğulayaraq respublikamızın qlobal maliyyə
böhranının təsirindən qorunmağa daha
yaxşı hazır olduğunu etiraf edirlər.
İqtisadiyyatın
inkişafından danışarkən, sənayenin
dinamikasına da diqqət yetirməyi zəruri sayırıq. Ölkə
iqtisadiyyatında aparıcı mövqeyi olan sənayedə
istehsal olunmuş məhsulun həcmi bu ilin ötən
aylarında, 8,1 faiz artmış, ümumilikdə sənaye
işlərinin həcmi 25,4 milyon manat təşkil
etmişdir. Sənayenin artımı qida məhsullarının
istehsalında 0,2 faiz, kimya sənayesində 43,8 faiz və s.
sahələrdə müşahidə olunmuşdur.
Sənaye sektorunda fəaliyyət
göstərən səhmdar cəmiyyətləri tərəfindən
882,6 milyon manatlıq və ya ümumi
buraxılışın 3,5 faizi qədər sənaye məhsulu
istehsal olunmuş və xidmətlər göstərilmişdir.
Bu ilin dörd ayı ərzində
sənaye işçilərinin orta hesabla hər dörd nəfərindən
biri mədənçıxarma sənayesində
çalışmış, bu sahədə
çalışanların orta aylıq əmək haqqı
995,6 manat, yaxud 2007-ci illə müqayisədə 18,6 faiz
çox olmuşdur.
Emal bölməsində
məhsul istehsalı 7,7 faiz çoxalmış və sənayenin
ümumi məhsul istehsalında bölmənin xüsusi
çəkisi 17,5 faizə bərabər olmuşdur. Qida məhsulları
istehsalı 0,2 faiz, dəri, dəridən məmulatlar və
ayaqqabı istehsalı 32,2 faiz, sellüloz-kağız
istehsalı, nəşriyyat işi məhsulları
istehsalı 0,7 faiz, rezin və plastik kütlə məmulatları
istehsalı 18,1 faiz, metallurgiya sənayesi və hazır metal məmulatları
istehsalı 34,1 faiz, qeyri-metal mineral maddələr istehsalı
2 faiz, maşın və avadanlıqlar istehsalı 8,2 faiz
artmışdır.
Sənaye müəssisələrində
siyahı tərkibində olan faktiki işçilərin
sayı 179,1 min nəfər təşkil etmiş və 2007-ci
ilin müvafiq dövrü ilə müqayisədə 4,8 faiz
çox olmuşdur. Onların 60,8 faizi sənayenin dövlət
bölməsinə, 39,2 faizi isə qeyri-dövlət bölməsinə
məxsus müəssisələrində
çalışmış, işçilərin 22,6 faizi mədənçıxarma,
hər dörd nəfərindən biri elektrik enerjisi
istehsalı bölməsində cəmləşmişdir.
Göründüyü
kimi, iqtisadiyyatın bütün sahələrində, o
cümlədən sənaye sektorunda yeni keyfiyyət göstəricilərinin
əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə
regionların tarazlı və davamlı inkişafının
sürətləndirilməsi son illər qazanılan
uğurlardandır. Azərbaycanın xarici investisiyalar
üçün cəlbediciliyinin qorunması və milli
iqtisadiyyatın, eləcə də sənayenin müxtəlif
sahələrinə qoyulan sərmayələrin ildən-ilə
artması öz müsbət nəticələrini göstərmişdir.
Buna görə də Azərbaycan iqtisadi cəhətdən
günbəgün möhkəmlənir, qüdrətlənir,
bu isə ilk növbədə, insanların gündəlik həyatında
özünü qabarıq büruzə verir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2009.- 12
iyun.- S. 1.