Azərbaycanın yeni iqtisadi sisteminin yaradılması Heydər
Əliyevin adı ilə bağlıdır
1993-cü ilin iyun ayının 15-də ümummilli
liderimiz Heydər Əliyev yenicə müstəqillik
qazanmış Azərbaycanın əyalətlərə
parçalanmaq, vətəndaş müharibəsi, qardaş
qırğını təhlükəsi ilə üzləşəndə,
xaos, hərc-mərclik, separatçılıq baş alıb
gedəndə xalqın təkidli tələbi ilə yenidən
respublikamızın rəhbərliyinə qayıtdı. Azərbaycan
dövlətinin və Azərbaycan xalqının da
qurtuluşu o gündən başladı...
Həmin dövrün
ağrı-acılarının miqyasını indi aydın təsəvvür
etmək üçün bəzi məqamları xatırlatmaq
yerinə düşər...1993-cü ilin əvvəllərindən
başlayaraq ölkədə vəziyyət getdikcə gərginləşirdi,
hakimiyyət dairələri ictimai-siyasi duruma nəzarət edə
bilmirdilər... Qarşıdurma elə bir həddə
çatmışdı ki, hər an vətəndaş
müharibəsi başlana, qardaş qanı tökülə
bilərdi. Belə şəraitdən xarici və daxili
qüvvələr hər vasitə ilə istifadə etməyə
fürsət gözləyirdilər. Hakimiyyət dairələri
çaşqınlıq içərisindəydi, ölkə
başlı-başına qalmışdı. Surət
Hüseynov silahlı qüvvələri ilə Bakıya
yaxınlaşırdı. O, respublikanın bir neçə
rayon və şəhərində yüksək vəzifələrə
öz nümayəndələrini yerləşdirirdi. Günlər
ötdükcə təhlükə artırdı. Belə
qorxulu vaxtda Heydər Əliyev xalqın təkidli tələbini
qəbul edib iyunun 9-da Bakıya gəldi və iyunun 15-də
Ali Sovetin sədri seçildi. “Mən ömrümün qalan
hissəsini də Azərbaycanın müstəqilliyinin
möhkəmlənməsinə və inkişaf etməsinə
sərf edəcəyəm və mən heç vəchlə
bir daha Azərbaycanın başqa bir dövlətin tərkibinə
daxil olmasına öz imkanlarım çərçivəsində
yol verməyəcəyəm...” Bu kəlmələri
ümummilli liderimiz həmin tarixi gün Milli Məclisdə
söyləmişdi... Zaman o böyük şəxsiyyətin
dediyi bu sözlərə həyatı boyu sadiq
qaldığını göstərdi. Bugünkü gerçəklik
də buna əyani sübutdur...
Dövlətçiliyimizin
xilası kimi tarixə düşən 1993-cü ilin 15 iyunu
ölkəmizdə dirçəlişin, inkişafın təməlini
qoydu. Tarixə Milli Qurtuluş kimi daxil olmuş həmin vaxtdan
artıq 16 il keçib. Əgər həmin gün xalqın
istəyi və tələbi ilə dövrümüzün
müdrik tarixi şəxsiyyəti, təcrübəli və
iradəli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin
hakimiyyətə tarixi qayıdışı gerçəkləşməsəydi
bu gün biz müstəqil, qüdrətli, tərəqqi edən,
yeniləşən və demokratikləşən Azərbaycan
dövlətindən danışa bilməzdik.
Həmin dövrdə Azərbaycan
özünün ağır illərini yaşayırdı. Belə
bir vəziyyətdə xalq taleyini öz böyük oğluna
etibar etdi. Xalqın qətiyyətli tələbinə tabe olan
hakimiyyət böyük zəka sahibi, görkəmli siyasətçi
Heydər Əliyevin Bakıya qayıtmasına şərait
yaratmağa məcbur oldu.
Beləliklə, xalqın
xahişi və təkidi ilə Heydər Əliyev Azərbaycanda
hakimiyyətə qayıtdı. Bu böyük
qayıdış xalqımızın, dövlətimizin
qurtuluşuna yol açdı. Ümummilli lider ilk gündən
xilaskarlıq missiyasını qətiyyətlə yerinə
yetirərək qısa zaman ərzində dövlətçiliyimizi
təhlükələrdən xilas etdi. Belə ki, ulu öndər
Heydər Əliyevin səyi nəticəsində 1993-cü
ilin iyununda baş verən Gəncə hadisələrinin
miqyasının genişlənməsinin qarşısı
alındı, qarşıdurma tədricən aradan
qaldırıldı, vəziyyətin stabilləşdirilməsi
üçün qəti tədbirlər görüldü. İlk
növbədə isə cəmiyyətdə ümumi həmrəyliyin
yaranmasına nail olundu. Ölkənin böhran vəziyyətindən
çıxarılması və dövlətçiliyin
xilası yolunda görülən işlərin bütün
ağırlığı Ali Sovetin sədri kimi Heydər Əliyevin
üzərinə düşürdü...
Mən diqqəti yaxın
keçmişdə baş verən, hamımızın
yaxşı xatırladığı bir məqama da yönəltmək
istərdim. O vaxt Milli Məclis hakimiyyətsizliyin daha
geniş, təhlükəli miqyas almasına yol verməmək
məqsədilə müvafiq addımlar atmaq məcburiyyətində
qaldı. Milli Məclisdə müzakirələr
aparıldı və parlament 1993-cü il iyunun 24-də
Konstitusiyanın 121-7-ci maddəsini rəhbər tutaraq Azərbaycan
Respublikasının Prezidenti səlahiyyətlərinin Ali Sovet
sədri Heydər Əliyevə keçməsi haqqında qərar
qəbul etdi.
Respublikada
yaranmış ictimai-siyasi böhranın və Azərbaycan
dövlətçiliyi üçün mövcud təhlükənin
aradan qaldırılması, dövlət idarəetmə
sisteminin bərpa edilməsi məqsədilə qəbul olunan
yuxarıda sözügedən qərardan təxminən 3 ay
sonra, 1993-cü il oktyabr ayının 3-də xalqımız
Heydər Əliyevi alternativ əsasda səs çoxluğu ilə
Azərbaycan Respublikasının Prezidenti seçdi. Prezident
seçkilərində ulu öndər səslərin 98 faizini
qazandı. Bu, xalqımızın dahi şəxsiyyətə,
Azərbaycanın xilaskarına inamının,
etimadının bariz ifadəsi idi.
Beləliklə, ulu
öndərimiz Heydər Əliyev bundan sonra Prezident kimi Azərbaycan
Respublikasının dövlət müstəqilliyini qorumaq,
demokratiyanı inkişaf etdirmək, ölkənin bazar
iqtisadiyyatı yolu ilə tərəqqisinə şərait
yaratmaq, erməni təcavüzkarlarına qarşı
xalqın ədalətli müharibəsini sülh vasitələri
ilə başa çatdırmaq, respublikanın ərazi
bütövlüyünü bərpa etmək
üçün yorulmaq bilmədən, gecəli-gündüzlü
fəaliyyətə başladı.
Ulu öndərimiz Heydər
Əliyevin Azərbaycana hakimiyyətə
qayıdışından sonra qısa vaxt ərzində
silahlı dəstələr ləğv edildi, ictimai-siyasi
sabitlik yaradıldı. Xarici və daxili qüvvələrin təxribat
törətmək səylərinin qarşısı
alındı. Əlikram Hümbətovun qondarma respublika təşkil
etmək cəhdinə, Surət Hüseynovun 1994-cü ilin
oktyabrın 4-də həyata keçirmək istədiyi
dövlət çevrilişinə, 1995-ci ilin martında
Rövşən Cavadovun hakimiyyətin dəyişdirilməsinə
hesablanmış təxribat planının həyata
keçirilməsinə xalq dəstəyinə arxalanan Heydər
Əliyev imkan vermədi...
Ulu öndərimiz Heydər
Əliyev tərəfindən ictimai-siyasi sabitlik tam bərqərar
ediləndən sonra ölkənin iqtisadi-siyasi həyatında
köklü dəyişikliklər baş verdi, islahatlara
başlanıldı. 1994-cü ilin sentyabr ayının 20-də
Azərbaycanın neft ehtiyatlarının dünya
bazarlarına çıxarılmasını nəzərdə
tutan “Əsrin müqaviləsi” imzalandı. Bu müqavilə
ölkəmizdə iqtisadi inkişafa və sabitliyin
davamlılığına təminat yaratdı. İrimiqyaslı
TRASEKA proqramının icrası reallaşdı. Torpaq
islahatına start verildi. Özəlləşdirmə həyata
keçirildi. Özəl bölmənin,
sahibkarlığın inkişafına xüsusi diqqət yetirildi.
Xarici investorların ölkəmizə marağı getdikcə
artdı. Geniş quruculuq işlərinə
başlanıldı. Xalqın həyat səviyyəsi tədricən
yaxşılaşdı... Bütün bunlar o dövrün
statistik göstəricilərində öz ifadəsini
tapmışdır. Belə ki, 1996—2002-ci illərdə
bütün makroiqtisadi göstəricilər 2-3 dəfədən
çox artmış, ölkənin valyuta ehtiyatları
çoxalmışdı. Ümummilli liderimizin Azərbaycana
hakimiyyətə qayıdışından ötən müddətdə
ölkədə ÜDM istehsalı dəfələrlə
artdı. Azərbaycan MDB ölkələri arasında
öncül yeri tutdu.
Ulu öndər Heydər
Əliyevin təşəbbüsü və rəhbərliyi
ilə ölkədə aparılan uğurlu iqtisadi siyasət
nəticəsində iqtisadiyyatın inkişafında özəl
sektorun rolu və yeri ildən-ilə artmışdır. Əgər
1995-ci ildə qeyri-dövlət müəssisə və təşkilatları
tərəfindən istehsal olunmuş məhsulun ÜDM-dəki
xüsusi çəkisi cəmi 30,3 faiz təşkil
etmişdirsə, 2002-ci ildə bu göstərici 73 faizə
çatmış və ya 2,4 dəfə artmışdır.
Ümummilli liderimiz Heydər
Əliyev özəl sektorun inkişafına daim qayğı
göstərmişdir. Sözügedən sahənin tərəqqisi
üçün dövlət səviyyəsində müvafiq
təşkilati, hüquqi və iqtisadi tədbirlərin həyata
keçirilməsinə xüsusi əhəmiyyət verirdi. Biznes
fəaliyyətinin genişlənməsinə, onun səmərəliliyinin
artmasına müsbət təsir göstərən əlverişli
iqtisadi mühitin yaradılmasına mühüm amil kimi
baxırdı. Şübhəsiz ki, bu da Azərbaycanda
sağlam əsaslarla təməli qoyulan sosial-iqtisadi
inkişaf strategiyasının mahiyyətindən irəli gəlirdi.
Ulu öndər ölkədə
milli sahibkarlığın inkişafında dövlət siyasətinin
başlıca prinsiplərini müəyyənləşdirən
sənədlərin qəbulunu da həmişə diqqətdə
saxlayırdı. Bu baxımdan Heydər Əliyevin rəhbərliyi
altında 1997-ci ildə təsdiqlənmiş “Azərbaycan
Respublikasında kiçik və orta sahibkarlığın
inkişafı (1997—2000-ci illər) Dövlət Proqramı”
müstəsna əhəmiyyət kəsb etmiş, özəl
bölmənin dirçəlməsini sürətləndirmişdir.
Adı çəkilən Dövlət Proqramında ilk dəfə
olaraq milli sahibkarlığın
stimullaşdırılması və onun dövlət maliyyə
təminatı mexanizmlərinin formalaşdırılması
daxili bazarın qorunması yolu ilə istehsal
sahibkarlığının inkişaf etdirilməsi, qeyri-neft
sektorunun ÜDM-dəki çəkisinin artırılması
ilə bağlı kompleks tədbirlər planı öz əksini
tapmışdır.
Ulu öndər gəlirli
sahə sayılan turizmin dirçəldilməsinə də
qayğı göstərmişdir. Ölkəmizdə xidmətin
bu növünün inkişaf perspektivləri haqqında
dörd illik proqram (2002-2006-cı illər) qəbul
etmişdir. O vaxtdan indiyə kimi turizmin inkişafı istiqamətində
bir sıra tədbirlər həyata keçirilməsi, yerlərdə
infrastrukturun yaradılması, yeni yolların çəkilməsi,
sahibkarlığın maliyyə təminatının
yaxşılaşdırılması turizm şəbəkəsinin
genişlənməsinə gətirib
çıxarmışdır.
Bu gün biz
böyük qürur hissi ilə deyə bilərik ki, müstəqil
Azərbaycan dövlətinin, onun yeni iqtisadi sisteminin
yaradılması Heydər Əliyevin adı ilə
bağlıdır. Bu elə bir iqtisadi sistemdir ki, o,
respublikamızın perspektiv inkişafını, xalqın
yaşayış səviyyəsinin yüksəldilməsi
imkanlarını reallaşdırmağa güclü zəmin
yaratmağa qadirdir.
Müstəqil Azərbaycan
bu gün dünyada tanınmış, seçilən ölkələrdən
sayılır. Respublikamız dünyanın mötəbər
iclaslarında, forumlarında, nüfuzlu qurumlarında öz
sözünü deyir, qlobal məsələlərə
münasibətini bildirir. Bu gün müstəqil Azərbaycan
dünyanın ən mühüm maliyyə, bank, səhiyyə,
təhsil, ekologiya təşkilatları ilə sıx əməkdaşlıq
edir, onlarla birlikdə konkret proqramlar həyata keçirir, bu əməkdaşlığın
səmərəliliyini artırmaq yollarını müzakirə
edir. Müstəsna təşkilatçılıq qabiliyyətinə,
zəngin idarəçilik təcrübəsinə, dərin
təfəkkürə və iti analitik duyuma malik olan Heydər
Əliyev dünya birliyi tərəfindən sayılan,
seçilən, dünya miqyaslı nadir şəxsiyyətlərdən
idi. Bu kimi keyfiyyətlərə görə də onun
dünyanın ən nüfuzlu təşkilatları,
güclü dövlətlərin başçıları ilə
Azərbaycanda yeni iqtisadi sistemin qurulması, ölkə
iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası
kimi qlobal problemlərə dair apardığı
danışıqlar öz müsbət nəticələrini əyani
surətdə göstərdi.
Heydər Əliyev neft
siyasətini hazırlayarkən dünya təcrübəsini,
neftlə zəngin olan ölkələrin keçdiyi yolu təhlil
etdi, bu ölkələrin bəzilərinin nə üçün
yoxsulluq, səfalət içində yaşaması səbəblərini
araşdırdı. Məlum oldu ki, bu ölkələrdə
milli mənafelərə cavab verən inkişaf strategiyası
olmayıb, ictimai-siyasi sabitlik təmin edilməyib, demokratik
institutlar yaradılmayıb. Azərbaycan dövləti isə
öz yolunu, öz inkişaf modelini seçdi. Neft siyasətini
ümumi inkişaf strategiyası, hüquqi demokratik cəmiyyətin
prinsipləri ilə əlaqələndirdi, milli mənafelər,
investisiya mühitinin yaxşılaşması, risk faktorunun
azalması üçün zəruri tədbirlər həyata
keçirdi. Bütün bunlar Azərbaycan dövlətinin
beynəlxalq aləmdə imicinin yüksəlməsinə,
respublikaya investisiya axınının güclənməsinə
əlverişli şərait yaratdı. Heydər Əliyev neft
faktorundan məharətlə istifadə edərək, Amerika və
Avropanı Azərbaycanın maraqlarına cəlb etdi.
Ulu öndərimizin
titanik fəaliyyətindən danışarkən uzun illər
çalışdığım metro tikintisinə də
toxunmağı zəruri sayıram. Başqa sözlə, bu
dahi şəxsiyyətin metro tikintisinə necə
böyük diqqətlə yanaşdığını
xatırlatmaq istərdim. Məlumdur ki, paytaxtımızın genişləndirilməsində,
əhalinin nəqliyyat xidmətinə olan tələbatının
tam ödənilməsində metronun xüsusi yeri var. Şübhəsiz
ki, bu sahənin inkişafı ulu öndərimiz Heydər Əliyevin
adı ilə bağlıdır. Metropolitenə və metro
işçilərinə, metro tikintisini həyata keçirən
inşaatçılara qayğı və diqqət bu gün də
Prezident İlham Əliyevin timsalında davam edir.
Yeri gəlmişkən,
onu da deyim ki, 1969-cu ildə ulu öndərimiz Heydər Əliyevin
Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ilə
Bakı Metropoliteninin tikintisi tarixində yeni mərhələnin
başlanğıcı qoyuldu. Metro tikintisinə dahi öndərimiz
daim diqqət və qayğı göstərdi. Onun
respublikamıza birinci rəhbərliyi dövründə
neçə-neçə metro stansiyası tikilib istismara
verildi. Ümumiyyətlə, Bakı Metropolitenində beş
stansiya istisna olmaqla, qalan stansiyaların tikintisi, istismara verilməsi
məhz ulu öndərin adı, təşəbbüsü ilə
bağlıdır. Təkrar edirəm, ümummilli liderimiz
metro stansiyalarının sayının artırılması,
xidmətin keyfiyyətinin yüksəldilməsi, tikinti
prosesində qarşıya çıxan çətinliklərin
operativ şəkildə aradan qaldırılması
üçün daim tövsiyə və
tapşırıqlarını verir, sahənin işçilərinin
rifah halının yaxşılaşmasına qayğı ilə
yanaşırdı.
Təqdirəlayiq
haldır ki, əsası ümummilli liderimiz Heydər Əliyev
tərəfindən qoyulmuş və ciddi elmi əsaslara
söykənən sosial-iqtisadi siyasət strategiyası son illərdə
onun layiqli davamçısı — Azərbaycan Prezidenti cənab
İlham Əliyev tərəfindən uğurla davam
etdirilmiş, respublikamız bütün sahələrdə
uğurlu inkişaf yoluna çıxmışdır. Dövlət
başçısı Azərbaycanın yeni dövr
üçün iqtisadi siyasət prioritetlərini
açıqlamış, bütün sahələrdə
proqressiv islahatları təmin etməklə, cəmiyyətdə
böyük nüfuz qazanmış, hər bir azərbaycanlının
layiqli Prezidenti olduğunu əməli işi ilə sübuta
yetirmişdir. Siyasi iradə və qətiyyətlilik,
praqmatizm, məqsədyönlülük kimi mühüm
keyfiyyətlər Prezident İlham Əliyevin fenomenal siyasi
lider obrazını şərtləndirən amillər
sırasında xüsusi vurğulanmalıdır. Son beş
ildə imzalanmış məqsədyönlü fərman və
sərəncamlar, qəbul edilmiş praqmatik qərarlar ölkəmizin
dinamik yüksəlişini təmin etmiş, yeni dövrün
tələbi kimi qarşıda duran vəzifələr
düzgün müəyyənləşdirilmiş, inkişaf
mexanizminin çevikliyinə, işləkliyinə nail
olunmuşdur.
Biz bu gün Heydər Əliyevi
xatırlayır, iftixarla deyirik: Azərbaycan dövlətinin
xilaskarı, yeni Azərbaycan dövlətinin memarı, Azərbaycan
xalqının əbədi Prezidenti Heydər Əliyev bizim qəlbimizdə
daim yaşayır və yaşayacaq.
Heydər Əliyev siyasi
kursu bu gün onun ideyalarına sadiq qalan Azərbaycan Prezidenti
cənab İlham Əliyev tərəfindən uğurla davam
etdirilir. Ümummilli liderimizin “Mən ona özüm qədər
inanıram və gələcəyinə böyük ümidlər
bəsləyirəm” deyərək qiymətləndirdiyi
Prezidentimiz bu gün həqiqətən də xalqın
etimadını doğrultmaqla həmin ümidləri gerçəkləşdirir.
Biz də hər birimiz dahi öndərə məhəbbətimizin
təzahürü olaraq Prezidentin ətrafında birləşərək
onun qarşıya qoyduğu mühüm vəzifələrin
yerinə yetirilməsində daha fəal iştirak etməyə
çalışırıq.
Adil TEYMUROV,
“Azərtunelmetrotikinti” Səhmdar
Cəmiyyətinin 1 N-li Tunel-Tikinti İdarəsinin rəisi
Xalq qəzeti.- 2009.- 14 iyun.- S. 9.