Binəqədi rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilmişdir

 

Binəqədi rayonundakı Heydər parkında 15 İyun — Milli Qurtuluş Günü münasibətilə rayon icra hakimiyyəti və “Lider” televiziyasının birgə layihəsi əsasında bayram tədbiri keçirilmişdir.

 

Aparıcılar bildirmişlər ki, xalqların milli varlığı və özünədərkinin parlaq təcəssümünə çevrilmiş müstəqil dövlətçilik konsepsiyasının formalaşması bir qayda olaraq milli liderlərin adı ilə bağlı olur. Tarixin həlledici mərhələsində optimal inkişaf modelinin siyasi və iqtisadi əsaslarını yaratmaq kimi məsuliyyəti üzərinə götürən belə nadir şəxsiyyətlər, həm də mənsub olduqları xalqların gələcək yaşam fəlsəfəsini müəyyən edirlər. Bu gün müstəqil Azərbaycan dövətinin yaşaması, inkişaf edərək dünya dövlətləri arasında öz layiqli yerini tutması, qüdrətli bir ölkə kimi təşəkkülü və davamlı inkişafı üçün biz hamımız dahi öndərimiz Heydər Əliyevə borcluyuq.

Tədbirdə daha sonra qeyd olunmuşdur ki, dünya şöhrətli ictimai-siyasi xadim, müdrik dövlət başçısı Heydər Əliyev bütün şüurlu həyatını canından artıq sevdiyi xalqının xoşbəxt yaşamasına, Azərbaycanın tərəqqisinə həsr etmişdir. Böyük öndər xalqımıza əmanət olaraq zəngin maddi və mənəvi dəyərlər, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş Azərbaycanı qoymuşdur. Heydər Əliyev çiyinlərini çox ağır və çətin işin altına verərək ölkəmizi və xalqımızı müdhiş bəlalardan qurtarmışdır. Bu müdrik insan həqiqətən də ömrünün qalan hissəsini xalqına qurban vermişdir. Qədirbilən xalqımız ulu öndərin Azərbaycan dövləti və millətinin xoşbəxt gələcəyi naminə etdiklərini heç zaman unutmayacaqdır.

Xalqın təkidi ilə Heydər Əliyev respublikamıza yenidən rəhbərliyə tariximizin olduqca mürəkkəb məqamında qayıtmışdır. Yalnız siyasi müdrikliyi, polad idarəsi və dövləti idarəetmə istedadı sayəsində o, qarşıya çıxan bütün maneələri dəf etdi, xalqı düşdüyü bəlalardan çıxara bildi, qoruya bildi...

Heydər Əliyev müasir dünyanın ziddiyyətli və ədalətsiz reallıqlarına dərindən bələd olan bir siyasi xadim kimi, ilk növbədə beynəlxalq müstəvidə əlaqələrin qurulmasına və beləliklə də dünya dövlətlərinin diqqətini iqtisadi cəhətdən əlverişli olan Azərbaycana yönəltməyə nail ola bildi. Möhtərəm Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanda yeni bir tarixi mərhələnin əsasını qoydu. Ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atıldı. Bu dövrdə ictimai münasibətlər sistemi təkmil bir strategiya əsasında inkişaf etməyə başladı, iqtisadi tənəzzülə son qoyuldu. Bütün bunlar müstəqil Azərbaycan dövlətinin sosial və siyasi dayaqlarını möhkəmləndirdi və respublikanın ümumi inkişafını təmin etdi.

Tədbirdə daha sonra deyilmişdir: Bütün zamanların hakimi və yaddaşı xalqdır. Məhz bu mənada Azərbaycan xalqı ulu öndərinin əbədiyaşar bir tarixi şəxsiyyət olduğu barədə hökmünü artıq çoxdan veribdir. Və bu xalq artıq qəti şəkildə bəyan edib ki, nə qədər Azərbaycan var, nə qədər Azərbaycan xalqı var onun böyük oğlu, həyatını xalqına həsr etmiş ulu öndərimiz Heydər Əlirza oğlu Əliyev də olacaq. Bu reallıq hər gün, hər an hiss olunur. Elə bugünkü Qurtuluş Günündə xalqın əhval-ruhiyyəsi bu deyilənləri sübut edir. Danılmaz bir həqiqət də var ki, Heydər Əlirza oğlu Əliyev öz əbədiyaşarlığını xalqımızın ürəyində özü yaşadır. Bu haqq ona Tanrıdan və Azərbaycan xalqından verilibdir.

Bayram tədbirində Milli Məclisin deputatlarından M. Musayev, R. Cəbrayılov, “Azərsu” SC-nin sədri N. Rzayev və rayon icra hakimiyyətinin başçısı A. Qocayev iştirak etmişlər.

Tədbirdə incəsənət ustalarının çıxışları da maraqla qarşılanmışdır.

 

 

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 

Xalq qəzeti.- 2009.- 14 iyun.- S. 9.