Heydər Əliyevin xarici siyasətində nəqliyyat-kommunikasiya
və enerji dəhlizləri məsələsi
Tarixən Azərbaycanın əlverişli geostrateji və
coğrafi mövqeyi ona həm Şərq-Qərb, həm də
Şimal-Cənub əlaqələrində əsas
körpü kimi çıxış etməyə imkan verib.
Lakin müstəqil dövlətin olmaması və müstəqil
siyasətin yürüdülməməsi səbəbindən
bu əlverişli mövqedən Azərbaycanın
maraqlarına uyğun şəkildə istifadə etmək
mümkün olmamışdı. Yalnız ümummilli lider
Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişindən
sonra Azərbaycan bu imkandan yararlanmağa
başlamışdır. Bu gün ölkənin istər
regionda, istərsə də ümumilikdə dünyada
tutduğu mövqe və rola nəzər salanda tam əminliklə
söyləmək olar ki, Heydər Əliyevin uzaqgörən
siyasəti nəticəsində Azərbaycan öz tarixi
missiyasını yerinə yetirmək imkanı əldə
edib.
Heydər Əliyev
1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra
respublikanın beynəlxalq əhəmiyyətli qlobal nəqliyyat-kommunikasiya
xətlərinin kəsişdiyi əlverişli coğrafi məkanda
yerləşməsini nəzərə alaraq, Azərbaycanda bu
sahənin yenidən qurulması və modernləşdirilməsini
iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən
biri kimi müəyyənləşdirdi.
Yeri gəlmişkən,
bu strateji siyasi kurs Azərbaycan Prezidenti İlham Əliyevin də
son 5 il ərzində qlobal enerji və nəqliyyat-kommunikasiya
layihələrinin gerçəkləşdirilməsi istiqamətindəki
fəaliyyətinin əsasını təşkil edib.
İlham Əliyevin 24 noyabr 2004-cü il tarixli “Azərbaycan
Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi
tədbirləri haqqında” fərmanı və 11 fevral tarixli
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafına dair” Dövlət Proqramında da nəqliyyat-kommunikasiya
şəbəkəsinin modernləşdirilməsinə və
yenidən qurulmasına xüsusi diqqət ayrılıb.
Qeyd edilməlidir ki,
2004-cü ildən etibarən Azərbaycan hökuməti daxili
nəqliyyat-kommunikasiya infrastrukturunun inkişaf etdirilməsi,
ölkəni xarici dövlətlərlə birləşdirən
quru, dəniz, hava və dəmir yolu strukturlarının, yol və
limanların, nəqliyyat və daşıma vasitələrinin
yeniləşdirilməsi və yenidən qurulması
üçün iri investisiya layihələri həyata
keçirməyə başlayıb. Təkcə 2008-ci ildə
ölkədə yol-nəqliyyat və digər bu yönlü
infrastrukturun genişləndirilməsi və yenidən
qurulmasına 2 milyard manatdan artıq vəsait ayrılıb.
Vaxtilə regionda və
ümumilikdə dünyada gedən qlobal prosesləri nəzərə
alan Heydər Əliyev Azərbaycanın beynəlxalq inteqrasiya
prosesində iştirakı baxımından olduqca vacib olan
transmilli yükdaşımaya, nəqliyyat-kommunikasiya dəhlizlərinin
yaradılması prosesinə xüsusi önəm verirdi və
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri
layihələrini birmənalı şəkildə dəstəkləyirdi.
Məlum olduğu kimi, nəqliyyat
dəhlizlərini və kommunikasiyalarını bəzən həyat
arteriyası adlandırırlar. Çünki bunlar olmadan, zəngin
təbii resurslara malik dövlətlər belə
iqtisadiyyatının dirçəlişi və
inkişafını təmin edə, dünya ölkələri
ilə sərbəst ticarət əlaqələri qura bilməz.
Odur ki, nəqliyyat-yükdaşıma sisteminə nəzarət
etmək xarici ticarətə təsir imkanlarını əlində
saxlamaq dünyada bu günün əsas geostrateji tələblərindəndir.
Təsadüfi deyil ki,
müxtəlif geosiyasi güc mərkəzləri arasında
gedən beynəlxalq rəqabət yalnız təbii ehtiyatlar
deyil, həm də bu ehtiyatları dünya bazarlarına
çıxaracaq vasitələr - nəqliyyat dəhlizləri
və kommunikasiyalar uğrunda aparılır.
SSRİ-nin
dağılması və vaxtilə Sovet İttifaqının
tərkibinə daxil olan respublikaların müstəqillik
qazanmasından sonra Şərq-Qərb nəqliyyat-kommunikasiya
və enerji dəhlizləri məsələsi daha aktual
xarakter aldı. Regionu nəzarətində saxlamağa və
alternativ enerji dəhlizlərinin yaranmasına mane olmağa
çalışan Rusiyanın müqavimətinə baxmayaraq,
Amerika Birləşmiş Ştatları və Avropa
İttifaqı bu istiqamətdə səylərini aktivləşdirdilər.
Onlar TRASEKA adlanan layihə çərçivəsində
Avropanı Asiya ilə birləşdirən nəqliyyat-kommunikasiya
sisteminin qurulmasına, şərti olaraq “Böyük İpək
yolu” adlandırılan transmilli layihənin həyata
keçirilməsinə başladılar.
Bu gün rusiyalı
analitiklər bildirirlər ki, Qərb, ilk növbədə isə
Birləşmiş Ştatlar, Rusiyadan yan keçən qlobal nəqliyyat
dəhlizi yaratmaqla, faktiki olaraq, Moskvanın Avrasiyadakı
monopoliyasına son qoydular. 1995-ci ildə ABŞ-da nüfuzlu
amerikalı siyasətçilər və politoloqların
iştirakı ilə keçirilmiş konfransda açıq
şəkildə bəyan edilib ki, “bu gün infrastruktur dəhlizlərinə
nəzarət, dünya siyasətində dominantlıq
üçün əsas vasitədir”.
Rusiyanın müqavimətinə
gəldikdə, qeyd olunmalıdır ki, Moskva SSRİ dönəmində
oynadığı rolu indi oynaya bilmir. Çünki SSRİ
Avropa ilə Asiyanı birləşdirən güclü nəqliyyat
sisteminə malik idi və ildə yalnız tranzit daşımalardan
milyardlarla dollar gəlir götürürdü. Sovet
İttifaqının dağılmasından sonra isə bu
tranzit yollarının böyük əksəriyyəti
keçmiş sovet respublikalarının ərazilərində
qaldı. Yalnız bir faktı söyləmək kifayətdir
ki, 1990-cı illə müqayisədə, TRANSSİBİR dəmir
yolu ilə daşınan yüklərin həcmi 6 dəfə,
konteyner daşımalarının həcmi isə 8 dəfə
azalıb.
Digər tərəfdən,
bu gün nəqliyyat-kommunikasiya sahəsində əvvəlki
mövqelərini bərpa etməyə çalışan
Rusiya artıq dünya birliyi tərəfindən dəstəklənən
iri layihələrlə rəqabət aparmaq məcburiyyətində
qalır.
Bu layihələrin ən
önəmlilərindən biri, məhz Azərbaycanın
mühüm rol oynadığı TRASEKA layihəsidir.
Qeyd edək ki, bu, Avropa
İttifaqının SSRİ dağıldıqdan sonra – 1991-ci
ildən hazırladığı və maliyyələşdirdiyi
TASİS proqramı çərçivəsində
reallaşdırılan ən iri layihələrdən biridir.
TASİS proqramı ilə Avropa İttifaqı yeni, müstəqil
dövlətlərdə iş aparmaq, demokratik islahatlar
keçirmək, bazar iqtisadiyyatı infrastrukturları yaratmaq,
ölkələrarası ticarət, nəqliyyat, gömrük-keçid
işlərini inkişaf etdirmək niyyətini ortaya
qoymuşdu. Və məhz bu proqram çərçivəsində
1993-cü ildə Brüsseldə Avropa İttifaqının təşəbbüsü
ilə TRASEKA (Trans-Europe-Caucasus-Asia) layihəsi irəli
sürüldü və Azərbaycan, Gürcüstan,
Qazaxıstan, Qırğızıstan, Özbəkistan,
Türkmənistan, Tacikistan və Ermənistan nümayəndələrinin
iştirakı ilə onun müzakirəsi keçirildi.
Müzakirənin nəticəsi olaraq imzalanmış
“Brüssel bəyannaməsi”nə əsasən, qədim Şərq-Qərb
“İpək yolu” dəhlizinin yeni şəraitdə bərpası,
nəqliyyat-kommunikasiya infrastrukturlarının yenidən
qurulması və inkişaf etdirilməsi qərara
alındı.
Bu layihəni
reallaşdırmaqda Avropa İttifaqı ilk növbədə
müstəqil dövlətlərin alternativ nəqliyyat dəhlizləri
vasitəsilə Avropa və dünya bazarlarına
çıxışını təmin etmək, bu dövlətlərin
siyasi və iqtisadi cəhətdən ətraf ölkələrdən
asılılığının qarşısını almaq,
regional əməkdaşlığın möhkəmlənməsinə
şərait yaratmaq və beynəlxalq maliyyə mərkəzlərinin
regiona sərmayə qoyuluşunu həvəsləndirmək
istəyirdi.
Azərbaycanın əlverişli
coğrafi mövqeyi, bu nəqliyyat dəhlizinin əsas məntəqələrindən
biri kimi çıxış etməsi və Prezident Heydər
Əliyevin Şərq-Qərb nəqliyyat-kommunikasiya və
enerji dəhlizləri məsələsində tutduğu
prinsipial mövqe və yürütdüyü uzaqgörən
xarici iqtisadi siyasət, TRASEKA layihəsinin reallaşmasına
mühüm töhfə verdi.
TRASEKA layihəsi üzrə
ən mühüm tədbir – beynəlxalq konfrans da məhz
Heydər Əliyevin diplomatik səyləri ilə 1998-ci ilin
sentyabrında Bakıda keçirilib. Həmin konfransda 32
ölkənin və 13 beynəlxalq təşkilatın
nümayəndələri layihənin
reallaşdırılmasının texniki və iqtisadi tərəflərini
özündə əks etdirən “Avropa-Qafqaz-Asiya nəqliyyat
dəhlizinin inkişaf etdirilməsi üzrə beynəlxalq nəqliyyat
haqqında çoxtərəfli əsas saziş” (Əsas
Saziş) adlanan mühüm sənədi imzalayıblar.
Bu sənədin ərsəyə
gəlməsində də Heydər Əliyevin əvəzsiz
xidmətləri olub. Təsadüfi deyil ki, TRASEKA hökumətlərarası
komissiyasının daimi katibliyinin mənzil-qərargahı da
Bakı şəhərində yerləşir. 21 fevral 2001-ci
ildən Bakıda fəaliyyətə başlayan TRASEKA
hökumətlərarası komissiyası daimi katibliyinin ofisi
“Böyük İpək Yolu” boyunca hərəkət edən
beynəlxalq yüklərin daşınma və hərəkətini
tənzimləmək, Əsas Sazişə qoşulan ölkələrdə
qanunvericilik və maliyyə-iqtisadi mühitlə bağlı
məsələlərin həll edilməsinə kömək
məqsədilə yaradılıb.
Avropa-Qafqaz-Asiya ölkələri
arasında yüklərin daşınmasını təmin edən
bu layihə keçən illərdə Azərbaycan
iqtisadiyyatının inkişafında, nəqliyyat
infrastrukturunun formalaşmasında ciddi rol oynayıb.
Şərqlə Qərb
arasında körpü rolunu oynayan Azərbaycanın
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsində
aparıcı yer tutması respublikanın dünya ölkələri
ilə inteqrasiyasının daha da dərinləşməsinə
xidmət edir. Bu isə nəinki iqtisadi, həm də siyasi
sabitlik və təhlükəsizlik baxımından
böyük əhəmiyyətə malikdir.
Bundan başqa, TRASEKA
layihəsi Avropa ilə Asiya arasında nəqliyyat yolunu
qısaltmaqla, külli miqdarda vəsaitə qənaət etmək
imkanı yaradır. Bu gün Avropa ilə Asiya arasında ticarət
dövriyyəsinin həcmi 2 trilyon dolları ötür, nəqliyyat
xərcləri isə ildə 200 milyard dollara çatır. Nəzərə
alsaq ki, TRASEKA layihəsi çərçivəsində
malların daşınması, hazırda Avropa ilə Cənubi
Asiyanı birləşdirən Süveyş kanalından 20
gün tez başa gəlir, onda yaxın gələcəkdə
Azərbaycanın dünyanın əsas tranzit ölkələrindən
birinə çevriləcəyini proqnozlaşdırmaq olar.
2009-cu ildən Avropa
Komissiyası TRASEKA proqramı çərçivəsində
üç layihənin reallaşdırılmasına
başlayıb. Bunlardan birincisi “Qərbi MDB və Qafqaz ölkələri
üçün beynəlxalq logistika mərkəzləri”
layihəsidir. Bu layihənin əsas vəzifəsi logistika
imkanlarının, şəbəkələrin və multimodal
nəqliyyatın qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi
yolu ilə beynəlxalq ticarət və malların TRASEKA dəhlizi
ilə hərəkətinə yardım etməkdir. Layihə
çərçivəsində TRASEKA dəhlizi üzrə
logistika mərkəzləri şəbəkəsinin
yaradılmasını nəzərdə tutan maliyyə,
texniki, ekoloji və institusional şəraitin
yaradılması, tədqiqatların aparılması
planlaşdırılır. Bu layihə Azərbaycan, Ermənistan,
Gürcüstan, Moldova və Ukraynanı birbaşa,
Bolqarıstan, Rumıniya və Türkiyəni isə bilavasitə
əhatə edəcək.
Bundan əlavə,
“TRASEKA ölkələrində aviasiya sahəsində ictimai və
texniki təhlükəsizlik” layihəsinin gerçəkləşdirilməsinə
başlanılıb. Reallaşma müddəti 24 ay olan bu layihə
Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan,
Qazaxıstan, Qırğızıstan, Moldova, Rumıniya,
Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistanı əhatə
edəcək. Layihədə məqsəd Avropa İttifaqı
ilə qonşu ölkələrdə, həmçinin Mərkəzi
Asiya ölkələrində mülki aviasiya sahəsində
beynəlxalq və Avropa standartlarına uyğun hava nəqliyyatının
ictimai və texniki təhlükəsizliyinin təkmilləşdirilməsidir.
Nəhayət,
reallaşdırılmasına başlanılan
üçüncü layihə “Qara və Xəzər dənizlərində
dəniz magistralları” layihəsidir. Beş ölkəni – Azərbaycan,
Gürcüstan, Qazaxıstan, Türkmənistan və
Ukraynanı əhatə edən layihədə məqsəd
Qara və Xəzər dənizlərində
qarşılıqlı fəaliyyət şəbəkəsinin
təkmilləşdirilməsi və multimodal nəqliyyat yolu
ilə Avropa-Qara dəniz regionu - Qafqaz-Mərkəzi Asiya dəhlizində
ticarətə və nəqliyyata yardımın göstərilməsidir.
Layihənin əsas vəzifəsi Qara dəniz və Xəzər
dənizinin qonşu ölkələrini Avropa
İttifaqının genişlənmiş ərazisi ilə
birləşdirən “Dəniz magistralları” konsepsiyasına
uyğun əlverişli intermodal yük nəqliyyatına təsir
və dəstək göstərməkdən ibarətdir. Layihə
başlıca olaraq, dəmiryolu, avtomobil və çox
güman k, eləcə də
İliçiyevck-Odessa-Poti-Bakı-Aktau marşrutu üzrə
daxili su nəqliyyatını nəzərdə tutur.
Ümummilli lider Heydər
Əliyevin həyata keçirdiyi tranzit-keçid dəhlizləri
siyasəti sahəsində əldə olunmuş ən
böyük uğurlardan biri də Bakı-Tbilisi-Qars dəmir
yolunun inşası layihəsidir. Bu layihə ciddi regional əhəmiyyətə
malik olmaqla yanaşı, XXI əsrdə Asiya ilə
Avropanı birləşdirən ən mühüm transmilli nəqliyyat
dəhlizinə çevriləcək və regionda təhlükəsizliyin
daha da artırılmasına xidmət edəcək.
Bakı-Tbilisi-Qars dəmir
yolu layihəsi, ilk növbədə TRASEKA-nın rəqabət
qabiliyyətliliyini artırmaq üçün nəqliyyat
daşımalarına tətbiq olunan rüsum və tariflərin
rasional səviyyəsinin müəyyən edilməsini və
ucuzlaşmasını təmin edəcək.
Dəmir yolunun tikintisi
layihəsi üzrə üçtərəfli Azərbaycan-Gürcüstan-Türkiyə
deklarasiyası 2005-ci il mayın 25-də Azərbaycan,
Gürcüstan və Türkiyə prezidentləri tərəfindən
imzalanıb. Azərbaycanın təkidi ilə Ermənistan bu
layihədən kənarda saxlanılıb ki, bu da dərhal bəzi
beynəlxalq təşkilatlar və dövlətlərin bu
layihənin reallaşmasına mane olmaq üçün hərəkətə
keçməsini şərtləndirib.
Ümumiyyətlə, Azərbaycanın
iştirak etdiyi və Ermənistandan yan keçən
bütün beynəlxalq layihələrin reallaşmasına
dünyada və regionda mane olmaq istəyən qüvvələr
olub və bu gün də var. Amma Bakı-Tbilisi-Ceyhan,
Bakı-Tbilisi-Ərzurum kimi layihələr, əsasən,
Rusiyanın müqaviməti ilə üzləşirdisə,
Bakı-Tbilisi-Qars layihəsi Birləşmiş
Ştatların bəzi dairələrinin də
narazılığı ilə rastlaşdı: 2006-cı ildə
ABŞ Prezidenti Corc Buş erməni lobbisinin təsiri ilə
Qars-Axalkalaki-Bakı dəmir yolu layihəsinin maliyyələşdirilməsinə
qadağa qoyan qanunu imzaladı.
Lakin Azərbaycan rəhbərliyinin
prinsipiallığı və qətiyyəti bu dəfə də
öz nəticəsini verdi və Prezident İlham Əliyevin
diplomatik səyləri nəticəsində, 2007-ci ilin
fevralında Tbilisidə bu dəmiryolunun tikintisinə dair
çərçivə sazişi imzalandı.
Layihə çərçivəsində
105 km uzunluğunda yeni dəmiryolu (76 km Türkiyə və 29
km Gürcüstan ərazisindən keçməklə)
qurulacaq. Bundan əlavə, Gürcüstanda dəmiryolunun 183
km-lik hissəsinin rekonstruksiya edilməsi, qatarların
Gürcüstandakı mövcud dəmiryollarından sonra
Avropa dəmiryollarında hərəkət edə bilməsi
üçün Axalkalakidə keçid məntəqəsinin
tikilməsi nəzərdə tutulur.
422 milyon, infrastrukturla
birlikdə isə 600 milyon dollar həcmində dəyərləndirilən
bu layihə reallaşdırılandan sonra yüklərin
Türkiyəyə və Avropanın şimalı ilə Aralıq
dənizi regionuna, Rusiya və Qazaxıstandan Azərbaycan vasitəsilə
Gürcüstana daşınmasına imkan yaranacaq. Analitiklərin
fikrincə, ilk vaxtlar illik yük buraxılışı 5
milyon ton olacaq bu dəmir yolu, üç ildən sonra 10-15
milyon ton, tam gücü ilə işləməyə başlayanda
isə 20 milyon ton yük daşıya biləcək.
2007-ci ilin fevralında
Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin
imzaladığı yekun razılaşmadan sonra isə dəmir
yolunun inşasına başlanılıb.
Göründüyü
kimi, Azərbaycan, bu dəmir yolu layihəsinin, demək olar ki,
lokomotivi hesab olunur. Onun maliyyə dəstəyi nəticəsində
həm Türkiyə sərhədindən Gürcüstana, həm
də Gürcüstandan Azərbaycan sərhədinə qədər
tikilməsi və modernləşdirilməsi nəzərdə
tutulan dəmiryol layihəsi artıq reallaşmağa
başlayıb. Yaranan maliyyə problemləri də birbaşa
Azərbaycanın köməyi ilə həll olunur. Məsələn,
Azərbaycan dəmir yolunun Gürcüstandan keçən
hissəsinin tikintisinə 220 milyon ABŞ dolları həcmində
kredit ayırıb. İllik 1 faizlə 25 il müddətinə
verilən bu krediti Gürcüstan dəmir yolu işə
düşəndən sonra özünün tranzit gəlirləri
hesabına ödəyəcək.
Təbii ki, bütün
bu addımlar - istər alternativ nəqliyyat-kommunikasiya, istərsə
də enerji dəhlizlərinin açılması yük və
enerji daşımalarında monopolist mövqeyindən məhrum
ola biləcək Rusiyada narazılıqla qarşılanıb.
Məsələn,
“Böyük İpək Yolu”nun bərpasına dair TRASEKA layihəsinə
görə, bu gün Avropa İttifaqından Cənubi Asiyaya
aparılan yüklər daha çox Cənubi Qafqaz və Mərkəzi
Asiya vasitəsilə daşınır. Bu mənada, Rusiya yeni
formalaşan transkontinental nəqliyyat sistemində ciddi rəqabətlə
üzləşib.
Rusiyanın Avrasiya qitəsinin,
təxminən, 30 faizini təşkil etdiyini nəzərə
alsaq, bu ölkə Avropa ilə Asiya arasında nəqliyyat
körpüsü oynaya bilən geosiyasi güc mərkəzi
funksiyasını öz üzərinə götürməyə
çalışır.
Həmçinin unutmaq
olmaz ki, Avropa İttifaqının 9 beynəlxalq nəqliyyat dəhlizindən
3-ü Rusiyanın ərazisindən keçir.
Bütün bunları nəzərə
alan rusiyalı ekspertlərin hesablamalarına görə, bu
ölkə Avropa-Asiya yükdaşımalarının, təxminən,
15 faizini “nəzarətə götürmək”
iqtidarındadır. İnkişaf etmiş ölkələrin
illik ixracat həcminin 250 milyard dollara
çatdığını nəzərə alsaq, söhbət
külli miqdarda vəsaitdən gedir.
Odur ki, Moskva
reallaşdırılan yeni layihələrin qeyri-rentabelli və
effektsiz olması haqda təsəvvür formalaşdırmaqla
yanaşı, həm də alternativ planlar səsləndirməkdədir.
Rusiya hökumətinin qəbul
etdiyi “Beynəlxalq nəqliyyat dəhlizlərinin
inkişafı” federal proqramı da məhz bu mövqelərin
bərpasına yönəlib.
2000-ci il sentyabrın
12-13-də Sankt-Peterburqda Nəqliyyat Məsələlərinə
dair II Beynəlxalq Avrasiya Konfransı keçirilib və burada
37 ölkədən 500-dən artıq nümayəndə
iştirak edib. Bu tədbirdə iştirak edənlər də
Rusiyanın ərazisindən istifadənin, onun nəqliyyat
kommunikasiyaları və yük daşınma
imkanlarının Avrasiyanın iqtisadi-ticarət əlaqələrinin
möhkəmlənməsi baxımından əhəmiyyətini
bir daha vurğulayıblar.
Məhz bu konfransda Şərqi
Avropanı Yaxın Şərq və Cənubi Asiya ilə birləşdirəcək
“Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılmasına
dair sənəd imzalanıb. Qeyd edək ki, bu dəhliz
TRASEKA-ya alternativ olaraq Rusiya, Hindistan və İran tərəfindən
ortaya atılan layihə olsa da, Azərbaycan məmnuniyyətlə
ona qoşulmağa razılıq vermişdir. Bu dəhlizin fəaliyyəti
Hindistandan gələn yüklərin gəmi vasitəsilə
Süveyş kanalından keçib, Ümid burnunu dolanaraq
İranın Bəndər-Abbas limanına
çatdırılmasını, buradan da onların dəmiryolu
vasitəsilə Azərbaycan ərazisindən keçməklə
Rusiya və digər ölkələrə ötürülməsini
nəzərdə tutur.
Azərbaycanın bu
layihəyə münasibətini rəsmi Bakının
uzaqgörən və müstəqil siyasət
yürütdüyünün daha bir göstəricisi saymaq
olar.
Belə ki, Azərbaycan
Şimal-Cənub nəqliyyat dəhlizində də iştirak
etməyə hazır olduğunu bəyan etməklə,
mühüm siyasi və iqtisadi dividentlər qazanıb. 2001-ci
ilin aprelində Tehranda Rusiya və İran arasında nəqliyyat
sahəsində imzalanmış memorandumda qeyd edilir ki,
Şimal-Cənub nəqliyyat dəhlizinin genişləndirilməsi
üçün məqsədəuyğun istiqamətlərdən
biri də Rusiya-Azərbaycan-İran dəmir yolu marşrutunun
inkişaf etdirilməsidir.
Azərbaycan layihəyə
qoşulmaqla, bir tərəfdən Rusiya, İran və
başqa qonşularla Şərq-Qərb
daşımalarında yaranmış gərginliyi aradan
qaldırmağa nail oldu. Digər tərəfdən, bu nəqliyyat
dəhlizindən əldə edəcəyi tranzit və
gömrük rüsumları gəlirlərindən başqa, həm
də daha çox perspektivdə Naxçıvan Muxtar
Respublikasının blokadadan çıxarılması
imkanı maraqlandırır. Azərbaycan İran vasitəsilə
Naxçıvanla dəmir yolu əlaqəsi qurmağa
çalışır.
Beləliklə, Azərbaycanın
əlverişli geoiqtisadi mövqeyi ona həm Şərq-Qərb,
həm də Şimal-Cənub əlaqələrində əsas
körpü rolunda çıxış etməyə imkan
verir. Faktiki olaraq iki nəhəng nəqliyyat dəhlizinə
qoşulan Azərbaycan özünün iqtisadi müstəqilliyini
artırmaqla yanaşı, həm də Avropa və dünya
bazarlarına alternativ nəqliyyat marşrutları ilə
çıxmaq imkanı qazanır, regionda enerji və yük
axınları üçün qovşaq rolunu oynayır.
Heydər Əliyev Azərbaycanın
regionda və dünyada aparıcı mövqeyini bir daha təsdiqləyən
və ölkəmizin iqtisadi və siyasi təhlükəsizliyi
baxımından mühüm rol oynayan amil kimi enerji dəhlizləri
və daşımaları məsələsinə də
xüsusi önəm verirdi.
Məlum olduğu kimi,
dünyanın müasir geosiyasi hədəflərinə təsir
edən əsas faktorlardan biri məhz enerji və karbohidrogen
ehtiyatlarının təhlükəsiz yollarla dünya
bazarlarına çatdırılmasıdır. Bu mənada, Mərkəzi
Asiya və Xəzər hövzəsinin karbohidrogen
ehtiyatlarının ixrac marşrutları, bu xətlərin
hansı ölkələrin ərazilərindən keçməsi
məsələsi mühüm geosiyasi əhəmiyyət
daşıyır. Bu amil isə, öz növbəsində,
ixrac boru kəmərlərinin çoxvariantlılığını
zəruri edir.
Vaxtilə Xəzər
hövzəsində hasil edilən neft və qaz SSRİ-nin
daxili tələbatını ödəmək
üçün istifadə edildiyindən, enerji
daşıyıcıları müxtəlif kəmərlərlə
yalnız Rusiyanın mərkəzi rayonlarına
daşınırdı. SSRİ-nin süqutundan sonra da Moskva
bölgənin enerji daşıyıcılarının nəqli
üçün ənənəvi marşrutların
saxlanılmasına və bununla da, bütün bölgə
ölkələrinə təsir rıçaqlarının
qorunub saxlanmasına çalışırdı. Ona görə
də ilk günlərdən Xəzər hövzəsinin ucuz
enerji ehtiyatları üzərində nəzarətini saxlamaq
üçün Rusiya müxtəlif vasitələrdən
istifadə etməyə başladı. Lakin bütün cəhdlərə
baxmayaraq, Azərbaycan, ABŞ və Avropa İttifaqının
səyi ilə reallaşan yeni layihələrə mane ola bilmədi.
Azərbaycan öz enerji
ehtiyatlarını dünya bazarına sərbəst
çıxarmaq üçün bir neçə alternativ dəhlizin
yaradılmasını vacib sayaraq, bu istiqamətdə öz tərəfdaşları
ilə birgə işə başlayır və bütün
maneələrə baxmayaraq, məqsədinə nail olur.
İlk olaraq, 1996-cı
ilin yanvar ayında “Azərbaycan neftinin Bakı-Novorossiysk
marşrutu ilə nəql edilməsi haqqında” Rusiya
Federasiyası ilə Azərbaycan Respublikası arasında
hökumətlərarası saziş imzalanır. 1997-ci ilin 12
oktyabrında isə həmin marşrut işə
salınır. Şimal İxrac Marşrutu adlandırılan
bu kəmər Səngəçal terminalından Xəzər
dənizi sahili boyunca Rusiya ərazisindən Novorossiysk
limanına neftin nəqlini nəzərdə tutur.
Uzunluğu 1400 kilometr,
ötürmə qabiliyyəti gündə 115 min barel olan bu
boru kəməri hələ SSRİ dövründən
mövcud idi. Lakin bu kəmərin bir sıra qüsurları
var idi ki, buna görə də yeni şəraitdə onun
istismarı o qədər də sərfəli deyildi. Yüksək
nəqliyyat məsrəfləri, məhdud
ötürücülük qabiliyyəti və bahalı Azərbaycan
neftinin ucuz Sibir nefti ilə qarışdırılması bu kəmərin
Azərbaycan üçün ən ciddi qüsuru idi. Lakin Rusiya
ilə kompromis tapmaq məqsədi ilə Azərbaycan neftin bir
qisminin bu kəmərlə nəqlinə razılıq verdi.
Azərbaycan neftinin nəql
olunduğu ikinci marşrut Qərb İxrac Kəməri -
Bakı-Supsa idi. Bu kəmər 1999-cu il aprelin 17-də istismara
verilib. Uzunluğu 850 kilometr, illik buraxılış qabiliyyəti
5 milyon tondur. Bakı-Supsa neft kəməri Səngəçal
terminalından Azərbaycan ərazisi ilə keçərək
Gürcüstanın Qara dəniz sahillərində Supsa
terminalınadək uzanır. Qeyd edək ki, bu kəmərin
tikintisi zamanı köhnə Bakı-Batumi (150 kilometr-lik) kəmərinin
qalıqlarından istifadə olunmuşdur.
Heydər Əliyevin neft
strategiyasının ən böyük uğuru, Azərbaycanın
enerji daşıyıcılarının dünya bazarına
çıxaracaq yeni, alternativ əsas ixrac boru kəməri -
Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşması oldu.
Məsələnin
aktuallığı həm Bakı-Novorossiysk və
Bakı-Tbilisi-Supsa neft kəmərlərinin Azərbaycanın
getdikcə artan ehtiyaclarını ödəyə bilməməsi,
həm də birinci kəmərin geosiyasi baxımdan rəsmi
Bakıya təzyiq vasitəsinə çevrilə biləcəyi
ilə bağlı idi.
Bakı-Tbilisi-Ceyhan layihəsinin
reallaşması asan başa gəlmədi. Əvvəla ona
görə ki, Bakı-Novorossiysk və Bakı-Supsa layihələrindən
fərqli olaraq, bu kəmərin inşası regionun iki
aparıcı geosiyasi oyunçusu - Rusiya və İranın
açıq və dolayı müqaviməti ilə üzləşmişdi.
İran kəmərin marşrutu ilə bağlı narazı
olduğu halda, Rusiya ümumilikdə layihənin gerçəkləşməsinə
bütün gücü ilə mane olmağa
çalışırdı.
Belə bir prinsipial məsələdə
qətiyyət və prinsipiallıq nümayiş etdirən
Heydər Əliyev sonda kəmərin ən optimal variantı
üzərində dayandı: o, regionun geosiyasi mənzərəsini
və mövcud beynəlxalq münasibətlər sistemini nəzərə
alaraq, Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə
çəkilməsini vacib saydı.
1999-cu il noyabrın 18-də
İstanbulda keçirilmiş ATƏT-in sammiti çərçivəsində
“Bakı-Tbilisi-Ceyhan” əsas ixrac boru kəməri vasitəsilə
Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən
Xəzər dənizindən çıxarılan əsas xam
neftin nəqli haqqında” Sazişin ABŞ Prezidenti Bill
Klintonun iştirakı ilə Azərbaycan Prezidenti Heydər Əliyev,
Türkiyə Prezidenti Süleyman Dəmirəl və
Gürcüstan Prezidenti Eduard Şevardnadze tərəfindən
imzalanması region ölkələrinin strateji əməkdaşlığı
və Avropaya inteqrasiyası sahəsində ciddi addım idi.
Bütün çətinliklər
və problemlərə baxmayaraq, 2002-ci il sentyabrın 18-də
Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin
iştirakı ilə dünyanın ən böyük enerji
layihəsi olan BTC-nin əsası qoyuldu. 4 ildən sonra -
2006-cı il iyulun 13-də kəmər istifadəyə verildi.
Bununla da, yalnız Azərbaycanın
deyil, ümumilikdə regionun və Avropa məkanının
enerji təhlükəsizliyinə xidmət edən strateji bir
layihə əfsanədən gerçəkliyə
çevrildi.
Qeyd edək ki, BTC-nin
istismar müddəti 40 ildir, sonuncu 15 ili Azərbaycanın tam
mülkiyyətinə keçəcək.
2007-ci il iyunun 16-da BTC layihəsinə
rəsmən Qazaxıstan da qoşuldu. Həmin gün
Almatıda Qazaxıstan və Azərbaycan prezidentləri
Qazaxıstan neftinin Xəzər dənizi və Azərbaycan ərazisindən
keçməklə Bakı-Tbilisi-Ceyhan vasitəsi ilə
dünya bazarlarına çıxmasına dəstək və
yardım barədə saziş imzaladılar. Bu
razılaşma Qazaxıstan neftinin BTC ilə nəql
olunması məqsədilə Aktau-Bakı sisteminin
yaradılmasını nəzərdə tutur.
Qeyd edək ki,
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri həm layihənin
bilavasitə iştirakçısı olan dövlətlərin
iqtisadi maraqlarını təmin edir, həm də
hazırkı dövrdə son dərəcə aktual olan enerji
təhlükəsizliyi probleminin həlli baxımından
geniş imkanlar açır.
Məlum olduğu kimi, Qərb
dövlətləri Xəzər hövzəsinə
çıxış imkanı əldə etmək və neft
idxalında alternativ imkanlar qazanmağa birqütblü enerji
asılılığından azad olmaq üçün əsas
vasitə kimi yanaşırlar. Bu amil Azərbaycanın Cənubi
Qafqazdakı strateji mövqeyini və nüfuzunu daha da
artırır, respublikanın Avroatlantik məkana
inteqrasiyası üçün geniş şərait
yaradır.
Qeyd etmək lazımdır
ki, bu layihənin yalnız Heydər Əliyevin qətiyyəti,
prinsipiallığı və uzaqgörənliyi sayəsində
baş tutduğunu layihənin bütün
iştirakçıları etiraf edirlər. Kəmərə
Azərbaycanın ümummilli liderinin adının verilməsi
də təsadüfi deyil.
Beləliklə, Azərbaycan
Qərbə alternativ enerji daşımaları
üçün imkan qazanaraq birqütblü boru kəməri
asılılığından çıxmağı
bacardı.
Bakı-Tbilisi-Ceyhandan
sonra regionun ikinci ən böyük enerji layihəsi olan
Bakı-Tbilisi-Ərzurum qaz kəməri də olduqca strateji əhəmiyyətli
bir layihədir. Özü də bu gün – Avropanın
Rusiyadan enerji asılılığı mövzusunun son dərəcə
aktuallaşdığı dövrdə bu layihənin əhəmiyyəti
getdikcə daha da artır.
Bu kəmərin fəaliyyəti
sayəsində Azərbaycan Qərbin mühüm qaz
ixracatçısı və qlobal enerji təhlükəsizliyinin
təminatçılarından birinə çevrilib.
Bakı-Tbilisi-Ərzurum
boru kəməri Azərbaycan qazının “Şahdəniz”
yatağından Türkiyə vasitəsi ilə Avropa
bazarlarına nəqli üçün yaradılıb. Kəmərin
uzunluğu 690 kilometr-dir (442 kilometr – Azərbaycan hissəsi,
248 kilometr – Gürcüstan hissəsi). İlkin ötürmə
qabiliyyəti ildə 7-8 milyard, maksimal
ötürücülük imkanı isə 20 milyard kub. m olan
kəmər 2006-cı ildə istismara verilib. Artıq 2007-ci
ilin sonundan Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə
ötürülən Azərbaycan qazı Türkiyə və
İtaliya qaz sisteminin birləşməsi nəticəsində
İtaliyaya ötürülməyə başlayıb.
Bakı-Tbilisi-Ərzurum
qaz kəməri Azərbaycanın 1994-cü ildən
başlayaraq həyata keçirdiyi enerji strategiyasının
mühüm tərkib hissəsidir. Bu kəmər Cənubi
Qafqazda strateji reallığı Azərbaycanın xeyrinə dəyişib,
Türkiyə, Gürcüstan və Azərbaycanın enerji
şəbəkələrini mərkəzləşmiş
sistemə çevirib və nəhayət, Şərq-Qərb
nəqliyyat dəhlizinin əhəmiyyətini xeyli
artırıb.
Amma təbii ki, onilliklər
boyu regionun enerji ehtiyatlarına nəzarət etmiş Rusiya
alternativ qaz xətlərinin inşasına da olduqca
qısqanclıqla yanaşır. Çünki bununla Rusiya qismən
öz inhisarçı mövqelərini itirir. Hazırda Rusiya
inhisarçı mövqeyindən istifadə edərək
regionda istehsal olunan qazı bazar qiymətlərindən 3-4 dəfə
ucuz qiymətə alaraq, Avropa bazarlarında yüksək qiymətlərə
satır. Təkcə bunu qeyd etmək kifayətdir ki,
2003-cü ildə Rusiya və Türkilometrənistan
arasında demək olar ki, bütün türkilometrən
qazının 2009-cu ilədək Rusiya tərəfindən
alınması ilə bağlı saziş imzalanmışdı.
Eyni sözləri
Özbəkistan haqqında da söyləmək olar: bu ölkənin
qaz yataqlarında işləmək hüququ xarici ölkələrdən
yalnız Rusiyaya məxsusdur.
Bakı-Tbilisi-Ərzurum
kəmərinin çəkilişi ilə başlamış
alternativ xətt siyasəti bu vəziyyəti köklü
şəkildə dəyişir və region ölkələrinə
Rusiyanın nəzarətində olmayan enerji
daşıyıcılarının ixracı
marşrutlarından istifadə etmək imkanı yaradır.
Bakı-Tbilisi-Ərzurum
kəməri yalnız regionun deyil, həm də Avropanın
enerji təhlükəsizliyi məsələsində
mühüm rol oynayan “Nabukko” layihəsinin əsasını təşkil
edəcək. Yəni, belə demək mümkündürsə,
“Nabukko”nun onurğa sütunu məhz Bakı-Tbilisi-Ərzurum
qaz kəməri olacaq. Çünki gələcəkdə bu
layihə Orta Asiya və Xəzər hövzəsi ölkələrinin
qazını Yunanıstan, İtaliya və Avstriyaya çatdırmaq
“Nabukko” qaz kəmərinə birləşdirmək və
geniş bir şəbəkə yaradılmasını nəzərdə
tutur.
Layihənin
reallaşmasında ABŞ və Avropa İttifaqı ölkələri
çox maraqlıdırlar. Çünki “Nabukko”nun
reallaşması Avropa ölkələrinə Rusiyadan qaz
asılılığından qurtarmağa imkan verəcək.
Xatırladaq ki, son illərdə Rusiya dəfələrlə
Avropa ölkələrini qazla imtahana çəkərək,
öz siyasi niyyətlərinin həyata keçirilməsi
üçün onlara təzyiq göstərməyə cəhd
edib. Bu zaman ən müxtəlif metodlara əl atılıb:
qazın satış qiymətinin artırılmasından
tutmuş, nəql edilən qazın həcminin
azaldılmasına qədər. Rusiya ilə Ukrayna arasında
baş vermiş sonuncu qaz böhranı isə vəziyyətin
artıq olduqca təhlükəli həddə
çatdığını göstərdi. Xatırladaq ki,
sonuncu böhran nəticəsində şaxtalı havada
qazsız qalan Avropa ölkələrinə 2-3 milyard dollar məbləğində
zərər dəyib.
Odur ki, Rusiyanın ildən-ilə
enerjidən təsir vasitəsi kimi istifadə etməsi, digər
tərəfdənsə, son illər Avropanın əsas yanacaq
növlərindən sayılan qaza tələbatın
artması “Nabukko” layihəsini daha da aktuallaşdırıb.
Amma bu istiqamətdə
səylərin aktivləşməsi yalnız son qaz
böhranı ilə bağlı deyil. Məsələ
bundadır ki, yaxın 20 il ərzində Avropada qaza olan illik tələbatın
600 milyard kubmetrə çatacağı
proqnozlaşdırılır. Tələbatın artması isə,
bu sahədə inhisarçı mövqedən
çıxış edən Rusiyadan
asılılığın da artması anlamına gəlir,
çünki indi Avropa ölkələri bu tələbatın
xeyli hissəsini məhz bu ölkədən alınan “mavi
yanacaq” hesabına ödəyirlər.
Qeyd etmək
lazımdır ki, Avropa Azərbaycana enerji təhlükəsizliyi
sahəsində etibarlı tərəfdaş kimi
yanaşdığını daim nümayiş etdirib. Öz
növbəsində, Prezident İlham Əliyev də
ümummilli lider Heydər Əliyevin əsasını
qoyduğu Azərbaycanın etibarlı tərəfdaş
imicini bir qədər də möhkəmləndirib.
2006-cı ilin
noyabrında Prezident İlham Əliyevin Belçikaya səfəri
zamanı Azərbaycanla Avropa İttifaqı arasında enerji təhlükəsizliyi
sahəsində əməkdaşlıq rəsmiləşdirilib.
Noyabrın 7-də Prezident İlham Əliyev və Avropa
Komissiyasının sədri Joze Manuel Barrozu Azərbaycan
Respublikası və Avropa İttifaqı arasında enerji məsələləri
üzrə strateji tərəfdaşlığa dair Anlaşma
Memorandumu imzalayıblar. Sənəd Avropa İttifaqı ilə
Azərbaycan arasında enerji tərəfdaşlıq
münasibətlərini, Azərbaycanın Avropanın enerji
bazarlarına daxil olmasını, Aİ-nin enerji təhlükəsizliyini
və Azərbaycanda enerji menecmentini nəzərdə tutur.
Ekspertlər bu
memorandumun imzalanmasından sonra Azərbaycanın Avropanın
enerji təhlükəsizliyinin təmin olunmasında, o
cümlədən “Nabukko” layihəsinin reallaşmasında
daha aktiv iştirak edəcəyini
proqnozlaşdırırdılar.
2008-ci ilin noyabrında
Bakıda keçirilən IV Enerji Sammiti də enerji nəqli dəhlizlərinin
yaradılmasının bütün dünyanın
marağında olduğunu bir daha nümayiş etdirib. 21
ölkənin nümayəndələrinin və
diplomatların, o cümlədən 6 dövlətin
prezidentinin qatıldığı sammitdə
çıxış edənlər bir daha bildiriblər ki,
“Nabukko” layihəsi Avropanın enerji təhlükəsizliyinin
təmin olunmasında həyati əhəmiyyət
daşıyır və Avropa İttifaqı ilə Azərbaycan
bu istiqamətdə sıx əməkdaşlıq etməlidirlər.
Prezident İlham Əliyev
isə bəyan edib ki, Azərbaycanda başlanmış enerji
layihələrinin bu gün daha geniş əməkdaşlıq
üçün imkanlar açmasından qürur duyur. “Bu
gün masa ətrafında Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum,
Bakı-Supsa, Odessa-Brodı-Plotsk-Qdansk və Nabukko layihələrinin
iştirakçıları və digər nümayəndələr
toplaşıblar. Bu layihələrin hamısı
mühümdür. Bu layihələrin hamısının bir
mənbəyi var – Xəzər dənizi, daha dəqiq desək,
Azərbaycan” – deyə Azərbaycanın dövlət
başçısı bildirib.
Sammitin yekunlarına dair
qəbul olunmuş bəyannamədə deyilir ki, sammitin
iştirakçıları enerji resurslarının
hasilatçı ölkələri, tranzit və
istehlakçı ölkələri arasında
qarşılıqlı surətdə faydalı əməkdaşlığın
möhkəmlənməsinə və genişlənməsinə,
regional investisiya enerji layihələrinin həyata keçirilməsi
üçün zəruri əlverişli şərait
yaradılmasına tərəfdar olduğunu təsdiq edirlər.
Bəyannamədə Xəzər
hövzəsindən neftin və qazın dünya və Avropa
bazarlarına çatdırılması yollarının
şaxələndirilməsinə yönəlmiş siyasətin
davam etdirilməsinin vacibliyi vurğulanıb,
iştirakçı dövlətlərin tələbatını
daha tam təmin etməkdən ötrü Azərbaycanın təbii
qazının regional və Avropa bazarlarına nəqli və
tranziti üçün çoxvektorlu infrastrukturun
yaradılmasına aid layihələrin həyata keçirilməsinin
dəstəklənməsi ifadə olunub.
“Nabukko” layihəsinin
reallaşdırılması istiqamətində növbəti
mühüm addım isə 2009-cu ilin yanvarında
Macarıstanın paytaxtı Budapeşt şəhərində
keçirilmiş enerji sammiti oldu.
Budapeşt sammitində
çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev
ölkəsinin Avropanın enerji təhlükəsizliyi məsələsində
mühüm rol oynadığını, Azərbaycan
etibarlı tərəfdaş ölkə olduğunu və
öz təbii sərvətlərini Xəzər hövzəsindən
Avropaya nəql etdiyini bildirib.
Azərbaycanın
“Nabukko” layihəsini həmişə dəstəklədiyini
bildirən Prezident İlham Əliyev qeyd edib ki, bu dəstək
gələcəkdə də davam edəcək: “Bakıda
keçirilən sammitdə Azərbaycan öz mövqeyini
ortaya qoymuşdur. Bu layihədə iştirak edən
bütün tərəflər əməkdaşlığa
hazırdırlar. Bu gün Azərbaycan təkcə tranzit
ölkə deyil, həm də enerji mənbələri ilə
zəngin olan ölkədir”.
Bu layihə çərçivəsində
yaxşı tərəfdaşlıq əlaqələrinin
yaranacağına əmin olduğunu bildirən Prezident
İlham Əliyev qeyd edib ki, Azərbaycan Avropa
İttifaqına və Avratlantik məkana inteqrasiyaya
üstünlük verir və bu siyasət bundan sonra da davam
etdiriləcək.
Qeyd edək ki, dəyəri
8 milyard avro olan və ildə təqribən 26-32 milyard kubmetr
qaz ötürəcək “Nabukko” kəmərinin inşası
2014-cü ilədək yekunlaşmalıdır. “Nabukko” boru kəməri
ilə 2012-ci ildə Azərbaycan, sonra Qazaxıstan və
Türkilometrənistan qazının nəqli nəzərdə
tutulur. Növbəti mərhələdə, 2017-ci il
üçün bu kəmərlə İran, İraq və
Misir qazının nəqli də istisna olunmur.
“Nabukko” ilk qaz xəttidir
ki, dünyanın bir çox regionu arasında əlaqə
yaradacaq. Məlumat üçün bildirək ki, “Nabukko”nun
uzunluğu 3300 kilometr olacaq. Kəmərin 2000 kilometri
Türkiyə, 400 kilometri Bolqarıstan, 460 kilometri Rumıniya,
390 kilometri Macarıstan, 46 kilometri isə Avstriya ərazisindən
keçəcək.
Avstriyanın Baumqarten məntəqəsinə
çatdırılacaq qaz həcmlərinin böyük bir
hissəsi bu ölkənin ərazisindən keçərək
Mərkəzi və Qərbi Avropaya nəql olunacaq.
Layihənin
reallaşması istiqamətindəki maneələrdən
danışarkən, ilk növbədə, kəmərin
inşasının maliyyələşdirilməsi məsələsinə
toxunulur. Bəzi ekspertlərin fikrincə, hazırda
dünyanı bürümüş maliyyə böhranı
fonunda, layihə üçün maliyyə tapılması
problemli görünür. Lakin Budapeşt sammitində bu məsələyə
də aydınlıq gətirilib. Belə ki, Avropa
İnvestisiya Bankının və Avropa Yenidənqurma və
İnkişaf Bankının prezidentləri də Avropa
üçün mühüm əhəmiyyət kəsb edən
bu layihənin maliyyələşdirilməsinə hazır
olduqlarını bildiriblər.
Beləliklə,
yaxın illərdə Azərbaycanın önəmli rol
oynayacağı növbəti qlobal layihənin reallaşmasının
şahidi olacağıq. Bu isə Azərbaycanın bölgənin
enerji ehtiyatlarının dünya bazarına nəqlində
strateji önəm daşıyan ölkə statusunu daha da
möhkəmləndirəcək.
Bu gün Azərbaycanın
Avropanın nəqliyyat-kommunikasiya, yükdaşımaları
və enerji təhlükəsizliyində mühüm rol
oynadığı hamı tərəfindən birmənalı
etiraf olunur. Ümummilli lider Heydər Əliyevin yeni neft, nəqliyyat-kommunikasiya
və enerji dəhlizlərinə dair strategiyasını inamla
davam etdirən Prezident İlham Əliyevin diplomatik səyləri
nəticəsində Azərbaycan regionda heç bir ölkədən
enerji asılılığı olmayan, öz tələbatını
özü ödəməyə qadir yeganə ölkə
qismində çıxış edir.
Artıq həm region
ölkələri, həm də fövqəldövlətlər
Prezident İlham Əliyevin dəfələrlə bəyan
etdiyi “Azərbaycanın iştirakı olmadan regionda heç
bir ciddi layihə gerçəkləşə bilməz”
fikrini sübuta ehtiyacı olmayan fakt kimi qəbul edirlər.
Əli HƏSƏNOV,
Azərbaycan
Respublikası Prezidenti
Administrasiyasının İctimai-siyasi məsələlər
şöbəsinin müdiri, tarix elmləri doktoru,
professor
Xalq qəzeti.- 2009.- 14 iyun.- S. 2-3.