“Onun şəfəqləri həmişə Azərbaycanımızı
işıqlandıracaq”
Heydər Əliyev haqqında çox yazılıb,
qalın-qalın kitablar çıxıb. İllər
keçdikcə daha da çox yazılacaq, tarixin süzgəcindən
keçmiş qiymətlər daha da dəqiqləşdiriləcək,
dünyada və ölkəmizdə baş verəcək
olayların, gələcək hadisələrin kontekstində
onun xidmətləri daha dərindən dərk ediləcək.
Amma bu gələcək nəsillərin işidir. Bu
günkü nəsillərin, onun
çağdaşlarının, özəlliklə onunla bu və
ya digər dərəcədə təmasda olanların borcu isə
Heydər Əliyevlə bağlı anlarını, xatirələrini
yubanmadan qələmə almaq, onun mürəkkəb və zəngin
obrazının müxtəlif çalarlarını,
ayrıntılarını sənəd kimi tarixin malı etməkdir”.
Bu fikirlər xalq
yazıçısı Anarın ümummilli lider,
böyük insan Heydər Əliyevə həsr etdiyi “Unudulmaz
görüşlər” kitabının epiqrafıdır. Mən
hələ kitab çıxmamışdan əvvəl onun
içərisindəki qiymətli materialları, faktları,
tarixi şəkilləri, maraqlı müşahidələri,
nəhayət, dəyərli, həm də çox dəyərli
yazıçımız Anarın hamıdan fərqlənən
yazı üslubunu, qeydlərinin axıcılıqla
müşayiət olunduğunu, yazılarının
oxunaqlığını, bir şəxsiyyət kimi Heydər
Əliyevə verdiyi qiyməti “525-ci qəzet”in həftələrlə
çıxan saylarında diqqətlə oxumuşdum və
düşünmüşdüm ki, yəqin Anar müəllim
bu yazıları kitab şəklində çap etdirəcək,
mən də həmin kitab haqqında mütləq öz fikirlərimi
mətbuatda yazacağam. Çünki Anar müəllimin Heydər
Əliyev haqqında, onunla unudulmaz görüşləri barədə
silsilə yazıları məni “tutmuşdu”. Kitabın
epiqrafında deyildiyi kimi “Heydər Əliyev haqqında
çox kitab yazılıb...”, lakin Anar müəllimin
yazdıqları mənə daha səmimi, daha maraqlı
görünür... Nəhayət, “Unudulmaz görüşlər”
— nəfis şəkildə çıxan, çox gözəl
tərtibatla buraxılan, oxucunu cəlb edən bu kitab əlimizdədir.
“Unudulmaz görüşlər”
Azərbaycan və rus dillərində rəngli və rəngsiz
şəkillərlə işıq üzü
görmüşdür. Azərbaycan Yazıçılar
Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid
kitaba “Memuar ədəbiyyatının dəyərli örnəyi”
adlı ön söz əvəzi yazmışdır. Yazıda hakimiyyət sahiblərinin tarixdəki yeri və
rolunun müəyyənləşməsində onların mədəniyyətə,
ədəbiyyata münasibətinin həmişə önəmli
rol oynadığı, siyasi xadimlərin tarixin
yaddaşında parlaq bir obraz kimi qalmalarının həm də
onların ədəbi-mədəni mühitə yanaşma tərzindən birbaşa asılılığı, bu cəhətlərin
həmin müddət ərzində siyasi iqtidarı əldə
saxlamağı, hakimiyyət dövrünü bütöv bir
epoxaya çevirməyi bacaran güclü dövlət
adamlarına aid olduğu xüsusi qeyd olunur və göstərilir
ki, belə tarixi şəxsiyyətlərin sırasında
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
məxsusi yeri var. Bəşəri
anlayışlar olaraq ədəbiyyatın, mədəniyyətin,
incəsənətin Heydər Əliyevə çox doğma
olduğundan söz açılır,
yaradıcılığa, bədii sənətə Heydər Əliyev
yanaşmasından, onun bu sahədəki dəyərli irsinin hərtərəfli
təhlili və təbliğinin gələcək
üçün vacibliyindən danışılır.
R.Məcidin qeydlərində Anar
müəllimin uzun müddətli yaradıcılıq
süzgəcindən keçən bu əsərin
xatirat-yaddaş ədəbiyyatının olduqca müstəsna
dəyərə malik nümunəsi olduğu diqqətə
çatdırılır...
“Unudulmaz
görüşlər”in müəllifi, görünür, bilərəkdən
bu fundamental əsərini Heydər Əliyevin ədəbiyyata,
mədəniyyətə, incəsənətə böyük
qayğısını, diqqətini, köməyini əks
etdirən materiallarla başlayıb. Həmin materiallar “Heydər Əliyevin
müxtəlif illərdə çıxışlarından”
başlığı altında dərc olunub.
Görkəmli
dövlət xadimi Heydər Əliyevin Rəsul Rzaya Sosialist Əməyi
Qəhrəmanı fəxri adı verməsi münasibəti
ilə 1980-ci il dekabrın 4-də söylədiyi nitqdən,
böyük öndərin 1998-ci il martın 26-da Süleyman
Rüstəmin 90 illiyinə həsr olunmuş təntənəli gecədə
çıxışından, ümummilli liderin 1998-ci il
aprelin 23-də xalq şairi Mirvarid Dilbazinin anadan
olmasının 85 illiyi münasibətilə təntənəli
yubiley gecəsində nitqindən, ölkə
başçısının 1998-ci il oktyabrın 7-də
prezident seçkiləri ərəfəsində Gəncə
seçiciləri ilə görüşdəki çıxışından, Azərbaycan
Prezidentinin Anar Rzayevi “İstiqlal” ordeni ilə təltif etməsi
və ona “Yazıçı Anara” məktubunu yazması (13
mart 1998-ci il), müxtəlif tarixlərdə ayrı-ayrı ədəbiyyat,
sənət adamları ilə birlikdə Anarın yaradıcılığı
haqqında çıxışlarından sətirlər belə
yazılardandır. Bütün Heydər Əliyevin
çıxışları, fikirləri Anar tərəfindən
xronoloji ardıcıllıqla verilmişdir ki, bu, bütün
kitab boyu davam edir və insaf naminə deməliyik, təkcə
həmin tarixləri dəqiqləşdirmək
üçün müəllif böyük üş
görmüş, tədqiqat aparmış, zəhmət
sərf etmişdir. Və onu da deyək ki, hər qələm
sahibi belə ağır, diqqət tələb edən işə
girişə bilməz, heç bunu bacarmaz da! Anar müəllim
əsl yazıçı xarakterinə sadiq qalaraq, yenə
çoxlarından irəli getmiş, fərqlənmiş,
bütün qələm sahiblərinə nümunə
göstərmişdir.
Kitabda “Anarın müxtəlif
illərdə çıxışlarından və Heydər Əliyevə
məktublarından” ümumi başlığı altında
bir sıra yazılar nəzəri cəlb edir. Bu yazılar,
çıxışlar, məktublar ictimai-siyasi hadisələrlə,
yubileylərlə, Heydər Əliyevə həsr edilmiş
kitabların təqdimatı ilə, ziyalıların Prezidentə
müraciəti ilə, “Avropa” qəzeti müxbirinin
suallarına Anarın cavabları ilə dolğundur.
Anar müəllim hələ 4
may 1998-ci ildə yazdığı “Şəxsiyyətin
miqyası” adlı məqaləsində Heydər Əliyevin
şəxsiyyətini hərtərəfli incələyərək
sübut edir ki, belə insanlar tarixdə nadir olurlar. O, yazır ki, “Bu gün dünya miqyasında
tanınmış siyasi xadim olan Heydər Əliyev Azərbaycanın
geniş siyasi meydanına 1969-cu ildə çıxdı.
Doğrudur, bu tarixdən neçə illər qabaq da Heydər
Əliyev təhlükəsizlik xidmətlərində məsul
vəzifələrdə çalışmış və o dövrün
yazılmamış qanunlarına uyğun olmayan bir şəkildə
Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin
sədri də təyin olunmuşdur. Bu, o dövr qanunlarına
görə uyğun deyildi, adətən müttəfiq
respublikalarda bu vəzifəni yerli millətin nümayəndələrinə
etibar etmirdilər, həmin postu başqa yerlərdən
göndərilmiş, əsasən rus kadrları tuturdu”...
Anar müəllim hamıya məlum
olan bu faktları elə-belə təkrarlamır, gətirdiyi
faktlarla sübut edir ki, həmin təşkilatın
başında milli şəxs olanda xalqa böyük xeyri dəyir.
Müəllif yazır ki, “Mərkəzi Komitənin katibi
seçiləndən sonra ilk vaxtlar çox adamın üzdən
tanımadığı Heydər Əliyev ”Şah Abbassayasi tərki-libas”
( Heydər Əliyev haqqında
oxşatmanı ilk dəfə Anar müəllimin kitabında
oxudum — X.Q) olaraq bazarları, dükanları gəzir,
qanunsuzluqları, əliəyrilikləri, pozuntuları
özü öz gözləriylə əyani müşahidə
edir və yerindəcə müqəssirin cəzasını
verirdi. Və belə faktlar da əhalidə yeni, ədalətli
rəhbərin iş başına gəlməsi və hər
cür ədalətsizliklərin kökünü kəsəcəyi
haqqında söz-söhbətlərin geniş
yayılmasına səbəb olurdu”.
Yazıçı, Heydər Əliyevin
bir insan kimi böyüklüyünü göstərmək
üçün başqa bir faktdan da istifadə edir: “... Sovet dövründə Azərbaycanın bir neçə
gənc şairi, yazıçısı, jurnalisti gizli bir təşkilat
yaratmaq fikrinə düşüblər, yaradıblar,
yaratmayıblar, bilmirəm, hər halda, belə bir niyyətləri
olub və onlar hər hansı bir addımı atmazdan əvvəl
bu barədə DTK duyuq düşüb, dərhal hamısı
həbs edilib... Bizim bu dəliqanlı
cavanların... başına min oyun açıla bilərdi,
izləri-tozları qalmazdı. Amma Heydər Əliyevin şəxsi
cəsarəti, nüfuzu və riski sayəsində onların
heç biri nəinki cəzalandırıldı, hətta
çox tez zamanda hamısını azadlığıa
buraxdı”. Anar müəllim yazır ki, “Bunları mənə
vaxtilə (hələ sovet dövründə) Tofiq Məhərrəmov
danışmışdı. Deyirdi ki, Heydər Əliyev bizim
hamımızı kabinetinə çağırdı,
sütül, cılız cüssəli cavanlar idik. — Sizsiniz bu
hökuməti yıxmaq istəyənlər? — deyə
güldü — gedin ağlınızı başınıza
yığın, öz işinizlə məşğul olun və
xalqınıza ”gördüyünüz xeyirli işlərlə
xidmət edin — dedi”.
Anar müəllim Heydər Əliyevin
xeyirxahlığını oxucuların nəzərinə
çatdırmaq üçün yenə maraqlı fakt gətirir:
“Heydər Əliyevin DTK-da işiylə bağlı başqa
bir əhvalatı da eşitmişdim. Sovet dövrünün
siyasi dustaqlarından birini otağına
çağırır, söhbət əsnasında
müsahibinin ac olduğunu hiss edir. Borş gətizdirir, dustaq
xörəyi iştahla gözünə təpir —
Görüşün sonunda Heydər Əliyev onun azadlığa
buraxıldığını deyir və əlavə edir. Amma
onu bil ki, ”bu idarədə adama borşu bircə dəfə
verirlər”.
Anar müəllim
bu faktları göstərməklə təkcə Heydər Əliyevin
milli şəxsiyyət olduğunu yox, qeyri-millətlərin
nümayəndələrinin və “bəzi
özümüzünkülərin” millətimizin ziyanına
gördükləri qara işləri də nəzərə
çatdırmaq məqsədi güdür və bu məqsədini
açıqlayır.
“Qalib gəldi, qalib getdi” adlı
yazı da (Yadımdadır, yazı 2003-cü ilin dekabrında
“Ədəbiyyat qəzeti”ndə dərc olunmuşdu — X.Q) Anar
müəllimin Heydər Əliyev şəxsiyyətinə
tükənməz ehtiramının təzahürü idi. Məsələ
burasındadır ki, məqalənin
başlanğıcında qeyd etdiyim kimi çoxları Heydər
Əliyev haqqında yazmışlar, lakin Anar müəllimin
yazıları, fikirləri başqalarına bənzəmir.
Görün, nə gözəl başlıq seçib Anar
müəllim: “Qalib gəldi, qalib getdi”.
Bu fikir söz
ustadımızın tarixin ən böyük azərbaycanlısına
verdiyi tutumlu qiymətdi.
Bütün bunlardan sonra kitabda
unudulmaz görüşlər haqqında yazılar davam edir və
olduqca maraqlı, ibrətamiz “söhbətlər” bir-birini əvəzləyir.
Həmin söhbətlərdə Heydər Əliyev
hakimiyyətdə olanda da, bütün vəzifələrdən
uzaqlaşdırılıb təklənəndə də bir
çox yazıçıların, o cümlədən də
Anar müəllimin ona münasibətinin zərrə qədər
dəyişmədiyi, əksinə, bəziləri Heydər
Əliyevdən üz döndərəndə ona əvvəlkindən
artıq diqqət və hörmət göstərildiyi qeyd
olunur. Anar müəllim yazır ki, “Heydər Əliyev
böyük vəzifələrdən
uşaqlaşdırıldığı dövrdə də
yazıçılarımızla münasibətini davam
etdirirdi. Rəhmətlik Mədinə xanım
Gülgünün dəfn mərasiminə gələndə də,
Cəfər Cabbarlının yubileyinə təşrif gətirəndə
də onu böyük hörmətlə və sayğıyla
qarşıladıq. Yazıçıların IX qurultayı ərəfəsində
Elmira Axundovayla məsləhətləşdik ki, Heydər Əliyevi
qurultaya dəvət edək və mənim
imzaladığım dəvətnaməni Elmira ona verdi”.
Kitabda Heydər Əliyevin dəvət
olunan qurultayda iştirakı ilə əlaqədar sonralar (30
oktyabr 1997) təşəkkürlə bitən
çıxışı da verilmişdir. Həmin
çıxışda Heydər Əliyev deyir: “Mən o
dövrdə, fevral-mart aylarında Ali Sovetin sessiyasında
olmuşdum. Xatirinzdədir, Ali Sovetin sessiyasında o salonda
oturanların 99 faizi mənimlə bir yerdə və mənim rəhbərliyim
altında işləmiş adamlar idi. Ancaq orada mənə
çox hörmətsizlik etdilər, pis münasibət
göstərdilər. Hətta, mənim
çıxışımı da kəsdilər və mənim
çıxışımdan sonra cürbəcür
böhtançı çıxışlar da etdilər
(İndi onların bəziləri yüksək vəzifələr
tuturlar! — X.Q.) Ancaq o vaxt cəsarət
edib çox kəskin çıxış edən Bəxtiyar
Vahabzadə oldu.
O salonda oturanların əksəriyyəti
ilə mən gecə-gündüz bir yerdə işləmişdim.
Onlar böyük vəzifələr almışdılar. Bəxtiyar
Vahabzadə şairdi, şair olaraq da qalıbdır, indi də
şairdir. Onun şairlikdən savayı başqa bir vəzifəsi
yoxdur. Ancaq baxın, — o həmin insanların münasibəti,
bu da şairin münasibəti. Yəni, mən yenə də ədəbiyyatla
bağlılığımı və ədəbiyyatla məşğul
olan şəxslərin başqalarına nisbətən daha sədaqətli
olduğunu qeyd etmək istəyirəm... Orada mənə
qarşı o qədər hörmətsizlik olduğu halda,
filarmoniyanın salonunda, yazıçıların
qurultayında mənə çox mehribançılıq,
çox istiqanlılıq, çox yüksək hörmət
göstərildi. O vaxt mənim imkanım olmadı ki, belə
geniş təşəkkür edim. Altı il keçəndən
sonra məhz o hadisəyə görə mən sizin
hamınıza təşəkkür edirəm. Çox
sağ olun”.
Anar müəllim yazır ki,
“Heydər Əliyev şəxsiyyətinin əhatəli əks
olunması, onun şəxsən mənim və ailəmizin
taleyində yeri geniş yazının mövzusudur və onun vəfatından
sonra mən belə bir kitabı yazacağımı vəd
etmişdim. Vədimə əməl etdim və həmin kitab
qarşınızdadır”.
Müəllif Heydər Əliyevlə
görüşlərini iki hissəyə bölür,
onları “qiyabi” və “əyani” görüşlər
adlandırır və həmin görüşlərdən
istiqanlılıqla bəhs edir. Kitabda “Qobustan”
jurnalının o zamankı fəaliyyətindən bəhs
olunur, Heydər Əliyevin bu jurnalla əlaqədar fikirləri
verilir, böyük öndərin ayrı-ayrı
yazıçıları necə qoruduğundan, onları
dissident olmasına imkan verməməsindən söhbət
açılır.
“Unudulmaz görüşlər”də
Tərlan Novruzovun “Heydər Əliyev və ədəbiyyat məsələləri”
kitabından faktlar sadalanır. Məlum olur ki,
Heydər Əliyevin “qoruyucu şineli” altında Rəsul Rza,
Mövlud Süleymanlı, Anar, Elçin, Sabir Əhmədov və
digər yazıçı və şairlərin sovet beynəlmiləlçi
rejiminə qarşı ədəbi mücadilələri sovet
rejiminin onlara qarşı ünvanlana biləcəyi sərt tədbirlərdən
kənarda qala bildi. Heydər Əliyev 1999-cu ildə
“Gülüstan” sarayında Rüstəm İbrahimbəyovun
60 illik yubileyindəki çıxışında demişdir
ki, Xəlil Rza, Maqsud və Rüstəm İbrahimbəyov
qardaşları dissident ola bilərdilər... Heydər Əliyev
Anarın da adını çəkir və deyir ki, “o da
dissident idi”.
“... Bir dəfə Moskvadan nümayəndə gəldi ki, belə şey olarmı, ”Qobustan” jurnalında yazıblar ki, Nərimanov Lenindən də böyük adamdır. Dedim, a kişi belə şey olmaz, yəqin sizə səhv deyiblər. Gətirin, baxım. Gətirdilər baxdım. “Qobustan” jurnalında yazıçı İsa Hüseynovun Nəriman Nərimanov haqqında bir yazısı getmişdi. Orada yazmışdı ki, bəli, Nəriman Nərimanov Lenin deyil, Lenindən də üstün bir adamdır. Mən dedim, bilirsiniz nə var, indi yazıçıdır, yazıbdır, sərbəst adamdır. Bu o demək deyil ki, bizim də fikrimiz belədir. Mən bir təhər bu məsələni sovuşdurdum. Amma sonra bunlara dedim ki, yaxşı daha ağ eləməyin”. Heydər Əliyev həmin çıxışında “Qobustan” jurnalında gedən yazılar haqqında demişdir ki, bu yazılar “bizim milli mədəniyyətimizi, milli keçmişimizi, milli ruhumuzu o vaxtlar təbliğ edirdi... İnsanlarda milli ruhu oyadırdı, öz tarixinə, öz keçmişinə öz mədəniyyətinə hörmət və ehtiram yaradırdı...”
Anar müəllimin “Unudulmaz görüşlər”inin bir hissəsi Azərbaycan Yazıçılar Birliyinin keçmiş tədbirlərinə, Heydər Əliyevin birliyin sədrləri ilə əlaqədar dəyərli fikirlərinə, ölkəmizin başçısının 1983-cü ilin aprel ayında Yazıçılar Birliyinin Şüvəlan Yaradıcılıq Evinin açılışında iştirakına, onun oradakı çıxışına, bəzi şair və yazıçıların özlərini necə aparmalarına, Heydər Əliyevin onlarla münasibətinə, Heydər Əliyevlə şəxsi söhbətlərinə, Azərbaycan yazıçılarının 7-ci qurultayının materiallarına, atası, böyük Rəsul Rzanın və anası Nigar Rəfibəylinin xatirələrinə, özünün Yazıçılar Birliyinin sədri (18 iyun 1987-ci il) seçilməsi ilə əlaqədar düşüncə və faktlara... həsr edilmişdir.
Müəllif Brejnevin Bakıya gəlməsini, Heydər Əliyevin Sov. İKP MK Siyasi Bürosuna üzv seçilməsini, Moskvaya gedərkən Vətənə, torpağa çox bağlı bu insanın hiss-həyəcanlarını, bəzi azərbaycanlıların Heydər Əliyev haqqında Moskvaya anonimka göndərmələrini, o zamankı Azərbaycan-Ermənistan münasibətlərini, Qarabağ faciəsinin necə başlanmasını... böyük sənətkarlıqla qələm almışdır.
Kitabdakı materialları oxuduqca görürük ki, Azərbaycanda elə bir ictimai-siyasi hadisə olmayıb ki, Anar müəllim həmin hadisə barədə öz fikrini bildirməsin. Hələ Qarabağ hadisələri başlamamışdan Aqanbekyanın Parisdə təxribatçı çıxışı ilə əlaqədar M. Qorbaçova göndərilən müraciətdə Anarın, Mirzə İbrahimovun, Süleyman Rüstəmin, Bəxtiyar Vahabzadənin, Nəbi Xəzrinin, İsmayıl Şıxlının, Hüseyn Abbaszadənin, Elçinin imzası vardı. İkinci dəfə Qorbaçova göndərilən müraciətə də görkəmli ədəbiyyat və incəsənət xadimləri ilə birgə Anar müəllim də imza atıb. Anar müəllim yazır ki, “Bu məsələlərin bilavasitə Heydər Əliyevin yüksək vəzifələrdən uzaqlaşdırılması ilə bağlı olduğunu və Qorbaçovun ona bədxah münasibətində, şübhəsiz, erməni faktorunun, yaxın ətrafındakı erməni məsləhətçilərinin də rolu həlledici olduğuna əminliyim üçün, bu məsələ üzərində belə ətraflı dayanmağı lazım bildim”.
Kitabda Heydər Əliyevin Şuşaya səfəri, Moskada işçiz olarkən Anar müəllimin ona zəng etməsi, Heydər Əliyevin Moskvadan Vətənə gəlməsi üçün Anarla Rüstəm İbrahimbəyovun Ayaz Mütəllibovun yanına gedib xahiş etmələri, 20 Yanvar hadisələri zamanı Anarın Elmlər Akademiyasında ziyalıların etiraz toplantısını aparması, Anar müəllimin “Beda” (“Müsibət”) adlı yazısının keçmiş sovet respublikalarının hamısının yazıçılar təşkilatlarına və bir çox SSRİ xalq deputatlarına göndərildiyi, Anarın SSRİ Ali Sovetinin ilk iclasında dörd dəfə çıxış edərək, başqa deputatlarımızla bir yerdə bu faciənin baiskarlarının məsuliyyətə cəlb olunmasını tələb etməsi, Qara Yanvar günlərində Heydər Əliyevin həyatını riskə ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib çıxış etməsi, xalqına başsağlığı verməsi, Qorbaçovu kəskin şəkildə tənqid etməsi, bu çıxışından sonra Moskva mətbuatında Heydər Əliyevə qarşı sərt, böhtan kampaniyasının şiddətlənməsi (Azərbaycan kommunist mətbuatı da onlara qoşulmuşdu — X.Q.), sonralar Heydər Əliyevin Azərbaycana müzəffər qayıdışı, uçurum qarşısında olan ölkəni qurub-yaratması, Anar müəllimin Heydər Əliyevlə Bişkekə, Çinə səfəri, Dədə Qorqudun 1300 illik yubileyinin keçirilməsi, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının yaradılması, o vaxt Anar müəllimin Azərbaycan dili ilə əlaqədar Milli Məclisin ilk iclasını açması, şair və yazıçıların yubileylərinin yüksək səviyyədə keçirilməsi üçün Heydər Əliyevin dəstəyi, dövlət rəhbərinin bu yubileylərdə iştirakı və nitqləri geniş yer almışdır.
Heydər Əliyevin Anarla söhbətləri, qəzet məqalələrindən sətirlər, maraqlı günlərin, görüşlərin xatirələri, səfər təəssüratları.. kitabı olduqca oxunaqlı edir.
Anar müəllim Heydər Əliyevin vəfatı xəbərini necə qarşılamasını çox təsirli şəkildə təsvir edir, bir bayatını xatırlayır:
Burdan bir atlı getdi,
Atın oynatdı getdi.
Gün kimi şəfəq saçan,
Ay kimi batdı getdi.
Anar müəllim yazır ki, bu bayatının son misrası heç vəchlə Heydər Əliyevə aid ola bilməz. O, ay kimi batmadı, onun şəfəqləri həmişə Azərbaycanımızı işıqlandıracaq.
Xeyrəddin Qoca
Xalq qəzeti.- 2009.- 14 iyun.- S. 6.