Böyük siyasətin davamı
Heydər Əliyev, tarixin bu günə qədər
yetişdirdiyi dahi şəxsiyyətlərin sırasında
nadir istedadı ilə seçilən siyasi xadimdir. Onun siyasi
irsini, həyat və fəaliyyətini tədqiq edən bir
yazıçı kimi bu qənaətdəyəm ki, Heydər
Əliyevi tarixin müxtəlif məqamlarında dünya siyasət
olimpinə yüksəlmiş hər hansı tarixi bir şəxsiyyətlə
müqayisə etmək doğru olmazdı. O dünyanı idarə
etmək qüdrətində olan siyasət nəhəngi idi.
Onun dahiliyinin ən parlaq keyfiyyətlərindən biri, istənilən
çətin və mürəkkəb şəraitdə,
bütün incə məqamları belə nəzərdən
qaçırmadan, lazım gələn ən düzgün qərarı
qəbul etmək bacarığı idi.
Buna Heydər Əliyevin
Azərbaycana rəhbərlik etdiyi sovet dövründən də,
Sovet İttifaqı kimi nəhəng bir dövlətin rəhbərliyində
yüksək vəzifə daşıdığı illərdən
də kifayət qədər misallar çəkmək olar.
Lakin bir dövlət başçısı kimi onun
çıxardığı siyasi qərarların mahiyyətini
dərk etmək üçün, Heydər Əliyevin müstəqil
Azərbaycanın siyasi səhnəsinə bir lider kimi
qayıdışı və bu dövrdə gördüyü
xarüqələrdə işləri təhlil edib qiymətləndirmək
və onun şəxsiyyətinin, dahiliyinin
hüdudlarını göstərmək daha doğru
olardı. Çünki mahiyyət etibarı ilə, bu
dövrdə onun fəaliyyəti, siyasi iradəsi, istedadı
bütün əzəməti ilə üzə
çıxdı. Bu da zənnimcə ondan irəli gəlirdi
ki, artıq heç bir ideologiya, heç bir sovet rejimi və
heç bir partiya Heydər Əliyevin müstəqil zəruri
qərar verməsinə mane ola bilmirdi.
1993-cü ildə Heydər
Əliyevin Bakıya, siyasi hakimiyyətə
çağrılması hakimiyyətdə olan qüvvələrin
barışmaq istəmədikləri bir zərurətə
çevrilmişdi. Çünki Azərbaycanın siyasi,
iqtisadi mənzərəsi, hakimiyyətsizliyin və xaosun
arxada buraxdığı izlər təlaş və vahimə
doğururdu. Ermənistanın təcavüzü genişlənir,
Azərbaycan strateji mövqelərini bir-bir əldən verirdi.
Müharibəyə cəlb edilmiş gənc müstəqil
respublikanın taleyi, nizami ordu yaradılmadığından,
siyasiləşdirilmiş könüllü batalyonların
ümidində idi. Belə hərbi birləşmələrdə
hökm sürən intizamsızlıq, vahid
komandanlığın olmaması, qarşıdurma əhval-ruhiyyəsi
Azərbaycanın düşmənə qarşı
döyüş qabiliyyətini heçə endirmişdi.
Hakimiyyət kürsüsü uğrunda gedən kəskin
çəkişmələr, qruplararası ziddiyyətlər,
tayfa münasibətlərini kəskinləşdirən ədavət
hissləri, xəyanət və satqınlıqlar dövlət
idarəçiliyindəki tabeçilik prinsiplərini
heçə endirmişdi. Əbülfəz Elçibəy
Bakıda, Surət Hüseynov Gəncədə prezident idi.
Ölkədə sözün həqiqi mənasında anarxiya
hökm sürürdü.
Gənc, müstəqil
dövlətin xarici siyasət kursu olmadığından,
ölkə beynəlxalq aləmdə onsuz da ürəkaçan
olmayan nüfuzunu heçə endirmiş, strateji cəhətdən
mühüm əhəmiyyət daşıyan qonşu ölkələrlə
münasibətlərdə soyuqluq yaranmışdı.
Müharibə aparan ölkənin iqtisadi durumu böhran həddinə
çatmış, xarici iqtisadi əlaqələr pozulmuş
və nəhəng sənaye müəssisələri
çökmüşdü.
Ölkənin daxilində
aparılan siyasətin nəticələri daha ağır idi.
Milli münasibətlər bilərəkdən kəskinləşdirilmiş
və Azərbaycan parçalanmaq təhlükəsi
qarşısında qalmışdı. Ölkə həqiqi mənada
vətəndaş müharibəsinin astanasında idi. Hakimiyyət
ermənilərin işğalçı hücumlarının
qarşısını almaq əvəzinə Gəncəyə
hücum planı hazırlayırdı.
Etiraflar sonradan göstərdi
ki, belə bir məqamda Heydər Əliyevin hakimiyyətə
qayıdışını, onun nəyəsə nail
olacağını gözləyənlər öz qənaətlərində
o qədər də qəti olmayıblar. Amma xalq, milyonlarla
insan bu böyük dahinin siyasi möcüzələr göstərəcəyinə
çox böyük inam bəsləyirdi. Xalq nəyisə təhlil
edib, nəyisə hesablayıb, nəticələrin
uğursuzluğundan pessimizmə qapılmır, sadəcə
inanırdı.
Heydər Əliyev də
başqalarından kəskin fərqli olaraq hakimiyyətin ona nə
üçün lazım olduğunu çox aydın və
gözəl dərk edirdi. O bilirdi ki, nə Azərbaycan onun azərbaycanlılara
etibar edib getdiyi Azərbaycandır, nə də hakimiyyət o
hakimiyyətdir. Viranə qoyulmuş, tar-mar edilmiş məmləkətdə
hər şey yenidən, bünövrədən başlanmalı
idi.
Zaman göstərdi ki, həmin
dövrdə az qala son günlərini yaşayan gənc
müstəqil Azərbaycan Respublikasının
qarşısında duran saysız-hesabsız problemlərin
mahiyyətini və eyni zamanda onların həlli
yollarını Heydər Əliyev qədər dəqiq,
aydın bilən ikinci bir şəxs yox idi.
1993-cü ilin həmin gərgin
günlərində kütləvi informasiya vasitələrinə
verdiyi müsahibələrdən birində ölkədəki
vəziyyəti təhlil edən Heydər Əliyev deyir:
“İndi Azərbaycanda vəziyyət belədir: iqtisadiyyat
büsbütün dağılmışdır. O ki qaldı
ictimai-siyasi vəziyyətə, bundan pisini ağıla gətirmək
olmaz. Suveren dövlətin ərazisinin 17 faizi işğal
olunmuşdur. Yarım milyondan çox qaçqın var. Sənaye
və kənd təsərrüfatı istehsalı
sıfır həddindədir... Axı keçmiş
SSRİ-nin heç bir respublikasında belə vəziyyət
yoxdur”.
Vaxt gözləmirdi. Azərbaycanın
müstəqil dövlətçiliyinin xilası
üçün Ermənistanın təcavüzünü
dayandırmaq, xalqın təhlükəsizliyini, ölkənin
ərazi bütövlüyünü təmin etmək
üçün müstəqil dövlətçilik
atributlarını yaratmaq və onları dövlətə, xalqa
sədaqətlə xidmət etmək işinə yönəltmək,
gənc müstəqil dövlətin beynəlxalq aləmdə
nüfuzunu möhkəmləndirmək üçün məqsədyönlü
xarici siyasət formalaşdırmaq lazım idi. Ölkədə
az qala ənənəyə çevrilməkdə olan dövlət
çevrilişləri xronikasına son qoymağın, dövlətin
toxunulmazlığını daxili irticaya bəyan etməyin
vaxtı çatmışdı.
Zaman, şərait necə
dəyişir-dəyişsin, qəti və sərt qərarlar
qəbul etmək əzmi, beynəlxalq aləmdə kifayət
qədər tanınmış siyasətçi nüfuzu ən
çətin və ağrılı problemləri belə
zaman-zaman arxada qoyurdu. Azərbaycan gərginlikdən və təlaşdan
qurtulmağa, xalq dərindən nəfəs almağa
başlayırdı. Heydər Əliyevin təməlini
qoymağa başladığı müstəqil dövlətçilik
mexanizmi tədricən işə düşürdü.
Müstəqilliyin və azadlığın qarantı ola biləcək
dövləti qurmaq üçün aparılan gərgin siyasi
danışıqlar, yuxusuz gecələr, daxili və xarici
irticanın aramsız təzyiq və həmlələrini dəf
etmək üçün göstərilən siyasi iradə,
çoxgedişli siyasi kombinasiyalar hamının gözü
qarşısında Azərbaycanın siyasi mənzərəsini
dəyişirdi.
Heydər Əliyev
dövlət idarəçiliyində nə qədər sərt
və qətiyyətli addımlar atsa da, nə qədər
mürəkkəb vəzifələr müəyyənləşdirsə
də, onların arxasında son nəticədə siyasi liderin
çox böyük planları hədəfə
aldığının şahidi olurdun. Bütün bunları
ulu öndər öz xalqına sonsuz bir sevgi ilə həyata
keçirirdi.
Heydər Əliyev
dövlətin idarəçiliyində ədalət və
qanunçuluq prinsipinə son dərəcə sadiq bir insan
idi. Ona görə də hakimiyyətə
qayıdışının elə ilk illərində dövlətçiliyə
sadiq, peşəkar, öz işinin ustası olan adamlar onun
komandasında dərhal öz yerlərini tapdılar və
onların vəzifə pillələrində irəliləməsi
yalnız ədalətə və qanunçuluğa söykəndi.
Bu gün canlı
şahidi olduğumuz o illəri və bu tarix üçün
çox qısa bir zaman kəsiyində görülən
işləri xatırlayarkən Heydər Əliyevin uzun illərə
hesablanmış və ilk gündən Azərbaycanın milli
maraqlarına xidmət edən neft strategiyasından
danışmamaq ədalətsizlik olardı.
Bəli, Heydər Əliyevin
böyük siyasətdəki möcüzələrindən
biri, artıq bütün dünyada əfsanəyə
çevrilmiş neft strategiyasıdır. Həqiqət naminə
qeyd olunmalıdır ki, məhz Heydər Əliyevin
reallaşdırdığı bu strategiya sayəsində
müstəqil Azərbaycan beynəlxalq enerji siyasətini
müəyyənləşdirən qabaqcıl ölkələr
sırasında öz yerini aldı. Bu uğurun hansı
mürəkkəb və çətin sədlərin, xarici və
daxili təzyiqlərin dəf edilməsindən sonra əldə
olunması indi müstəqil Azərbaycan tarixinin şərəfli
səhifələrindən hesab olunur.
Dövrün gerçəkliyi
ondan ibarət idi ki, dünyanın bütün qabaqcıl
ölkələri, onların nəhəng neft şirkətləri
Azərbaycan neftini ələ keçirməkdə maraqlı
idilər. “Qara qızıl” uğrunda kəskin və ciddi
mübarizə gedirdi. Azərbaycanda isə Heydər Əliyevin
gəlişi ilə nisbi sabitlik yaransa da, silahlı
çevrilişlər yolu ilə hakimiyyətə yiyələnmək
arzusunda olanlar hələ çox idi. Heydər Əliyevi isə
daha qlobal və ciddi məsələ
düşündürürdü: Xəzər hövzəsində
təsir gücünə yiyələnmək uğrunda gedən
mübarizədə gənc, müstəqil dövlətin
milli maraqlarını qorumaq, siyasəti elə qurmaq ki, bu ancaq
cari maraq olmasın, həm də gələcəyin əsaslarını
qoymuş olsun.
Ölkənin 1993-cü
ildən sonrakı ağır sosial-iqtisadi və siyasi vəziyyətində
müstəqilliyin qorunması üçün dövlət
quruculuğu məsələləri ilə eyni vaxtda
danışıqlar aparmaq diqqəti əsas məsələlərdən
yayındırırdı. Neft müqavilələri sahəsində
danışıqlar aparmaq üçün səlahiyyət
almış şəxslər isə, qeyd edildiyi kimi, şəxsi
mənafeyi dövlətçilikdən də, milli mənafedən
də üstün tutur, xarici şirkət rəhbərlərindən
rüşvət tələb edir, ölkənin nüfuzunu və
“Əsrin müqaviləsi”ni təhlükə altında
qoyurdular. Xarici şirkətlərin nümayəndələrindən
diplomatlar və siyasətçilər vasitəsilə
Prezident Heydər Əliyevə şikayətlər daxil
olmağa başlamışdı. Məhz belə bir vaxtda,
ölkənin, dövlətin nüfuzu təhlükə
altına alınanda Prezident Heydər Əliyev ən
etibarlı silahdaşına, oğlu, ARDNŞ-in vitse-prezidenti
İlham Əliyevə danışıqlar aparmaq vəzifəsini
tapşırdı.
İlham Əliyev
ölkənin iqtisadi, eyni zamanda siyasi taleyində mühüm
rol oynayacaq neft müqavilələrinin hazırlanması
üçün faktiki olaraq yenidən danışıqlara
başladı, köhnə müqavilələrə tamamilə
yenidən baxdı, demək olar ki, onları xilas etdi. Bu sahədəki
danışıqları xatırlayaraq İlham Əliyev
sonralar deyir: “Qısa müddətdə, dünyanın
müxtəlif guşələrində aparıcı siyasətçilər,
nazirlər, konqresmenlərlə görüşüb
dünyada neft biznesinin müxtəlif aspektlərini, bizim
regionun inkişaf perspektivlərini müzakirə edərkən,
neft müqavilələrini imzalayarkən mən ilk növbədə
geosiyasi məsələləri qaldırır, yalnız bu sahədə
anlaşma əldə olunandan sonra, texniki-iqtisadi problemlərin
təhlilinə keçir, hər bir məsələni konkretləşdirməyə
başlayırdım”.
O, xarici həmkarlarını
sakitləşdirir və inandırır, şübhəli
partnyorlarla xudahafizləşir və yenilərini tapır,
sürətlə və məqsədyönlü şəkildə
problemləri həll edirdi.
Xəzər şelfində
yataqların işlənməsi, neft və qaz kəmərlərinin
çəkilməsi, Böyük İpək yolu kimi layihələr
İlham Əliyevin Klinton, Mitteran, Şirak, Xasimoto, Kol, Meycor,
Bler kimi dünya siyasətinin liderləri ilə şəxsi
görüşləri zamanı müzakirə olunurdu.
Dünyanın 14 ölkəsinin 19 şirkəti ilə
danışıqlar aparır, Vaşinqtonda, Nyu-Yorkda, Londonda,
dünyanın aparıcı universitetləri olan Harvardda,
Stenfordda beynəlxalq iqtisadi forumlarda dünya biznesinin
elitası qarşısında çıxışlar edirdi.
Beləliklə, İlham Əliyev ölkəsinin nüfuzunu
qorumaq uğrunda mübarizədə həm güclü bir
iqtisadçı, həm də dünya səviyyəli bir
siyasətçi kimi formalaşırdı.
Ölkənin rəhbərinə
etibar edən, Heydər Əliyevi investisiyaların qarantı
hesab edən sərmayəçilər və partnyorlar onun
oğluna, yüksək dərəcəli iqtisadçı
mütəxəssisə, çevik diplomata inanırdılar,
etibar edirdilər. Bununla da qısa bir zamanda çox da
böyük olmayan Azərbaycan sürətlə
dünyanın iqtisadi siyasət mərkəzlərindən
birinə çevrilirdi.
Bütün bunlarla
yanaşı mübaliğəsiz demək olar ki, Heydər Əliyev
XX əsrin sonu və XXI əsrin əvvəllərində
böyük islahatçı kimi tarixə
düşmüşdür. Şübhəsiz, onun
islahatlarının mərkəzində demokratik hüquqi
dövlət quruculuğu ideyası dururdu. Ümummilli lider
çox gözəl bilirdi ki, hüquqi dövlətin təməl
prinsiplərindən birincisi, əməyə daxili stimulun olmaması
səbəbindən deqradasiyaya uğrayan inzibati-amirlik
iqtisadiyyatı deyil, hüquqa söykənən bazar
iqtisadiyyatı durmalıdır. İkinci prinsip isə ondan
ibarətdir ki, hüquqi quruluşun əsasını
inkişaf etmiş vətəndaş cəmiyyəti təşkil
etməlidir.
İqtisadiyyatda hüquqi
prinsipləri təmin etmək üçün bir çox
azadlıqları təmin etmək lazım idi və Heydər Əliyev
tərəddüd etmədən, ləngimdən bu islahatlara
getdi. Bu islahatlar nəticəsində bütün mülkiyyət
formalarına, daha çox xüsusi, özəl mülkiyyət
formasına geniş imkanlar açıldı, inzibati əmrləri
müəssisə və şirkətlərdə tərəflərin
bərabərliyini təsbit edən müqavilələr əvəz
etdi, “qadağan olunmayan hər şeyə icazə var” prinsipi
irəli sürüldü, təşəbbüskarlığa
və işgüzarlığa geniş meydan verildi və bunun
nəticəsində Azərbaycanda sürətlə bazar
iqtisadiyyatı mexanizmi formalaşmağa başladı.
Heydər Əliyev məhz
bundan sonra Azərbaycanı xarici sərmayələr və
işgüzar adamlar üçün açıq ölkə
elan etdi. Bu sadəcə bəyanat deyildi. Ölkədə
xarici investisiyaların təşviqi üçün əlverişli,
təhlükəsiz şərait yarandı və beynəlxalq
iqtisadi qurumlar, nəhəng şirkətlər və
tanınmış iş adamları müxtəlif təklif və
təşəbbüslərlə Azərbaycana gəlməyə
başladılar. Belə bir axına səbəb olan əsas məsələlərdən
biri də şübhəsiz, Azərbaycanda mövcud olan
ictimai-siyasi sabitlik idi.
Nə vaxtsa ölkədə
sabitliyin bərpasına inanmayanların gözü
qarşısında Heydər Əliyevin müdrik siyasəti,
diplomatik gedişləri, siyasi uzaqgörənliyi, dövlət
başçısı kimi qətiyyəti və
prinsipiallığı sayəsində Azərbaycanda nəinki
sabitlik bərpa olundu, həm də millət atasının
qurduğu, memarı olduğu dövlət öz müstəqilliyini
qorudu, onun dağılmış iqtisadiyyatını
böhrandan çıxarıb tərəqqiyə, inkişafa
istiqamətləndirdi.
Heydər Əliyev
çox qısa zamanda Azərbaycanın müstəqil siyasət
yeritdiyini, hüquqi, demokratik dövlət quruculuğu yolunda
olduğunu bütün dünyaya bəyan etdi. Ölkədə
bir-birinə etimadını itirmiş insanların səmimi
ittifaqına nail oldu, vətəndaş həmrəyliyi
yaratdı, cəmiyyətdəki xaosu, qorxunu aradan
qaldırdı, dövlətin toxunulmazlığını,
konstitusion hüquqların qorunmasını təmin etdi və
dövləti, onun başçısını vətəndaşların
hüquqlarının həqiqi qarantına çevirdi.
Bütün bunlarla
yanaşı, Azərbaycan beynəlxalq təşkilatların
– BMT-nin, Avropa Şurasının tam hüquqlu üzvünə
çevrildi, dünyada haqqı tanınan, sözü
eşidilən müstəqil dövlət kimi inkişaf yoluna
qədəm qoydu.
Heydər Əliyevin
siyasi, iqtisadi strategiyasının hədəfləri bununla
bitmirdi. Qarşıda Azərbaycanı daha böyük işlər
gözləyirdi. Xalq 2003-cü ildə bu işləri həyata
keçirə biləcək, Heydər Əliyev
strategiyasının hədəflərini dəf edəcək
bir liderin seçimi qarşısında duranda yenə ulu
öndərin, millət atasının müdrik məsləhətinə
ehtiyacla üzləşdi. Amansız xəstəliklə
çarpışan, ancaq canı qədər sevdiyi Azərbaycanı
unutmayan Heydər Əliyev xalqa son sözünü dedi və
seçimində yanılmamağı məsləhət
gördü: “Üzümü Sizə – həmvətənlərimə
tutaraq, qarşıdan gələn prezident seçkilərində
prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan
Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə
çağırıram. O yüksək intellektli, praqmatik
düşüncəli, müasir dünya siyasətini və
iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar
bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm
İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası
bundan sonra da xalqımızın ən layiqli övladlarını
öz ətrafında sıx birləşdirərək Azərbaycan
dövlətinin inkişafı və xalqımızın
firavanlığı yolunda çox işlər görəcəkdir.
İnanıram ki, mənim axıra çatdıra bilmədiyim
taleyüklü məsələləri, planları, işləri
sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev
başa çatdıra biləcək. Mən ona özüm qədər
inanıram və gələcəyinə böyük ümidlər
bəsləyirəm”.
30 il ali hakimiyyət
kürsüsündə əyləşən,
özünün yüksək təfəkkürü, dərin
düşüncəsi və uzaqgörən siyasəti ilə
zəngin dövlətçilik məktəbi, sivil idarəçilik
ənənəsi yaradan və ümummilli lider olimpinə
yüksələn Heydər Əliyevin peyğəmbərcəsinə
dediyi bu sözlərin təsdiqinə elə böyük vaxt
lazım gəlmədi. Xalq öz böyük dahisinin son diləyini
və müdrik nəsihətini eşitdi, göstərdiyi
işıqlı yolu tutdu və İlham Əliyevi prezident
seçdi.
Hələ 2000-ci ildə
“Moskovskiy komsomolets” qəzetində siyasi rəqiblərinə
istənilən mübarizəyə hazır olduğunu bəyan
edən İlham Əliyev əslində 8 ildə təkcə
bu mübarizəyə deyil, ölkəsini dünyanın
söz sahibinə, sayılan və hörmətlə
yanaşılan dövlətinə çevirmək mübarizəsində
də hansı qələbələrə imza
atdığını göstərdi. Etiraf etmək
lazımdır ki, dünyanın yüksək siyasi elitası
hələ 2003-cü ilə qədər bu gənc Əliyevin
siyasi, iqtisadi intellektinə, qəti və prinsipial qərarlar
qəbul etmək səriştəsinə, ölkəsinin
milli maraqlarını ağıllı və qətiyyətli
şəkildə qorumaq bacarığına bələd idilər.
Ümummilli lider Heydər
Əliyevin uzaqgörən, strateji xəttini çox
böyük siyasi ustalıq və dərin siyasi fəhmiylə
dünyanın və zamanın sərt tələblərinə
uyğunlaşdırmağı bacaran İlham Əliyev məhz
beş ildə Azərbaycanı regionun lider dövlətinə,
söz sahibinə çevirdi.
Şübhəsiz,
geostrateji baxımdan Azərbaycan üçün böyük
əhəmiyyət daşıyan bu nailiyyət özündə
ölkənin çevik və sabit daxili və xarici siyasətini,
sürətli sosial-iqtisadi inkişaf tempini, daxili siyasi
sabitliyi, qloballaşan dünyaya uğurlu inteqrasiyanı, beynəlxalq
əməkdaşlığı, demokratik dəyərlərə
diqqəti, insanların hüquq və azadlıqlarına
hörmətlə yanaşmağı və
tolerantlığı ehtiva edir.
Bir gerçəkliyi də
unutmaq olmaz ki, bu uğurlu nəticələrin əldə
olunmasında “Əsrin müqaviləsi”ndən start
götürmüş, ulu öndər Heydər Əliyevin dərin
təfəkkürünün məhsulu olan, on illərə
hesablanmış neft strategiyasının son 5 ildə daha
böyük sürətlə reallaşması əsas rol
oynamışdır. Zaman-zaman artan neft gəlirlərini
çevik şəkildə ölkədə digər sənaye
infrastrukturlarının yaradılmasına, Azərbaycanın
enerji təhlükəsizliyinin təmin edilməsi
üçün qlobal enerji layihələrinin
reallaşmasına, eyni vaxtda ərzaq təhlükəsizliyini
təmin etmək üçün kənd təsərrüfatına
investisiyalar yönəldən dövlət
başçısı əslində Azərbaycanın iqtisadi
müstəqilliyini yüksək səviyyədə təmin
etmişdir. Bu isə siyasi müstəqilliyin ən vacib və
əsas dayağıdır.
Məhz bu məsələlərdən
danışarkən Prezident İlham Əliyev
çıxışlarının birində qeyd edir ki: “Bu,
ölkəyə iqtisadi müstəqillik verir, əlavə
imkanlar yaradır və beləliklə Azərbaycan bölgədə
öz mövqelərini əhəmiyyətli dərəcədə
möhkəmləndirir. Bunda həm siyasi, həm diplomatik, həm
də əlbəttə ki, enerji və iqtisadi amillər
böyük rol oynayır”.
Bu gün hesabatlarda
müstəqil Azərbaycanın inkişafının və tərəqqisinin
həcmini göstərən çox böyük rəqəmlər
var və onlar təbii ki, bir Azərbaycan vətəndaşı
kimi hər birimizdə qürur və iftixar hissi doğurur.
Şübhəsiz, bunlardan diqqəti daha çox çəkən
layihələr var ki, onlar həqiqətən bütün
dünyanın diqqət mərkəzində idi. Onlardan biri, bəzi
dövlət rəhbərlərinin belə bir vaxtlar ciddi
yanaşmadıqları, əfsanə hesab etdikləri
Bakı-Tbilisi-Ceyhan net kəmərinin 2007-ci ildə tam
gücü ilə işləməyə
başlamasıdır. Bakı-Tbilisi-Ərzurum qaz kəməri
istifadəyə verilmiş, ölkənin qaz hasilatı əhəmiyyətli
dərəcədə artmışdır.
Ölkənin iqtisadi
göstəricilərinin təhlili göstərir ki, Azərbaycan
iqtisadiyyatı təkcə neft amili üzərində
qurulmamış, qeyri-neft sektoru da dinamik inkişaf etmişdir.
Çünki neft gəlirlərindən səmərəli və
düzgün şəkildə istifadə edərək ölkənin
digər sənaye sahələrinin inkişafı da uğurla
təmin olunur.
Mübaliğəsiz demək
olar ki, bütün bu uğurlara şərit yaradan, dövlət
proqramlarının reallaşmasını mümkün edən,
ölkənin sosial-iqtisadi inkişafını təmin edən
əsas amillərdən biri Prezident İlham Əliyevin ölkədə
yaratdığı daxili siyasi sabitlik olmuşdur. Bu daxili siyasi
sabitliyin təməlində xalqın İlham Əliyev siyasi xəttinə
açıq dəstəyi, rəğbəti özünü
göstərməyə bilməz. Respublika Prezidenti
çıxışlarının birində bunu çox
aydın şəkildə belə ifadə etmişdir: “Bizim
bütün proqramlarımız xalq tərəfindən dəstəklənir.
Əks-təqdirdə onların heç biri həyata
keçirilə bilməzdi... Azərbaycanın müasir
tarixi, digər ölkələrin tarixi, bizimlə eyni taleyi
yaşayan ölkələrin müasir tarixi onu göstərir
ki, harada iqtidar tərəfindən irəli
sürülmüş təşəbbüslər xalq tərəfindn
dəstəklənirsə, orada həm həmrəylik var, həm
sabitlik, həm də inkişaf var”.
Ümummilli lider Heydər
Əliyevin dövlətçilikdəki təməl prinsiplərinə
Prezident İlham Əliyevin yaradıcı şəkildə
sadiqliyi Azərbaycanda böyük siyasətin hələ uzun
illər davam edəcəyinə, ölkədə həmrəyliyin,
sabitliyin və tərəqqinin zamanın çox hədəflərini
dəf edəcəyinə böyük qarantdır.
Çünki Prezident İlham Əliyevi xalq özünün əvəzsiz
lideri kimi sevir və ona inanır.
Hüseynbala MİRƏLƏMOV,
yazıçı-dramaturq, millət vəkili,
YAP Xətai rayon təşkilatının sədri
Xalq qəzeti.- 2009.- 14 iyun.- S. 7.