15 İyun: xoşbəxt gələcəyin tarixi

 

Hacıqabulda Qurtuluş Günü coşğunluqla qeyd edildi

 

Hacıqabul rayonunda Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi. Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydular və xatirəsini ehtiramla yad etdilər. Rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarov tədbirdə çıxış edərək bildirdi ki, hər bir xalqın taleyini, gələcəyini müəyyənləşdirən əlamətdar günlər vardır, 15 İyun tarixi də Azərbaycan xalqı üçün bu anlamı daşıyır.

 

1993-cü ilin məhz bu günündə xalqın təkidli tələbinə ehtiramla yanaşan ulu öndər ikinci dəfə respublika rəhbəri kimi tarixi məsuliyyəti öz üzərinə götürdü və bu sınaqdan da şərəflə, ləyaqətlə çıxdı. Natiq qeyd etdi ki, 1990-cı illərin təlatümlü günlərini, ziddiyyətli gəlişmələrini yada salanda, iqtisadiyyatı dağılmış, əraziləri erməni işğalına məruz qalmış, vətəndaşlarının bir-birinə silah qaldırdığı, bəzi xarici dövlətlərin poliqona çevirdiyi bir ölkənin durumunu xatırlayanda “qurtuluş” sözünün reallığı çox böyük dəqiqliklə ifadə etdiyinin şahidi olursan. Bəli, məhz belə bir vəziyyətdə doğma xalqının səsinə səs verən və hakimiyyətə qayıdan Heydər Əliyev problemlərin həllinə başladı, ölkəni bəlalardan, xaosdan, anarxiyadan qurtardı. Cəbhədə atəşkəsə nail olundu. İqtisadiyyatda tənəzzüldən tərəqqiyə doğru qətiyyətli addımlar atıldı. Bunun nəticəsidir ki, qısa bir zaman içərisində Azərbaycan təkcə regionun deyil, eyni zamanda dünyanın nüfuzlu ölkələrindən birinə çevrildi.

Ə.Muxtarov dedi: Bu da bizim xalqın taleyinə yazılmış bir xoşbəxtlikdir ki, ulu öndərin arzularını, ideyalarını onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev uğurla və məharətlə həyata keçirir. Dövlət başçısı çox qısa müddət ərzində respublikanı elə bir qüdrətli vəziyyətə gətirdi ki, bu gün bəziləri on altı il öncə — 1993-cü ildə ölkəmizin hansı halda olduğunu anlamaqda çətinilk çəkə bilər. Ancaq tarixdə heç nəyi korrektə etmək, dəyişmək mümkün deyil. Tarix isə 1993-cü ilin 15 iyununu Azərbaycan xalqının Qurtuluş Günü kimi əbədi olaraq öz səhifəsinə yazdı. Bizim hər birimiz bu şanlı tarixlə iftixar duymalı, fəxr etməliyik. Çünki tarix bizə həm də xoşbəxt gələcəyin yolunu göstərdi.

Sonda Qurtuluş Gününə həsr olunmuş bayram şənliyi keçirildi.

 

 

Səməd HÜSEYNOĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

 

Xalq qəzeti.- 2009.- 13 iyun.- S. 6.