Sözün işığı
Respublikanın əməkdar jurnalisti
Fariz Rüstəmov əzəli və əbədi olan sözü 40 ildən artıqdır ki, ürəyində bişirərək
vərəqlərə köçürür.
Oxucular 40 ildən artıqdır ki, bu sözlərə söykənmiş cümlələrdən
yaranan və onların arzu və istəklərini, problemlərini həll edən yüzlərlə
məqalənin istisinə
mənən qızınırlar.
Və 40 ildən artıqdır ki, üz tutduğu sözün işığı
təkcə Fariz müəllimin ömrünü
yox, oxucularının
da fikir və düşüncələrini
işıqlandırır, duyğularını
saflaşdırır, onlarda
sabaha inamı gücləndirir.
14 yaşında
olarkən “Azərbaycan
pioneri” qəzetinə
yazdığı “Akif
belə oğlandı”
sərlövhəli məqaləsi
dərc olunmasaydı,
bəlkə də F.Rüstəmovun həyat yolu başqa səmtə istiqamətlənərdi.
Qəzetdə dərc
olunan məqaləsindən
sonra Tatarıstan məktəblisinin ona yazdığı məktub
kiçik yazının
müəllifinə böyük
sevinc bəxş etdi, yeni mövzular
axtarışına çıxmağa
həvəsləndirdi. Bu
həvəsə güvənərək
“Pioner” jurnalına ayaq açdı. “Azərbaycan gəncləri”nə məqalələr göndərdi.
Artıq bu imza digər qəzet və jurnallarda da görünməyə başladı.
Fariz Rüstəmovun yazılarının mövzu
coğrafiyası geniş
idi. O, digər
mətbu orqanlarında
— “Kommunist”, “Sovet kəndi”, “Bakinski raboçi”, “İnşaatçı”,
“Azərbaycan müəllimi”,
“Ədəbiyyat və
incəsənət” qəzetlərində,
“Azərbaycan qadını”,
“Təşviqatçı”, “Kənd həyatı”, “Müxbir” jurnallarında sosial-iqtisadi mövzulara həsr olunmuş məqalələrlə çıxış
etmişdir. Onun respublika radiosunun “Gənclik” və “Günün səsi” proqramlarında silsilə yazıları səslənmişdir.
F.Rüstəmov 1968-ci ildə BDU-ya qəbul olundu. O, universitetin jurnalistika fakültəsində nəşr olunan “Jurnalist” tədris qəzetinin hazırlanmasında fəal iştirak etdi. 1973-cü ildən fakültə dekanlığı Ağdaşda çıxan “Əmək” qəzetinin redaktoru Fikrət Hacıyevdən bir məktub aldı. Redaktor F.Rüstəmovun yazılarını yüksək dəyərləndirərək onu rayon qəzetinə işləməyə göndərməyi xahiş edirdi. O, rayona gedərək “Əmək” qəzetində ədəbi işçi işlədi. Qəzetdə “Publisistin qeydləri” müəllif guşəsini açdı. Rast gəldiyi neqativ halları və bu faktlara münasibətini bildirirdi. Onun bu rubrikası və yeni adət-ənənələrin təbliği ilə əlaqədar yazıları maraqla qarşılanırdı.
Redaktor gənc jurnalistin oxucu auditoriyasının genişləndiyini gördükcə sevinir, onun felyetonlarına, oçerklərinə, satirik yazılarına daha geniş yer ayırırdı. F.Rüstəmov məktublar şöbəsinin müdiri vəzifəsinə təyin olunandan sonra yerlərdə oxucularla görüşdü, onların təkliflərini dinlədi. Yeddi təşkilatda yaratdığı müxbir dayaq məntəqəsinin üzvləri qəzetlə müntəzəm əlaqə saxlayır və baş verən yeniliklər barədə oxuculara məlumat verirdilər.
Sonra isə qəzetin məsul katibliyi ona tapşırıldı. F.Rüstəmov yeni vəzifədə də yaradıcılıq axtarışları apardı. Tezliklə səhifələrin maraqlı tərtibatı, yazıların səhifələr üzrə düzgün bölüşdürülməsi, şəkillərin daha aydın çap olunması oxucunu razı saldı.
1995-ci ilin yanvar ayında rayon icra hakimiyyətinə işə dəvət olunandan sonra da Fariz müəllim qələmdən ayrılmadı. İcra hakimiyyətinin sənədlərini hazırlamaqla yanaşı, respublika mətbuatında da çıxışlar etdi. Qəlbən sənətə bağlı olan və bu sənəti söz məbədi hesab edən F.Rüstəmovun reketçi qəzetlərin “müxbirlərinin” xoşa gəlməz hərəkətlərindən bəhs edən “Bizdən yazan müxbirlər, sizdən yazmaq olarmı?”, “Sevinc xanım niyə əsəbləşdi?”, “Onlara jurnalist demək olarmı?” və digər yazıları dərc edilmişdir.
F.Rüstəmov 2003-cü ilin aprel ayından “Ağdaş” qəzetinin redaktorudur. Qəzet son illərdə ümummilli lider Heydər Əliyevə 4 xüsusi buraxılış nəşr etmişdir. Rəngli çap olunmuş həmin buraxılışlar tərtibat gözəlliyi, material əlvanlığı ilə maraq doğurur. Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci ilin iyul ayında rayonda səfərdə olmasını geniş işıqlandıran qəzet sonralar dövlət başçısının tapşırığının icra vəziyyətindən bəhs edən 9 səhifə və 3 qoşa səhifə vermişdir. Qəzet dövlət başçısının tapşırığı ilə rayonda tikilən Olimpiya İdman Kompleksində müxbir postu yaratmış və obyektdən vaxtaşırı yazılar vermişdir.
F.Rüstəmov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2005-ci ildə respublikanın əməkdar jurnalisti fəxri adına layiq görülmüşdür. O, “Qızıl qələm” və Həsən bəy Zərdabi mükafatları laureatıdır. 60 illik ömrün 40 ildən çoxunu yazıb-yaratmağa həsr etmiş Fariz müəllim bu müddətdə Ağdaşı respublika mətbuatında təbliğ etmişdir. Biz də xəsislik etmədən həmkarımız haqqında bu qeydləri qələmə almağı özümüzə borc bildik. Axı o, həmişə başqalarından yazıb, öz imzasını qoyub. Heç olmasa 60 ildə bir dəfə də olsa onun haqqında biz yazıb, öz imzamızı qoyaq.
Rəhim HÜSEYNZADƏ,
Mətbuat Şurasının
icraçı katibi
Xalq qəzeti.- 2009.- 13 iyun.- S. 6.