Tanrı seçimi, xilaskarlıq missiyası, müdriklik
nümunəsi
Ulu öndər Heydər Əliyevin həyatının
hər bir anı belə qiymətləndirilir
Bu gün — Azərbaycan xalqının öz möhtəşəm
qurtuluş gününə qovuşmasının 16-cı
ildönümü ərəfəsində həmin
qurtuluşun müəllifi barədə hamı ürəklə
söz açır. Qədirşünas xalqımızın
hər bir nümayəndəsi, fərdi Heydər Əliyev
fenomeni, o dahi şəxsiyyətin Azərbaycan tarixindəki
rolu, xalqımıza bəxş etdiyi misilsiz töhfələr
barədə özünəməxsus şəkildə fikirlər
söyləyir: “Heydər Əliyev uçurumun bir
addımlığında olan dövlət müstəqilliyimizi
məhv olmaqdan xilas etdi”, “Azərbaycanın bu gün
dünyaya səs salan hərtərəfli inkişafı Heydər
Əliyev siyasi kursunun təntənəsidir”, “Ulu öndərin
ən böyük nailiyyətlərindən biri ölkəmiz
üçün Şərqlə Qərb arasında möhtəşəm
körpü salmasıdır” və sairə ifadələrin hər
biri özündə dəyərli həqiqəti əks
etdirir. Həmin ifadələrin hamısına hörmətlə
yanaşır, yüksək qiymətləndiririk. Ancaq istərdik
ki, Heydər Əliyev siyasi dühasının
böyüklüyü barədə söz açan
soydaşlarımız bu titanik fəaliyyətin
miqyasını təkcə 90-cı illərdən sonrakı
dövrlə bağlamasınlar.
Bu
narahatçılıq nədən yaranır? Son zamanlar bəzi
qəzet-jurnal məqalələrində və hətta, bu
mövzulu bir neçə kitabda da Heydər Əliyev siyasi
dühası barədə söz açarkən ulu öndərin
20 Yanvar faciəsinə etiraz əlaməti olaraq Moskvada verdiyi
bəyanatdan sonrakı dövr qələmə alınır. Əslində
həmin müəlliflər də haqlıdırlar.
Çünki ümummilli liderimizin həmin bəyanatı
milli azadlıq hərəkatımızın dəstəklənməsi,
Kreml tərəfindən gözümçıxdıya salınmış
Azərbaycan xalqının lidersiz olmadığının
sübuta yetirilməsi idi. Elə ölkəmizin dövlət
müstəqilliyi əldə etməsindən sonrakı
bütün proseslərdə də Heydər Əliyevin siyasi
liderlik keyfiyyətləri xalqın yeganə ümid yeri idi. Yəni
həmin müəlliflər ulu öndərin xalqımız
üçün çətin və sınaqlarla dolu illərdəki
fəaliyyətini daha çox xatırlatmağı vacib
sayırlar. Ancaq...
Cəmi bir aydan sonra — iyulun 14-də
son iki əsrin ən böyük azəri türklərindən
olan Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə
gəlməsinin 40 ili tamam olur. Azərbaycan
iqtisadiyyatındakı mənfi meyllərin durmadan
artdığı, mənəvi dəyərlərdə
açıq şəkildə aşınmalar getdiyi,
rüşvətxorluğun və korrupsiyanın ayaq
açıb yeridiyi 60-cı illərdə Azərbaycan rəhbərliyinə
yeni, prinsipial və idarəetmə təcrübəsi olan bir
rəhbər gətirilməsi zərurəti
yaranmışdı. Çünki respublika milli gəlirin
inkişaf tempinə, sənaye və kənd təsərrüfatı
istehsalının həcminə, elmi-texniki tərəqqinin səviyyəsinə
görə digər respublikalardan geridə qalırdı.
Tikintidə süstlük, sənayedə geriləmələr,
kənd təsərrüfatında məhsuldarlığın
aşağı düşməsi adi hala çevrilmişdi.
Bütün bunların isə bircə səbəbi var idi —
kadr siyasətində yol verilən ciddi nöqsanlar. Məhz belə
bir zamanda ölkədə sağlam mühitin
yaradılması üçün mübarizə apara biləcək
yeganə şəxs — Heydər Əliyev ölkə rəhbərliyinə
gətirildi. Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsinin 1969-cu il iyul ayının 14-də keçirilən
plenumunda Heydər Əliyev siyasi hakimiyyətə gəldi. Bu
gün haqqında söz açdığımız istənilən
uğur, nailiyyət və müvəffəqiyyətimizin təməli
məhz həmin gün — 40 il əvvəlki iyulun 14-də
qoyulmuşdur.
Yuxarıda qeyd etdiyimiz problemlər
Azərbaycanı gündən-günə geriyə
saldığına görə Heydər Əliyev qeyd edilən
problemlərin aradan qaldırılması yollarını dərhal
tapmalı, əməli fəaliyyətə başlamalı
idi. Bu yolların axtarılması iyulun 14-dən avqustun 5-dək
davam etdi. Əslində Azərbaycan tarixinin inkişafa
doğru dönüşünə məhz 1969-cu il avqustun 5-dən
start verildi. Mərkəzi Komitənin 5 avqust plenumu ölkəmizin
qarşısında duran əsas taleyüklü məsələlərin
həlli yollarını müəyyən etmək
üçün çoxsaylı suallara aydın cavab
tapmalı oldu. Tarixi bir hadisə kimi yaddaşlara yazılan həmin
plenumdan sonra respublikada nizam-intizamın bərpa edilməsi,
iqtisaiyyatın dirçəldilməsi, təbii ehtiyatlardan,
iqtisadi, təhsil, elm və mədəniyyət
potensialından yüksək səviyyədə istifadə
edilməsi, bütün bu sərvətlərdən xalqın
bəhrələnməsi üçün əlverişli
şərait yaradılmasına start verildi. Çox sonralar, təxminən
31 il sonra — 2000-ci ilin son günlərində ulu öndər
“Yeni əsr və üçüncü minillik münasibətilə”
xalqa müraciət edərkən məhz 69-cu ilin qeyd etdiyimiz
hadisələrini yada salmışdı: “Bu gün tam əminliklə
söyləmək olar ki, Azərbaycanın dövlət
suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə
artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına
get-gedə daha dərindən inteqrasiya olunması məhz
1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı
potensialına əsaslanır”.
Azərbaycanın 1970-ci ildən
sonrakı inkişafının miqyasını ifadə edəcək
bəzi konkret tarixi faktlara diqqət yetirək. Azərbaycan
Sovet Respublikasının mövcud olduğu 50 ildə və
ondan əvvəlki dövrlərdə ölkəmizdə cəmi
233 iri və orta sənaye müəssisəsi
yaradılmışdı. Heydər Əliyevin ölkəyə
rəhbərlik etdiyi təxminən 12 ildə isə daha 213
iri və orta sənaye müəssisəsi (az qala əvvəlki
60-70 ildə olduğu qədər) inşa edilərək
istifadəyə verilmişdi. Bu dövrdə əvvəlki 50
ildə istehsal edildiyi qədər sənaye məhsulları
istehsal olunmuş, milli gəlir 2,5 dəfə
artmışdı. Ölkə həyatının elə bir
sahəsi yox idi ki, müqayisə edilərkən bu qədər
fərqlər görünməsin.
Heydər Əliyev gələcək
müstəqil Azərbaycanın elmi-texniki və kadr
potensialını məhz 1970-80-ci illərdə
formalaşdırmışdı. Ulu öndərin şəxsi
təşəbbüsü və bilavasitə
qayğısı ilə oxumaq üçün SSRİ-nin
170-dən çox aparıcı ali məktəbinə 3500 azərbaycanlı
gənc göndərilmişdi. Məhz həmin uzaqgörən
siyasətin nəticəsi idi ki, Azərbaycan öz dövlət
müstəqilliyinə qovuşandan sonra cəmiyyət həyatının
heç bir sahəsində kadr
çatışmazlığı problemi
yaranmamışdı. Ümummilli liderin ölkəmizə
birinci dəfə rəhbərlik etdiyi dövrdə
respublikanın şəhər, kənd və qəsəbələrində
700-ə yaxın məktəb binası tikilib istifadəyə
verilmiş, 5 yeni institut yaradılaraq ali məktəblərin
sayı 17-yə, tələbələrin sayı isə 70
mindən 100 minə çatdırılmışdı. Bu,
böyük siyasi uzaqgörənliyin və xalq
üçün yaşamağın nümunəsi idi.
Tanrının Azərbaycan
xalqına bəxş etdiyi səadətdir ki, 70-80-ci illərdə
ölkəmizdə yaradılmış milli sərvətin
90-cı illərin əvvəllərində
dağıdılması zamanı da o dahi şəxsiyyət
möhtəşəm xilaskarlıq missiyası ilə yenidən
siyasi səhnəyə gəldi. Xalqın israrlı tələbi,
o dövrki iqtidarın acizanə xahişləri ilə rəhbərliyə
qayıdan ulu öndər təkcə dövlətçiliyimizə
qurtuluş, xalqa nicat, cəmiyyətimizə sabitlik gətirmədi,
o, həm də 70-80-ci illərdə ölkədə
yaradılmış iqtisadi potensialın
dağıdılmasının qarşısını
aldı.
Bu gün növbəti
ildönümünü qeyd etdiyimiz böyük Qurtuluşa qədər
də çox mürəkkəb ictimai-siyasi proseslər
yaşanmış, həmin proseslər fonunda Heydər Əliyev
siyasi müdrikliyin: əks etdirən bir neçə
mühüm hadisə baş vermişdi. Həmin hadisələrdən
biri Naxçıvan Muxtar Respublikasının faktiki olaraq
üzləşdiyi məhv olmaq təhlükəsindən
xilas edilməsi, bir qarış da olsun Naxçıvan
torpağının düşmənə verilməməsi
idi. İkinci böyük hadisə isə 1992-ci ilin noyabrında
müstəqil Azərbaycanın xilası naminə siyasi səhnəyə
gələn, bu gün regionun ən böyük siyasi təşkilatı
kimi hamı tərəfindən qəbul edilən Yeni Azərbaycan
Partiyasının yaradılması idi. Ulu öndər bu siyasi
təşkilatın II qurultayında söylədiyi tarixi nitqində
YAP-ın yaranması zərurətini bu şəkildə
xarakterizə etmişdi: “Yeni Azərbaycan Partiyası o
vaxtkı mövcud vəziyyətdə bütün Azərbaycan
xalqının mənafelərinə xidmət etmək
üçün və xalqın o ağır dövründə
ölkəmizin qarşısında duran məsələlərin
həll edilməsi üçün zamanın tələblərinə
uyğun olaraq, zəruriyyətdən yaranmış bir
partiyadır”.
Ulu öndərin Azərbaycan
xalqı qarşısındakı ən böyük xidmətlərindən
biri 1993-cü ilin yayında müstəqil Azərbaycanın
xilası naminə ən ağır bir missiyanı öz
üzərinə götürməsi idisə, digəri 10 il
sonra — 2003-cü ilin payızında Azərbaycan xalqına
müraciət edərək həmin dövrdə ölkəni
və dövləti idarə edə biləcək yeganə
siyasətçi olan İlham Əliyevin dəstəklənməsinə
nail olması idi. “İnanıram ki, mənim axıra
çatdıra bilmədiyim taleyüklü məsələləri,
planları, işləri sizin köməyiniz və dəstəyinizlə
İlham Əliyev başa çatdıra biləcək. Mən
ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm”. Zaman və cənab
İlham Əliyevin siyasi qətiyyəti ulu öndər Heydər
Əliyevin 1 oktyabr 2003-cü il tarixli müraciətindəki
fikirlərin nə qədər uzaqgörənliklə,
müdrikliklə söylənildiyini artıq dönə-dönə
sübut etmişdir.
Bu gün — ən əlamətdar
günlərimizdən olan Qurtuluş Günü münasibəti
ilə qələmə aldığımız yazını
dörd mühüm ümumiləşdirmə ilə
yekunlaşdırırıq: Birinci, Heydər Əliyevin Azərbaycana
birinci dəfə rəhbərlik etdiyi dövrdə
yaranmış iqtisadi, siyasi, mədəni, elmi-texniki potensial
müstəqil Azərbaycanın qüdrətli dövlət
kimi formalaşdırılmasında misilsiz rol
oynamışdır. İkinci, Heydər Əliyevin 1993-cü ildəki
tarixi qayıdışı Azərbaycanın dövlət
müstəqilliyini əbədi və dönməz etmiş,
xalqa nicat və qurtuluş gətirmişdir.
Üçüncü, ulu öndərin sədrlik etdiyi Yeni Azərbaycan
Partiyası öz proqramında qarşıya qoyduğu
qüdrətli dövlət, inkişaf etmiş ölkə, hər
bir insanın hüquqlarının qorunduğu cəmiyyət
yaradılması amalını
reallaşdırmışdır. Məhz bu səbəbdən
də həmin partiyanın sıralarına üz tutanların
sayı artıq yarım milyonu ötmüşdür. Hamı
kimi biz Binəqədi YAP-çıları da bu möhtəşəm
siyasi təşkilatın proqramının həyata
keçirilməsində iştirak etməkdən böyük
məmnunluq hissi keçiririk.
Dördüncü, ulu öndər
Heydər Əliyevin özü qədər inanaraq etimad
göstərdiyi cənab Prezident İlham Əliyev artıq
öz prezidentliyinin birinci dövründə Azərbaycanı
regionun lider, Avrasiyanın isə ən vacib ölkələrindən
birinə çevirmişdir. Hər bir Azərbaycan vətəndaşı
fəxr edir ki, böyük Qurtuluşun ölkəmizə gətirdiyi
siyasi prinsiplər Azərbaycanın gündən-günə
çiçəklənməsinə, tərəqqisinə və
hərtərəfli inkişafına səbəb olmuşdur.
Nəbi XƏLİLOV,
YAP Binəqədi rayon təşkilatının
sədri
Xalq qəzeti.- 2009.- 14 iyun.- S. 8.