Suraxanı rayonunda Milli Qurtuluş Gününə
həsr edilmiş elmi-praktik konfrans
Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində
Milli Qurtuluş Günü münasibəti ilə AMEA-nın
Tarix İnstitutu ilə Suraxanı Rayon İcra Hakimiyyətinin
birgə layihəsi əsasında elmi-praktik konfrans
keçirilmişdir.
Tədbir
iştirakçıları əvvəlcə Heydər Əliyev
Mərkəzinin önündə ulu öndərin abidəsini
ziyarət edərək Heydər Əliyev Mərkəzi ilə
tanış olmuşlar.
Elmi-praktik konfransı
giriş sözü ilə açan rayon icra hakimiyyətinin
başçısı İlqar Abbasov diqqətə
çatdırdı ki, zamanın nəbzini tutmağı,
hadisələrə real qiymət verməyi, siyasi
potensialını düzgün dəyərləndirməyi
bacaran liderlər cəmiyyətdəki prosesləri məharətlə
istiqamətləndirməyə nail olur, təmsil etdikləri
xalqları zamanın ən güclü
fırtınalarından, çətin sınaqlarından
üzüağ çıxarır, milli xilaskara çevrilirlər.
Müdrik və təcrübəli dövlət xadimləri ən
ekstremal şəraitlərdə belə, mürəkkəb vəziyyətdən
az itki ilə çıxış imkanına malik olmaqla
optimal qərarlar qəbul edir, həyatlarını riskə
atmaqdan belə çəkinmirlər. Bu nöqteyi-nəzərdən
ulu öndər Heydər Əliyev də 40 illik siyasi fəaliyyəti
dövründə üzləşdiyi bütün çətinlikləri,
maneələri, problemləri, hətta uğursuzluqları mətinliklə
dəf edən, məğlubiyyət sözünü
yaxına buraxmayan, inamlı qərarları ilə milyonlarla
insanın taleyində müstəsna rol oynayan millət fədaisi,
sərkərdə və lider kimi xatırlanır.
Ümummilli lider şərəfli
ömür yolu ilə xalqın çağdaş tarixinin fəxrlə
anılan parlaq səhifələrini yazmışdır. Heydər
Əliyevin tarixi xidmətləri, xilaskarlıq, quruculuq
missiyası, həyata keçirdiyi siyasi, sosial-iqtisadi, mədəni
və humanitar islahatlar haqqında indiyədək qələmə
alınmış çoxcildli əsərlər, kitab və
monoqrafiyalar, sanballı elmi məqalələr bu mənada həm
də Azərbaycanın son 40 illik tarixinə elmi-politoloji
baxışdır. Lakin bu da bir reallıqdır ki, tarixin
axarını dəyişən böyük dühaların bəşəri
ideya və prinsipləri, milli idarəçilik ənənələri,
çoxqatlı siyasi gedişləri, adətən, zaman və
məkanın fövqündə olur. Bu mənada, Heydər Əliyev
tarixi epoxasını sözün qüdrəti ilə
canlandırmaq, ulu öndərin milli maraq və mənafelərə
söykənən genişmiqyaslı fəaliyyəti ilə
bağlı dolğun təsəvvür formalaşdırmaq,
şəxsiyyətinin miqyasını tam əhatə etmək
çətindir.
Daha sonra AMEA-nın
müxbir üzvü, millət vəkili Yaqub Mahmudov məruzə
ilə çıxış etdi. O göstərdi ki, xalqın
təhtəlşüurunda bütöv və milli şəxsiyyət
kimi təcəssüm olunan Heydər Əliyev
dühasının tarixi sınaq anında üzərinə
düşən missiyanın öhdəsindən uğurla gəlməsi,
sözün həqiqi mənasında, Milli Qurtuluşa nail
olması da onun xalqla mənəvi birliyinin nəticəsi
sayılmalıdır. Dövlətçiliyin taleyi
baxımından ən ağrılı və çətin
günlərdə xalq öz gələcəyini məhz
inandığı, müdrikliyinə, idarəçilik səriştəsinə,
siyasi fəhminə qəlbən güvəndiyi liderə -
Heydər Əliyevə etibar etmiş, üzləşdiyi fəlakətdən
onun rəhbərliyi altında xilas olacağına
böyük ümid bəşləmişdir. Ulu öndər
malik olduğu yüksək dövlətçilik və idarəçilik
səriştəsi ilə çiyinlərini son dərəcə
ağır bir yükün altına vermiş, məsuliyyətdən
çəkinməmiş, əsl liderlərə xas bir şəkildə
dövlətinin üzləşdiyi faciələrə biganə
qalmamışdır.
Hakimiyyətə
qayıdan ulu öndər özünün müdrik və
uzaqgörən addımları, birləşdiricilik, ən
müxtəlif maraqları bir nöqtəyə gətirmək
bacarığı sayəsində hakimiyyət
böhranını aradan qaldırmış, qanunsuz silahlı
qüvvələri zərərsizləşdirmiş, xaos və
anarxiya mühitinin, özbaşınalığın aradan
qaldırılması, ictimai-siyasi sabitliyin,
qanunçuluğun təmini istiqamətində prinsipial
addımlar atmışdır. Heydər Əliyevin qısa
müddətdə vətəndaş sülhü və həmrəyliyinə,
milli barışa nail olması, paralel olaraq respublikada tənəzzül
prosesini dayandıraraq iqtisadi dirçəliş
yönümündə praktik addımlar atması da məhz
xalqın öz rəhbərinə olan dəstəyindən irəli
gəlmişdir. Ulu öndər Heydər Əliyev təcrübəli
dövlət xadimi və hakimiyyət ustası olaraq Azərbaycan
xalqının milli mentaliteti və
dünyagörüşü ilə uzlaşan, reallığa
adekvat olan milli inkişaf strategiyası seçmiş, iqtisadi
modernləşməyə və siyasi liberallaşmaya xidmət
edən çoxşaxəli islahatlar həyata
keçirmişdir.
Xalq qəzeti.- 2009.- 14 iyun.- S. 9.