Aqrar
sahə üzrə mütəxəssislərin
hazırlanması günün vacib tələbidir
Ölkəmiz əlverişli
torpaq-iqlim şəraitinə malik olsa da, 1969-cu ilə, ulu
öndər Heydər Əliyevin Azərbaycan KP MK-nın
birinci katibi seçilənə qədər aqrar sahədə
ağır vəziyyət hökm sürürdü. Lakin dahi
şəxsiyyətin kənd təsərrüfatına ciddi
diqqət yetirməsi sayəsində məhsul istehsalı ildən-ilə
artmağa başladı. Təbii ki, bu da respublikamızın
sosial-iqtisadi durumuna, əhalinin rifahının
yaxşılaşmasına öz müsbət təsirini
göstərdi. Lakin müstəqilliyimizin ilk illərində
aqrar bölmədə məlum səbəblər üzündən
kəskin tənəzzül baş verdi, kənd təsərrüfatı
məhsullarının illik həcmi kəskin surətdə
aşağı düşdü. Bütün bunları aradan
qaldırmaq üçün kənd təsərrüfatında
köklü iqtisadi islahatların aparılması zəruri
idi.
Ümummilli liderimiz
xalqın təkidli tələbi ilə ikinci dəfə rəhbərliyə
qayıtdıqdan sonra ölkədə aqrar islahatlar dönməz
xarakter aldı və 1995-ci ildən başlayaraq bu proses daha da
sürətləndi. İqtisadiyyatın bazar münasibətləri
əsasında qurulması, kənddə aqrar islahatların həyata
keçirilməsi, xüsusilə sovxoz və kolxozların ləğv
olunması, onlara məxsus mal-qaranın və əmlakın
paylanması, məhsulun qiymətinin sərbəstləşdirilməsi,
ərzaq və yeyinti məhsulları emal edən sənaye
müəssisələrinin özəlləşdirilməsi
kimi tədbirlər aqrar bölmənin sosial və sahə
strukturuna ciddi təsir göstərdi.
İslahatların
ardıcıl və düzgün aparılması məqsədilə
respublikada mükəmməl hüquqi-normativ baza
yaradıldı. 70-dən artıq qanun, normativ hüquqi akt və
digər mühüm sənədlər qəbul olundu. Aqrar
islahatların birinci mərhələsində 2239 kolxoz, sovxoz
və digər kənd təsərrüfatı müəssisəsi
ləğv edildi. Torpaq islahatı nəticəsində 3,3
milyon nəfəri əhatə edən, 874,5 min ailəyə
verilməsi nəzərdə tutulan 1395 min hektar torpaq sahəsinin
1375 min hektarı (98,6 faizi) əhaliyə paylandı.
Ölkəmizdə
aparılan uğurlu aqrar islahatlar dövrün tələblərinə
cavab verən yeni təsərrüfat formaları yaratmaq, kənd
təsərrüfatının dünya iqtisadi sisteminə
inteqrasiyasını təmin etmək zərurətini
qarşıya qoydu. Aqrar islahatlar Azərbaycan kəndlisinin
çoxəsrlik arzusunu gerçəkləşdirdi,
onları torpağın həqiqi sahibinə çevirdi. Yalnız
MDB məkanında deyil, şərq aləmində analoqu olmayan
torpaq islahatı kənd təsərrüfatını
böhranlı vəziyyətdən çıxardı və
onun inkişafına böyük təkan verdi.
Ulu öndər Heydər
Əliyevin rəhbərliyi ilə aqrar sahədə
sahibkarlığın, özəl bölmənin
inkişafına xüsusi diqqət yetirildi. Fermerlərin
problemlərinə həssaslıqla yanaşıldı,
qarşıya çıxan hər hansı bir çətinliyin
qısa müddətdə aradan qaldırılması
üçün operativ tədbirlər həyata
keçirildi.
Ümummilli liderimizin 22
mart 1999-cu il tarixli fərmanı ilə
sahibkarlığın, kənd təsərrüfatı məhsulları
istehsalçılarının torpaq vergisi istisna olmaqla, digər
vergilərdən beş il müddətinə azad edilməsi,
neft məhsullarının pərakəndə
satışında müəyyən güzəştlər nəzərdə
tutulması torpaq mülkiyyətçilərinin daha səmərəli
fəaliyyət göstərmələrinə şərait
yaratdı.
Yuxarıda sadalanan tədbirlər
nəticəsində respublika əhalisinin ərzaqla təminatında
müsbət dəyişikliklər baş verdi. Taxılla
yanaşı, digər kənd təsərrüfatı məhsullarının
istehsalı getdikcə yüksəldi. Bitkiçilik məhsulları,
süd istehsalı və mal-qaranın baş sayı üzrə
Azərbaycan tarixində ən yüksək göstəricilər
əldə edildi. Belə ki, 2002-ci ildə dənlik
qarğıdalı da daxil olmaqla 820,8 min hektar sahədən 2
milyon 193,8 min ton taxıl, 694,4 min ton kartof, 973,4 min ton tərəvəz
istehsal olunmuşdur. Həmin dövrdə ölkədə 2
milyon 152 min iribuynuzlu, 6 milyon 849 min xırdabuynuzlu mal-qara
saxlanılmışdır ki, bu da respublikada rekord göstərici
sayılırdı.
Ulu öndərin rəhbərliyi
ilə aqrar sahədə 1995-ci ildən başlanan islahatlar
ötən müddətdə möhtərəm Prezidentimiz
İlham Əliyev tərəfindən uğurla davam
etdirilmişdir. Aqrar islahatların uğurla davam etdirilməsi
bu gün kənd təsərrüfatı məhsullarının
istehsalında qeyri-dövlət bölməsinin həlledici
rol oynamasına səbəb olmuşdur.
Yeri gəlmişkən,
bir məqama da diqqət yetirmək istərdik. Azərbaycanda hələ
lap qədim zamanlardan mədəni əkinçilik inkişaf
etmiş, milli əkinçilik xüsusiyyətləri
qazanılmışdır. Torpaq-insan münasibətləri ən
yüksək səviyyəyə çatmış, torpağa
müqəddəs bir varlıq kimi baxmaq ənənəsi
formalaşmışdır. Mədəni əkinçilik
inkişaf etdikcə torpağa bağlılıq
artmış, xalq seleksiyası yolu ilə Azərbaycanda
dünyada analoqu olmayan xəstəliyə davamlı, məhsuldar,
yüksək keyfiyyət göstəricilərinə malik bitki
sortları və heyvan cinsləri alınmışdır. Bu
sahə ilə məşğul olan insanların
yaşadığı əraziyə “quşçular”,
“bağbanlar”, “cütçülər” və s. əkinçilik
sənətinə məxsus adlar da verilmişdir. Azərbaycan əkinçisi
zəhmət və halallıqla torpaq becərmiş,
müharibənin ən ağır günlərində belə
aclıqdan xilas olmuşdur.
Əgər insanlar 100 il
bundan öncə daima zülal, karbohidrat aclığı
çəkirdilərsə və qidalanma birtipli olmaqla məhdud
formada qəbul edilirdisə, kənd təsərrüfatının
intensiv inkişafı nəticəsində bu problem nisbətən
aradan qaldırılmışdır. İndi kənd təsərrüfatı
məhsulları, hətta, sənaye yolu ilə də istehsal
olunur. Alimlər qida çatışmazlığı
probleminin həlli məqsədilə kimyəvi, radiobioloji,
biotexnoloji və s. üsullardan yararlanaraq daha məhsuldar sort və
cinslər əldə etməyə başladılar. Ancaq
sonralar dərk edildi ki, bu “məhsuldar” sort və cinslər
ekoloji cəhətdən təmiz olmayan, xəstəlik törədən
məhsullardır.
Qloballaşma
dövründə insanların ekoloji təmiz və keyfiyyətli
qida məhsullarına tələbatı durmadan artır. Belə
bir şəraitdə kənd təsərrüfatı məhsulları
istehsal edən mütəxəssis hazırlanması da
yüksək dəqiqlik və fundamental tədris metodikası
tələb edir.
İndi aqrar sahədə
əsas rol oynayan aqronom müasir əkinçilik
metodikalarına, fundamental biliklərə, bazar
iqtisadiyyatına yiyələnməklə həm də
yuxarıda göstərilən milli xüsusiyyətlərə
malik olmalıdır.
Müasir aqronom
hazırlanması çətin və maraqlı bir prosesdir. Bu
barədə düşünərkən biz həm də gələcəyi
fikirləşməliyik. Çünki sürətlə
inkişaf edən texnokratiya, ətraf mühitə təsir,
demoqrafik artım, bioloji baryerin zəifləməsi, ən
başlıcası isə urbanizasiya nəticəsində kənddə
əhalinin azalması məhsul istehsalını durmadan zəiflədir.
Bütün bunlarla
yanaşı, Qafqazda və planetimizin digər yararlı torpaq
sahələrində separatizm nəticəsində milyon
hektarlarla münbit ərazi hərbi poliqona
çevrilmişdir. Apardığımız hesablamalar nəticəsində
müəyyən edilmişdir ki, təkcə Azərbaycanın
işğal altındakı ərazilərinin ermənilər
tərəfindən anaeksiyası nəticəsində ölkəmizdə
1 milyon ton taxıl, 2 milyon ton ət və süd məhsulları,
meyvə-tərəvəz və xeyli yem bitkiləri istehsal
edilmir.
Müasir kənd təsərrüfatı
mütəxəssisinin hazırlanması üçün
proqramlaşdırılmış kompyuter texnologiyası,
biotexnologiya, gen mühəndisliyi, toxuma kulturası,
sitogenetika, toksikologiya, radiobiologiya, aerokosmik metrologiya və s.
fənlərin mənimsənilməsi çox vacibdir. Artıq
bütün dünyada növbəli əkin sisteminin
yaradılması, ziyanvericilərə və xəstəliklərə
qarşı mübarizə üsulları, aqrokimyəvi xidmət,
bioloji preparatların istifadəsi
proqramlaşdırılmış kompyuter texnologiyası və
testləşdirmə yolu ilə həyata keçirilir.
İnkişaf etmiş
Avropa ölkələrində artıq müasir kənd təsərrüfatı
mütəxəssisini nootbuksuz və mobil test laboratoriyasız
təsəvvür etmək olmaz. Becərilən sort və ya bəslənilən
cinsin bioloji xarakteristikası, qida maddələrinə tələbatı,
aqrotexniki qulluq əvvəlcə yerli şərait və
iqtisadi göstəricilər əsasında virtual olaraq analiz
edilməlidir. Məhsul istehsalı üçün alınan
nəticələr proqramlaşdırılmış və
proqnozlaşdırılmış formada
reallaşdırılmalıdır ki, bu da ölkənin kənd
təsərrüfatı məhsullarına ehtiyacını davamlı
şəkildə təmin etsin.
Kənd təsərrüfatı
mütəxəssisinin becərmə və istehsal
üçün bitki sortu və ya heyvan cinsi seçməsi də
çox vacib məsələdir. Çünki gələcəkdə
istehsal edilən məhsulun keyfiyyət və miqdarı bu amildən
asılıdır. Belə halda təhsil ocağında
müasir laboratoriyalarla yanaşı, teoretik kursla təcrübə
işlərinin vəhdətinə üstünlük verilməlidir.
Kənd təsərrüfatı
üzrə təhsil müəssisələrində təcrübə
sahələrinin tədris korpusları ilə birgə yerləşməsi
vacibdir. Tələbələrin laboratoriyadan birbaşa
açıq sahəyə keçərək təcrübəni
sərbəst surətdə aparıb nəticə alması gələcəkdə
yüksək ixtisaslı kadrların hazırlanmasında əsas
şərtdir. Laboratoriya avadanlığının iş
prinsipini tam mənimsəmək üçün texniki fənlərin
öyrənilməsi də vacib məsələdir. Təcrübə
göstərir ki, ixtisas fənlərinin tədrisində
üstünlük teoretik tədris formasından çox
laborator, təcrübə və çöl tədris təcrübəsinin
aparılmasına verilməlidir. Belə tədris formasında
ixtisas fənlərinin mənimsənilməsi və mütəxəssis
hazırlığı daha keyfiyyətli olur.
Hazırlanan mütəxəssislər
istehsalat təcrübəsini ən qabaqcıl və
inkişaf etmiş təsərrüfatlarda keçməlidirlər.
Onu da qeyd edək ki, istehsalat təcrübəsi keçilərkən
fəhlə + mütəxəssis prinsipi götürülməlidir.
Ümumiyyətlə,
istər bitkiçilik, heyvandarlıq, istərsə də
iqtisadiyyat sahəsi ilə bağlı hazırlanan kənd təsərrüfatı
mütəxəssisi bioloji qanunauyğunluqları dərindən
bilmək üçün ümumi və ali biologiya, təkamül
təlimi kimi bioloji kursları tam öyrənməlidir. Bu
baxımdan Almaniyanın Vaynşteyn Universitetində aqrobiologiya
fənninin, hətta, menecment ixtisasının da tədris
olunması hazırlanan mütəxəssisin hərtərəfli
yetişməsinə kömək edir.
Bildiyimiz kimi, hər bir
ölkənin milli xüsusiyyətləri əsasında
formalaşan kənd təsərrüfatı sahəsi
mövcuddur. Sahəyə etnobiologiya adı verilmişdir və
burada son illər dinamik inkişaf nəzərə
çarpır. Azərbaycanın Naxçıvan,
Talış, Kəlbəcər, Şəki, Zaqatala və
Qarabağ ərazilərində kənd təsərrüfatı
yerli xüsusiyyətlər əsasında inkişaf edərək
bu günə qədər öz dəyərliliyini saxlaya
bilmişdir. Ancaq təəssüf ki, ulu
babalarımızın əsrlərin sınağından
çıxan əkinçilik mədəniyyəti, becərmə
və istehsal texnologiyası, qədim Ordubadda meyvə və tərəvəzin
istehsal və saxlanılma texnologiyası və s. unudulub gedir. Bu
məqsədlə kənd təsərrüfatı mütəxəssislərinin
etnobiologiya fənnini öyrənmələrinə vacib bir məsələ
kimi baxılmalıdır.
Dağ regionlarında kənd
təsərrüfatı zəif inkişaf edir. Uzun sürən
qış dövrü, yararlı və münbit əkin sahələrinin
az olması, kommunikasiya xətlərinin
çatışmaması, iqlim amilləri və s. bu ərazilərdə
kənd təsərrüfatının spesifik sahələri
(arıçılıq, tütünçülük,
kartofçuluq və s.) inkişaf etdirilməlidir. Kənd təsərrüfatının
zəif inkişaf etdiyi dağlıq ərazilərdə
etnobioloji metodlardan istifadə edilməsi aqrar sahənin
davamlı inkişafını təmin edə bilər.
Dünyada kənd təsərrüfatının
intensiv inkişafına baxmayaraq, məhsulun dəyəri ilbəil
artır. Buna əsas səbəb məhsul istehsalına
çəkilən xərclərin yüksək, ən əsaslı
yeni məhsuldar sortların az olmasıdır. Belə hal həm
bitkiçilikdə, həm də heyvandarlıq sahəsində
müşahidə edilir. Bura gübrə, herbisidlər, yeni
bioloji preparatlardan istifadə, amortizasiya xərcləri və
s. daxildir.
İndiki bazar
iqtisadiyyatı dövründə bioloji mübarizə
üsullarından yararlanmaqla yüksək keyfiyyətli və
ekoloji təmiz məhsul almaq, onun maya dəyərini nisbətən
aşağı salmaq mümkündür. Kənd təsərrüfatı
üçün hazırlanan ixtisaslardan biri də Biologiya və
kənd təsərrüfatının əsaslarıdır. Bu
ixtisasa dərindən yiyələnməklə – bioloji prosesləri
bilməklə yüksək məhsul əldə etmək
mümkündür. Onu da xatırladaq ki, Azərbaycanda zəngin
bitki ehtiyatları var. Yeni bitki ehtiyatlarının öyrənilərək
becərilməsi, mədəni formaya keçirilməsi məhz
belə mütəxəssislər – bioloq-aqronomlar tərəfindən
həyata keçirilməlidir. Belə iş prosesi
bütün dünyada mövcuddur və hazırda da davam
etdirilir.
İndi kənd təsərrüfatını dərindən bilməyən, hətta, başqa ixtisas (həkim, müəllim, mühəndis, hüquqşünas və s.) sahibləri də fermer təsərrüfatları yaradaraq əkinçilik mədəniyyətinə yiyələnmədən keyfiyyətsiz, ekoloji baxımdan təmiz olmayan, maya dəyəri baha başa gələn məhsul istehsal edirlər. Bu hal nəzərə alınaraq həvəskar fermerlər kənd təsərrüfatı üzrə mütəxəssis hazırlığına cəlb olunmalıdırlar. Burada optimal variant kimi bütün dünyada müsbət yanaşılan distant təhsil daha önəmlidir.
Ən vacib məsələlərdən biri də kənd təsərrüfatı mütəxəssislərinin seçilməsi və Aqrar Universitetə qəbuludur. Test imtahanı verərək aşağı bal toplayıb digər universitetlərə qəbul ola bilməyən, şəhərdə yaşayan abituriyentlərin çoxu ya hərbi xidmətə getməmək, ya da sadəcə ali təhsil almaq naminə II turda Aqrar Universitetə müsabiqədən keçir. Şəhərdə yaşayıb böyüyən gənc qeyd olunan səbəbdən kənd təsərrüfatı üzrə təhsil alırsa, o kəndə işləməyə getməyəcək. Təcrübə göstərir ki, belələrinin ali təhsil haqda sənədi olsa da bilik səviyyəsi aşağıdır... Ona görə də aqrar təhsilə qəbul kənd rayonlarından güzəştli, bəzən isə sadələşdirilmiş müsabiqə yolu ilə aparılmalıdır.
Ölkəmizdə kənd təsərrüfatının davamlı inkişafı naminə aqrar sahə üzrə kadrların xarici ölkələrdə hazırlanmasına da ciddi diqqət yetirilməlidir. Əgər belə olmazsa, yaxın gələcəkdə yüksək ixtisaslı və günün tələbinə cavab verə bilən kənd təsərrüfatı üzrə mütəxəssislərin hazırlanması problemi ilə üzləşəcəyik.
Ulu öndərimiz Heydər Əliyev aqrar təhsil sisteminin davamlı inkişafı üçün həmişə bu sahəyə xüsusi fikir vermişdir. Prezident İlham Əliyev də bu məsələni daim diqqətdə saxlayır. Dövlət başçımızın 23 noyabr 2008-ci il tarixli fərmanı ilə universitetimizə yeni rəhbər təyin edilmiş və rektora bu qocaman təhsil ocağının inkişafı üçün xüsusi tapşırıqlar verilmişdir.
Qısa müddətdə universitetdə əsaslı təmir işləri aparılmış, yeni laboratoriyalar və tədris standartları hazırlanmış, aqrar təhsil üzrə beynəlxalq elmi konfrans keçirilmiş, ən əsası isə tədrisdə neqativ hallara tamamilə son qoyulmuşdur. Aqrar Universitetin inkişaf proqramı hazırlanmış, onun Qafqazda lider bir təhsil ocağına çevrilməsi üçün tədbirlər həyata keçirilmiş və bu, hazırda da davam etdirilir. Bütün bunlarla yanaşı, çox vacib bir məsələyə — universitetə yeni avadanlıq və laboratoriyaların alınması, laboratoriyalarda işləmək üçün xarici ölkələrdə mütəxəssis hazırlanmasına diqqət artırılmalıdır.
Zaur
HÜMBƏTOV,
Vahid
QULİYEV,
Cəmil
HACIYEV,
Azərbaycan
Dövlət Aqrar
Universitetinin
kafedra müdirləri
Xalq qəzeti.-
2009.- 12 iyun.- S. 4.