Qızıl kəmərli uşu-sanda ustası

 

Ramil Allahverdiyev uşu-sanda ilə 16 ildir məşğul olur və bu müddət ərzində nə az, nə də çox – səkkiz dəfə dünya çempionu adını qazanmışdır. Həmvətənimizin ustalığını və yenilməz qələbə əzmini ABŞ, Tailand, Filippin, Almaniya, Braziliya, Türkiyə, İran və İtaliyada alqışlamışlar. O, sonuncu dəfə dünya çempionu kimi qızıl medalı və fəxri kürsünün zirvəsində təbrikləri mayda İtaliyanın Peruca şəhərinin idman sarayında qəbul etmişdir. Bu günlərdə redaksiyamızın qonağı olmuş Ramil dünya çempionatında özünün və həm də baş məşqçisi olduğu yığma komandamızın uğurları haqda ətraflı söhbət açdı.

— Biz konfu-uşu federasiyasının vitse-prezidenti Faiq Həsənovun rəhbərliyi altında Perucaya — gənclər və böyüklər arasında dünya çempionatına 22 nəfərlik heyətlə getmişdik. Çempionatın medalları uğrunda mübarizə aparmaq üçün İtaliyaya 52 ölkədən 750-dən çox iştirakçı toplaşmışdı. Çıxışlarımız uğurlu oldu. Gənclər 4, böyüklər 3 qızıl medal qazandılar. Bundan başqa, gənclərin yarışında yetirmələrimə 2 gümüş və 2 bürünc mükafat da təqdim olundu. Ümumi hesabda isə Azərbaycan birinci yeri tutdu.

Mən özüm 56 kq çəki dərəcəsində rumıniyalı, italiyalı və iranlı rəqiblərə qarşı üç görüş keçirdim və hər dəfə də mübarizədən qalib ayrıldım. Nəticədə səkkizinci dəfə dünya çempionluğunun sevincini yaşadım, baş mükafat — kuboka sahib oldum və qızıl kəmərə layiq görüldüm.

Mən uşu-sanda məşğələlərinə 16 il əvvəl Gəncədə Zahid Əliyevin rəhbərliyi altında başlamışam. O vaxtdan bir yerdə məşğul oluruq, uğurlarımda əməyi böyükdür. İndi Tofiq Bəhramov adına Respubilka stadionundakı salonda məşq edirik. Məşğələlərimiz üçün federasiya tərəfindən hər cür şərait yaradılmışdır və buna görə onun rəhbərliyinə minnətdarıq. Yeri gəlmişkən, yetirmələrimdən Fikrət Rəhimov, Tural Qasımov və Sadiq Əliyev də Perucada dünya çempionu olmuşlar. Ceyhun Xalıqlını da xüsusi qeyd etmək istərdim. O, bu il 11-ci sinfi bitirir və 48 kq çəki dərəcəsində yeniyetmələr arasında dünya birinciliklərinin üçqat qalibidir.

Səkkiz dəfə dünya çempionunun dediklərinə onu da əlavə edək ki, o, idmanda qazandığı böyük uğurlara görə 2001-ci ildə “Tərəqqi” medalına layiq görülmüş, habelə dəfələrlə ilin ən yaxşı idmançıları sırasında Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılmışdır.

 

 

Oqtay BAYRAMOV

 

Xalq qəzeti.- 2009.- 12 iyun.- S. 6.